FƏSİL 25
Cüzamlı şəfa tapır
MƏTTA 8:1—4 MARK 1:40—45 LUKA 5:12—16
-
İSA PEYĞƏMBƏR CÜZAMLIYA ŞƏFA VERİR
İsa Məsih dörd şagirdi ilə «bütün Cəliləni gəzib-dolaşaraq onların sinaqoqlarında təbliğ edir». Onun gördüyü xeyirxah işlərin səsi bütün bölgəyə yayılır (Mark 1:39). Onun sorağı bir cüzamlının qulağına çatır. Həkim Luka o adamın başdan-ayağadək cüzam içində olduğunu yazır (Luka 5:12). Bu qorxunc xəstəlik getdikcə insanın bütün bədəninə yayılıb onu eybəcər hala salır.
Bu cüzamlının vəziyyəti ağır olduğundan insanlardan kənar gəzməlidir. Üstəlik, o, «murdaram, murdaram» deyə qışqırıb xəbərdar etməlidir ki, adamlar ona yaxın gəlib xəstəliyə yoluxmasınlar (Lavililər 13:45, 46). Bəs bu cüzamlı indi nə edir? Kişi İsa peyğəmbərin ayaqlarına düşüb yalvarır: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən» (Mətta 8:2).
Görün bu adamın qəlbində İsa Məsihə necə də böyük iman var! Üstəlik, xəstəlik də onu yaman hala salıb. Görəsən, peyğəmbər nə edəcək? Bəs siz onun yerinə olsaydınız, nə edərdiniz? İsa peyğəmbər bu kişinin halına acıyır. Şəfqətlə əlini uzadır və ona toxunub deyir: «İstəyirəm. Təmizlən» (Mətta 8:3). Bəziləri üçün inandırıcı olmasa da, bu adamın cüzamı elə həmin andaca yox olur.
İstəyərdiniz, İsa Məsih kimi mərhəmətli və qüdrətli rəhbəriniz olsun? Bu hadisə bizi əmin edir ki, İsa Məsih bütün dünyanın padşahı olanda növbəti sözlər yerinə yetəcək: «O, fağır-füqəranın halına acıyacaq, fəqirlərin canını xilas edəcək» (Zəbur 72:13). Bəli, onda İsa Məsih bütün əzab çəkənlərə kömək etmək arzusunu həyata keçirəcək.
Yadınızdadırsa, İsa peyğəmbərin savab işləri əvvəllər də hər yerə səs salmışdı. İndi isə insanlar onun bu möhtəşəm möcüzəsi barədə eşidəcəklər. Ancaq peyğəmbər istəmir ki, insanlar ona yalnız eşitdiklərinə əsasən iman gətirsinlər. O, «küçədə səsi eşidilməyəcək» peyğəmbərliyindən agahdır (Əşiya 42:1, 2). Beləcə, özünü ucaltmamaq üçün peyğəmbər sağaltdığı adama bərk-bərk tapşırır: «Bax ha, bunu heç kəsə danışma. Ancaq get, özünü kahinə göstər və... Musanın buyurduğu bəxşişi təqdim et» (Mətta 8:4).
Lakin kişi sevindiyindən susa bilmir, o gedir və bu möcüzəni hamıya danışır. Beləcə, camaatda o qədər maraq oyanır ki, İsa peyğəmbər artıq heç bir şəhərə açıq-aşkar girə bilmir. Buna görə də o, bir müddət gedib yaşayış olmayan yerlərdə qalır. Bununla belə, adamlar hər tərəfdən axışıb onu dinləmək və şəfa tapmaq üçün yanına gəlirlər.