FƏSİL 3
«Hamısı müqəddəs ruhla doldu»
Əllinci gün bayramında müqəddəs ruhun verilməsi
1. Əllinci gün bayramındakı ab-havanı təsvir et.
YERUSƏLİMİN küçələrində canlanma var a. Məbədin qurbangahından tüstü qalxdıqca lavililər antifon şəklində, yəni növbə ilə Hallel (113—118 məzmurlar) oxuyur. Küçələr bayrama gələn qonaqlarla doludur. Onlar Elam, Mesopotamiya, Kappadokiya, Pont, Misir və Roma kimi uzaq yerlərdən gəlmişlər b. Görəsən bu qədər camaat nəyə görə gəlib? Əllinci gün bayramını, başqa sözlə, nübar gününü qeyd etməyə (Say. 28:26). Bayram arpa yığımının sona çatdığını, buğda yığımının isə başlandığını bildirir. Bu, sevincli bir gündür.
2. Eramızın 33-cü ilində hansı heyrətamiz hadisə baş verir?
2 Eramızın 33-cü ilinin mülayim yaz səhəri, təxminən saat doqquz radələrində əsrlər boyunca insanları heyrətə gətirəcək bir hadisə baş verir. Qəflətən göydən «şiddətli küləyin səsinə oxşar bir səs» gəlir (Həv. 2:2). Səs İsanın təxminən 120 şagirdinin toplaşdığı yerə dolur. Sonra qəribə bir şey baş verir. Alovun dillərinə bənzər bir şey görünür və bir-bir şagirdlərin üzərinə qonur c. Bundan sonra şagirdlər müqəddəs ruhla dolur və müxtəlif dillərdə danışmağa başlayırlar! Onlar şəhərə çıxanda Yerusəlimin küçələrindəki qonaqlar heyrətə gəlirlər: şagirdlər onlarla sərbəst danışırlar! İnanılmazdır, hər kəs şagirdlərin onların doğma dillərində danışdığını eşidir (Həv. 2:1—6).
3. a) Nəyə görə eramızın 33-cü ilində keçirilən Əllinci gün bayramını həqiqi ibadətin tarixində dönüş nöqtəsi adlandırmaq olar? b) Butrusun nitqi ilə Padşahlığın açarlarından istifadə edilməsi arasında hansı əlaqə var?
3 Bu valehedici məlumatda həqiqi ibadətin tarixində baş verən mühüm bir hadisə — ruhani İsrailin, məsh olunmuş məsihi yığıncağının təsis olunması təsvir olunur (Qal. 6:16). Amma bu, hələ harasıdır? Həmin gün Butrus izdihama müraciət edərkən Padşahlığın üç açarından birincisini istifadə etdi. Bu açarlardan hər biri müxtəlif qrup insanlar üçün xüsusi nemətlər almaq imkanı açacaqdı (Mət. 16:18, 19). Birinci açar yəhudilərə və prozelitlərə xoş xəbəri qəbul etməyə və Allahın müqəddəs ruhu ilə məsh olunmağa imkan açdı d. Bunun sayəsində onlar ruhani İsrailin üzvü olacaq və onların Allahın Padşahlığında padşah və kahin kimi idarə etmək ümidi olacaqdı (Vəhy 5:9, 10). Vaxt keçdikcə səməriyyəlilər və başqa xalqlardan olan adamlar da bu xeyir-duanı alacaqdılar. Müasir məsihilər eramızın 33-cü ilinin Əllinci gün bayramında baş verən mühüm hadisələrdən nə öyrənə bilərlər?
«Onların hamısı bir yerə toplaşmışdı» (Həvarilərin işləri 2:1—4)
4. Müasir məsihi yığıncağı ilə eramızın 33-cü ilində təsis olunan yığıncaq arasında hansı əlaqə var?
4 Məsihi yığıncağının ilk üzvləri yuxarı otaqda bir yerə toplaşan və müqəddəs ruhla məsh olunan təxminən 120 şagird oldu (Həv. 2:1). Həmin günün sonuna yaxın minlərlə insan vəftiz olaraq bu yığıncağa qoşuldu. Bu isə bizim günlərdə də böyüməyə davam edən təşkilatın inkişafının sadəcə başlanğıcı idi! Bəli, bu dövrün sonu gəlməzdən əvvəl «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə bütün yer üzündə» Allahdan qorxan kişi və qadınlardan ibarət icma, müasir məsihi yığıncağı təbliğ edir (Mət. 24:14).
