Kontentə keç

Mündəricatı göstər

Allahı Yehova olan xalq

Allahı Yehova olan xalq

«Nə bəxtiyardır Allahı Rəbb [Yehova] olan xalq!» (MƏZ. 144:15).

1. Bəziləri Allaha ibadət edənlər haqda nə düşünür?

BU GÜN çoxları etiraf edir ki, Xristian və başqa dinlərin əksəriyyətinin bəşəriyyətə elə də xeyri dəymir. Bəziləri isə razılaşır ki, bu cür dinlər öz təlimləri və əməlləri ilə Allahı yanlış qələmə verdikləri üçün heç vaxt Onun rəğbətini qazana bilməzlər. Ancaq onlar inanırlar ki, bütün dinlərdə səmimi insanlar var və Allah onları görür, ibadətlərini qəbul edir. Buna görə də hesab edirlər ki, belə insanların öz dinlərini tərk edib ayrı bir xalq kimi ibadət etmələrinə lüzum yoxdur. Bəs Allah da bu qənaətdədir? Cavabı bilmək üçün gəlin Müqəddəs Yazılardan Yehovanın xidmətçilərinin tarixinə qısa nəzər salaq.

ƏHD BAĞLANAN XALQ

2. Yehova kimləri Özünə xalq seçdi və onlar başqalarından nədə fərqlənirdi? (Məqalənin əvvəlindəki şəklə bax.)

2 Yehova hələ eramızdan əvvəl 20-ci əsrdə Özünə bir xalq seçdi. Ev əhlinin sayı yüzlərlə olan qəbilə başçısı İbrahim peyğəmbər «iman gətirənlərin atası» adlandı (Rom. 4:11; Yar. 14:14). Kənan diyarının başçıları onu «Allahın qoyduğu bir [başçı]» hesab edir və ona hörmətlə yanaşırdılar (Yar. 21:22; 23:6). Yehova İbrahim və nəsli ilə əhd bağladı. (Yar. 17:1, 2, 19) Allah İbrahimə dedi: «Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun... Bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq» (Yar. 17:10, 11). Bu göstərişə əsasən, İbrahim və evindəki bütün kişilər sünnət olundu (Yar. 17:24—27). Sünnət İbrahimin nəslinin Yehova ilə əhd bağlayan yeganə xalq olduğunun fiziki nişanı idi.

3. Necə oldu ki, İbrahimin nəsli xalqa çevrildi?

3 İbrahimin sonradan İsrail adlanan nəvəsi Yaqubun 12 oğlu var idi (Yar. 35:10, 22b—26). Bu 12 oğuldan sonralar İsrailin 12 qəbiləsi yarandı (Həv. iş. 7:8). Aclıq ucbatından Yaqub ev əhlini də götürüb Misirə, oğlu Yusifin yanına getdi. O vaxt Yusif fironun sağ əli və qida paylama işinə təyin etdiyi nəzarətçi idi (Yar. 41:39—41; 42:6). Yaqubun nəsli get-gedə artıb çoxsaylı xalq oldu (Yar. 48:4; Həvarilərin işləri 7:17 ayəsini oxu).

QURTULAN XALQ

4. Əvvəl-əvvəl misirlilərlə Yaqubun nəsli arasında münasibətlər necə idi?

4 Yaqubun nəsli Misir diyarına gələndə Yusifin hörmətini saxlayan firon onları məmnuniyyətlə qəbul etmişdi (Yar. 47:1—6). Onlar Nil çayı hövzəsinin Qoşen vilayətində iki əsrdən artıq yaşamışdı (Yar. 45:9, 10). Onlar bu müddətin təxminən yarısını misirlilərlə sülh içində yaşayıb, özlərinə yurd-yuva salıb, qoyun-keçi, mal-qara otarmaqla məşğul olmuşdular. Misirlilər çobanlardan iyrənsələr də, israillilərin varlığına qatlaşırdılar (Yar. 46:31—34).

5, 6. a) Misirdə Allahın xalqının vəziyyəti necə dəyişdi? b) Musa necə sağ qaldı və Yehova Öz xalqı üçün nə etdi?

5 Amma Allahın xalqının vəziyyəti pisləşdi. «Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. O, xalqına dedi: “Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir”». Nəticədə, misirlilər «onları sıxıntılı əsarətdə saxladılar... Ağır işlərlə — palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər» (Çıx. 1:8, 9, 13, 14).

6 Firon hətta əmr etmişdi ki, doğulan bütün ibrani oğlan uşaqları öldürülsün (Çıx. 1:15, 16). Bu əmr Musa peyğəmbərin doğulduğu vaxta təsadüf edirdi. O, üçaylıq olanda anası onu Nil çayının qamışlığında gizlətmiş, fironun qızı isə onu tapıb övladlığa götürmüşdü. Xoşbəxtlikdən, körpə Musaya öz doğma anası Yokeved baxmışdı və beləcə, o, Yehovanın yolunda böyümüşdü (Çıx. 2:1—10; İbr. 11:23—25). Yehova əzab çəkən xalqına «nəzər saldı» və qərara gəldi ki, onları Musanın əli ilə düşmənlərinin caynağından qurtarsın (Çıx. 2:24, 25; 3:9, 10). Beləcə, onlar Yehovanın qurtardığı xalq oldu (Çıx. 15:13; Qanunun təkrarı 15:15 ayəsini oxu).

