Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN | 1991—1997

Qayğıkeş ağsaqqallar təlim verir

Qayğıkeş ağsaqqallar təlim verir

Coni Şalamberidze və Tamazi Biblaya (1990-cı illərin əvvəlləri)

1990-cı illərin əvvəllərində Gürcüstandakı yığıncaqların əksəriyyətində cəmi bir ağsaqqal və ya bir yığıncaq xidmətçisi var idi. Təbliğçilər başqa-başqa şəhər və ya kəndlərdə yaşadıqları üçün, adətən, yığıncaqlar ayrı-ayrı toplaşan qruplardan ibarət olurdu.

Ucqar ərazilərdə xidmət edən Coni Şalamberidze və Pavle Abduşelişvili Kaxeti bölgəsində yerləşən Telavi şəhərinə təyin olundular. Buradakı yığıncaqda 300 təbliğçi olsa da, bir dənə də olsun ağsaqqal yox idi. Bu yığıncaq müxtəlif ərazilərdə yığışan 13 qrupdan ibarət idi.

Pavle Abduşelişvili

Qardaşlara inkişaf etməyə nə mane olurdu? Bunun sirrini Coni və Pavle qardaş tapdı. Coni qardaş deyir: «Əksər bacı-qardaşların əkin sahəsi və üzüm bağları var idi. Kənd yerlərində qonşuların bir-birinin bağına gəlib kömək etmək adəti olduğu üçün bizim qardaşlarımız imanda olmayan insanlarla çox vaxt keçirməli olurdular» (1 Kor. 15:33).

Coni və Pavle oradakı qardaşlara məsləhət gördülər ki, məhsul yığımında köməyi Yehovanın Şahidlərindən istəsinlər. Beləcə, həm iş gedəcək, həm də ünsiyyət dairələri yaxşı olacaq (Vaiz 4:9, 10). Coni qardaş deyir: «Yığıncaqdakı bacı-qardaşların bir-birilərinə olan məhəbbəti gücləndi». Üç il sonra Coni və Pavle Kaxeti bölgəsindən gedəndə orada artıq 5 ağsaqqal və 12 yığıncaq xidmətçisi var idi.

Yığıncaqların təbliğçilərə köməyi

Təbliğ fəaliyyətimiz 1990-cı illərin əvvəlinə kimi qadağa altında olduğu üçün Yehovanın Şahidləri kiçik qruplar şəklində yığışırdılar. Təkcə «Gözətçi qülləsi»nin müzakirəsi və yığıncağın kitaböyrənməsi keçirilirdi. Bu görüşlər gözəl olsa da, təbliğçiləri xidmətə hazırlamaq üçün nəzərdə tutulmamışdı.

Kommunist rejimi dağılandan sonra vəziyyət dəyişdi. Yehovanın təşkilatının göstərişi ilə yığıncaqlar artıq Teokratik Xidmət Məktəbini və Xidmət görüşünü də keçirməli idilər.

Nailə Xutsişvili və Lalə Ələkbərova bacılarının bu görüşlərlə bağlı xoş xatirələri var. Lalə o günləri yada salaraq deyir: «Çox gözəl bir dövr idi. Hamı sevinirdi ki, artıq bacılar da proqramda iştirak edəcəklər».

Nailə deyir: «Bir dəfə belə bir səhnəcik olmuşdu: bacı səhnədə qəzet oxuyur. Bu zaman qapı döyülür, bacı qapını döyən iki bacını evə dəvət edir, onlar da oturduğumuz zalın qapısından içəri girərək səhnəyə doğru irəliləyir». Lalə əlavə edir: «Düzdür, bu görüşlər bəzən çox qəribə keçirdi, amma biz onların sayəsində səriştəli müjdəçi olmağı öyrəndik».

Ədəbiyyatlara tələbat artır

Qardaşlar uzun illər ərzində nəşrlərin surətini çıxartmaq üçün ev şəraitində əllə idarə edilən avadanlıqdan istifadə edirdilər. Amma getdikcə ədəbiyyatlara tələbat artırdı və artan tələbatı bu üsulla qarşılamaq mümkün deyildi. Buna görə qardaşlar kommersiya şirkətlərinə üz tutdular. Orada münasib qiymətə böyük tirajla jurnallarımızı çap edə bilərdilər.