5. Məsihi yığıncağı ilə ünsiyyətin həm birinci əsrdə, həm də müasir dövrdə hansı faydanı gətirdiyini izah et.
5 Bundan savayı, məsihi yığıncağı öz üzvləri, əvvəlcə məsh olunmuşlar, sonralar isə «başqa [qoyunlar]» üçün ruhani güc mənbəyi olmalı idi (Yəh. 10:16). Bulus yığıncağın üzvlərinin bir-birinə dəstək olmasını çox qiymətləndirdiyini göstərərək Romadakı məsihilərə yazmışdı: «Sizinlə görüşməyi ürəkdən arzulayıram və mətin olmağınız üçün sizə ruhani ənam bəxş etmək istəyirəm. Daha doğrusu, istəyirəm ki, hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq» (Rom. 1:11, 12).
6, 7. Müasir məsihi yığıncağı İsanın bütün xalqlara təbliğ etmək tapşırığını necə yerinə yetirir?
6 Birinci əsrdə olduğu kimi, müasir dövrdə də məsihi yığıncağı eyni məqsədlərə xidmət edir. İsa şagirdlərinə çətin, eyni zamanda çox maraqlı bir tapşırıq vermişdi. O demişdi: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20).
7 Həmin iş bu gün Yehovanın Şahidlərinin məsihi yığıncağı tərəfindən həyata keçirilir. Düzdür, müxtəlif dillərdə danışan insanlara təbliğ etmək elə də asan deyil. Buna görə də Yehovanın Şahidləri tərəfindən 1000-dən çox dildə Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr olunur. Əgər müntəzəm olaraq məsihi görüşlərində, Padşahlığın təbliği və şagird hazırlamaq işində iştirak edirsənsə, onda sevinməyə tam əsasın var. Belə ki, sən Yehovanın adına əsaslı surətdə şahidlik vermək şərəfinə layiq görülmüş və yerin əhalisi ilə müqayisədə sayı az olan insanların sırasındasan!
8. Yığıncaq görüşlərindən hansı faydanı əldə edirik?
8 Bu çətin zəmanədə problemlərə sevinclə tab gətirmək üçün Yehova Allah bizə ümumdünya qardaşlıq bəxş edib. Bulus ibrani məsihilərə yazmışdı: «Gəlin bir-birimizə qarşı diqqətli olub bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək» (İbr. 10:24, 25). Məsihi yığıncağı Yehovanın bəxşişidir. Onun vasitəsilə biz başqalarını ruhlandırır, eyni zamanda özümüz də ruhlanırıq. Gəl ruhani bacı-qardaşlarımıza həmişə yaxın olaq. Heç vaxt yığıncaq görüşlərini tərk etməyək!
«Şagirdlər onların doğma dillərində danışırdı» (Həvarilərin işləri 2:5—13)
9, 10. Müxtəlif dillərdə danışan insanlara təbliğ etmək üçün bəzi məsihilər nə etmişlər?
9 Yəqin eramızın 33-cü ilinin Əllinci gün bayramında yəhudilərlə prozelitlər heyrət içində idilər. Ehtimal ki, onların əksəriyyəti ümumi dildə, ya yunan, ya da ibrani dilində ünsiyyət edirdi. İndi isə «şagirdlər onların doğma dillərində danışırdı» (Həv. 2:6). Sözsüz ki, xoş xəbəri doğma dillərində eşitmək onların ürəyinə təsir etmişdi. Əlbəttə, bu gün məsihilərə möcüzəvi şəkildə başqa dillərdə danışmaq qabiliyyəti verilmir. Amma onların arasından bir çoxları Padşahlıq xəbərini bütün xalqlardan olan insanlara çatdırmaq üçün əllərindən gələni edirlər. Necə? Bəziləri yaxınlıqdakı əcnəbidilli yığıncaqda xidmət etmək və hətta xarici ölkəyə köçmək məqsədi ilə yeni dil öyrənir. Çox vaxt onların göstərdiyi cəhdlər həmsöhbətlərində dərin təəssürat oyadır.
10 Kristina yeddi başqa Yehovanın Şahidi ilə birgə qucarat dilini öyrənirdi. O, qucarat dilində danışan iş yoldaşı ilə qarşılaşanda onu doğma dilində salamladı. Bu, gənc qadına xoş təsir bağışladı və o, Kristinanın nəyə görə qucarat dili kimi çətin bir dili öyrəndiyi ilə maraqlandı. Fürsətdən istifadə edərək Kristina ona yaxşı şahidlik verdi. Gənc qadın ona dedi: «Yəqin sizin çatdırmaq istədiyiniz xəbər çox vacibdir».
11. Əcnəbi dillərdə danışan insanlara Padşahlıq haqda müjdəni təbliğ etmək üçün nə edə bilərik?