MİLLƏTƏ ÇEVRİLƏN XALQ

7, 8. Yehovanın xalqı müqəddəs millətə necə çevirildi?

7 Yehova israilliləri bir millət kimi təşkil etməzdən əvvəl onları artıq Öz xalqı kimi qəbul etmişdi. Buna görə də Musa ilə Harun Allahın əmrini firona çatdıraraq demişdi: «İsrailin Allahı Rəbb belə deyir: “Xalqımı burax ki, səhrada Mənim üçün bayram keçirsinlər!”» (Çıx. 5:1).

8 Bunun ardınca Allahın göndərdiyi on bəla, eləcə də fironun və ordusunun Qırmızı dənizin sularında məhv olması israillilərin Misir köləliyindən qurtulmasına yol açdı (Çıx. 15:1—4). Bunun üstündən üç ay keçməmiş Yehova Sina dağında israillilərlə əhd bağladı və əlamətdar vəd verdi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq,.. müqəddəs millət olacaqsınız”» (Çıx. 19:5, 6).

9, 10. a) Qanunun təkrarı 4:5—8 ayələrinə əsasən, Qanun israilliləri digər xalqlardan necə ayırdı? b) İsraillilər Yehova üçün «təqdis edilmiş xalq» olduqlarını necə göstərməli idilər?

9 İbranilər hələ Misirdə azad ikən qəbilə şəklində yaşayır, qəbilə başçıları tərəfindən idarə olunurdular. Bu ailə başçıları, Yehovanın qədimdə yaşamış xidmətçiləri kimi, öz ev əhli üçün həm rəhbər, həm hakim, həm də kahin rolunu icra edirdilər (Yar. 8:20; 18:19; Əyy. 1:4, 5). Ancaq Yehova Musa vasitəsilə İsrail xalqına onları başqa millətlərdən fərqləndirəcək qanunlar toplusu verdi. (Qanunun təkrarı 4:5—8 ayələrini oxu; Məz. 147:19, 20.) Qanuna əsasən, kahinlik işi ayrıca təsis olundu, hökm çıxarmaq işi isə xalqın bilikli və hikmətli ağsaqqallarına həvalə edildi (Qanun. t. 25:7, 8). Qanun yeni yaranmış millətin dini və məişət işlərini nizama saldı.

10 İsraillilər Vəd edilmiş diyara ayaq basmazdan əvvəl Yehova verdiyi qanunları yenidən təkrarladıqdan sonra Musa xalqa dedi: «Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz... Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız» (Qanun. t. 26:18, 19).

QƏRİBLƏR DOĞMALAŞIR

11—13. a) Allahın seçilmiş xalqına kimlər qoşulmuşdu? b) Yehovaya xidmət etmək istəyən qeyri-israilli nə etməli idi?

11 Yehova Özü üçün ayrı bir xalq seçsə də, qeyri-israillilərin Onun xalqına qoşulmasını qadağan etməmişdi. O, xalqını Misirdən qurtaran zaman, misirlilər də daxil olmaqla, digər millətlərin israillilərlə «qarışıq bir izdiham» kimi çıxmasına izin vermişdi (Çıx. 12:38). Yeddinci bəladan sonra «Fironun əyanlarından» bəziləri Yehovanın hökmündən qorxaraq tərəddüd etmədən Misiri tərk edən israillilərə qoşuldular (Çıx. 9:20).

12 İsraillilər İordan çayını keçib Kənan diyarına qədəm qoymazdan bir az əvvəl Musa bildirdi ki, onlar aralarında olan «qəribi [sevməlidirlər]» (Qanun. t. 10:17—19). Allahın seçilmiş xalqı Musa tərəfindən verilən qanunlara riayət etmək istəyən qəribləri öz aralarına qəbul etdilər (Lev. 24:22). Bəzi qəriblər, sanki, moavlı Rutun israilli Naomiyə dediyi: «Xalqın xalqım olacaq, Allahın Allahım», — sözlərini deyərək Yehovanın xidmətçisi oldular (Rut 1:16). Bu qəriblər prozelit oldular və bütün kişiləri sünnət edildi (Çıx. 12:48, 49). Yehova da onları seçilmiş xalqının sırasına daxil etdi (Say. 15:14, 15).

İsraillilər qəriblərə doğmaları kimi yanaşırdılar (11—13-cü abzaslara bax)

13 Süleyman tikdiyi məbədin Yehovaya həsr olunması zamanı dua edərkən qeyri-israilliləri də unutmamışdı: «Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə, o vaxt Sən göydən — Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin» (2 Saln. 6:32, 33). İsanın günlərində də Yehovaya ibadət etmək istəyən kəs Onun əhd bağladığı xalqına qoşula bilərdi (Yəh. 12:20; Həv. iş. 8:27).

ŞAHİDLƏR MİLLƏTİ

14—16. a) İsraillilər hansı mənada Yehova üçün şahidlər milləti idi? b) Yehova müasir xalqından nə gözləyir?

14 Digər millətlər öz allahlarına ibadət etdiyi bir vaxtda İsrail xalqı Öz Allahına, Yehovaya ibadət edirdi. Yeşaya peyğəmbərin dövründə Yehova dünyanın vəziyyətini məhkəmə ilə müqayisə etmişdi. O, həmin millətlərin allahlarına bəyan etmişdi: «Bütün millətlər bir yerə yığılsın, ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan edər? Olub-keçənləri bizə bildirər? Qoy onların şahidləri irəli gəlib bəraət qazansın, dinləyib desin: “Bu düzdür”» (Yeşaya 43:9). Bu sözlərlə Yehova bu allahların özlərinin ilahiliyini təsdiq etmək üçün şahidlər toplaya biləcəklərini sual altına almışdı.

15 Bu millətlərin allahları özlərinin ilahiliyini nə iləsə sübut etməkdə aciz idilər. Çünki onlar ora-bura daşınmağa ehtiyac duyan dilsiz bütlər idilər (Yeşaya 46:5—7). Digər tərəfdən isə, Yehova xalqı İsrailə demişdi: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur... Sizsiniz şahidlərim... Allah Mənəm» (Yeşaya 43:10—12).

16 Yehovanın seçilmiş xalqı dünyada ən vacib şeyi, yalnız Yehovanın Haqq-Taala Allah olduğunu aləmə car çəkməli idi. Allah Öz xalqı barədə belə deyir: «Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin» (Yeşaya 43:21). Bəli, Yehova Öz adını bu xalqa vermişdi! Buna görə də Yehova onları Misir köləliyindən qurtardıqdan sonra onlardan ali hakimiyyətini digər xalqlar qarşısında ucaltmalarını gözləyirdi. Onların tutmalı olduqları mövqe haqda Mikeya peyğəmbərin dedikləri Allahın müasir xidmətçilərinə də aiddir: «Bütün xalqlar, öz allahlarının adı ilə getsələr belə, biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik» (Mik. 4:5).

DÖNÜK XALQ

17. İsraillilər Yehovanın gözündə qollu-budaqlı yad meynəyə necə çevrildilər?

17 Təəssüflər olsun ki, israillilər Allahları Yehovaya xəyanət etdilər. Onlar ağacdan və daşdan oyulmuş bütlərə ibadət edən xalqlara uydular. Eramızdan əvvəl səkkizinci əsrdə Huşə peyğəmbər yazmışdı: «İsrail bir qollu-budaqlı meynədir... Qurbangahları da artırdı... Onların ürəkləri yalanla doldu, günahlarına görə də cəzalanacaqlar» (Huşə 10:1, 2). Bundan təxminən yüz əlli il sonra Yeremya peyğəmbər Yehovanın sözlərini xəyanətkar xalqa bildirmişdi: «Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? Bəs özün üçün düzəltdiyin bütlərin haradadır? Başına bəla gəldiyi vaxt səni qurtara bilərlərsə, gəlsinlər... Xalqım uzun müddət Məni unutdu» (Yer. 2:21, 28, 32).

18, 19. a) Yehova Öz adı ilə yeni xalq təşkil edəcəyini qabaqcadan necə demişdi? b) Növbəti məqalədə hansı sualların cavabını biləcəyik?

18 İsraillilər Yehovanın şahidləri kimi həqiqi ibadətdən möhkəm yapışıb gözəl bəhrə vermək əvəzinə, bütpərəstliyin çürümüş bəhrəsini verdilər. Elə buna görə də İsa dövrünün ikiüzlü din rəhbərlərinə demişdi: «Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək» (Mat. 21:43). Yehovanın Yeremya peyğəmbərin dili ilə dediyi kimi, yalnız «yeni əhd»ə daxil olanlar yeni millətə, ruhani İsrailə aid olacaqlar. Yeni əhdə daxil olacaq ruhani israillilər barədə Yehova qabaqcadan bildirmişdi: «Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» (Yer. 31:31—33).

19 Qədim İsrail xalqı dönük çıxdıqdan sonra, yuxarıda deyildiyi kimi, Yehova birinci əsrdə ruhani İsraili Özünə xalq seçdi. Bəs bu gün yer üzündə Onun xalqı kimdir? Allahı axtaran insanlar Onun həqiqi ibadətçilərini necə müəyyənləşdirə bilərlər? Bu sualların cavabını növbəti məqalədə biləcəyik.