İNDONEZİYA
«Bax, buradan başlayardım!»
Avstraliyada filial xidmətçisi olan Aleksandr Makqillivrey fikirli halda ofisində var-gəl edirdi. Neçə gün idi ki, bir məsələ üzərində baş sındırırdı. Nəhayət, həllini tapdı. Bircə Frank Raysla danışmaq qalırdı.
Frank 28 yaşlı cəsarətli kitabpaylayan (öncül) idi. O, bir neçə həftə idi ki, filialda qalırdı. Frank həqiqəti yeniyetmə ikən öyrənmiş və tez bir zamanda kitabpaylayan olmuşdu. O, on ildən çox idi ki atla, velosipedlə, motosikletlə və mühərrikli furqonla səyahət edərək Avstraliyanın əksər ərazilərində təbliğ edirdi. Frank bir az Beyteldə qalıb təyin olduğu növbəti əraziyə yola düşəcəkdi.
Aleksandr qardaş Frankı öz ofisinə çağırıb xəritədə Avstraliyanın şimalındakı adalara işarə edərək: «Burada təbliğə başlamağa necə baxırsan? Bu adalarda bir nəfər də olsun qardaş yoxdur», — dedi.
Frankı Hind okeanında mirvari kimi parlayan adalar silsiləsi — Niderland Şərqi Hind (indiki İndoneziya) * adaları cəlb etdi. Bu adalarda Allahın Padşahlığı haqda müjdəni heç vaxt eşitməyən milyonlarla insan yaşayırdı. Frank xəritədə Bataviyanı (indiki Cakarta) göstərərək: «Bax, buradan başlayardım!» — dedi.
Yavada təbliğ
1931-ci ildə Frank Rays Yava adasının böyük, qaynaşan şəhərinə, Cakartaya gəldi. Şəhərin mərkəzinə yaxın kirayə bir otaq tutdu və ora Müqəddəs Kitab ədəbiyyatıyla dolu qutular yığdı. Ev sahibəsi bunu görüb çox təəccüblənmişdi.
Frank xatırlayır: «Əvvəl-əvvəl özümü tənha hiss edirdim, evdən ötrü burnumun ucu göynəyirdi. Ətrafımdakı insanlar ağ kətan paltarda, başlarında yay şlyapası gəzişdikləri halda, mən qalın Avstraliya geyimində istidən bişirdim. Niderland və İndoneziya dilində bir kəlmə də
bilmirdim. Dua edib Yehova Allahdan mənə yol göstərməsini istədim. Onda ağlıma gəldi ki, iş yerlərində ingilis dilini bilən insanlar tapa bilərəm. Təbliğə elə ordan başladım. Bura necə də bəhrəli sahə oldu!»Cakarta sakinlərinin əksəriyyəti Niderland dilində danışdığı üçün Frank məqsəd qoyub bu dili orta səviyyədə öyrəndi və ev-ev təbliğə başladı. Sonra İndoneziya dilini öyrənməyə keçdi və yavaş-yavaş bu dili də öyrəndi. Frank deyir: «Problem onda idi ki, İndoneziya dilində bir dənə də olsun ədəbiyyat yox idi. Yehova məni indoneziyalı müəllimin yanına yönəltdi. O, həqiqətə maraq göstərməyə başladı və “Ölülər haradadır?” adlı bukleti tərcümə etməyə razı oldu. Bundan sonra başqa bukletlər də tərcümə olundu və tezliklə çoxlu indoneziyadilli insan həqiqətə maraq göstərdi».
1931-ci ilin noyabr ayında daha iki öncül Avstraliyadan Cakartaya köçdü. Onlar 25 yaşlı Klem Deşamp və 19 yaşlı Bil Hanter idi. Klemlə Bil özlərilə təkərli öncül evi, yəni mühərrikli furqon gətirmişdilər. Bu, İndoneziyaya gələn ilk öncül evlərindən biri idi. Onlar Niderland dilində bir neçə ifadə öyrənib dərhal Yavanın böyük şəhərlərində təbliğ etməyə başladılar.
