TƏLİM MƏQALƏSİ 42
NƏĞMƏ 103 Ağsaqqallar — insan timsalında hədiyyələr
«İnsan timsalında hədiyyələr»in qədrini bilək
«O göyə qalxanda... insan timsalında hədiyyələr verdi» (EFES. 4:8).
ƏSAS FİKİR
Məqalədən görəcəyik ki, yığıncaq xidmətçiləri, ağsaqqallar və rayon nəzarətçiləri bizə necə kömək edir və biz bu sadiq qardaşların gördüyü işlərə görə minnətdar olduğumuzu necə göstərə bilərik.
1. İsanın bizə verdiyi hədiyyələrdən bəziləri hansılardır?
DÜNYADA İsa Məsih qədər səxavətli insan olmayıb. O, yer üzündə olanda insanlara kömək etmək üçün tez-tez möcüzələr göstərirdi (Luka 9:12—17). İsa bizə tayı-bərabəri olmayan bir hədiyyə bəxş etdi: bizdən ötrü öz həyatını qurban verdi (Yəh. 15:13). Diriləndən sonra da İsa səxavət göstərməyə davam etdi. O, sözünün üstündə duraraq Yehovadan davamçılarına müqəddəs ruh verməsini dilədi. Bu ruhun köməyi ilə təlim və təsəlli alırıq (Yəh. 14:16, 17, haşiyə; 16:13). Həmçinin bütün dünyada şagird hazırlamağımız üçün İsa ibadət görüşləri vasitəsilə bizi lazım olan hər şeylə təmin edir (Mət. 28:18—20).
2. Efeslilərə 4:7, 8 ayələrindəki «insan timsalında hədiyyələr»ə kimlər daxildir?
2 İsanın bizə verdiyi daha bir hədiyyə var. Bulus yazmışdı ki, İsa göyə qalxandan sonra «insan timsalında hədiyyələr» verdi. (Efeslilərə 4:7, 8 ayələrini oxuyun.) Bulusun sözlərinə əsasən İsa bu hədiyyələri yığıncağa müxtəlif sahələrdə dəstək olmaları üçün vermişdi (Efes. 1:22, 23; 4:11—13). Bizim dövrümüzdə insan timsalında hədiyyələrə yığıncaq xidmətçiləri, ağsaqqallar və rayon nəzarətçiləri daxildir a. Əlbəttə, bu qardaşlar qeyri-kamildir, ona görə də səhvlər edirlər (Yaq. 3:2). Amma Ağamız İsa Məsih bizə onlar vasitəsilə kömək edir. Onlar İsanın bizə hədiyyələridir.
3. «İnsan timsalında hədiyyələr» olan qardaşların gördüyü işlərə necə dəstək ola bilərik? Nümunə çəkin.
3 İsa «insan timsalında hədiyyələr»i yığıncağı möhkəmləndirmələri üçün təyin edib (Efes. 4:12). Hər birimiz bu vacib işdə onlara kömək edə bilərik. Bunu ibadət evinin inşasına bənzətmək olar. Həmin vaxt bəziləri tikinti işləri ilə məşğul olur, digərləri isə onlara bu işdə dəstək olur. Məsələn, yeməklə təmin edir, daşınma ilə məşğul olur və digər işləri görür. Eynilə biz də sözlərimizlə və əməllərimizlə yığıncaq xidmətçilərinə, ağsaqqallara və rayon nəzarətçilərinə yığıncağı möhkəmləndirməkdə dəstək ola bilərik. Gəlin görək onlar bizdən ötrü nə qədər zəhmət çəkir və biz həm onlara, həm də onları bizə hədiyyə verən İsa Məsihə minnətdarlığımızı necə göstərə bilərik.
YIĞINCAQ XİDMƏTÇİLƏRİNİN GÖRDÜYÜ «YARDIM İŞLƏRİ»
4. Birinci əsrdə yığıncaq xidmətçiləri hansı «yardım işləri» ilə məşğul olurdular?
4 Birinci əsrdə bəzi qardaşlar yığıncaq xidmətçisi kimi təyin olunurdu (1 Tim. 3:8). Görünür, 1 Korinflilərə 12:28 ayəsində Bulus «yardım işləri ilə məşğul olanlar» deyəndə onları nəzərdə tuturdu. Aydındır ki, yığıncaq xidmətçiləri zəruri işləri gördükləri üçün ağsaqqallar diqqətlərini təlim verməyə, yığıncağı ruhlandırmağa cəmləyə bilirdilər. Məsələn, yığıncaq xidmətçiləri, ola bilsin, Müqəddəs Yazıların köçürülməsinə kömək edirdilər, yaxud da bu iş üçün lazım olan materialları alıb gətirirdilər.
