Kontentə keç

Mündəricatı göstər

QAYDA 4

Övladınıza məsuliyyətli olmağı öyrədin

Övladınıza məsuliyyətli olmağı öyrədin

MƏSULİYYƏTLİ OLMAQ NƏ DEMƏKDİR?

Məsuliyyətli insanlar etibarlı olurlar. Onlar tapşırılan işi yerinə yetirir və vaxtında bitirirlər.

Uşaq lap körpəliyindən də məsuliyyətli olmağı öyrənə bilər. Bir kitabda deyilir: «Uşaq artıq on beş aylığında valideynin dediyini edir, on səkkiz aylığında isə valideynin etdiyini etmək istəyir. Bir çox xalqlarda valideynlər, xüsusilə də 5—7 yaşlarından uşaqlara iş tapşırırlar və bu yaşda uşaqlar bir çox ev işlərini yaxşı yerinə yetirirlər» («Parenting Without Borders»).

MƏSULİYYƏTLİ OLMAQ NƏ ÜÇÜN VACİBDİR?

Bəzi yerlərdə uşaqlar böyüyəndən sonra evdən gedirlər, amma təkbaşına yaşaya bilməyib yenidən valideynlərinin yanına qayıdırlar. Bəzən buna səbəb o olur ki, onlara heç vaxt pul xərcləməyi, ev işləri görməyi, yaxud gündəlik məsuliyyətləri yerinə yetirməyi öyrətməyiblər.

Buna görə də yaxşı olar, övladınıza məsuliyyətli olmağı uşaq yaşından öyrədəsiniz ki, böyüyəndə məsuliyyətlərini yerinə yetirməyi bacarsın. Bir kitabda deyilir: «Övladınızı on səkkiz yaşına kimi özünüzdən asılı vəziyyətdə saxlayıb, birdən-birə sərbəst həyata atmayın» («How to Raise an Adult»).

MƏSULİYYƏTLİ OLMAĞI NECƏ ÖYRƏTMƏLİ?

Ev işləri görməyi tapşırın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

Uşaqlar həmişə valideynlərinə kömək etmək istəyirlər. Uşaqların bu təbii istəyindən istifadə edərək onlara ev işləri tapşırmaq olar.

Bəzi valideynlər uşağa iş tapşırmırlar. Onlar düşünürlər ki, uşaqlara onsuz da hər gün məktəbdə çoxlu dərs verirlər, daha nəyə görə onların yükünü artırsınlar.

Ancaq evdə iş görən uşaqlar, adətən, məktəbdə də yaxşı oxuyurlar. Ev işləri onlara işi boyunlarına götürməyi və sona çatdırmağı öyrədir. Bundan başqa, bir kitabda qeyd olunur ki, «uşaqların kiçik yaşlarında kömək etmək istəyinə məhəl qoymasaq, onlarda belə bir fikir yaranacaq ki, kömək etmək vacib deyil... Onlar həmçinin fikirləşəcəklər ki, hər şeyi onların qabağına hazır gətirməlidirlər» («Parenting Without Borders»).

Bu sitatdan da göründüyü kimi, ev işlərini görmək uşağa xudbin olmamağı, başqalarına kömək etməyi öyrədir. Uşaq başa düşür ki, onun ailədə dəyərli yeri var, eyni zamanda o da ailədə müəyyən məsuliyyəti daşıyır.

Övladlarınıza səhvlərinə görə məsuliyyət daşımağı öyrədin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məsləhətə qulaq as, tərbiyəni qəbul et, axırda hikmətli olarsan» (Məsəllər 19:20).

Övladınız səhv edəndə, məsələn, təsadüfən başqasının əşyasına zərər vuranda bunu ört-basdır etməyin. Uşaq səhvinə görə məsuliyyət daşımağı bacarmalıdır. Bu halda ondan üzr istəmək və hətta zərəri aradan qaldırmaq tələb oluna bilər.

Səhvlərinə görə məsuliyyət daşıdığını başa düşsə, uşaq...

  • dürüst olub səhvlərini boynuna alacaq

  • başqalarını günahlandırmayacaq

  • bəhanələr gətirməyəcək

  • lazım gələndə üzr istəyəcək