DƏRS 4
Allahın müjdəsində İsa peyğəmbərin rolu
1. İsa peyğəmbərin həyatı nə vaxtdan başlayıb?
İsa peyğəmbər qeyri-adi bir insan idi. O, yerə gəlməzdən əvvəl mələk kimi qeyb aləmində yaşamışdır (Yəhya 8:23). O, Allahın yaratdığı ilk varlıqdır və yaradılışda Allahın yanında olmuşdur. İsaya həyatı bilavasitə Allah verdiyi üçün o, məcazi mənada «Allahın oğlu» adlanır (Mətta 16:16). O həmçinin Məsih, yəni məsh olunmuş adlanır. Məsih Allahdan xüsusi təyinat almış deməkdir. Məsəllər 8:22, 23, 30; Koloslulara 1:15, 16 ayələrini oxuyun.
2. Allah İsa peyğəmbəri yerə hansı məqsədlə göndərmişdi?
Allah İsanın göydəki həyatını Məryəm adlı bir yəhudi qızın bətninə köçürməklə onu yerə göndərdi. Bu o deməkdir ki, İsa peyğəmbər insandan törəməyib (Luka 1:30—35). İsa Məsih yer üzünə gəlmişdi ki: 1) Allah barədə həqiqəti öyrətsin; 2) çətin olanda belə Allahın iradəsini icra edib bizə örnək qoysun və 3) günahsız canını bəşəriyyət uğrunda fidyə versin. Mətta 20:28 ayəsini oxuyun.
3. Fidyə nə üçün lazım idi?
Fidyə nədir? Fidyə kimisə ölüm təhlükəsindən qurtarmaq üçün ödənilən dəyərdir (Çıxış 21:29, 30). Qeyd edək ki, Allahın əzəli niyyətində qocalığa və ölümə yer yox idi. İlk insan olan Adəm günah etməsəydi, heç vaxt ölməyəcəkdi. Allah ona demişdi ki, yalnız günah işlədiyi təqdirdə öləcək (Yaradılış 2:16, 17; 5:5). Müqəddəs Kitabda açıqlanır ki, ölüm Adəm vasitəsilə dünyaya girdi. Yəni Adəm bütün övladlarına günahı və günahın cəzası olan ölümü ötürdü. Biz Adəmdən ölümü miras aldığımız üçün fidyəyə möhtacıq. Romalılara 5:12; 6:23 ayələrini oxuyun.
Heç bir günahlı insan başqasının günahına görə fidyə ödəyə bilməz. İnsan öləndə təkcə öz günahlarının haqqını ödəyir. Bəs bizi ölümdən qurtarmaq üçün fidyəni kim ödəyə bilərdi? Zəbur 49:7—9 ayələrini oxuyun.
4. Allah İsa peyğəmbərin ölümünə nə üçün izin verdi?
Bizdən fərqli olaraq, İsa peyğəmbər kamil, günahsız insan olub. O, başqalarının günahlarını yumaq üçün ölüb. Bəziləri düşünür ki, Allah Öz müqəddəs bəndəsinin ölümünə izin verməzdi. Amma İsa Məsih insanların əlində aciz qaldığı üçün yox, Allahın niyyətini icra etmək üçün öldü (Mətta 20:28). Allah bəşəriyyəti sevdiyindən Ona ən əziz olan varlığı yer üzünə göndərdi və uğrumuzda fəda etdi. Məsih də öz növbəsində bizi sevdiyini göstərdi. Bunu öz Yaradanına tabe olaraq günahlarımızdan ötrü həyatını qurban verməklə etdi. Yəhya 3:16; Romalılara 5:18, 19 ayələrini oxuyun.
Videoya baxın «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?»
5. Allah İsa Məsihə hansı səlahiyyəti verib?
İsa peyğəmbər yerdə yaşayanda xəstələrə şəfa verir, ölüləri dirildir, insanları əzab-əziyyətdən qurtarırdı. Bununla o, gələcəkdə itaətkar insanlar üçün nələr edəcəyini göstərirdi (Mətta 15:30, 31; Yəhya 5:28). İsa peyğəmbər öləndən sonra Allah onu dirildib Öz dərgahına qaldırdı (1 Butrus 3:18). Orada Məsih Yehova Allahın sağında əyləşdi. Müəyyən vaxtdan sonra Allah ona dünyanı idarə etmək üçün padşah səlahiyyəti verdi (İbranilərə 10:12, 13). Hal-hazırda İsa göydə padşahdır və onun davamçıları bu gözəl xəbəri bütün dünyada müjdələyirlər. Dənyal 7:13, 14; Mətta 24:14 ayələrini oxuyun.
Yaxın zamanda İsa Məsih bir padşah kimi zülmü də, zülmkarları da yox edəcək. Ona iman gətirib tabe olan hər kəs yerdə Cənnətdə yaşayacaq. Zəbur 37:9—11 ayələrini oxuyun.