Cəsarətli ol, Allahın Yehova səninlədir!
«Cəsarətli və möhkəm ol... Allahın Yehova... səninlədir» (YEŞUA 1:9, YENİ DÜNYA TƏRCÜMƏSİ).
1, 2. a) Hansı xüsusiyyətlər bizə çətinliklərə sinə gərməyə kömək edəcək? b) İman nədir? Nümunə çək.
YEHOVAYA xidmət etmək bizə böyük sevinc bəxş edir. Lakin hamı kimi biz də çətinliklərlə üzləşir və «salehlik uğrunda» əzab çəkirik (1 Pet. 3:14; 5:8, 9; 1 Kor. 10:13). Bu çətinliklərə müvəffəqiyyətlə sinə gərmək üçün bizə iman və cəsarət gərəkdir.
2 İman nədir? Həvari Pavel yazmışdı: «İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə olan əminlik, gözlə görünməyən şeylərin əslində mövcud olduğunun sübutudur» (İbr. 11:1). «Əminlik» kimi tərcümə olunan yunan ifadəsi keçmişdə tez-tez istifadə olunurdu. Bu ifadəyə əsasən işgüzar sənədlərdə rast gəlinir və gələcəkdə əldə olunacaq şeyə zəmanət verildiyini göstərirdi. Eynilə, əgər insan Allahın vədlərinə inanırsa, onların mütləq həyata keçəcəyinə zəmanət alır. İmanımız bizi ümid etdiyimiz Müqəddəs Kitabdakı vədlərin yerinə yetəcəyini görəcəyimizə, həmçinin gözlə görə bilmədiyiniz ruhani həqiqətlərin doğruluğuna əmin edir.
3, 4. a) Cəsarət nədir? b) İmanımızı və cəsarətimizi möhkəmləndirməyin üsullarından biri hansıdır?
3 Cəsarət sözü «maneələr və təhlükələrlə üzləşərkən qorxmadan danışmağa və davranmağa təşviq edən ruhani, emosional və mənəvi qüvvə» kimi müəyyən edilir («The New Interpreter’s Dictionary of the Bible»). Cəsarətli olmaq möhkəm və mərd olmaq, hətta inandığımız şeylərə görə əziyyət çəkməyə hazır olmaq deməkdir (Mark 6:49, 50; 2 Tim. 1:7).
4 İman və cəsarət hamının arzuladığı xüsusiyyətdir. Ancaq özümüzü elə hiss edə bilərik ki, bizə daha çox iman və cəsarət lazımdır. Müqəddəs Kitabda bu xüsusiyyətləri təzahür etdirən minlərlə insanın nümunəsi qələmə alınıb. İmanımızı və cəsarətimizi möhkəmləndirməyin üsullarından biri bu nümunələrdən bəzilərini araşdırmaqdır.
YEHOVA YEŞUA İLƏ İDİ
5. Məqsədinə çatmaq üçün Yeşuanın nəyə ehtiyacı var idi?
5 Gəlin bir anlıq özümüzü təxminən 3500 il bundan əvvəl baş vermiş hadisələrin içərisində təsəvvür edək. Milyonlarla israillinin Yehovanın möhtəşəm gücü sayəsində Misir əsarətindən azad olmalarından qırx il ötüb. Onlara Allahın peyğəmbəri Musa rəhbərlik edir. İndi o, 120 yaşındadır, uzaqdan Vəd edilmiş diyarı seyr edir və elə orada, Nevo dağının başında ölür. Onun xələfi «hikmət ruhu ilə» dolan Yeşua olur (Qanun. t. 34:1—9). İsraillilər Kənan diyarını mülk olaraq almaq üzrədirlər. Yaxşı rəhbər olması üçün Yeşuaya Allahdan verdiyi müdrikliyə, iman və cəsarətə ehtiyacı vardı (Qanun. t. 31:22, 23).
6. a) Yeşua 23:6 ayəsinə əsasən, biz nədə cəsarətli olmalıyıq? b) Həvarilərin işləri 4:18—20; 5:29 ayələrindən nə öyrənirik?
