ÜZ QABIĞINDAKI MÖVZU | TÖVRAT, ZƏBUR, İNCILI OXUMAĞA DƏYƏR?
Tövrat, Zəbur, İncili nə üçün oxumağa dəyər?
-
Həyatda məna varmı?
-
Nəyə görə insanlar əzab çəkir və ölür?
-
Gələcək nə gətirəcək?
-
Allahın gözündə nə dərəcədə dəyərliyik?
Nə vaxtsa bu kimi suallar sizi də düşündürüb? Əgər belədirsə, siz tək deyilsiniz. Bu kimi suallar çoxlarını maraqlandırır. Bəs onlara cavab tapmaq mümkündür?
Milyonlarla insan bunun mümkün olduğunu düşünür. Çünki onlar Müqəddəs Kitabdan (Tövrat, Zəbur və İncil) qaneedici cavablar tapıblar. Bəs siz bilmək istəyərdiniz Müqəddəs Kitab bu sualları necə cavablandırır? Onda Yehovanın * Şahidlərinə müraciət edin ki, sizinlə pulsuz Müqəddəs Kitab dərsləri keçsinlər.
Yehovanın Şahidləri Müqəddəs Kitabı birgə öyrənməyi təklif edəndə bəziləri deyir ki, «vaxtım yoxdur», «çox qəlizdir», «mənlik deyil». Amma bu təklifi qəbul edənlər də var. Onlar Tövrat, Zəbur, İncildə nə yazıldığını öyrənmək üçün yaranan imkanı əldən vermirlər. Gəlin bəzi insanların rəyinə baxaq.
-
«Mən katoliklərin və protestantların kilsəsinə, siqh məbədinə, habelə buddistlərin monastırına getmişəm. Həmçinin universitetdə mənə ilahiyyat dərsi keçiblər. Bununla belə, Allahla bağlı suallarım cavabsız qalmışdı. Günlərin bir günü Yehovanın Şahidləri qapıma gəldilər. Onlar Müqəddəs Kitabı açıb suallarımı cavablandırdılar. Mən Müqəddəs Kitabı öyrənməyə razılıq verdim» (Cill, İngiltərə).
-
«Həyata dair çoxlu suallarım var idi, ancaq bizim kilsədəki keşişin bu suallara verdiyi cavablar məni qane etmirdi. Lakin bir Yehovanın Şahidi suallarıma cavab vermək üçün yalnız Müqəddəs Kitabdan istifadə etdi. O, məndən bu barədə daha çox öyrənmək istəyib-istəmədiyimi soruşanda böyük məmnuniyyətlə qəbul etdim» (Keffi, Benin).
-
«Öləndən sonra insanla nə baş verdiyi məni narahat edirdi. Elə bilirdim ki, ölülər dirilərə pislik edə bilirlər. Amma yenə də bu barədə Müqəddəs Kitabda nə yazıldığını bilmək istəyirdim. Buna görə də Yehovanın Şahidi olan bir dostumla Müqəddəs Kitabı araşdırmağa başladım» (Jüze, Braziliya).
-
«Mən Müqəddəs Kitabı oxuyurdum, amma oxuduğumu başa düşmürdüm. Bir gün Yehovanın Şahidləri mənə bəzi Müqəddəs Kitab peyğəmbərliklərini aydın şəkildə izah etdilər. Mənim üçün çox maraqlı idi, görəsən, onlardan daha nə öyrənə bilərəm» (Deniz, Meksika).
-
«Allahın gözündə dəyərli olub-olmadığım məni çox narahat edirdi. Qərara gəldim ki, Müqəddəs Kitabda adı çəkilən Allaha dua edim. Səhərisi gün Yehovanın Şahidləri qapımı döydülər və mən Müqəddəs Kitabı öyrənməyə razı oldum» (Anju, Nepal).
Bu nümunələr bizə İsa peyğəmbərin sözlərini xatırladır: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3). Bəli, insanların Allah haqda öyrənməyə tələbatları var. Bu tələbatı yalnız Allah ödəyə bilər və O, bunu Öz Kəlamı vasitəsilə edir.
Bəs Müqəddəs Kitabı öyrənməyə nə daxildir? Bunun sizə hansı xeyri dəyə bilər? Növbəti məqalə bu sualları aydın şəkildə cavablandırır.
^ abz. 8 Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır.