Kontentə keç

Mündəricatı göstər

QAYDA 2

Övladınıza təvazökar olmağı öyrədin

Övladınıza təvazökar olmağı öyrədin

TƏVAZÖKAR OLMAQ NƏ DEMƏKDİR?

Təvazökar insanlar hörmətcil olurlar. Onlar təkəbbürlə davranmırlar, başqalarından da özlərinə qarşı xüsusi hörmət gözləmirlər. Təvazökar insan başqalarının rifahını düşünür və bilmədiyini başqalarından öyrənir.

Bəzən təvazökarlığı zəiflik kimi qəbul edirlər. Əslində isə səhvini boynuna almaq, məhdudiyyətini başa düşmək üçün insana güc lazımdır.

TƏVAZÖKAR OLMAQ NƏ ÜÇÜN VACİBDİR?

  • Təvazökarlıq münasibətləri möhkəmləndirir. «Narsizm epidemiyası» adlı bir kitabda deyilir: «Təvazökar insanlara başqaları ilə dostlaşmaq asan olur». Bu kitabda həmçinin yazılıb ki, «belə insanlar asanlıqla başqalarına qaynayıb-qarışır, ünsiyyət qurur».

  • Təvazökarlıq övladınıza gələcəkdə kömək edəcək. Təvazökar olmaq övladınıza həm indi, həm də gələcəkdə, məsələn, iş axtaranda kömək edəcək. Doktor Leonard Saks yazır: «Öz qüsurlarından bixəbər olan özündənrazı gənc çətin ki, iş müsahibəsindən yaxşı keçsin. Lakin müsahibə götürənin şərtləri ilə maraqlanan gənc, çox güman ki, işə götürüləcək» *.

TƏVAZÖKAR OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?

Övladınıza özünə tarazlı yanaşmağı öyrədin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır» (Qalatiyalılara 6:3).

  • Övladınızı xəyallar aləmində böyütməyin. «Bütün arzuların çin olacaq», «Ürəyin istəyən vəzifəni tutacaqsan» kimi sözlər ruhlandırıcı səslənir. Amma həyatda hər şey başqa cür olur. Övladlarınız qarşılarına ağlabatan məqsədlər qoyub, onlara çatmaq üçün çalışsalar, daha çox uğur qazanacaqlar.

  • Konkret hərəkətlərə görə tərifləyin. Uşağı yersiz yerə tərifləmək onda təvazökarlıq xüsusiyyəti yetişdirməyəcək. Onu konkret hansısa hərəkətinə görə tərifləyin.

  • Sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırın. Çox vaxt sosial şəbəkələrdə insanlar öz istedadlarını və nailiyyətlərini reklam edirlər. Bu isə təvazökarlığın tam əksidir.

  • Övladınıza üzr istəməyi öyrədin. Ona səhvini başa salın və səhvini boynuna almağı öyrədin.

Minnətdarlıq aşılayın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Şükür edənlərdən olun» (Koloslulara 3:15).

  • Yaradılışa görə minnətdarlıq. Uşaqlar təbiəti qiymətləndirməli və həyatımızın təbiətdən asılı olduğunu başa düşməlidirlər. Bizə nəfəs almağa hava, içməyə su, yeməyə qida lazımdır. Bu nümunələrlə övladınıza təbiətdə olan möcüzələrə görə minnətdarlıq, ehtiram aşılayın.

  • İnsanlara minnətdarlıq. Övladınıza xatırladın ki, hər kəs bu və ya digər sahədə ondan üstündür. Uşaq başqalarının bacarıq və qabiliyyətlərinə paxıllıq etmək əvəzinə, onlardan öyrənə bilər.

  • Minnətdarlığı ifadə etmək. Övladınıza sadəcə «çox sağ ol» deməyi yox, ürəkdən minnətdarlıq bildirməyi öyrədin. Minnətdar olmaq təvazökar qalmaq üçün çox vacibdir.

Övladlarınıza yaxşılıq etməyin vacibliyini öyrədin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Təvazökar olub başqalarını özünüzdən üstün sayın. Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:3, 4).

  • Övladınıza ev işləri gördürün. Uşağı ev işlərindən azad edəndə onda belə bir təəssürat yaranır ki, onun öz işləri bu işlərdən vacibdir. Birinci növbədə ev işləri gəlməlidir, sonra oynamaq. Ev işlərini görməyin ailənin digər üzvlərinə faydasını başa salın və bu işləri gördüyünə görə onların uşağa hörmət etdiyini, onun zəhmətini dəyərləndirdiyini vurğulayın.

  • Yaxşılıq etməyin şərəf olduğunu izah edin. Yaxşılıq etmək uşağın yetkinləşməsi üçün vacibdir. Buna görə də övladınızı təşviq edin ki, kimin köməyə ehtiyacı olduğunu görməyə çalışsın. Uşaq başqası üçün nəsə edəndə onu tərifləyin və dəstəkləyin.

^ abz. 8 Sitat «Valideynlik süqut edir» adlı kitabdandır («The Collapse of Parenting»).