Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Əsil dostu necə tapmaq olar?

Əsil dostu necə tapmaq olar?

PROBLEM

Texnologiyanın canı sağ olsun! İndi nə qədər adamla əlaqə saxlamaq olur. Özü də elə asan. Tarixdə hələ belə bir şey olmayıb. Ancaq bu münasibətlər səthi olur. Bir oğlan bunu belə izah edir: «Mənə elə gəlir ki, qurduğum dostluqlara hər an son qoyula bilər. Ancaq atamın qurduğu dostluqlar uzun illərdir ki davam edir».

Möhkəm və səmimi dostluq qurmaq nə üçün indi bu qədər müşkül məsələdir?

NƏYİ BİLMƏLİSƏN?

Müəyyən mənada, buna səbəb texnologiyadır. Mesajlaşmaq, sosial şəbəkə və sosial medianın digər vasitələri insanda elə təəssürat oyada bilər ki, yanında olmayan adamla dostluğu qoruyub saxlamaq mümkündür. Çatlaşmaq və tvitlər səmimi söhbətləri əvəz edib. Bir kitabda deyilir: «İnsanlar nadir hallarda üz-üzə söhbət edirlər. Tələbələr ekranın qabağında daha çox vaxt keçirirlər, nəinki bir-biriləri ilə» («Artificial Maturity»).

Texnologiya qurduğumuz dostluğu möhkəm dostluq kimi qələmə verə bilər. 22 yaşlı Bayram * deyir: «Bu yaxınlarda mənə çatdı ki, həmişə mən dostlarımı itirib-axtarmışam. Öz-özümə fikirləşdim: “Görəsən, mən yazmasam, neçə nəfər mənimlə maraqlanacaq”. Bunu yoxlamaq üçün onlara daha yazmadım. Düzünü desəm, tək-tük adamın səs-səmiri çıxdı. Başa düşdüm ki, əksər dostlarım əslində mənim yaxın dostlarım deyilmiş».

Məgər mesajlaşma və sosial media insanlarla əlaqəni qorumağa və dostluq tellərini möhkəmləndirməyə kömək edə bilməz? Əlbəttə, bilər, ələlxüsus da onlarla tet-a-tet ünsiyyətin varsa. Çox vaxt isə sosial media səninlə başqaları arasında sadəcə körpü qurur, yaxınlaşdırmır.

NƏ EDƏ BİLƏRSƏN?

Əsil dostluğu müəyyən et. Allahın Kəlamında deyilir ki, dost «qardaşdan yaxındır» (Məsəllər 18:24). İstəyirsən belə dostun olsun? Bəs sən özün belə dostsan? Bu suallara cavab tapmaq üçün dostunda görmək istədiyin üç keyfiyyəti yaz. Sonra dostluq üçün lazım olan özünün üç keyfiyyətini yaz. Özündən soruş: «Yazışdığım kəslər önəm verdiyim hansı keyfiyyətləri əks etdirir? Bəs onlar məndə hansı keyfiyyətləri görürlər?» (Müqəddəs Kitab prinsipi: Filippililərə 2:4).

Dəyərlərini təyin et. Onlayn dostluqlar, adətən, ümumi maraq dairəsi üzərində qurulur. Ancaq ümumi dəyərlər oxşar maraqlardan daha vacibdir. 21 yaşlı Lena deyir: «Dostum elə də çox deyil, ancaq onlar mənə yaxşı insan olmağa kömək edir» (Müqəddəs Kitab prinsipi: Məsəllər 13:20).

Cəmiyyət içinə çıx. Üz-üzə söhbətin yerini heç nə verə bilməz. Çünki sən və qarşındakı insan bir-birinizin səs tonunuzdakı incəlikləri, jest və mimikaları sezə bilərsiniz (Müqəddəs Kitab prinsipi: 1 Salonikililərə 2:17).

Məktub yaz. Köhnə üsul kimi görünsə də, məktub yazıb göndərməklə həmin adama xüsusi diqqətini göstərmiş olacaqsan. Buna indiki məşğul dünyamızda çox nadir hallarda rast gəlinir. Məsələn, Şerri Terkel öz kitabında bir gənc oğlanın ömründə heç vaxt məktub almadığı haqqında yazır («Alone Together»). Bu oğlan məktubların yazıldığı dövrə istinad edərək deyir: «Həmin dövrü görməsəm də, o günlər üçün çox darıxıram». Niyə də bu köhnə texnologiyadan istifadə edib dost qazanmayasan?

Xülasə. Əsil dostluq sadəcə əlaqə saxlamaq demək deyil. Buna qarşılıqlı məhəbbət, şəfqət, səbir və bağışlamaq daxildir. Bu xüsusiyyətlər sayəsində gözəl dostluğunuz olacaq. Ancaq həmin keyfiyyətləri onlayn vasitəsilə göstərmək mümkün deyil.

^ abz. 8 Bu məqalədə bəzi adlar şərtidir.