6 Kənan diyarını ələ keçirmək üçün döyüşdükləri uzun illər ərzində Yeşuanın göstərdiyi müdriklik, cəsarət və iman, çox ehtimal ki, israilliləri möhkəmləndirirdi. Cəsarət onlara təkcə döyüşdə yox, Allaha itaət etmələri üçün də lazım idi. Yeşua ölüm qabağı belə nəsihət etmişdi: «Musanın Qanun kitabında yazılan hər şeyi saxlayıb yerinə yetirmək üçün çox diqqətli olun ki, ondan nə sağa, nə də sola dönəsiniz» (Yeşua 23:6). Yehovaya hər zaman itaət etmək üçün bizdən də cəsarət göstərmək tələb olunur. Bu xüsusiyyət, xüsusilə də, insanlar bizi Allahın iradəsinə zidd hərəkətlərə sövq edəndə lazım olur. (Həvarilərin işləri 4:18—20; 5:29 ayələrini oxu.) Əgər dua edərək Yehovaya güvənsək, cəsarətli olmaqda O, bizə kömək edəcək.
YOLUMUZU NECƏ UĞURLU EDƏ BİLƏRİK?
7. Cəsarətli olmaq və uğur qazanmaq üçün Yeşua nə etməli idi?
7 Allahın iradəsini cəsarətlə yerinə yetirmək üçün biz Onun Kəlamını oxumalı və öyrəndiklərimizə əməl etməliyik. Musanın xələfi olduqdan sonra Yehova Yeşuaya nə etməli olduğunu dedi: «Qulum Musanın sənə tapşırdığı qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol... Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan» (Yeşua 1:7, 8). Yeşua bu məsləhətə əməl etdi və onun yolu uğurlu oldu. Əgər biz də belə davransaq, Allaha xidmətdə cəsarətli olacağıq və uğur əldə edəcəyik.
2013-cü ilin illik ayəsi: «Cəsarətli və möhkəm ol... Allahın Yehova... səninlədir» (Yeşua 1:9, Yeni Dünya tərcüməsi)
8. Bu ilin illik ayəsi hansıdır və nəyə görə bu sözlərin sənə kömək edəcəyini düşünürsən?
8 Şübhə yoxdur ki, Yehovanın növbəti sözləri Yeşuanı möhkəmləndirdi: «Cəsarətli və möhkəm ol. Qorxma, təşvişə düşmə, çünki Allahın Yehova hər yerdə səninlədir» (Yeşua 1:9, Yeni Dünya tərcüməsi). Bəli, Yehovanın bizə də bu cür dəstək olacağına əmin ola bilərik. Buna görə də qarşılaşdığımız çətinliklərə baxmayaraq, qorxuya və təşvişə düşməməliyik. «Cəsarətli və möhkəm ol... Allahın Yehova... səninlədir», — sözləri bizim üçün xüsusi maraq kəsb edir. Çünki Yeşua 1:9 ayəsindəki bu sözlər 2013-cü ilin illik ayəsi seçilib. Allahın Yeşuaya dediyi bu sözlər, eləcə də digər insanların dildə və əməldə təzahür etdirdikləri iman və cəsarət nümunələri il ərzində bizi möhkəmləndirəcək.
ONLAR CƏSARƏTLƏ ALLAHIN İRADƏSİNİ YERİNƏ YETİRMƏYİ SEÇDİLƏR
9. Rahab imanını və cəsarətini necə təzahür etdirdi?
9 Fahişə Rahab Yeşuanın Kənan diyarına göndərdiyi iki kəşfiyyatçını gizlətdi və onların düşmənlərini azdırmaq üçün səhv istiqamətə yönəltdi. İsraillilər Yerixo şəhərini yerlə-yeksan edəndə Rahab imanı və cəsarəti sayəsində özünü və ailə üzvlərini xilas etdi (İbr. 11:30, 31; Yaq. 2:25). Əlbəttə, Yehovanı razı salmaq üçün Rahab əxlaqsız həyat tərzindən əl çəkdi. Eynilə, bəzi məsihçilər də malik olduqları iman, cəsarət və mənəvi güc sayəsində həyatlarında Allaha məqbul dəyişiklik etmişlər.
