Kontentə keç

Mündəricatı göstər

Fəsil 10

İsa cinlərdən güclüdür

İsa cinlərdən güclüdür

YADINDADIR, nə üçün Allahın mələklərindən biri Şeytan İblis olmuşdu? ~ O, ürəyinin istəyinə uyub Allaha qarşı çıxmışdı. İblis istəyirdi ki, ona ibadət etsinlər. Bəs başqa mələklər də Şeytana qoşulmuşdu? ~ Bəli, qoşulmuşdu. Müqəddəs Kitabda onlar Şeytanın mələkləri və ya cinlər adlanır (Vəhy 12:9).

Bu pis mələklər, yaxud cinlər Allaha inanır? ~ Müqəddəs Kitab deyir ki, cinlər Allahın varlığına inanır (Yaqub 2:19). Ancaq onlar indi qorxu içindədirlər. Çünki bilirlər ki, etdikləri pis işlərə görə Allah onları cəzalandıracaq. Səncə, onlar nə ediblər? ~

Müqəddəs Kitaba əsasən, bu mələklər göydəki məskənlərini tərk edib yerə endilər ki, insan kimi yaşasınlar. Onlar yer üzündəki gözəl qadınlarla cinsi əlaqəyə girmək üçün belə etmişdilər (Yaradılış 6:1, 2; Yəhuda 6). Cinsi əlaqə barədə nə bilirsən? ~

Bu zaman kişi və qadın bir-birilə çox yaxın münasibətdə olur. Bunun nəticəsində ananın bətnində uşaq böyüməyə başlaya bilər. Lakin mələklərin cinsi əlaqəyə girməsi düzgün deyil. Allah istəyir ki, ancaq ər-arvad bir-birilə cinsi əlaqədə olsun. Beləliklə, bunun nəticəsində uşaq dünyaya gələrsə, onlar onun qayğısına qala bilərlər.

Bu mələklər hansı pis işi gördülər?

Mələklər insan cildinə girəndən və qadınlarla cinsi münasibətdə olandan sonra onların dünyaya gələn uşaqları böyüyüb nəhəng insanlar olurdu. Onlar çox qəddar idilər və insanlara zülm verirdilər. Buna görə də Allah nəhəngləri və bütün pis insanları məhv etmək üçün yer üzünə güclü daşqın göndərdi. Ancaq O, sayca az olan yaxşı insanların xilas olması üçün Nuha gəmi düzəltməyi tapşırdı. Böyük Müəllim demişdi ki, Daşqında baş verənləri yadda saxlamaq vacibdir (Yaradılış 6:3, 4, 13, 14; Luka 17:26, 27).

Bilirsən, Daşqın zamanı pis mələklər nə etdilər? ~ Onlar özləri üçün düzəltdikləri insan bədənini tərk edib göyə qayıtdılar. Lakin onlar artıq Allahın mələkləri ola bilməzdilər, buna görə də Şeytanın mələkləri və ya cinlər oldular. Bəs onların uşaqlarının, nəhənglərin başına nə gəldi? ~ Onlar Daşqında öldülər. Həmçinin Allaha qulaq asmayan bütün insanlar da məhv oldular.

Nəyə görə yer üzündə həyat əvvəllər olduğundan daha pisdir?

Daşqından sonra Allah cinlərin insan cildinə girməsinə icazə vermədi. Lakin gözə görünməsələr belə, onlar yenə də insanları pis işlər görməyə təhrik edirlər. İndi onlar həmişəkindən daha çox pislik edirlər. Çünki göydən yerə atılıblar.

Bəs bilirsən, nə üçün cinləri görə bilmirik? ~ Çünki onlar gözəgörünməzdirlər. Ancaq əmin ola bilərik ki, onlar mövcuddurlar. Müqəddəs Kitabda deyilir ki, Şeytan ‘bütün dünyadakı insanları aldadır’, cinlər də bu işdə ona kömək edir (Vəhy 12:9, 12).

Bəs Şeytan və onun cinləri bizi də aldada bilər? ~ Bəli, ehtiyatlı olmasaq, aldada bilərlər. Lakin biz onlardan qorxmamalıyıq. Böyük Müəllim demişdi: ‘Şeytanın mənə heç bir təsiri yoxdur’. Əgər Allahla dost olsaq, O, bizi İblisdən və onun cinlərindən qoruyacaq (Yəhya 14:30).

