Kontentə keç

Mündəricatı göstər

Müalicə sadəcə simptomları yox, xəstəliyin səbəblərini aradan qaldırmalıdır

ÇƏTİNLİK

Problemin kökünü tapmaq

Problemin kökünü tapmaq

Necə düşünürsünüz, insanlar bəşəriyyətin sülh və təhlükəsizliyini, eləcə də gələcəyini təhlükə altına alan problemləri həll etmək iqtidarındadır? Bunu bacarmaq üçün sadəcə simptomları yox, problemlərimizin kökünü aradan qaldırmaq lazımdır.

Misal üçün, Tom adlı bir pasiyentin ölüm səbəbi barədə ölümündən əvvəl gətirildiyi xəstəxanada işləyən həkim belə yazmışdı: «Onda ilk simptomlar müşahidə olunanda heç kim xəstəliyin əsas səbəbini axtarıb-araşdırmamışdı». Görünür, Tomu müalicə edən əvvəlki həkimlər ona, sadəcə vəziyyətini yüngülləşdirmək üçün müalicə yazmışdı.

İnsanlar da dünyadakı problemlərə eyni cür yanaşırlar. Məsələn, hökumətlər cinayətlə mübarizədə qanunlar qəbul edir, video müşahidələr aparır və polis nəzarətini gücləndirir. Lakin bu tədbirlər müəyyən dərəcədə effektiv olsa da, vəziyyətin kökündə duran səbəbləri aradan qaldırmır. Axı davranış, adətən, insanın əhvali-ruhiyyəsini, əqidəsini və arzularını əks etdirir.

Cənubi Amerikada iqtisadi böhran keçirən bir ölkədə yaşayan Daniel deyir: «Bir zamanlar normal həyat yaşayırdıq. Silahlı quldur dəstələri nədir bilməzdik. Lakin indi elə bir şəhər, kənd yoxdur ki, orada dinclik olsun. İqtisadi böhran insanların iç üzünü açıb-tökdü. Bir çoxlarının tamahkar olduğu, insan həyatına qiymət qoymadığı, başqasının malına göz dikdiyi üzə çıxdı».

Münaqişə zamanı Yaxın Şərqdən qaçan, sonralar Müqəddəs Kitabı öyrənən İlyas adlı (ad şərtidir) bir nəfər deyir: «Bizim şəhərimizdə ailə üzvləri, siyasi, dini quruluş gəncləri müharibəyə gedib qəhrəmancasına vuruşmağa səsləyirdi. Qarşı tərəfdə də eyni təbliğat aparılırdı. Bütün bunları görəndə başa düşürdüm ki, ümidini insan rəhbərlərinə bağlamaq boş şeydir».

Hikmət mənbəyi olan qədimi bir kitabda haqlı olaraq deyilir:

  • «Ağlı kəsəndən insanın ürəyi pisliyə meyilli olur» (Yaradılış 8:21).

  • «Ürək ən böyük xaindir, xatakardır, kim onu anlaya bilər?» (Ərəmya 17:9).

  • «Pis fikirlər, qətl, zina, əxlaqsızlıq, oğurluq, yalan şahidlik... ürəkdən çıxır» (Mətta 15:19).

Bəşəriyyət bizim içimizdə kök salmış mənfi xüsusiyyətlərin çarəsini tapmağa qadir deyil. Əksinə, ötən məqalədə danışılan problemlərdən göründüyü kimi, bu xüsusiyyətlər getdikcə daha da pisləşir (2 Timutiyə 3:1—5). Ən qəribəsi də odur ki, bu gün belə böyük informasiya bolluğu, bu qədər çox kommunikasiya vasitələri ola-ola, vəziyyət bu yerə gəlib çatıb! Bəs nəyə görə insanlar dünyada əmin-amanlıq və təhlükəsizlik yarada bilmirlər? Biz özümüzdən çox şey gözləyirik? Ümumiyyətlə, bu, mümkün olan bir şeydir?

MÜMKÜNDÜR, YOXSA QEYRİ-MÜMKÜN?

Hətta möcüzəvi surətdə insanların mənfi cəhətlərini düzəldə bilsəydik belə, dünyanı hamı üçün təhlükəsiz bir yerə çevirə bilməzdik. Səbəb isə insanın məhdudiyyətləridir.

Bu həqiqəti sadə sözlərlə belə izah etmək olar: «Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Bəli, insanlar bir-birini idarə etmək bacarığı ilə yaradılmayıblar. İnsan suyun altında, kosmosda yaşaya bilmədiyi kimi, digər insanları da idarə edə bilməz. O bunun üçün yaradılmayıb.

Suyun altında yaşamaq üçün yaradılmadığımız kimi, insanları idarə etmək bacarığı ilə də yaradılmamışıq

Fikir vermisinizsə, ümumi götürdükdə, insanların xoşuna gəlmir, kimsə onlara necə yaşamağı, hansı əxlaq dəyərlərini rəhbər tutmağı öyrətsin. Heç kim xoşlamır ki, abort, yaxud uşaqların tərbiyəsi ilə bağlı kimsə ona öz fikrini yeritsin. Bunlar cəmiyyətdə parçalanma yaradan məsələlərdən sadəcə bir neçəsidir. Beləliklə, qəbul etmək nə qədər çətin olsa da, Müqəddəs Kitabda yazılanlar düzdür. Bizim başqa insanları idarə etməyə nə bacarığımız var, nə də mənəvi haqqımız. Belə isə kömək üçün hara üz tutaq?

Ən ağlabatan cavab Yaradana üz tutmaqdır. Axı bizi O yaradıb. Bəzi insanların düşündüyündən fərqli olaraq, Allah bizi unutmayıb. Əslində, Müqəddəs Kitabdakı hikmət Allahın bizə olan qayğısından xəbər verir. Biz bu kitabda yazılanları başa düşəndə özümüzü dərk edirik. Həmçinin bəşər tarixinin nəyə görə belə faciəvi olduğunu anlayırıq. Bir alman filosofunun dili ilə desək, xalqların və hökumətlərin tarixdən özlərinə dərs götürməməsinin, tarixin öyrətdiyi prinsiplərə əməl etməməsinin səbəbini başa düşürük.

İLAHİ HİKMƏT BİZİ QORUYUR

Bir hikmətli insan demişdi ki, «hikmət əməlləri sayəsində haqlı çıxır» (Luka 7:35). Belə bir hikmətə Əşiya 2:22 ayəsində yazılan sözləri nümunə çəkmək olar: «Bəşər oğluna güvənməyin». Bu məsləhət bizi yalan ümidlərdən və boş xülyalardan qoruyur. Şimali Amerikada zorakılığın tüğyan etdiyi bir şəhərdə yaşayan Kennet deyir: «Hakimiyyət başına gələn hər siyasətçi vəziyyəti düzəldəcəyini vəd edir, amma bunu bacarmır. Onların uğursuz olması həmişə Müqəddəs Kitabdakı hikməti yadıma salır».

Yuxarıda adı çəkilən Daniel yazır: «Hər gün daha da əmin oluram ki, insanlar idarə etməyi bacarmırlar. . . Bank hesabı, yaxud təqaüd gələcək üçün zəmanət deyil. O qədər insanın bu sahədə məyus olduğunu görmüşəm ki».

Müqəddəs Kitab bizi boş xülyalardan qorumaqla yanaşı, bizə gözəl ümid də verir. Bu barədə növbəti məqalədə danışacağıq.