10. Rut həqiqi ibadətin tərəfini tutduğunu necə göstərdi və bu, ona hansı xeyir-duaları gətirdi?
10 Yeşuanın ölümündən sonra Moavlı Rut cəsarətlə həqiqi ibadətin tərəfini tutdu. Çox güman ki, onun Yehova haqqında müəyyən biliyi vardı, çünki onun əri israilli olmuşdu. Onun Moav diyarında yaşayan dul qayınanası Naomi İsrailin Betlehem şəhərinə qayıtmaq qərarına gələndə Rut da onunla getmək istədi. Naomi yolda gəlinini xalqının arasına qayıtması üçün dilə tutmağa çalışdı, Rut isə cavab verdi: «Məcbur etmə ki, səni tərk edib Səninlə getməyim... Xalqın xalqım olacaq, Allahın Allahım» (Rut 1:16). Bir müddətdən sonra Naominin yaxın qohumu Boaz Rutla evləndi və onların oğlu dünyaya gəldi. Nəticədə, Rut Davud padşahın və İsa Məsihin ulu nənəsi oldu. Bəli, Yehova onun imanını və cəsarətini xeyir-dualandırdı (Rut 2:12; 4:17—22; Mat. 1:1—6).
HƏYATLARI ÜÇÜN ÇOXLU TƏHLÜKƏ!
11. Yehoyada və Yehoşeva necə cəsarət təzahür etdirdilər və bunun nəticəsi nə oldu?
11 Yehovanın və həmimanlılarının mənafeyini özünkündən üstün tutan insanlara Allahın dayaq olduğunu görmək imanımızı və cəsarətimizi daha da möhkəmləndirir. Misal üçün, baş kahin Yehoyada ilə arvadı Yehoşevanın nümunəsinə nəzər salaq. Axazya padşahın ölümündən sonra anası Atalya, Yoaşdan başqa, padşah nəslindən olan hər kəsi məhv etdi və taxtı ələ keçirdi. Yehoyada və Yehoşeva həyatlarını təhlükəyə ataraq Axazın oğlu Yoaşı xilas etdilər və düz altı il gizlətdilər. Yeddinci ilə keçəndə Yehoyada Yoaşı padşah elan etdi və Ataliyanı öldürdü (2 Pad. 11:1—16). Sonra isə məbədin bərpa edilməsində padşah Yoaşa kömək etdi. Yehoyada 130 yaşında öləndə padşahların yanında basdırıldı, «çünki İsrail üçün və Allahla məbədi üçün yaxşılıq etmişdi» (2 Saln. 24:15, 16). Üstəlik, padşah nəslinin Davuddan Məsihə qədər gəlib çatması da məhz Yehoyada və arvadının bu cəsarətli hərəkəti sayəsində mümkün oldu.
12. Eved-Melek cəsarətli olduğunu necə göstərdi?
12 Sidqiya padşahın saray hərəmağası Eved-Melek Yeremya peyğəmbər üçün həyatını riskə atdı. Yəhuda başçıları yalandan Yeremyanı iğtişaş törətməkdə ittiham edirdilər. Padşah Yeremyanı onların əlinə verdi ki, nə istəyirlər etsinlər. Başçılar da ölməsi üçün onu çirkabla dolu quyuya atdılar (Yer. 38:4—6). Hamının Yeremyaya nifrət etməsinə baxmayaraq, Eved-Melek özünü təhlükəyə atıb onu qurtarmaq üçün Sidqiyaya müraciət etdi. Sidqiya ona kömək etməyə razı oldu və Yeremyanı quyudan çıxartmaq üçün Eved-Melekə 30 nəfər adam verdi. Yeremya peyğəmbər vasitəsilə Allah Eved-Meleki əmin etdi ki, babillilər Yerusəlimi ələ keçirən zaman onu xilas edəcək (Yer. 39:15—18). Allah Onun iradəsini yerinə yetirmək üçün cəsarət göstərən insanları mükafatlandırır.