5. Bu gün yığıncaq xidmətçiləri hansı yardım işlərini görürlər?
5 İndi isə sizin yığıncağınızdakı yığıncaq xidmətçilərinin gördüyü bəzi yardım işlərindən danışaq (1 But. 4:10). Məsələn, onlar yığıncağın maliyyə və ya sahə işlərinə baxırlar, təbliğçilər üçün nəşrlər sifariş verirlər, audio-video avadanlığa nəzarət edirlər, görüş vaxtı xidmətçi təyin olunurlar, yaxud ibadət evinin qulluğuna kömək edirlər. Bütün bu işlər yığıncağın nizamla fəaliyyət göstərməsində vacib rol oynayır (1 Kor. 14:40). Bunlardan əlavə, bəzi yığıncaq xidmətçiləri açıq nitqlər söyləyirlər və Məsihi həyatı və ibadəti görüşündə bəndlərlə çıxış edirlər. Həmçinin yığıncaq xidmətçisi qrup nəzarətçisinin köməkçisi kimi təyin oluna bilər. Hərdən səriştəli yığıncaq xidmətçiləri ağsaqqallarla birlikdə bacı-qardaşları ziyarət edirlər.
6. Yığıncaq xidmətçilərinə minnətdar olmaq üçün hansı səbəblərimiz var?
6 Yığıncaq xidmətçilərinin gördüyü işlərin yığıncağa hansı xeyri olur? Boliviyada yaşayan Beberli b bacı bölüşür: «Sağ olsun yığıncaq xidmətçilərimiz, onların sayəsində görüşlərdən böyük zövq ala bilirəm». O, sözünə belə davam edir: «Onların əməyi sayəsində yığıncaqda nəğmə oxuyuram, şərhlər verirəm, nitqlərə qulaq asıram, video və şəkillərə baxıb öyrənə bilirəm. Onlar yığıncağın təhlükəsizliyinə nəzarət edir və ibadət evinə gələ bilməyənlərin görüşü videokonfrans vasitəsilə izləməsinə kömək edir. Bu qardaşlar görüş bitəndən sonra təmizlik, maliyyə işlərinə baxırlar, bizi nəşrsiz qoymurlar. Onlara ürəkdən minnətdaram!» Kolumbiyada yaşayan və yoldaşı ağsaqqal kimi xidmət edən Lesli bacı deyir: «Yığıncaq xidmətçiləri ərimin sağ əlidir. Onların köməyi olmasaydı, yoldaşımın işi başından aşardı. Bu cür şövqlə xidmət etdiklərinə və kömək etməyə hazır olduqlarına görə onlara minnətdaram». Şübhəsiz, bu sözlərə siz də şəriksiniz (1 Tim. 3:13).
7. Yığıncaq xidmətçilərinə minnətdarlığımızı necə göstərə bilərik? (Həmçinin şəklə baxın.)
7 Ola bilsin, yığıncaq xidmətçilərinə görə ürəyimizdə minnətdarlıq duyuruq. Müqəddəs Kitab bizi təşviq edir ki, bunu onlara həm də göstərək (Kol. 3:15). Finlandiyada ağsaqqal kimi xidmət edən Kşiştof qardaş yığıncaq xidmətçilərinə minnətdarlığını bu cür bildirir: «Mən açıqca və ya mesaj göndərirəm. Ora ayə yazıram və hansısa sözünün və ya hərəkətinin məni ruhlandırdığını qeyd edirəm, yaxud da gördüyü işi nə üçün qiymətləndirdiyimi bildirirəm». Yeni Kaledoniyada yaşayan Paskal və Jael yığıncaq xidmətçiləri üçün tez-tez dua edir. Paskal deyir: «Bu yaxınlarda yığıncaq xidmətçilərimizə görə hərarətli dualar etmişik. Bu qardaşlara görə Yehovaya minnətdarlığımızı bildirmişik və onlara kömək etməsi üçün yalvarmışıq». Yehova bu cür duaları eşidir və bunun bəhrəsini bütün yığıncaq görür (2 Kor. 1:11).
