Kontentə keç

Mündəricatı göstər

Qədimdə israillilər müharibəyə gedirdi, bəs biz niyə getmirik?

Qədimdə israillilər müharibəyə gedirdi, bəs biz niyə getmirik?

«BİRİNİZ belə, Fransaya və ya İngiltərəyə qarşı döyüşməsə, hamınız öləcəksiniz!» Bu sözləri İkinci Dünya müharibəsi zamanı nasist zabiti qışqıra-qışqıra bir qrup Yehovanın Şahidinə demişdi. Düz yanlarında tam silahlanmış SS əsgərləri dursa da, qardaşlardan biri belə təslim olmadı. Bunun üçün böyük cəsarət lazım idi! Onların nümunəsi Yehovanın Şahidlərinin müharibəyə dair mövqeyini aydın göstərir: biz bu dünyanın apardığı müharibələrdə iştirak etmirik. Ölümlə hədələnsək belə, bu dünyanın münaqişələrində tərəf tutmuruq.

Amma özünü İsanın davamçısı adlandıranların heç də hamısı bu mövqeyimizlə razı deyil. Bu insanlar hesab edir ki, məsihinin öz ölkəsini müdafiə etməsində qəbahət bir şey yoxdur, hətta bu onun borcudur. Onlar səbəb kimi belə deyirlər: «Qədimdə israillilər də Allahın xalqı idi, amma onlar müharibəyə gedirdi. Bu gün məsihilər niyə getməsin?» Bu suala necə cavab verərdiniz? Bunun üçün qədim İsrail xalqı ilə Allahın bugünkü xidmətçiləri arasındakı mühüm fərqlərin olduğunu izah etmək lazımdır. Gəlin beş fərqə nəzər salaq.

1. ALLAHIN XALQI EYNİ MİLLƏTDƏN İDİ

Qədimdə Yehova bir milləti, israilliləri Özünə xalq seçmişdi. O, israilliləri «bütün xalqların içində Mənim məxsusi xalqım» adlandırmışdı (Çıx. 19:5). Həmçinin onlara məskunlaşmaları üçün konkret ərazi vermişdi. Ona görə də israillilər Allahın göstərişi ilə başqa xalqlara qarşı vuruşanda öz soydaşlarına qarşı vuruşmuş olmurdular, nə də ki onları öldürmürdülər a.

Bu gün Allah Öz xidmətçilərini «hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub» insanların arasından seçib (Vəhy 7:9). Əgər onlar müharibəyə getsələr, öz dindaşlarına qarşı vuruşmuş olarlar, hətta onları öldürə bilərlər.

2. İSRAİLLİLƏR MÜHARİBƏYƏ YEHOVANIN ƏMRİ İLƏ GEDİRDİ

Qədimdə israillilərin nə vaxt, hansı məqsədlə müharibəyə getməli olduğuna Yehova qərar verirdi. Məsələn, Yehova kənanilərə qarşı hökmünü icra etmək üçün israillilərə onlarla vuruşmağı buyurmuşdu. Çünki kənanilər cinlərə ibadət edir, əxlaqsızlıqla məşğul olur və uşaqlarını qurban gətirirdilər; onlar bu əməlləri ilə ad çıxarmışdılar. Yehova israillilərə əmr etmişdi ki, gələcəkdə məskunlaşacaqları diyardan bu xalqın kökünü kəssinlər. Çünki kənanilər israilliləri də öz pis əməllərinə sürükləyə bilərdilər (Lav. 18:24, 25). İsraillilər Vəd edilmiş diyarda məskunlaşandan sonra isə Yehova düşmən hücumundan onları qorumaq üçün bəzən döyüşməyə icazə verirdi (2 İşm. 5:17—25). Amma Yehova israillilərə özbaşına müharibəyə getməyə heç vaxt ixtiyar verməmişdi. Adətən onlar belə edəndə axırı böyük fəlakətlə qurtarırdı (Say. 14:41—45; 2 Saln. 35:20—24).

Bu gün insanlar müharibəyə Yehovanın əmri ilə getmirlər. Millətlər Allah naminə yox, öz maraqlarını güddükləri üçün vuruşurlar. Onlar ərazi üstündə, maddi mənfəət və ya siyasi ideologiyalarına görə müharibə edirlər. Bəs dini qorumaq və ya Allahın düşmənlərini öldürmək üçün vuruşduqlarını iddia edənlər haqda nə demək olar? Yehova həqiqi xidmətçilərini qorumaq və Öz düşmənlərini məhv etmək üçün gələcəkdə müharibə aparacaq. Bu, Armageddon müharibəsidir (Vəhy 16:14, 16). Həmin müharibədə Allahın ordusu yerdəki bəndələrindən yox, səmavi varlıqlardan ibarət olacaq (Vəhy 19:11—15).

