Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTAB ƏSASINDA SÖHBƏT

Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? (I  hissə)

Allahın Padşahlığı nə vaxtdan hökmranlıq edir? (I  hissə)

Burada Yehovanın Şahidinin qonşuluqda yaşayan bir insanla söhbəti təqdim olunur. Təsəvvür edək ki, Camal adında bir Şahid Şahbaz adında bir kişiyə baş çəkir.

DƏRRAKƏ AXTARIŞINDA

Camal: Hər dəfə sizinlə Allahın Kəlamından danışmaq mənə çox xoşdur *. Axırıncı dəfə söhbət edəndə siz Allahın Padşahlığı ilə maraqlanmışdınız. Belə bir sual vermişdiniz ki, Yehovanın Şahidləri Allahın Padşahlığının 1914-cü ildən idarə etməyə başladığını haradan bilirlər.

Şahbaz: Hə, çünki ədəbiyyatlarınızın birində oxumuşdum ki, Allahın Padşahlığı 1914-cü ildən idarə etməyə başlayıb. Mənə maraqlı gəldi, çünki siz deyirsiniz ki, bütün inanclarınız Müqəddəs Kitaba əsaslanır.

Camal: Hə, elədir.

Şahbaz: Buna görə də Müqəddəs Kitabı başdan-ayağa oxudum. Amma bir dənə də olsun ayədə 1914-cü il söhbətinə rast gəlmədim. Sonra onlayn Müqəddəs Kitabda da «1914» yazıb axtarış verdim, amma nəticə «0» göstərdi.

Camal: Afərin sizə ki, Müqəddəs Kitabı axıra kimi oxumusunuz. Görünür, həqiqətən də, Allahın Kəlamına çox dəyər verirsiniz.

Şahbaz: Təbii ki. Heç bir kitab Müqəddəs Kitaba çata bilməz.

Camal: Düz deyirsiniz. Sizdə olan gözəl xüsusiyyətin biri də odur ki, suallarınızın cavabını Müqəddəs Kitabda axtarırsınız. Əslində, siz elə Müqəddəs Kitabda deyilən kimi edirsiniz, yəni dərrakəni axtarırsınız *. Bunun üçün ürəkdən səy göstərirsiniz.

Şahbaz: Çox sağ olun! Mən oxuyub-öyrənməyi xoşlayan adamam. Mövzu ilə bağlı bir az axtarış apardım və sizinlə bir yerdə araşdırdığımız kitabdan 1914-cü il haqda bəzi məlumatları tapdım. Orada hansısa padşahdan, yuxusunda gördüyü böyük bir ağacdan, onun kəsilib, sonra yenidən boy atmağından danışılır.

Camal: Hə, bu peyğəmbərlik «Daniel» kitabının 4-cü fəslində yazılıb. Sizin danışdığınız yuxu isə Babil padşahı Navuxodonosorun gördüyü yuxudur.

Şahbaz: Hə, baxın onu deyirəm. Peyğəmbərliyi dəfələrlə oxudum. Amma, düzünü desəm, onun Allahın Padşahlığı və 1914-cü illə əlaqəsini görmədim.

Camal: Bilirsiniz, hətta peyğəmbər Daniel belə Allahdan ilham alaraq yazdığı şeylərin mənasını tam başa düşmürdü!

Şahbaz: Doğrudan?

Camal: Hə. Görün Daniel 12:8 ayəsində nə yazılıb: «Mən bunu eşitdim, ancaq başa [düşmədim]».

Şahbaz: Deməli, bu məqamlar təkcə mənim üçün qaranlıq deyilmiş.

Camal: Bu peyğəmbərlikləri Daniel ona görə başa düşmədi ki, onları insanlara açıqlamaq üçün Allahın təyin etdiyi vaxt hələ yetişməmişdi. Lakin bizim günlərdə biz bu peyğəmbərlikləri tam başa düşə bilərik.

Şahbaz: Nəyə əsasən belə deyirsiniz?

Camal: Görün növbəti ayədə nə deyilir. Daniel 12:9 ayəsində yazılıb: «Bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq». Deməli, bu peyğəmbərliklər ancaq axır zamanda açıqlanacaqdı. Bizim axır günlərdə yaşadığımızı göstərən sübutları növbəti müzakirələrimizdə öyrənəcəyik *.

