ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ
Mümkünsüzlüyü mümkün edirik
EV-EV təbliğ xoş xəbərin yayılmasında Yehovanın Şahidlərinin əsas təbliğ üsulu olaraq qalır. Ancaq gözəl görünüşlü ədəbiyyat masaları və arabaları da xoş xəbərin təbliğində böyük rol oynayır (Mət. 24:14). Allahın Padşahlığını müjdələyənlər insanlara təbliğ etmək üçün ictimai yerlərdə stendlər, masalar və köşklər quraşdırırlar. Bundan əlavə, bütün dünyada olan yığıncaqlar 250 000-ə yaxın ədəbiyyat arabası ilə təchiz olunub. Bəs bütün bunlar hansı bəhrələr verdi?
Tanzaniyanın Darüssəlam şəhərində 2014-cü ildə gediş-gəlişin sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik proqramı başlayandan bəri təxminən 700 nəfər Müqəddəs Kitabı öyrənmək istədiyini bildirib. Maraqlananların çoxu yığıncaq görüşlərində iştirak edir və
Yehova Allahla sıx münasibət qururlar. Təkcə bir ilə Afrika və qonşu ölkələrdən gələnlərə araba vasitəsilə 250 000-dən artıq ədəbiyyat paylanılıb.Solomon Adalarında 2000-ə yaxın təbliğçi var. Onların təbliğ ərazisinə 300-dən çox ada daxildir. Bu səbəbdən həqiqət toxumunu səpmək üçün şəhərin gediş-gəlişi sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik vacib rol oynayır. Paytaxt Xoniarada dindaşlarımız 104 000-dən çox jurnal və 23 600 broşür paylayıblar. Bu ədəbiyyatların çoxunu Yehovanın Şahidlərinin olmadığı adalardan və ucqar kəndlərdən gələn insanlar götürüb. Bir dəfə günorta vaxtı bir neçə saatın içində 400 «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı paylanmış və 60 nəfər Müqəddəs Kitabı öyrənmək istədiyini bildirmişdi.
Günlərin bir günü sübh tezdən Maykl ilə Linda Venesuelanın Marqarita adasının dəniz kənarında ədəbiyyat stendi quranda onlara Anibal adlı bir kişi yaxınlaşıb «Müqəddəs Kitab öyrədir» kitabını götürdü. O bildirdi ki, yeddi il əvvəl bu ərazidə atası rəhmətə gedib. O vaxtdan anası depressiyadadır. Növbəti həftə Anibal yenə bura gəlib Mayklla Lindaya bu gün atasının ölümünün ildönümü olduğunu söylədi. Elə oradaca anasına zəng etdi və Maykldan ona təsəlli verməsini xahiş etdi. Maykl kişinin sözünü yerə salmadı. O vaxtdan bəri qadın bir neçə dəfə Mayklla Lindaya zəng etmiş, onlar da, öz növbəsində, Müqəddəs Kitab ayələri ilə ona təsəlli vermişdilər. Bir dəfə Anibalın anası belə bir mesaj yazdı: «Bu gün özümü daha yaxşı
hiss edirəm, çünki sayənizdə təsəlli tapdım və imanım artdı».Birləşmiş Ştatların 14 şəhərinin 127 ərazisində gediş-gəlişin sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik təşkil olunub. 2015-ci xidmət ilinin ilk yeddi ayı ərzində 8445 Müqəddəs Kitab dərsi keçirilməyə başlandı! Şahidliyin bu növü həmçinin əvvəllər Yehovaya xidmət etmiş insanların Ona geri dönməsinə kömək edir. Misal üçün, Los-Ancelesdə (Kaliforniya) Teri adlı bir kişi ədəbiyyat stendinə göz gəzdirəndə masanın yanında duran Yehovanın Şahidləri ondan nə vaxtsa ədəbiyyatlarımızı oxuyub-oxumadığını soruşdu. Kişi bildirdi ki, Yehovanın Şahididir və dörd ildir ki, qeyri-fəaldır. Yehovanın Şahidləri ona Hizqiyal 34:11 ayəsindən «budur, Mən Özüm qoyunlarımı axtarıb tapacağam, onlara baxacağam» sözlərini oxuyub onunla ayə əsasında söhbət apardılar. Ona saytımız və JW televiziyası barədə danışdılar. Sabahısı gün Teri həmin qardaşa e-mail yazdı ki, onlarla rastalaşmazdan bir az əvvəl Allaha dua edib yığıncaqlara getmədiyinə görə əfv diləyirdi və xahiş edirdi ki, Onunla münasibətlərini bərpa etməyə yardım etsin. «Bundan sonra, sən məni gülərüz qarşıladın. Ruhlandırıcı ayə oxudun və Yehovanın təşkilatına qayıtmaq üçün lazım olan məlumatı verdin. Bu, mənim duama cavab idi», — deyə o bölüşür.
Efiopiyanın Əddis-Əbəbə şəhərinin gediş-gəlişin sıx olduğu dörd ərazisində xüsusi ictimai şahidlik növündən istifadə olunur. Bacı-qardaşlar üç aya 37 275 nəşr payladılar. Bundan əlavə, 629 nəfər Yehovanın Şahidlərinin onlara baş çəkməsini xahiş etdi. «Müqəddəs Kitab öyrədir» nəşrini götürənlərin arasında yaşlı bir kişi
var idi. O, həmin kitabı əlinə alan kimi dərhal oxumağa başladı. Əvvəllər bu kişi dini seminara gedirdi. Onun İsa Məsih və Allahın Padşahlığı barədə çoxlu sualları var idi. Beləcə, o, suallarına cavab tapmaq məqsədilə səhərisi gün təkrarən stendin yanına gəldi. Birisi gün Müqəddəs Kitabı öyrənməyə razılıq verdi, həftənin axırında isə yığıncağa getdi. Hal-hazırda bu kişi ruhani cəhətdən inkişaf edir və heç bir görüşü buraxmır.Meksikada bir yəhudi kişi ədəbiyyat stendinə yaxınlaşıb orada duran iki qardaşımızdan ölüm haqqında oxumağa bir şey istədi. Qardaşlar ona dedilər ki, bu mövzu ilə bağlı jurnalları qurtarıb və ona gələcək haqda jurnal təklif etdilər. Kişi qardaşın qolundan tutaraq: «Gələcək mənə maraqlı deyil. Tək istədiyim özümü öldürməkdir», — dedi və ağlamağa başladı. Kişidən nə üçün bu cür hisslər keçirdiyini soruşanda o: «Ölüm oğlumu əlimdən alıb», — deyərək hönkürdü. Qardaşlar «Müqəddəs Kitab öyrədir» kitabının 7-ci fəslini açıb «Əzizlərimizdən kim isə öləndə» başlığı altında olan ilk iki abzası və fəslin sonunda yerləşən ölülərin dirilməsi haqda məlumatı oxudular. Oxuduqları bu kişiyə o qədər dərin təsir bağışladı ki, o, yenə qardaşın qolundan tutub dedi: «Doğrudan bu olacaq?» Qardaşlar onu əmin etdi ki, Yehova Allah verdiyi sözün ağasıdır. Onda kişi soruşdu: «Bəs oğlumu yenidən görmək üçün nə etməliyəm?» Onlar öz aralarında görüş təyin etdilər. Qardaşlar kişinin evinə gedəndə onun Müqəddəs Kitab dərsinə başlamağı həsrətlə gözlədiyini gördülər.
«Yehova bu işi avand etdi!» Bu sözlər Nyu–Yorkda gediş-gəlişin sıx olduğu yerlərdə xüsusi ictimai şahidlik proqramının təşkilində əməyi olan bir səyyar nəzarətçinin dilindəndir. «Bu üsulla on minlərlə insana təbliğ etmək mümkün olur. Həmçinin bunun sayəsində qeyri-fəal, yığıncaqdan kənar edilmiş şəxslərlə əlaqə yaradılıb və hal-hazırda bu “itmiş qoyunların” yenidən sürüyə qayıtması üçün köməklik göstərilir» (Hizqiyal 34:15, 16).