Kontentə keç

Mündəricatı göstər

FƏSİL 6

Vəd edilmiş uşaq

Vəd edilmiş uşaq

LUKA 2:21—39

  • İSA SÜNNƏT EDİLİR VƏ BİR MÜDDƏTDƏN SONRA ONU MƏBƏDƏ GƏTİRİRLƏR

Yusiflə Məryəm Nasirəyə qayıtmırlar, onlar Beytləhmdə qalırlar. Tövratdakı qanuna uyğun olaraq, onlar səkkizgünlük İsanı sünnət edirlər (Lavililər 12:2, 3). Həmçinin İsraildə oğlan uşağına sünnət edilən gün ad vermək adəti var. Yusiflə Məryəm Cəbrayıl mələyin göstərişinə əsasən, uşağın adını İsa qoyurlar.

Bir aydan çox vaxt keçib. Artıq körpə qırxgünlükdür. Valideynləri onu götürüb Allahın Yerusəlimdəki məbədinə gətirirlər. Bura onların qaldığı evdən cəmi bir neçə kilometr məsafədə yerləşir. Allahın qanununa görə, oğlan uşağı qırxgünlük olanda anası pak olmaq üçün məbəddə qurban gətirməli idi (Lavililər 12:4—7).

Məryəm belə də edir. O, iki balaca quş qurban gətirir. Buradan biz Yusiflə Məryəmin maddi vəziyyətlərinin nə yerdə olduğunu öyrənirik. Qanuna əsasən, qadından bir toğlu və quş qurbanı gətirmək tələb olunurdu. Əgər qadının buna imkanı çatmırdısa, onda bir cüt göyərçin, yaxud bir cüt qumru quşu gətirə bilərdi. Məryəmin təqdimindən görünür ki, o, kasıb idi.

Məbəddə Şəmun adlı yaşlı bir kişi Yusiflə Məryəmə yaxınlaşır. Yehova Allah ona bildirmişdi ki, o, ölməmişdən qabaq vəd edilmiş Məsihi görəcək. Həmin gün müqəddəs ruh Şəmunu məbədə yönəldir və o, orada Yusiflə Məryəmə rast gəlir. Şəmun körpəni qucağına alır.

Şəmun uşağı qucağında tutub Allaha şükür edir: «Ya Külli-İxtiyar Allah! Dediyin kimi, indi qulun qəbrə arxayın gedə bilər, çünki xilas yolunu öz gözlərimlə gördüm, o yolu ki Sən bütün xalqların önündə hazırladın. O, xalqların gözündəki duvağı qaldıran işıqdır, xalqın İsrailin şərəfidir» (Luka 2:29—32).

Yusiflə Məryəm bunları eşidəndə heyrətlənirlər. Sonra Şəmun onlara xeyir-dua verib Məryəmə deyir ki, onun oğlu «İsraildə bir çoxlarının yıxılması və yenidən qalxması üçündür» və kədər Məryəmin qəlbini iti qılınc kimi yarıb keçəcək (Luka 2:34).

Həmin gün 84 yaşlı qadın peyğəmbər Hənnə də orada idi. Ümumiyyətlə, o, həmişə məbədə olur. Hənnə Yusifə, Məryəmə və körpə İsaya yaxınlaşır. O, Allaha şükür etməyə və hər kəsə İsa haqqında danışmağa başlayır.

Yusif və Məryəm məbəddə baş verənləri görüb hədsiz sevinirlər. Bütün bunlar bir daha onları əmin edir ki, İsa Allahın vəd etdiyi övladdır!