Cinlərin insanları hansı pis işlərə təhrik etdiyini bilmək vacibdir. Buna görə də gəl bir az bu barədə danışaq. Yer üzündə yaşayarkən onlar hansı pis işləri görmüşdülər? ~ Daşqından əvvəl onlar qadınlarla cinsi əlaqəyə girmişdilər, əslində isə mələklərə bunu etmək olmazdı. Bu gün insanlar Allahın cinsi münasibətlərlə bağlı əmrlərinə əməl etməyəndə cinlər sevinirlər. De görüm, yalnız kimlər cinsi əlaqədə ola bilər? ~ Düzdür, yalnız ər-arvad.

Bu gün yaşca kiçik oğlan və qızlar bir-biri ilə cinsi əlaqəyə girirlər, lakin bu, düzgün deyil. Müqəddəs Kitabda insanın cinsiyyət orqanları haqda danışılır (Qanunun təkrarı 23:1). Yehova bunları müəyyən məqsəd üçün yaradıb ki, yalnız ər-arvad bunların sayəsində cinsi münasibətdə olsunlar. İnsanlar Yehovanın qadağan etdiyi işləri edəndə cinlər çox sevinirlər. Məsələn, qız və oğlanın bir-birinin cinsiyyət orqanı ilə oynamasını görmək cinlərə həzz verir. Biz cinləri sevindirmək istəmirik, elə deyilmi? ~

Ancaq cinlərin bəyəndiyi, Yehovanın isə nifrət etdiyi başqa şey də var. Bilirsən, bu nədir? ~ Zorakılıq (Məzmur 11:5). Zorakılıq kimisə incitmək və onunla qəddarcasına davranmaq deməkdir. Yadına sal ki, cinlərin övladları olan nəhənglər insanlarla məhz bu cür davranırdılar.

Həmçinin cinlər insanları qorxutmağı da xoşlayırlar. Bəzən onlar özlərini ölən adamlar kimi qələmə verirlər. Cinlər hətta onların səsini də çıxara bilərlər. Bununla cinlər çoxlarını inandırırlar ki, insan öləndən sonra yaşayır və yaxınları ilə danışır. Bəli, cinlər bir çox insanları ruhların olduğuna inandırır.

Beləliklə, ehtiyatlı olmalıyıq ki, Şeytan və onun cinləri bizi aldatmasın. Müqəddəs Kitab bizə xəbərdarlıq edir: ‘Şeytan özünü yaxşı mələk kimi göstərməyə çalışır, onun xidmətçiləri də belə edirlər’ (2 Korinflilərə 11:14, 15). Ancaq əslində cinlər pisdirlər. Gəl görək, onlar bizi özlərinə bənzətməyə necə çalışırlar.

İnsanlar zorakılıq, düzgün olmayan cinsi əlaqə və ruhlar barədə çox şeyi haradan öyrənirlər? ~ Bəzi televiziya verilişlərinə və kinolara baxanda, kompüter oyunları oynayanda, İnternetə girəndə və müəyyən kitabları oxuyanda onlara rast gəlmirikmi? Bu işlərlə məşğul olmaq bizi kimə yaxınlaşdırır: Allaha, yoxsa İblisə və onun cinlərinə? Necə düşünürsən? ~

Zorakı səhnələrə baxsaq, nə baş verə bilər?

Səncə, kim istəyir ki, biz pis şeylərə qulaq asaq və baxaq? ~ Bəli, Şeytan və onun cinləri. Beləliklə, hər ikimiz də nə etməliyik? ~ Biz fayda gətirən və Yehovaya xidmət etməyə kömək edən şeyləri oxumalı, onlara qulaq asmalı və baxmalıyıq. Necə fikirləşirsən, bunlara nə daxildir? ~

Hansı məşğuliyyət bizə fayda gətirir?

Yaxşı işlər görürüksə, onda cinlərdən qorxmamalıyıq. İsa onlardan güclüdür və cinlər ondan çox qorxurlar. Bir dəfə cinlər bağıraraq İsaya demişdilər: «Bizi həlak etməyəmi gəldin?» (Mark 1:24). İsa Şeytanı və onun cinlərini məhv edəndə, məgər sevinməyəcəyik? ~ Hələ ki o vaxt gəlməyib, biz əmin əmin ola bilərik ki, İsa bizi cinlərdən qoruyacaq. Bunun üçün İsa və onun səmavi Atası ilə dost olmalıyıq.

Gəl nə etməli olduğumuz haqda 1 Peter 5:8, 9 və Yaqub 4:7, 8 ayələrindən oxuyaq.