Şahbaz: «Daniel» kitabındakı bu peyğəmbərliyi mənə izah edə bilərsiniz?

Camal: Çalışaram!

NAVUXODONOSORUN YUXUSU

Camal: Amma öncə istəyirəm, Navuxodonosorun yuxuda nə gördüyündən qısaca danışım. Navuxodonosor yuxuda başı göylərə çatan nəhəng bir ağac görür. Sonra Allahın mələyi bu ağacı kəsməyi, kötüyünü isə çənbərləməyi əmr edir. «Yeddi il» keçəndən sonra ağac yenidən böyüməyə başlayır *. Bu peyğəmbərlik ilk dəfə Navuxodonosorun üzərində yerinə yetmişdi. O, başı göylərə çatan ağac kimi nüfuzlu padşah olsa da, yeddi il müddətinə «kəsilmişdi». Nə baş verdiyi yadınızdadır?

Şahbaz: Yox, yadımda deyil.

Camal: Eybi yoxdur, indi baxarıq. Müqəddəs Kitabda deyilir ki, Navuxodonosor yeddi il ağlını itirmiş vəziyyətdə olmuşdu. Bu müddət ərzində o, ölkəni idarə edə bilmirdi. Yeddi il bitəndə Navuxodonosorun ağlı özünə qayıtdı və o, yenidən padşahlıq etməyə başladı *.

Şahbaz: Bura qədər aydındır. Bəs bütün bunların Allahın Padşahlığı və 1914-cü illə nə əlaqəsi var?

Camal: Qısaca desək, bu peyğəmbərlik iki dəfə yerinə yetməli idi. İlk dəfə Navuxodonosorun hakimiyyətinə ara verildiyi zaman, ikinci dəfə isə Allahın hökmranlığına ara verildiyi zaman yerinə yetmişdi. Bu peyğəmbərliyin məhz ikinci icrası Allahın Padşahlığı ilə bağlıdır.

Şahbaz: Nəyin əsası nda bunu iddia edirsiniz?

Camal: Əvvəla, bunu peyğəmbərliyin özündən bilirik. Daniel 4:17 ayəsinə əsasən, bu peyğəmbərlik ona görə verilib ki, «indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir». Fikir verdinizsə, burada «insan padşahlıqları» ifadəsi işlənilir.

Şahbaz: Bəli, burada deyilir ki, «insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir».

Camal: Hə, elədir. Bu sözlərdən bəlli olur ki, peyğəmbərlik yalnız Navuxodonosora şamil edilmir. O həmçinin «insan padşahlıqları», yəni Allahın bəşəriyyət üzərində hökmranlığı ilə də bağlıdır. Peyğəmbərliyin konteksti bunu göstərir.

Şahbaz: Nəyi nəzərdə tutursunuz?

KİTABIN ƏSAS MÖVZUSU

Camal: «Daniel» kitabında eyni mövzu — İsa Məsihin rəhbərliyi altında Allahın Padşahlığının təsis edilməsi mövzusu dəfələrlə vurğulanır. Zəhmət olmasa, Daniel 2:44 ayəsini oxuyun.

Şahbaz: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq».

Camal: Sizcə, bu ayədə Allahın Padşahlığından söhbət gedə bilər?

Şahbaz: Hmm. Əmin deyiləm.

Camal: Fikir verin, burada həmin Padşahlığın «əbədi» qalacağı deyilir. Allahın Padşahlığından fərqli olaraq, heç bir insan padşahlığı əbədi qala bilməz, elə deyilmi?

Şahbaz: Elədir ki var.

Camal: «Daniel» kitabında Allahın Padşahlığına aid olan başqa bir peyğəmbərlik də var. Həmin peyğəmbərlik Daniel 7:13, 14 ayələrində yazılıb. Padşahlığın gələcək padşahından bəhs edən bu ayədə deyilir: «Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq». Bu peyğəmbərlikdə hansısa tanış fikrə rast gəldiniz?

Şahbaz: Burada hansısa padşahlıqdan danışılır.

Camal: Bəli, amma bu, adi padşahlıq deyil. Ayədə deyilir ki, bu Padşahlıq bütün xalqlar, millətlər və dillər üzərində hökmranlıq edəcək. Başqa sözlə desək, həmin Padşahlıq bütün yer üzünü idarə edəcək.