Klem və Bilin ardınca bura cəsarətli avstraliyalı öncül Çarlz Haris qardaş gəldi. 1935-ci ildən başlayaraq Çarlz Haris furqon evlə və velosipedlə Yavanın çox hissəsini gəzib beş dildə — çin, ərəb, İndoneziya, ingilis və Niderland dillərində ədəbiyyat payladı. Elə illər olub ki, o, təxminən 17 000 nüsxə ədəbiyyat paylayıb.
Çarlz qardaşın bu qədər ədəbiyyat paylaması insanların diqqətindən yayınmadı. Cakartada bir məmur Klem qardaşdan soruşdu:
— Şərqi Yavada neçə nəfər bu işi görür?
— Cəmi bir nəfər.
— Kimə gəlirsən?! — deyə məmur qışqırdı: — Hara baxırsan, sizin ədəbiyyatlarınızdır. Sizin hardasa bir ordu işçiniz var!
Erkən öncüllər mümkün qədər çox insana xoş xəbəri çatdırmaq üçün daima bir yerdən o biri yerə köçürdülər. «Biz adanı başdan ayağa işlədik. Nadir hallarda kiminləsə ikinci dəfə söhbət edirdik», — deyə Bil Hanter qardaş bölüşür. Yol boyu bu qardaşlar çoxlu ruhani toxum səpmişdilər. Sonradan bu toxumlar bol-bol məhsul verdi (Vaiz 11:6; 1 Kor. 3:6).
Sumatra xoş xəbəri eşidir
Təxminən 1936-cı ildə Yavadakı öncüllər Sumatrada təbliğ işini genişləndirməyin yollarını müzakirə edirdilər. Dünyanın ən böyük altıncı adası olan bu dərəli-təpəli ada ekvatorda yerləşir. Adanın iri şəhərləri, plantasiyaları, böyük bataqlıqları və tropik meşələri var.
Öncüllər bu əraziyə Frank Rays qardaşı göndərməyi məsləhət bildilər. Onlar əllərində olan cüzi miqdarda pulu yığıb qardaşın yol pulunu ödədilər. Tezliklə, Frank Medana (Şimali Sumatra) gəlib çıxdı. Onun iki təbliğ çantasından, 40 qutu ədəbiyyatdan və bir az puldan savayı heç nəyi olmasa da, sarsılmaz imanı var idi. Frank bura çatar-çatmaz işə başladı. O əmin idi ki, təyinatını yerinə yetirmək üçün Yehova onu lazım olan hər şeylə təmin edəcək (Mət. 6:33).
Medandakı təbliğinin son həftəsi Frank qardaş niderlandlı bir kişi ilə tanış oldu. Kişi onu qəhvə içməyə dəvət etdi. Orada Frank qardaş kişiyə dedi ki, bütün adaya xoş xəbəri təbliğ etmək üçün ona maşın lazımdır. Kişi həyətindəki sınıq-salxaq maşınını göstərərək dedi:
— Bu maşını təmir edə bilsən, onu sənə 100 quldenə * sataram.
— Mənim o qədər pulum yoxdur.
Kişi Franka diqqətlə baxaraq soruşdu:
— Sən doğrudan da, bütün Sumatraya təbliğ etmək istəyirsən?
— Bəli!
— Yaxşı. Maşını düzəldə bilərsənsə, götür apar, pulun olanda verərsən.
Frank maşını təmir edib onu saz vəziyyətə gətirdi. O sonradan yazır: «Ədəbiyyatla dolu salon, benzinlə
dolu çən və imanla dolu ürəklə mən Sumatraya yollandım».Frank bir il adanı başdan ayağa dolaşandan sonra Cakartaya qayıtdı. Orada maşını 100 quldenə satıb pulu Medandakı həmin kişiyə göndərdi.
Üstündən bir neçə həftə keçməmiş Franka Avstraliyadan məktub gəldi. Məktubda onun yeni təyinat aldığı deyilirdi. Frank vaxt itirmədən pal-paltarını yığıb Hind-Çində (indiki Kamboca, Laos, Vyetnam) təbliğ işinə başlamaq üçün ora yollandı.