Gürcü dilindəki nüsxələri çapa hazırlamaq üçün qardaşlar qəzetlərdən hərfləri kəsib ingilis dilində olan jurnalın üz qabığına yapışdırırdılar

Nəşri çapa hazırlamaq üçün qardaşlar bir üsul tapmışdılar. Gürcü dilinə tərcümə edilmiş mətn ingilis dilində olan jurnalların quruluşuna uyğun makinada yığılırdı. Sonra qardaşlar bu vərəqələrə ingilis dilindəki jurnalların şəkillərini kəsib yapışdırırdılar. Axırda ingilis dilindəki jurnalın üz qabığına qəzetlərdən gözəl şriftlə yazılmış gürcü hərflərini kəsib yapışdırırdılar. Və budur, mətn çapa hazırdır!

Gürcü dilində çap olunmuş ilk jurnallar

Qardaşlar kompüter alandan sonra iki gənc qardaş — Levani Kopaliani və Leri Mirzaşvili kompüterdən yaxşı istifadə etməyi öyrənmək üçün kursa getdilər. Leri qardaş xatırlayır: «İkimiz də təcrübəsiz idik və işlər həmişə istədiyimiz kimi getmirdi. Ancaq Yehovanın köməyi sayəsində biz tezliklə öz jurnallarımızı kompüterdə yığa bildik».

Maneələrə baxmayaraq, Gürcüstanda olan bütün yığıncaqlar burada çap olunan dördrəngli jurnallar almağa başladılar. Amma təbliğçilərin sayı elə sürətlə artırdı ki, onlara ədəbiyyat çatdırmaq olmurdu. Elə lap vaxtında təşkilat qardaşlara lazımi göstəriş verdi.

Dönüş nöqtəsi

1992-ci ildə Sankt-Peterburqda (Rusiya) keçirilən beynəlxalq toplantıda Gürcüstandan olan qardaşların Almaniyadan gələn filial nümayəndələri ilə görüşmək imkanı oldu. Genadi Qudadze deyir: «Onlar bizə tərcümə işinin necə getməli olduğunu izah etdilər və dedilər ki, bizə baş çəkib tərcümə işi ilə bağlı təlim verəcəklər».

Gürcü dilində ədəbiyyatları çap etmək elə də asan deyildi. Gürcü hərfləri fərqli olduğu üçün çoxdilli elektron nəşriyyat sistemi (MEPS) bu hərfləri dəstəkləmirdi. Buna görə də fotoyığım və çap işləri üçün yeni şrift hazırlanmalı idi.

1970-ci illərin sonuna yaxın Datikaşvili ailəsi ABŞ-a mühacirət etmişdi. Onların qızı Marina orada həqiqəti öyrənmişdi. Bruklin Beytelindəki qardaşlar gürcü hərflərini MEPS sisteminə daxil edərkən Marinanın onlara çox köməyi dəydi. Çox keçməmiş «Budur, Mən hər şeyi yeniləşdirirəm» adlı broşür və bir neçə buklet Almaniyada çap olundu.

Tərcümə işinin təşkilinə yardım

1993-cü ildə Maykl Flekenşteyn və yoldaşı Silviya Gürcüstanda tərcümə ofisi yaratmaq üçün Almaniyadan Tbilisiyə gəldilər. Maykl deyir: «Onlarla Sankt-Peterburqdakı söhbətim hələ də yadımda idi. Bunun üstündən 18 ay keçəndən sonra biz Gürcüstana gəldik. Burada tərcümə qrupunun nə qədər yaxşı təşkil olunduğunu görəndə məəttəl qaldıq!»

Leri Mirzaşvili, Paata Morbedadze və Levani Kopaliani Tbilisidəki tərcümə ofisində işləyərkən, 1993-cü il

Bir neçə aydan sonra kiçik mənzildə tərcümə ofisi yaradıldı və orada 11 nəfərdən ibarət tərcüməçi işləməyə başladı. Təşkilatın verdiyi təlim sayəsində yığıncaqlar nəşrləri müntəzəm almağa başladılar.

Çətin vaxtlarda da yığıncaq ədəbiyyatsız qalmır

Sovet İttifaqı dağılandan sonra ittifaqa daxil olan respublikaların çoxunda vətəndaş müharibələri və etnik qruplar arasında iğtişaşlar baş qaldırdı. Bu Gürcüstandan da yan keçmədi. Nəticədə ölkədə gediş-gəliş təhlükəli oldu, xüsusilə də sərhədi keçmək qorxulu idi.