«ARANIZDA ZƏHMƏT ÇƏKƏN» AĞSAQQALLAR
8. Nəyə görə Bulus birinci əsrdəki ağsaqqalların zəhmət çəkdiyini demişdi? (1 Salonikililərə 5:12, 13).
8 Birinci əsrdə ağsaqqallar yığıncağın rifahı üçün çox zəhmət çəkirdilər. (1 Salonikililərə 5:12, 13 ayələrini oxuyun; 1 Tim. 5:17.) Onlar yığıncağa «rəhbərlik» edirdilər, yəni görüşlər keçirir və ağsaqqallar şurası olaraq qərarlar qəbul edirdilər. Həmçinin onlar bacı-qardaşlara imanda möhkəm qalmaları üçün «nəsihət» verirdilər (1 Salon. 2:11, 12; 2 Tim. 4:2). Sözsüz, bu qardaşlar ailələrini dolandırmaq üçün işləyirdilər. Bundan başqa, öz ruhani tələbatlarının da qeydinə qalırdılar (1 Tim. 3:2, 4; Tit. 1:6—9).
9. Bu gün ağsaqqalların öhdəsinə hansı məsuliyyətlər düşür?
9 Bu gün də ağsaqqallar çox məşğuldurlar. Onlar xoş müjdənin təbliğçiləridir (2 Tim. 4:5). Ağsaqqallar sahə xidmətində fəal iştirak edərək başqalarına nümunə qoyurlar. Yığıncağın ərazisində təbliğ işini təşkil edirlər və daha yaxşı təbliğ etməyimiz, dərs keçməyimiz üçün bizə təlim verirlər. Bundan əlavə, ağsaqqallar mərhəmətli, ayrı-seçkilik etməyən hakimlərdir. Hansısa məsihi ciddi günah işləyəndə ağsaqqallar onun Yehova ilə münasibətini bərpa etməsinə kömək edirlər. Eyni zamanda onlar yığıncağın ruhani təmizliyinin qorunmasına nəzarət edirlər (1 Kor. 5:12, 13; Qal. 6:1). Ən əsası isə ağsaqqallar çobanlardır (1 But. 5:1—3). Onlar Müqəddəs Kitaba əsaslanan gözəl nitqlər söyləyir, yığıncaqda hər kəsi yaxından tanımağa çalışır və bacı-qardaşlara ağsaqqal ziyarətləri edirlər. Bütün bu işlərdən savayı, bəzi ağsaqqallar ibadət evlərinin tikintisi və qulluğu ilə məşğul olur, Xəstəxanalarla əlaqə komitələrində və Xəstələrə ziyarət qruplarında xidmət edirlər. Doğrudan da, ağsaqqallar bizim üçün çox zəhmət çəkirlər!
10. Zəhmətkeş ağsaqqallarımıza minnətdar olmaq üçün hansı səbəblərimiz var?
10 Yehova qabaqcadan demişdi ki, ağsaqqallar bizim qeydimizə yaxşı qalacaqlar və biz daha qorxmayacağıq, dəhşətə gəlməyəcəyik (Ərm. 23:4). Finlandiyada yaşayan Yohanna adlı bacı bu sözlərin həqiqət olduğunu öz həyatında görmüşdü. Onun anası ciddi xəstəliyə tutulmuşdu. Bacı bölüşür: «Keçirdiyim hisslər barədə kiminləsə danışmaq mənə çətindir. Amma elə də yaxşı tanımadığım bir ağsaqqal mənimlə səbirlə davrandı, mənimlə birlikdə dua etdi və Yehovanın məni sevdiyinə əmin etdi. Həmin vaxt onun nə dedikləri dəqiq yadımda qalmasa da, ürəyimə rahatlıq çökdüyü yaxşı yadımdadır. Əminəm ki, onu mənə kömək etməsi üçün Yehova göndərmişdi və bu, düz vaxtında idi!» Bəs yığıncağınızdakı ağsaqqallar sizə necə kömək ediblər?