Şahbaz: İlk dəfə oxuyanda fikir verməmişdim, amma indi görürəm ki, siz deyəndir.

Camal: Görün peyğəmbərlikdə daha nə deyilir: «Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. onun padşahlığı əsla yox olmayacaq». İndicə oxuduğumuz Daniel 2:44 ayəsində yazılan peyğəmbərliyə oxşamır?

Şahbaz: Hə, oxşayır.

Camal: Gəlin bayaqdan müzakirə etdiyimiz fikirləri qısaca yadımıza salaq. Daniel 4-cü fəsildəki peyğəmbərliyin verilməsində məqsəd o idi ki, bəşəriyyət insan padşahlıqları üzərində Allah-Taalanın hökmranlıq etdiyini bilsin. Peyğəmbərliyin özündən bəllidir ki, onun yerinə yetməsi təkcə Navuxodonosorla bağlı deyil. «Daniel» kitabının müxtəlif yerlərində İsa Məsihin rəhbərliyi altında Allahın Padşahlığının təsis edilməsi barədə peyğəmbərliklər tapırıq. Sizcə, «Daniel» kitabının 4-cü fəslindəki peyğəmbərliyin Allahın Padşahlığı ilə bir əlaqəsinin olduğu qənaətinə gəlmək məntiqəuyğundur?

Şahbaz: Güman edirəm ki, hə. Amma bunun 1914-cü ilə nə dəxli olduğunu başa düşmürəm.

«YEDDİ İL KEÇƏNƏ QƏDƏR»

Camal: Gəlin yenidən Navuxodonosor padşahın məsələsinə qayıdaq. Peyğəmbərliyin ilkin icrasında ağac onu təmsil edirdi. Ağac kəsilib yeddi ilə çənbərlənəndə onun hakimiyyətinə ara verilmişdi. Bu müddət ərzində o, ağlını itirmiş vəziyyətdə idi. Yeddi ildən sonra ağlı özünə qayıtdı və o, yenidən hakimiyyət başına keçdi. Peyğəmbərliyin ikinci icrası zamanı Allahın hökmranlığına ara veriləcəkdi, amma ona görə yox ki, Onun hökmranlığında bir qüsur var idi.

Şahbaz: Nə mənada?

Camal: Qədim dövrlərdə Yerusəlimdə hökmranlıq edən İsrail padşahları haqda deyilirdi ki, onlar «Rəbbin taxtında [otururdular]» *. Allahın xalqını idarə etdiklərinə görə onlar Allahı təmsil edirdilər. Yəni bu padşahların hökmranlıq etməsi, əslində, Allahın hökmranlıq etdiyini bildirirdi. Lakin sonradan bu padşahların əksəriyyəti Allahın yolundan azdı, xalqın böyük qismi də onların ardınca getdi. İsraillilərin itaətsizliyi ucbatından Allah yol verdi ki, eramızdan əvvəl 607-ci ildə babillilər onların torpaqlarını işğal etsin. O vaxtdan etibarən Yehovanı Yerusəlimdə təmsil edən heç bir padşah taxta çıxmadı. Məhz bu mənada Allahın padşahlığına ara verilmişdi. Bura kimi danışdıqlarımızın hamısı sizə aydındır?

Şahbaz: Hə, aydındır.

Camal: Deməli, eramızdan əvvəl 607-ci ildə Allahın hökmranlığına ara verildiyi yeddiillik dövr başladı. Yeddiillik dövrün sonunda Allah Onu təmsil edən yeni padşah təyin edəcəkdi, amma bu dəfə göydə. Onda «Daniel» kitabında oxuduğumuz digər peyğəmbərliklər də həyata keçəcəkdi. Amma ortaya vacib bir sual çıxır: yeddiillik dövr nə zaman sona yetməli idi? Bu suala cavab tapandan sonra Allahın Padşahlığının nə zaman idarə etməyə başladığını biləcəyik.

Şahbaz: Hə, başa düşdüm. Demək istəyirsiniz ki, yeddiillik dövr 1914-cü ildə qurtarıb?

Camal: Bəli, siz düz başa düşdünüz.

Şahbaz: Bəs bu, nədən bəllidir?