13. Üç ibrani gənc cəsarətli olduğunu necə göstərdi və biz onların nümunəsindən nə öyrənə bilərik?
Dan. 3:16—18). Bu ibrani gənclərin necə xilas olduğu Daniel 3:19—30 ayələrində aydın təsvir olunub. Bu gün bizi odlu sobada ölüm təhlükəsi gözləməsə də, bəzən nöqsansızlığımız sınağa çəkilir və biz əmin ola bilərik ki, Allah bizim də göstərdiyimiz iman və cəsarəti xeyir-dualandıracaq.
13 Bizim eradan əvvəl yeddinci əsrdə Yehovaya xidmət edən üç ibrani gəncin nümunəsi aydın şəkildə göstərdi ki, Allah iman və cəsarəti mükafatlandırır. Padşah Navuxodonosor Babilin yüksək vəzifəli məmurlarını bir araya yığıb düzəltdiyi böyük qızıl heykələ səcdə etmələrini tələb etdi. Belə etməyən insan odla qızdırılmış sobanın içinə atılacaqdı. Üç ibrani gənc hörmətlə Navuxodonosora dedi: «Qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq. Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik» (14. Daniel necə cəsarət təzahür etdirdi və bu nə ilə nəticələndi?
14 Danielin düşmənləri Daranı Danielin zərərinə olan bir qərar çıxarmağa inandırdılar. Onlar padşaha dedilər: «Otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua etsə, şirlər olan quyuya atılsın». Daniel belə çətin vəziyyətdə də öz imanını və cəsarətini qorudu. Belə bir fərmanın imzalandığını eşidəndə o, «öz evinə qayıtdı. Onun yuxarı otağının Yerusəlimə tərəf olan pəncərələri açıq idi. Daniel əvvəllər etdiyi kimi gündə üç dəfə diz çöküb öz Allahına dua etdi və Onun önündə şükür etdi» (Dan. 6:6—10). Nəticədə, Danieli şirlər olan quyuya atdılar, amma Yehova onu qorudu (Dan. 6:16—23).
15. a) Akila və Priskilla hansı gözəl cəsarət və iman nümunəsi qoymuşlar? b) İsanın Yəhya 13:34 ayəsindəki sözləri hansı mənanı daşıyır və bir çox məsihçilər bu cür məhəbbəti necə təzahür etdirirlər?
15 Müqəddəs Kitabda deyilir ki, Akila və Priskilla Pavelə görə canlarını təhlükəyə atmışdılar (Həv. iş. 18:2; Rom. 16:3, 4). Onlar cəsarət göstərərək İsanın sözlərinə uyğun davranmışdılar: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin» (Yəh. 13:34). Musanın qanunu hər bir kəsdən qonşusunu özü kimi sevməyi tələb edirdi (Lev. 19:18). Bəs nə üçün demək olar ki, İsanın əmri «yeni» idi? Çünki bu əmr, İsa kimi, hər birimizdən həyatımızı başqaları uğrunda qurban verməyə hazır olmağı tələb edir. Bir çox məsihçilər həmimanlılarını təhlükə və ölümdən qurtarmaq üçün cəsarətlə canlarını təhlükəyə ataraq məhəbbət təzahür etdirirlər. (1 Yəhya 3:16 ayəsini oxu.)
16, 17. Məsihin erkən və müasir davamçıları imanlarını sınağa çəkən hansı sınaqlarla üzləşmişlər?
16 İsa kimi, erkən məsihçilər də cəsarət göstərərək yalnız Yehovaya ibadət edirdilər (Mat. 4:8—10). Onlar Roma imperatorunun şərəfinə buxur yandırmaqdan imtina edirdilər. (Şəklə baxın.) Deniel Manniks yazmışdı: «Çox az məsihçi öz əqidəsindən imtina edirdi, hərçənd onlara asan olsun deyə, arenada içərisində od olan qurbangah saxlayırdılar. Məhbusdan sadəcə bir çimdik buxur götürüb yanan odun üstünə atmaq tələb olunurdu, bundan sonra ona qurban şəhadətnaməsi verilir və o, azad edilirdi. Eyni zamanda, ona dəqiqliklə başa salınırdı ki, bununla o, imperatora səcdə etmir, sadəcə Roma dövlətinin başçısı kimi imperatorun ilahi mövqeyini qəbul etmiş olur. Bütün bunlara baxmayaraq, demək olar ki, heç bir məsihçi azad olmaq üçün bu imkandan istifadə etmirdi» («Those About to Die»).
17 Müasir dövrdə məsihçilər nasist düşərgələrində ölümlə üz-üzə durarkən onlara dəfələrlə imkan verilirdi ki, azadlığa buraxılmaq üçün Yehovanı inkar etdiklərini göstərən ərizə imzalasınlar. Ancaq sənədi imzalayanlar sadəcə bir neçə nəfər oldu. Ruandada olan soyqırım vaxtı tutsi və huti xalqından olan Şahidlər bir-birlərini müdafiə edirdilər. Belə sınaqlar zamanı Allahın xalqına iman və cəsarət lazımdır.
UNUTMA, YEHOVA BİZİMLƏDİR!
18, 19. İman və cəsarətlə bağlı hansı Müqəddəs Kitab nümunələri bizə təbliğ işini davam etdirməyə kömək edəcək?
18 Bu gün bizə Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək və şagird hazırlamaq kimi gözəl imkana malikik. Bu, Allahın yer üzündəki xidmətçilərinə həvalə etdiyi ən möhtəşəm işdir (Mat. 24:14; 28:19, 20). Əvəzolunmaz nümunəsinə görə biz İsaya necə də minnətdarıq! O, «şəhərbəşəhər, kəndbəkənd gəzib Allahın padşahlığı haqqında xoş xəbəri təbliğ edirdi» (Luka 8:1). Onun kimi, biz də Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək üçün iman və cəsarətə ehtiyac duyuruq. Allahın köməyi sayəsində biz də «allahsızlarla dolu qədim [dünyada]» qorxmadan ümumdünya daşqının olacağı barədə təbliğ edən «salehlik təbliğçisi» Nuh kimi ola bilərik (2 Pet. 2:4, 5).
19 Dua bizə təbliğ işini davam etdirməyə kömək edəcək. İsanın bəzi davamçıları təqiblərlə üzləşərkən Allahın sözünü cəsarətlə danışmaq üçün dua edəndə onların bu xahişi eşidilirdi. (Həvarilərin işləri 4:29—31 ayələrini oxu.) Əgər evdən-evə təbliğ etməyə qorxursansa, Yehova iman və cəsarət üçün etdiyin duaları eşidəcək. (Məzmur 66:19, 20 ayələrini oxu.) *
20. Yehovanın xidmətçiləri kimi bizim hansı köməyimiz var?
20 Şeytanın dünyasında yaşaya-yaşaya Allahın iradəsini yerinə yetirmək elə də asan deyil. Lakin biz tək deyilik. Yehova və yığıncağın başı olan İsa Məsih bizimlədir. Üstəlik, bütün dünyada 7 000 000-dan çox həmimanlımız var. Gəlin hamımız imanımızı qoruyaq və xoş xəbəri bəyan edərkən 2013-cü ilin illik ayəsini yadımızda saxlayaq: «Cəsarətli və möhkəm ol... Allahın Yehova... səninlədir» (Yeşua 1:9, Yeni Dünya tərcüməsi).
^ abz. 19 Cəsarətlə bağlı daha çox məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 fevral sayının «Cəsarətli və çox möhkəm ol» adlı məqaləsinə bax.