11. Ağsaqqallara minnətdar olduğumuzu necə göstərə bilərik? (Həmçinin şəklə baxın.)
11 Yehova istəyir ki, ağsaqqallara çəkdikləri zəhmətə görə ürəkdən minnətdar olduğumuzu göstərək (1 Salon. 5:12, 13). Finlandiyada yaşayan Henriyeta belə bir fikir deyir: «Ağsaqqallar başqalarına canla-başla kömək edirlər. Bu o demək deyil ki, onların boş vaxtları çoxdur, enerjiləri tükənmir, ya da özlərinin problemləri yoxdur. Bəzən onlara sadəcə olaraq belə deyirəm: “Bilirsən, sən çox yaxşı ağsaqqalsan. İstədim, bunu sənə deyim”». Türkiyədə yaşayan Sera adlı bacı deyir: «Ağsaqqalların xidmətlərini davam etmələri üçün “yanacağa” ehtiyacları var. Buna görə də onlara açıqca yazmaq, qonaq dəvət eləmək və ya sahə xidmətində əməkdaşlıq etmək olar». Bəlkə də, hansısa ağsaqqalın gördüyü işlərə görə xüsusilə minnətdarsınız. Minnətdarlığınızı göstərmək üçün müxtəlif yollar axtarın (1 Kor. 16:18).
YIĞINCAĞI MÖHKƏMLƏNDİRƏN RAYON NƏZARƏTÇİLƏRİ
12. Birinci əsrdə daha kimlər yığıncağı möhkəmləndirirdi? (1 Salonikililərə 2:7, 8).
12 İsanın verdiyi insan timsalında hədiyyələrdən bəziləri isə yığıncağa başqa cür xidmət edirlər. Məsihin rəhbərliyi altında Yerusəlimdəki ağsaqqallar Bulusu, Barnəbanı və digərlərini səyyar nəzarətçi kimi təyin etmişdilər (Həv. 11:22). Səbəb nə idi? Yığıncaq xidmətçiləri və ağsaqqallar kimi onların da təyin olunmasına səbəb yığıncaqları möhkəmləndirmək idi (Həv. 15:40, 41). Bu qardaşlar öz rahatlıqlarını qurban verirdilər. Bacı-qardaşlara təlim vermək, onları ruhlandırmaq üçün hətta həyatlarını təhlükəyə atırdılar. (1 Salonikililərə 2:7, 8 ayələrini oxuyun.)
13. Rayon nəzarətçilərinin hansı məsuliyyətləri var?
13 Rayon nəzarətçiləri həmişə yol üstədirlər. Bəziləri bir yığıncaqdan o biri yığıncağa getmək üçün yüzlərlə kilometr yol qət edir. Hər həftə rayon nəzarətçisi bir neçə nitq söyləyir, ağsaqqal ziyarətləri edir, öncül görüşü, ağsaqqallarla görüş və təbliğ üçün görüşlər keçirir. O, nitqlər hazırlayır, rayon və regional toplantılarının təşkili ilə məşğul olur, öncül məktəblərində dərs deyir, rayonun öncülləri ilə xüsusi görüşün keçirilməsini təşkil edir. Bütün bunlarla yanaşı, o, filialın tapşırdığı digər işləri də görür. Bəzən bu işlər çox təcili olur.
14. Hansı səbəblərə görə zəhmətkeş rayon nəzarətçilərimizə minnətdarıq?
14 Rayon nəzarətçilərinin gördüyü işlərdən yığıncaq hansı faydanı əldə edir? Türkiyədə yaşayan bir qardaş səyyar nəzarətçilərin ziyarəti ilə bağlı belə demişdi: «Hər dəfə onların ziyarətindən sonra bacı-qardaşlara kömək etmək üçün daha çox vaxt ayırmağa həvəslənirəm. Mən çox rayon nəzarətçisi görmüşəm, amma hələ elə olmayıb ki, onlardan hansınasa yaxınlaşmaq çətin görünsün və ya onlar özlərini çox məşğul göstərsin». Bayaq adı çəkilən Yohanna sahə xidmətində rayon nəzarətçisi ilə əməkdaşlıq etmişdi. Amma onlar evdə bir nəfər də olsun tapmamışdılar. Bacı deyir: «Buna baxmayaraq, o günü heç vaxt yaddan çıxarmayacağam. Həmin vaxt bacılarımın ikisi də təzəcə köçmüşdü və onlardan ötrü burnumun ucu göynəyirdi. Rayon nəzarətçisi mənə ürək-dirək verdi. Dedi ki, bu gün yaxınlarımızla aramızda olan məsafələr müvəqqətidir, yeni dünyada bir-birimizlə doyunca vaxt keçirə biləcəyik». Bu bacı kimi çoxlarımızın rayon nəzarətçiləri ilə bağlı gözəl xatirələri var (Həv. 20:37—21:1).