Camal: İsa yer üzündə olarkən bildirmişdi ki, yeddiillik dövr hələ bitməyib *. Bundan da görünür ki, bu, daha uzun müddəti təmsil edir. Yeddiillik dövr İsanın yer üzünə gəlməsindən yüzilliklər öncə başlamışdı və o dirilib göyə qayıdandan sonra da xeyli vaxt davam etdi. Əgər yadınızdadırsa, biz oxumuşduq ki, «Daniel» kitabında yazılan peyğəmbərliklər yalnız axır zamanda açıqlanacaqdı *. Maraqlıdır ki, 1800-cü illərin sonlarında Müqəddəs Kitabı dərindən bilmək istəyən bir qrup insan bu və digər peyğəmbərlikləri diqqətlə araşdırmağa başladı. Onlar yavaş-yavaş başa düşdülər ki, yeddiillik dövr 1914-cü ildə bitməlidir. O vaxtdan etibarən bütün dünyada baş verən hadisələr Allahın Padşahlığının 1914-cü ildə göydə idarə etməyə başladığını göstərir. Məhz o ildən bəri axır günlər başlayıb və dünya öz son günlərini yaşayır. Az şey danışmadıq. İstəyirsiniz, söhbəti burda dayandıraq?

Şahbaz: Hə, pis olmazdı. Gərək oturub bunları yenidən oxuyum ki, hər şeyi yaxşıca başa düşüm.

Camal: Narahat olmayın. Mənə də bu peyğəmbərlikləri tam başa düşənə qədər xeyli vaxt lazım oldu. Amma ümid edirəm ki, bu müzakirəmiz sayəsində siz Yehovanın Şahidlərinin Padşahlıq haqda təliminin Müqəddəs Kitaba əsaslandığına əmin oldunuz.

Şahbaz: Sözsüz. Etiqadlarınızı Müqəddəs Kitaba əsaslandırmağınız çox xoşuma gəlir.

Camal: Görürəm, siz də belə etməyə çalışırsınız. Bayaq da dediyim kimi, bir dəfəyə çox şey öyrəndik. Ola bilsin, sizin başqa suallarınız da var. Məsələn, biz yeddiillik dövrün Allahın Padşahlığına aid olduğunu və bu dövrün eramızdan əvvəl 607-ci ildə başladığını gördük. Bəs bu dövrün 1914-cü ildə bitdiyini haradan bilirik? *

Şahbaz: Hə, bu sualın cavabını bilmək pis olmazdı.

Camal: Yeddiillik dövrün nə qədər davam etdiyini də Müqəddəs Kitabdan öyrənmək olar. İstəyirsinzsə, bu mövzunu gələn görüşdə müzakirə edək? *

Şahbaz: Hə, olar.

Bəlkə, sizi Müqəddəs Kitabdan hansısa bir mövzu maraqlandırır? Yaxud da Yehovanın Şahidlərinin etiqadları və necə ibadət etdikləri barədə bilmək istəyirsiniz? Növbəti dəfə Yehovanın Şahidləri ilə rastlaşanda suallarınızı onlara verməyə çəkinməyin. Əmin olun ki, onlar böyük məmnuniyyətlə suallarınıza cavab verəcəklər.

^ abz. 5 Müqəddəs Kitab üzrə pulsuz maarifləndirmə proqramı çərçivəsində Yehovanın Şahidləri insanlarla Müqəddəs Kitab təlimlərini çox vaxt mövzubəmövzu araşdırırlar.

^ abz. 21 Yehovanın Şahidlərinin dərc etdiyi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 9-cu fəslinə baxın.

^ abz. 59 Axır günlərə dair peyğəmbərliyində İsa Məsih demişdi: «Millətlər üçün təyin olunmuş vaxt qurtarana qədər [Allahın hökmranlığını təmsil edən] Yerusəlim millətlərin tapdağı altında qalacaq» (Luka 21:24). Deməli, İsanın yaşadığı dövrdə Allah yer üzündə Öz hökmranlığını hələ bərpa etməmişdi və bu dövr axır günlərədək davam edəcəkdi.

^ abz. 63 «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 215218-ci səhifələrinə baxın.

^ abz. 65 Bu silsilədən olan növbəti məqalədə yeddiillik dövrün nə qədər davam etdiyini izah edən Müqəddəs Kitab ayələri araşdırılacaq. Məqaləni rus və ya türk dillərində oxuya bilərsiniz.