11 Düzdür, hamıda yeni dil öyrənmək alınmır. Bununla belə, biz Padşahlıq haqqında xəbəri əcnəbidilli insanlara çatdıra bilərik. Bu necə mümkündür? Üsullardan biri odur ki, «JW Language®» tətbiqi vasitəsilə ərazinizdə çoxlu insanın danışdığı dillərdə salamlaşmaq üçün sözlər öyrənə bilərsiniz. Həmçinin həmin dildə danışan insanların həqiqətə marağını artırmaq üçün bir neçə ifadə də öyrənə bilərsiniz. Onları jw.org saytına yönəldin və əgər varsa, onların dilində olan video və nəşrlərlə tanış edin. Xidmətdə bu kimi vəsaitlərdən istifadə etməklə biz də birinci əsrdəki bacı-qardaşlar kimi eyni sevinci yaşaya bilərik: «dünyanın hər ölkəsindən gəlmiş» insanlar xoş xəbəri «doğma dillərində» eşidəndə məəttəl qalmışdılar.
«Butrus... ayağa [qalxdı]» (Həvarilərin işləri 2:14—37)
12. a) Eramızın 33-cü ilinin Əllinci gün bayramında baş vermiş möcüzə haqda Yuil peyğəmbər qabaqcadan nə demişdi? b) Nə üçün Yuilin peyğəmbərliyinin birinci əsrdə yerinə yetməsi gözlənilməz deyildi?
12 Butrus çoxmillətli izdihama müraciət etmək üçün ayağa qalxdı (Həv. 2:14). Onu dinləyənlərin hamısına izah etdi ki, şagirdlərə başqa dillərdə danışmaq qabiliyyətini Allah vermiş və beləcə, Yuil peyğəmbər vasitəsilə dediyi «hər cür insanın üzərinə ruhumu tökəcəyəm» peyğəmbərliyini yerinə yetirmişdi (Yuil 2:28). Göyə qalxmazdan əvvəl İsa şagirdlərinə vəd etmişdi: «Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi verəcək». Sonra isə İsa həmin köməkçinin «ruh» olduğunu demişdi (Yəh. 14:16, 17).
13, 14. Butrus dinləyicilərinin ürəyinə necə yol tapmağa çalışırdı və biz ondan necə nümunə götürə bilərik?
13 Butrus yekunda qətiyyətlə camaata dedi: «Qoy bütün İsrail evi bunu yaxşı bilsin ki, dirəkdə edam etdiyiniz İsanı Allah həm Ağa, həm də Məsih etmişdir» (Həv. 2:36). Düzdür, İsa işgəncə dirəyində edam ediləndə Butrusu dinləyənlərin əksəriyyəti orada deyildi. Bununla belə, onlar bir xalq kimi baş verən hadisəyə görə məsuliyyət daşıyırdılar. Lakin diqqət yetir ki, Butrus yəhudilərə hörmətlə müraciət edir və onların ürəyinə yol tapmağa çalışırdı. Butrusun məqsədi dinləyicilərini mühakimə etmək yox, onları tövbəyə təşviq etmək idi. Bəs camaat Butrusun sözlərini təhqir kimimi qəbul etdi? Əsla. Əksinə, onların «ürəyini, sanki xəncər yardı». Onlar soruşdular: «Biz nə edək?» Hörmətcil münasibəti sayəsində Butrus çoxlarının ürəyinə yol tapdı, bu da onları tövbə etməyə sövq etdi (Həv. 2:37).
14 Butrusun insanların ürəyinə necə yol tapması bizim üçün bir nümunədir. Şahidlik edərkən ev sahibinin Müqəddəs Kitaba zidd gedən hər fikrini təkzib etmək lazım deyil. Əksinə, söhbəti hər iki tərəfin razılaşa biləcəyi məqamlar üzərində qurmalıyıq. Həmsöhbətimizlə ümumi mövzu tapandan sonra söhbəti nəzakətlə Allahın Kəlamı əsasında davam etdirə bilərik. Müqəddəs Kitab həqiqətlərini bu cür təqdim edəndə çox vaxt səmimi insanlar xoş xəbərə yaxşı hay verirlər.
«Qoy hər kəs... vəftiz olunsun» (Həvarilərin işləri 2:38—47)
15. a) Butrus camaata nə dedi və onlar bu sözlərə necə hay verdilər? b) Əllinci gün bayramında xoş xəbəri eşidən minlərlə insan nəyə görə elə həmin gün vəftiz olmağa hazır idi?