Zaza Cikuraşvili və Aleko Qvritişvili (şəkildə həyat yoldaşları ilə birgə) keşməkeşli dövrdə ədəbiyyatları yığıncaqlara çatdırmağa kömək edirdilər

1994-cü ilin noyabr ayında Aleko Qvritişvili iki qardaşla birgə sərhədi keçərkən bir qrup əlisilahlı əsgər onları saxladı və maşından düşmələrini əmr etdi. Aleko deyir: «Onlar ədəbiyyatlarımızı görəndə əsəbiləşdilər. Bizi edam edəcəklərmiş kimi sıraya düzdülər. Biz dayanmadan Yehovaya dua etdik. İki saatdan sonra əsgərlərdən biri dedi: “Ədəbiyyatlarınızı da götürün gedin buradan. Ancaq əgər geri qayıtsanız, maşınınızı yandırıb özünüzü də öldürəcəyik”».

Bu cür hədə-qorxulara rəğmən, qardaşlar davamlı şəkildə nəşrləri yığıncaqlara çatdırırdılar. Ədəbiyyatları Gürcüstana gətirmək üçün böyük qurbanlar vermiş Zaza Cikuraşvili qardaş ötən illəri xatırlayaraq deyir: «Başa düşürdük ki, bacı-qardaşların bu nəşrlərə ehtiyacları var. Həyat yoldaşlarımız bu işdə bizə çox dəstək olurdular».

Aleko qardaş qeyd edir: «Ədəbiyyatların daşınmasına kömək edən qardaşların əksəriyyəti ailəli idi». Bəs təhlükəyə baxmayaraq, bu işi görməyə onları nə təşviq edirdi? Aleko davam edir: «İlk növbədə, bizi buna Yehovaya olan dərin minnətdarlığımız və sevgimiz təşviq edirdi. Bundan əlavə, biz də Yehova Allahdan örnək alıb əziz bacı-qardaşlarımızın qayğısına qalmaq istəyirdik».

Belə fədakar qardaşların sayəsində keşməkeşli dövrdə də ədəbiyyatların çatdırılması işi dayanmadı. Gələcəkdə isə qardaşlar ədəbiyyatların Almaniyadan Gürcüstana gəlməsi üçün daha təhlükəsiz yol tapdılar.

Vaxtında keçirilən toplantı

1995-ci ildə siyasi vəziyyət stabilləşəndə Yehovanın Şahidləri ilk vilayət toplantısını keçirmək üçün hazırlıqlar görməyə başladılar. 1996-cı ilin yayında Gürcüstanın dörd bir tərəfindən gələn təxminən 6000 nəfər üç yerdə — Qori, Marneuli və Snoridə keçirilən vilayət toplantısında iştirak etdilər.

Qori yaxınlığında keçirilən vilayət toplantısı, 1996-cı il

Qoridə keçirilən toplantı xüsusilə yaddaqalan oldu. Vaxt var idi, qardaşlar anma mərasimi üçün zalı necə dolduracaqlarını fikirləşirdilər. İndi isə onlar vilayət toplantısına gələcək 2000-dən çox adamı necə yerləşdirəcəklərini bilmirlər! Buna görə də qardaşlar toplantını açıq havada, şəhərin gözəl dağlıq ərazisində təşkil etdilər.

Toplantı komitəsində xidmət edən Kako Lomidze qardaş deyir: «Toplantı qurtardıqdan sonra bacı-qardaşlar birgə vaxt keçirdilər, mahnı oxudular, şirin-şirin söhbətlər etdilər. Hamıya bir daha aydın oldu ki, Allahın xalqını möhkəm məhəbbət telləri birləşdirir» (Yəh. 13:35).

Allahın hədiyyələri artıma töhfə verir

1996-cı ildən etibarən səyyar nəzarətçilərinin ölkədəki yığıncaqların hamısına baş çəkməsi üçün tədbirlər görüldü. Bu məqsədə çatmaq üçün əlavə səyyar nəzarətçilər təyin olundu. Onlar artıq bütün həftəni yığıncaqla əməkdaşlıq edirdilər.

Şübhəsiz, səyyar nəzarətçilərinin imandan irəli gələn işi, məhəbbətlə çəkdikləri zəhmət yığıncaqların inkişafında və teokratik göstərişlərə daha yaxşı əməl etməsində əvəzsiz rol oynadı (1 Salon. 1:3). 1990—1997-ci illər ərzində möhtəşəm artım müşahidə olundu. 1990-cı ildə 904 təbliğçi var idisə, yeddi il sonra xoş xəbəri artıq 11 082 nəfər vəz edirdi!

Onilliklər öncə başlayan artım indi daha aydın görünürdü və bu, ölkənin hər yerində müşahidə olunurdu. Amma Yehova Allahın gürcü xalqı üçün verəcəyi xeyir-dualar hələ qabaqda idi.