15. a) 3 Yəhya 5—8 ayələrinə əsasən rayon nəzarətçilərinə minnətdar olduğumuzu necə göstərə bilərik? (Həmçinin şəklə baxın.) b) Təyin olunmuş qardaşların həyat yoldaşlarına nəyə görə minnətdar olmalıyıq və bunu necə göstərə bilərik? (« Onların həyat yoldaşlarını unutmayın» adlı çərçivəyə baxın.)
15 Həvari Yəhya Qayı təşviq etmişdi ki, yığıncağı ziyarət edən qardaşlara qonaqpərvərlik göstərsin və onları «Allahımıza layiq tərzdə» yola salsın. (3 Yəhya 5—8 ayələrini oxuyun.) Bunu etməyin bir yolu ziyarət həftəsində rayon nəzarətçisini yeməyə dəvət etməkdir. Digər yolu onun keçirdiyi təbliğ görüşlərində iştirak etməkdir. Bayaq adı çəkilən Lesli bacı minnətdarlığını başqa yollarla da göstərir. O deyir: «Dua edirəm ki, Yehova onların bütün ehtiyaclarını ödəsin. Bundan başqa, yoldaşımla onlara məktublar yazırıq. Ziyarətlərinin bizə nə qədər kömək etdiyini qeyd edirik». Unutmayın ki, rayon nəzarətçiləri “supermen” deyillər, onlar da xəstələnirlər, narahatlıq keçirirlər, hətta ruhdan düşə bilərlər. Ola bilsin, sizin xoş sözünüz, yaxud kiçik hədiyyəniz onların dualarına cavab olsun (Məs. 12:25).
İNSAN TİMSALINDA HƏDİYYƏLƏRƏ EHTİYAC DUYURUQ
16. Məsəllər 3:27 ayəsinə əsasən qardaşlar özlərinə hansı sualları verə bilər?
16 Bütün dünyada insan timsalında hədiyyə kimi xidmət edən daha çox qardaşa ehtiyac duyuruq. Əgər siz vəftiz olunmuş qardaşsınızsa, bu sahədə xidmət etmək sizdə alınar? (Məsəllər 3:27 ayəsini oxuyun.) Yığıncaq xidmətçisi olmağa can ata bilərsiniz? Əgər siz yığıncaq xidmətçisisinizsə, bacı-qardaşlarınızın qeydinə qalmaq üçün ağsaqqal olmağı qarşınıza məqsəd qoya bilərsiniz? c Həyatınızda dəyişikliklər edib Padşahlıq Müjdəçiləri Məktəbinə ərizə yaza bilərsiniz? Bu məktəbdə aldığınız təlim sayəsində İsanın əlində daha yararlı alət olacaqsınız. Əgər bu işləri bacarmayacağınızı düşünürsünüzsə, Yehovaya dua edin. Ondan xahiş edin ki, istənilən təyinatın öhdəsindən gələ bilməyiniz üçün sizə müqəddəs ruhundan versin (Luka 11:13; Həv. 20:28).
17. «İnsan timsalında hədiyyələr» Padşahımız İsa haqda nəyi sübut edir?
17 İsanın «insan timsalında hədiyyə» kimi təyin etdiyi qardaşların çəkdiyi zəhmətdən görürük ki, o bu axırzamanda bizə rəhbərlik edir (Mət. 28:20). Belə məhəbbət dolu, səxavətli Padşahımıza görə çox minnətdarıq. O bizim ehtiyaclarımızdan agahdır, bizə kömək etmək üçün qardaşlar bəxş edir. Odur ki, bu zəhmətkeş qardaşlara minnətdarlığınızı göstərmək üçün fürsətlər axtarın. Həmçinin «hər bir gözəl pay və hər bir kamil nemət» Mənbəyi Yehovaya minnətdarlığınızı bildirməyi heç vaxt unutmayın (Yaq. 1:17).
NƏĞMƏ 99 Milyonlarla qardaşlar
a Rəhbərlik Şurasının üzvləri, onların köməkçiləri, filial komitələrinin üzvləri və başqa təyinatlarda olan ağsaqqallar da «insan timsalında hədiyyələr»dir.
b Bəzi adlar şərtidir.
c Yığıncaq xidmətçisi və ağsaqqal olmaq üçün əlavə məlumatı növbəti məqalələrdən oxuya bilərsiniz: «Gözətçi qülləsi»nin 2024-cü il noyabr sayında yerləşən «Əziz qardaşlar, yığıncaq xidmətçisi olmağa can atırsınız?» və «Əziz qardaşlar, ağsaqqal olmağa can atırsınız?»