15 Eramızın 33-cü ilinin Əllinci gün bayramında Butrus səmimi yəhudilərə və prozelitlərə dedi: «Tövbə edin və... qoy hər kəs... vəftiz olunsun» (Həv. 2:38). Nəticədə, təxminən 3000 adam, ehtimal ki, Yerusəlimin yaxınlığındakı hövzələrdə vəftiz olundu e. Bəlkə onlar hisslərə qapılaraq bu addımı atmışdılar? Bu hadisə Müqəddəs Kitabı öyrənənlərə və məsihilərin övladlarına hazır olmadan, tez-tələsik vəftiz olmağa əsas verirmi? Qətiyyən. Unutma ki, b. e. 33-cü ilinin Əllinci gün bayramında vəftiz olunan yəhudilər və prozelitlər Allahın Kəlamını yaxşı bilirdilər və Yehovaya həsr olunmuş xalqın üzvü idilər. Üstəlik, onlar Allaha səylə xidmət etdiklərini artıq nümayiş etdirmişdilər. Məsələn, bəziləri uzaq məsafəni qət edərək hər il keçirilən bu bayrama gəlmişdilər. Allahın niyyətinin yerinə yetməsində İsa Məsihin oynadığı rolla bağlı vacib həqiqətləri qəbul etdikdən sonra onlar xidmətlərini davam etdirməyə hazır idilər, sadəcə olaraq, indi bunu Məsihin vəftiz olunmuş davamçıları qismində edəcəkdilər.
16. Birinci əsrdəki məsihilər fədakarlıq ruhunu necə təzahür etdirdilər?
16 Yehovanın həmin insanlara nemətlər verdiyi açıq-aydın görünürdü. Müqəddəs Kitabda deyilir: «İmana gələnlərin hamısı bir yerdə olurdu və hər şeyləri ümumi idi. Onlar əmlaklarını satıb pulu aralarında hər kəsin ehtiyacına görə bölüşdürürdülər» f (Həv. 2:44, 45). Sözsüz ki, bütün həqiqi məsihilər birinci əsrdəki dindaşlarının göstərdiyi məhəbbət və fədakarlıq nümunəsini təqlid etməyə çalışırlar.
17. Vəftiz olunmaq üçün hansı addımları atmaq lazımdır?
17 Özünü Yehovaya həsr edib vəftiz olunmaq istəyən insan əvvəlcə Müqəddəs Kitaba əsaslanan bir neçə addımı atmalıdır. Ona ilk növbədə Allahın Kəlamından bilik əldə etmək lazımdır (Yəh. 17:3). Sonra o, öyrəndiklərinə iman gətirməli və əvvəlki günahlarına görə peşman olduğunu göstərmək üçün tövbə etməlidir (Həv. 3:19). Daha sonra isə yanlış yoldan dönməli və Allahın iradəsinə uyğun olan yaxşı işlər görməyə başlamalıdır (Rom. 12:2; Efes. 4:23, 24). Bu addımlardan sonra o, duada özünü Allaha həsr edə və vəftiz oluna bilər (Mət. 16:24; 1 But. 3:21).
18. Məsihin vəftiz olunmuş davamçılarının qarşısında hansı imkan açılır?
18 Sən İsa Məsihin həsr və vəftiz olunmuş şagirdisənmi? Əgər belədirsə, onda bu şərəfə layiq görüldüyün üçün Allaha minnətdar ol. Yehova əsaslı surətdə şahidlik vermək işində və iradəsinin yerinə yetirilməsində müqəddəs ruhla dolan birinci əsrdəki şagirdlər kimi, səndən də istifadə edə bilər!
a « Yerusəlim — İudaizmin mərkəzi» adlı çərçivəyə bax.
b « İmperiyanın paytaxtı Roma», « Mesopotamiyada və Misirdə yəhudilər» və « Pontda məsihilik» adlı çərçivələrə bax.
c «Dillər»in hərfi mənada alovun dilləri yox, «alovun dillərinə bənzər» olması o deməkdir ki, şagirdlərin üzərinə qonan şey görünüş və parlaqlıq baxımından alova bənzəyirdi.
d « Prozelitlər kim idi?» adlı çərçivəyə bax.
e Müqayisə üçün qeyd etmək olar ki, 1993-cü il avqustun 7-si Ukraynanın Kiyev şəhərində keçirilən Yehovanın Şahidlərinin beynəlxalq toplantısında altı hovuzda 7402 nəfər vəftiz olunmuşdu. Bu mərasim iki saat əlli dəqiqə davam etmişdi.
f Bu müvəqqəti tədbir yeni imanları haqqında daha çox öyrənmək üçün Yerusəlimdə qalan qonaqların tələbatlarının ödənilməsi məqsədilə təşkil olunmuşdu. Hamı öz varını könüllü olaraq bölüşürdü. Bunu kommunizmin heç bir forması ilə qarışdırmaq olmaz (Həv. 5:1—4).