Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Yığıncaq görüşündə məsihçi valideynin yığıncaqdan kənar edilmiş uşağı ilə birgə oturması düzgündürmü?

Yığıncaqdan kənar edilmiş adamın Padşahlıq zalında harada oturması ilə bağlı həddən artıq narahat olmağa səbəb yoxdur. Bu jurnal valideynlərə yığıncaqdan kənar edilmiş və onlarla birgə yaşayan övladlarına ruhani kömək etmələri üçün çoxlu təşviqedici məsləhətlər verir. «Gözətçi qülləsi»nin 1989-cu il 15 sentyabr sayının 16, 17-ci səhifələrində (rus.) deyilir ki, valideynlər yığıncaqdan kənar edilmiş və onlarla birgə yaşayan həddi-büluğa çatmamış uşaqlarına Müqəddəs Kitabı öyrədə bilərlər. Ümid var ki, düz yola qayıtması üçün uşaq ona verilən lazımi dəstəyi qəbul edəcək.

Padşahlıq zalında harada oturmaq məsələsinə gəldikdə isə, məntiqlidir ki, yığıncaqdan kənar edilmiş azyaşlı sakitcə öz valideynlərinin yanında otura bilər. Yığıncaqdan kənar edilmiş insanın zalın axırında oturması şərt olmadığı kimi, kənar edilmiş uşağın öz valideynlərinin yanında oturması da problem edilməməlidir. Əlbəttə, uşağının ruhaniliyinin qeydinə qalan valideyn onun görüşlərə diqqətlə qulaq asdığına əmin olmaq istəyir. Bu halda, yaxşı olar ki, uşaq harada gəldi yox, öz valideynlərinin yanında otursun.

Bəs əgər yığıncaqdan kənar edilmiş övlad artıq valideynləri ilə qalmırsa, onda necə? Bu o deməkdirmi ki, o, valideynlərinin yanında əyləşə bilməz? Əvvəllər, «Gözətçi qülləsi» jurnalında məsihçinin onunla bir evdə yaşamayan və yığıncaqdan kənar edilmiş qohumla ünsiyyət qurmaq məsələsində necə davranmalı olduğuna dair aydın göstərişlər verilib *. Lakin yığıncaqdan kənar edilən kəsin görüş zamanı qohumlarının yanında sakitcə əyləşməsi ilə onların lüzumsuz yerə onunla ünsiyyətə girməyə çalışması arasında böyük fərq var. Ailədəki məsihçilər yığıncaqdan kənar edilmiş qohumlarına düzgün münasibət bəsləyirlərsə və Müqəddəs Yazılarda belə insanla ünsiyyətə dair verilən məsləhətlərə hörmətlə yanaşırlarsa, narahatçılığa səbəb yoxdur (1 Kor. 5:11, 13; 2 Yəh. 11).

Yığıncaqdan kənar edilmiş adam özünü düzgün apardığı təqdirdə, onun qohumlarının və ya yığıncağın digər üzvlərinin yanında oturduğuna görə narahat olmağa dəyməz. İnsanın harada oturmasına məhdudiyyətlər qoymaq, vəziyyətdən asılı olaraq, müxtəlif problemlərə gətirib çıxara bilər. Əgər, məsihçi qohumlar da daxil olmaqla, yığıncaqda iştirak edənlərin hamısı Müqəddəs Kitabda yığıncaqdan kənar edilmiş adamlarla bağlı verilən prinsiplərə riayət edirlərsə və bu, həmimanlıların büdrəməsinə səbəb olmursa, onda onların yığıncaqda harada əyləşdiklərinə görə narahat olmağa ehtiyac yoxdur.

^ abz. 5 «Gözətçi qülləsi»nin 1982-ci il 1 mart sayının 19—21-ci səhifələrinə (rus.) və «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 207—209-cu səhifələrinə baxın.