Rəhbərlik Şurasından məktub
Əziz bacı-qardaşlarımız!
Əşiya peyğəmbər dərk edirdi ki, Yəhuda padşahlığının uğuru və çiçəklənməsi yalnız və yalnız Yehovadan asılı idi. O bəyan etmişdi: «Ey Yehova... axı hər bir işimizi sən başa çatdırırsan» (Əşy. 26:12). Keçən xidmət ilinə boylananda bu sözlərin doğruluğuna daha da əmin oluruq. Yehova Allah, həqiqətən də, misli-bərabəri görünməmiş xariqələr edir! (Çıx. 34:10). Gəlin Yehovadan aldığımız nemətlərin bəzilərini yada salaq.
Biz jw.org saytımızdan səmərəli şəkildə istifadə edirik. Hal-hazırda sayt 600-dən artıq dildə mövcuddur və oradakı ədəbiyyatları 750-dən çox dildə oxumaq və ya yükləmək olar. Bəs həqiqət səmimi insanlara sayt vasitəsilə necə çatır? Sizə bir ər-arvad haqqında danışmaq istəyərdik. Onlar dinlərindəki ikiüzlülüyə görə məyus olmuşdular. İlahi rəhbərliyi axtara-axtara bizim saytı tapmışdılar. Bu cütlük tez-tez sayta daxil olub ədəbiyyatlarımızdan məqalələr oxuyur, videolara baxırdılar. Onlar hətta «Müqəddəs Yazıları hər gün araşdırın» kitabçasını yükləyib hər səhər iki yeniyetmə övladları ilə birgə günün ayəsini oxumağa başlamışdılar. Yehovanın Şahidləri qapılarını döyəndə bu ailə elə günün ayəsini oxuyurdu. Məlum oldu ki, saytımızdan istifadə etməyin sayəsində onlar çoxlu dəyişikliklər etmişdilər:
bədənlərindəki tatuajları silmiş, pirsinqlərini çıxarmış, evlərindəki dini təsvirlərdən azad olmuşdular. Artıq bayramları qeyd etmir, namünasib filmlərə də baxmırdılar. Onlar bütün bu dəyişiklikləri hələ Yehovanın Şahidləri ilə şəxsən tanış olmazdan qabaq etmişdilər! Bu məktub yazılanda həmin ər-arvad və uşaqlarından biri artıq təbliğçi idi və bu cütlük tezliklə vəftiz olunmağı planlaşdırır.Biz həmçinin JW televiziyamızla bağlı çoxlu minnətdarlıq məktubları almışıq. Hər ay çıxan veriliş hal-hazırda 70-dən çox dildə mövcuddur və bu say getdikcə artmaqdadır. Əksər ailələr bu verilişi ailəvi ibadət axşamlarında seyr edirlər. Bir qardaş demişdi: «Yehovanın təşkilatı hələ bu dərəcədə böyük olmamışdı, buna baxmayaraq, hələ heç vaxt özümüzü baş idarəyə belə yaxın hiss etməmişik!»
Toplantılar Yehovanın xalqı üçün həmişə səbirsizliklə gözlədiyi tədbir olub. 2015-ci ildə keçirilən toplantılar da istisna deyil. Toplantıda 42 video və şəkilli təsvirlər göstərilmişdi. Habelə səhər və günorta, proqram başlamazdan öncə, könüloxşayan altı kiçik musiqi əsəri də səsləndirilmişdi. Bir qardaş öz müşahidələrini bölüşür: «Proqram vaxtı elə bil heç kim yerindən durub getmək istəmirdi. Qorxurdular ki, birdən nəyisə buraxarlar». Xüsusi təyinatlı bir müjdəçi keçən ilin toplantısı ilə bağlı öz hisslərini bölüşür: «Toplantıdakı videolar həqiqəti və Allahın Padşahlığını mənim üçün daha gerçək etdi».
Yehovanın digər bəxşişlərindən biri də keçən il ərzində ərsəyə gələn yeni həmd nəğmələridir. Bir cütlük yazır: «Yeni həmd nəğmələri ilə Yehova bizi sanki Öz ağuşuna alır. Bu nəğmələr bizim üçün qaranlıq qalan məqamları işıqlandırır». Toplantılarımız Gözətçi Qülləsi Cəmiyyətinin möhtəşəm orkestrinin və xorunun bizim üçün çəkdiyi zəhməti xatırlatdı. Bütün bunlar Yehovanı ucaltmaq üçün nəzərdə tutulub!
Bəs yığıncağınız ictimai şahidlik arabalarından istifadə edir? Bu, şahidlik vermək üçün əla vasitədir. Mühafizə olunan şəhərciklərdə və göydələnlərdə yaşayanlar həqiqəti ilk dəfə məhz bunun sayəsində eşidirlər. Həmçinin Yehovanın Şahidi olan qeyri-fəal təbliğçilərə və bir çox insana bu üsulla ruhani kömək göstərilir. 2015-ci ilin yanvar ayında Cənubi Koreyada yaşayan bir kişi xeylağı ictimai şahidlik arabasına yaxınlaşıb bildirdi ki, bu yaxınlarda din barədə ciddi düşünməyə başlayıb. Yehovanın Şahidləri onunla Müqəddəs Kitab dərslərinə başladılar. Fevral ayında o, ilk dəfə yığıncaq görüşünə getdi, mart ayında siqareti atdı, apreldə Cənubi Koreyadakı filiala ekskursiyaya getdi və indiyə kimi ruhani addımlar atır. Bu, bizə, baş idarəyə gəlib çatan saysız nümunələrdən yalnız biridir.
Dua edirik ki, toplantıda aldığımız nəşr əvvəllər fəal xidmət etmiş kəsləri hələ vaxt var ikən Yehovaya geri dönməyə təşviq etsin! Sizdən isə xahişimiz budur ki, Yehovadan örnək alıb geri dönənlərə qucaq açasınız (Hizq. 34:16).
Bəli, Yehova ötən xidmət ilində Öz xalqını artıqlaması ilə mükafatlandırdı. Bizi daha nələr gözləyir? Yaşayarıq, görərik! İstəyirik biləsiniz ki, biz, Rəhbərlik Şurasının üzvləri hər birinizi çox istəyirik və həmişə sizi dualarımızda yad edirik.
Ən xoş arzularla,
Qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası