Kontentə keç

Mündəricatı göstər

Ağsaqqallar, yorğunları təravətləndirəcəksinizmi?

Ağsaqqallar, yorğunları təravətləndirəcəksinizmi?

Anjela * otuz yaşlarında subay bir bacıdır. O, ağsaqqalları gözləyir və bir az narahatdır. Görəsən, ağsaqqallar ona nə deyəcəklər? Düzdür, o, bir neçə yığıncaq görüşündə olmayıb, amma bütün günü yaşlı insanlarla işlədikdən sonra evə taqətdən düşmüş vəziyyətdə qayıdır. Üstəlik, o, gündəlik problemlərdən savayı, anasının sağlamlığına görə də çox narahat olur.

Əgər sən Anjelaya baş çəkən ağsaqqallardan biri olsaydın, bu yorğun bacını necə ruhlandırardın? (Yer. 31:25). Əvvəlcə gəl görək onu ruhlandırmaq üçün necə hazırlaşmaq olar?

HƏMİMANLILARININ VƏZİYYƏTİ BARƏDƏ DÜŞÜN

Bəzən hər birimiz işimiz və ya teokratik məsuliyyətlərimiz ucbatından yoruluruq. Məsələn, Daniel peyğəmbər aldığı görüntünü anlamadığı üçün taqətdən düşmüşdü (Dan. 8:27). Sonralar Cəbrayıl mələk yanına gəlib ona kömək etmişdi. Allahın elçisi Danielə hər şeyi başa salmış, həmçinin əmin etmişdi ki, Allah onun dualarını eşidir və onu çox sevir (Dan. 9:21—23). Daha sonra isə başqa bir mələk xoş sözlərlə taqətdən düşmüş bu peyğəmbərə güc-qüvvət vermişdi (Dan. 10:19).

Həmimanlına baş çəkməzdən əvvəl, onun vəziyyəti barədə düşün

Eynilə, yorulmuş və ya taqətdən düşmüş həmimanlına baş çəkməzdən əvvəl, onun vəziyyəti barədə düşünməyə vaxt ayır. Onun hansı problemləri var? Bu problemlər onu necə əldən sala bilər? O, hansı yaxşı keyfiyyətləri təzahür etdirir? 20 ildən çoxdur ki, ağsaqqal kimi xidmət edən Riçard qeyd edir: «Mən diqqətimi həmimanlılarımın güclü cəhətlərinə cəmləyirəm. Baş çəkməzdən öncə, onların vəziyyəti barədə düşünməyin sayəsində onları ruhlandırmaq mənim üçün asan olur». Əgər başqa bir ağsaqqalla əməkdaşlıq edəcəksənsə, onda niyə də həmin bacı və ya qardaşın vəziyyətini birgə götür-qoy etməyəsiniz?

QOY HƏMİMANLIN ÖZÜNÜ SƏNİN YANINDA RAHAT HİSS ETSİN

Yəqin, razılaşacaqsan ki, adətən, insan kiminləsə öz hisslərini bölüşəndə sıxılır. Tutalım, qardaş ona baş çəkən ağsaqqala ürəyindəkiləri açıb deməyə çəkinir. Sən onun özünü rahat hiss etməsi üçün nə edə bilərsən? Sənin səmimi təbəssümün və bir neçə ruhlandırıcı sözün ona yaxşı təsir edə bilər. 40 ildən artıqdır ki, ağsaqqal kimi xidmət edən Maykl çox vaxt başçəkmə zamanı söhbətə belə başlayır: «Yəqin, bilirsən ki, ağsaqqalların ən gözəl məsuliyyətlərindən biri həmimanlılarına evlərində baş çəkmək və onları daha yaxından tanımaqdır. Buna görə də mən bugünkü görüşümüzü səbirsizliklə gözləyirdim».

Söhbətin əvvəlində səmimi-qəlbdən dua edə bilərsən. Həvari Pavel dualarında həmimanlılarının imanı, məhəbbəti və dözümü barədə xatırladırdı (1 Salon. 1:2, 3). Duada həmimanlının yaxşı xüsusiyyətləri barədə nə düşündüyünü deməklə həm onda, həm də özündə faydalı söhbətə müsbət əhval-ruhiyyə yarada bilərsən. Nəticədə, söhbətiniz ruhlandırıcı alınacaq. Təcrübəli ağsaqqal olan Ray qeyd edir: «Bəzən biz etdiyimiz yaxşı işləri tamamilə unuduruq. Amma başqaları onları yadımıza salanda bu, bizi təravətləndirir».

RUHANİ ƏNAM BƏXŞ ET

Müqəddəs Kitabdan, ən azı, bir ayə oxumaqla, Pavel kimi, sən də həmimanlına «ruhani ənam» bəxş edə bilərsən (Rom. 1:11). Misal üçün, depressiyada olan qardaş özünü dəyərsiz hiss edə bilər, necə ki, məzmurçu özünü «tüstü içindəki [«qurumuş», Yeni Dünya tərcüməsi] tuluq»la müqayisə etmişdi (Məz. 119:83, 176). Bu ifadəyə qısaca izahat verdikdən və Müqəddəs Kitabın yazıldığı dövrlərdə bunun nə demək olduğunu başa saldıqdan sonra qardaşını əmin edə bilərsən ki, sən onun Allahın əmrlərini unutmadığına inanırsan.

Eynilə, itmiş gümüş pul nümunəsi yığıncaqdan uzaqlaşmış və ya ruhdan düşmüş bacının ürəyinə təsir edə bilərmi? (Luka 15:8—10). İtmiş pul çoxlu gümüş pullardan hazırlanmış dəyərli boyunbağının bir hissəsi ola bilərdi. Bu nümunəni müzakirə etməklə sən ona məsihçi yığıncağının dəyərli üzvü olduğunu başa düşməyə kömək edəcəksən. Sonra isə Yehovanın, Öz körpə quzularından biri kimi, onun qayğısına necə qaldığını vurğulaya bilərsən.

Adətən, həmimanlılarımız Müqəddəs Kitab ayələri ilə bağlı fikirlərini bölüşməyi xoşlayırlar. Buna görə də çalış, təkcə özün danışmayasan. Onun vəziyyətinə uyğun ayəni oxu, əsas sözü və ya ifadəni vurğula, sonra buna dair fikrini bölüşməsini xahiş et. Məsələn, 2 Korinflilərə 4:16 ayəsini oxuduqdan sonra ağsaqqal soruşa bilər: «Yehovanın səni necə yeniləşdirdiyini yadına sala bilərsən?» Ünsiyyət zamanı bu cür suallardan istifadə etmək hər ikinizi ruhlandıracaq (Rom. 1:12).

Adətən, həmimanlılarımız Müqəddəs Kitab ayələri ilə bağlı fikirlərini bölüşməyi xoşlayırlar

Həmçinin Müqəddəs Kitabdan onunla oxşar vəziyyətdə olan personaj barədə müzakirə etməklə də onu ruhlandıra bilərsən. Özünü məyus hiss edən adama bəzən ruhdan düşən, ancaq Allahın gözündə öz dəyərlərini itirməyən Xannanın və ya Epafroditin nümunəsini çəkmək olar (1 Şam. 1:9—11, 20; Filip. 2:25—30). Şərait yol verirsə, Müqəddəs Kitabdan digər yaxşı nümunələri də müzakirə edə bilərsən.

MARAQ GÖSTƏRMƏYƏ DAVAM ET

Başçəkmədən sonra da bacı və ya qardaşla maraqlanmağa davam et (Həv. iş. 15:36). Misal üçün, başçəkmənin sonunda onunla xidmətə yazıla bilərsən. Təcrübəli ağsaqqal Bernard təzəlikcə baş çəkdiyi həmimanlısı ilə yenidən görüşəndə keçən dəfə verdiyi məsləhət barədə fikrini öyrənmək üçün ehtiyatla soruşur: «De görüm, həmin işin axırı necə oldu?» Bu cür səmimi maraq göstərməklə daha necə köməklik göstərə biləcəyini müəyyən edə biləcəksən.

Ən əsası, bacı-qardaşlarımızın qayğıya, anlayışa və məhəbbətə ehtiyacları var (1 Salon. 5:11). Buna görə də onlara baş çəkməzdən əvvəl həmimanlının vəziyyəti barədə düşünməyə vaxt ayır. Bununla bağlı dua et. Münasib ayələr seç. Beləcə, sən «yorğun adama» təravət vermək üçün düzgün sözlər tapacaqsan!

^ abz. 2 Adlar dəyişdirilib.