3. İSRAİLLİLƏR YEHOVAYA İMAN GƏTİRƏNLƏRİ MƏHV ETMİRDİLƏR

Yehova Ərihaya qarşı döyüşdə Rahabla ailəsinin həyatını qorumuşdu, bəs müasir dövrdəki müharibələrdə mömin insanların həyatı qorunur?

Qədimdə israillilər müharibə aparanda adətən Yehovaya iman gətirən insanlara mərhəmət göstərirdilər. Təkcə Yehovanın ölümə layiq bildiyi insanları öldürürdülər. Buna aid iki nümunəyə baxaq. Yehova Əriha şəhərini məhv etməyi əmr etsə də, Rahab iman gətirdiyi üçün israillilər onu və ailəsini sağ saxladılar (Yuş. 2:9—16; 6:16, 17). Yaxud da götürək gibyonluları. Onların ürəyində Allah xofu olduğuna görə bütün şəhər məhvdən qurtulmuşdu (Yuş. 9:3—9, 17—19).

Bu gün müharibə edən xalqlar baxmırlar kim imanlıdır, kim imansız. Bəzən isə hətta dinc əhalinin ölümünə bais olurlar.

4. İSRAİLLİLƏR ALLAHIN MÜHARİBƏYƏ DAİR GÖSTƏRİŞLƏRİNƏ ƏMƏL ETMƏLİ İDİLƏR

Qədimdə Yehova İsrail əsgərlərindən tələb edirdi ki, müharibəni Onun qayda-qanunlarına uyğun aparsınlar. Məsələn, bəzən onlar qarşı tərəfə «sülh təklif edib şərtlərini» bildirməli idilər (Qan. 20:10). Həmçinin İsrail əsgərləri düşərgədə olarkən özlərini həm fiziki, həm də əxlaqi cəhətdən təmiz saxlamalı idilər (Qan. 23:9—14). Ətraf xalqlar işğal etdikləri ərazilərdə qadınlara təcavüz edirdi, Yehova isə israillilərə bunu qadağan etmişdi. Hətta israillilər əsir götürdükləri qadınlarla yalnız şəhəri zəbt etdiklərinin üstündən bir ay keçəndən sonra ailə qura bilərdilər (Qan. 21:10—13).

Bu gün əksər ölkələr müharibənin gedişatını tənzimləyən beynəlxalq sazişlər imzalayıblar. Amma dinc əhalini qorumaq üçün nəzərdə tutulan qaydalar, əfsuslar olsun ki, çox vaxt pozulur.

5. YEHOVA XALQI UĞRUNDA DÖYÜŞÜRDÜ

Yehova İsrailə Ərihanı məğlub etməyə kömək etdi, bəs bu gün O, hansısa xalq uğrunda döyüşür?

Qədimdə Yehova İsrail xalqı uğrunda döyüşürdü. Dəfələrlə onlara möcüzəvi qələbələr bəxş etmişdi. Məsələn, yadımıza salaq, Yehova israillilərə Əriha şəhərini zəbt etməyə necə kömək etmişdi? Onun göstərişi ilə «döyüşçülərin nərəsi ucalan kimi qala divarları dağılıb» yerlə bir olmuşdu, beləcə, onlar asanlıqla şəhəri ələ keçirmişdilər (Yuş. 6:20). Bəs israillilər amorilərə qarşı döyüşdə necə qələbə çaldılar? «Yehova amorilərin üstünə dolu yağdırıb onları qırdı. Doludan ölənlər israillilərin qılıncından ölənlərdən çox idi» (Yuş. 10:6—11).

Bu gün Yehova yer üzündəki heç bir xalq uğrunda döyüşmür. Onun Padşahlığı «bu dünyadan deyil» (Yəh. 18:36). Bu dünyadakı bütün insan hakimiyyətlərini Şeytan idarə edir. Elə dünyada gedən amansız müharibələr onun xislətini əks etdirir (Luka 4:5, 6; 1 Yəh. 5:19).

ƏSL MƏSİHİLƏR SÜLHPƏRVƏRDİR

Gördüyümüz kimi, bizim vəziyyətimiz qədim İsrail xalqının vəziyyətindən əhəmiyyətli dərəcədə fərqlənir. Amma müharibədə iştirak etməməyimizin səbəbləri yalnız bu deyil, başqa səbəblər də var. Məsələn, Yehova axırzamanla bağlı demişdi ki, Onun xidmətçiləri «artıq müharibə etməyi öyrənməyəcəklər»; qaldı ki, müharibədə iştirak etsinlər (Əşy. 2:2—4). Həmçinin Məsih də demişdi ki, onun şagirdləri bu dünyaya məxsus olmayacaqlar; onlar bu dünyanın münaqişələrində tərəf tutmayacaqlar (Yəh. 15:19).

İsa davamçılarına bundan da artığını etməyi buyurmuşdu. Onlara öyrədirdi ki, qisasa, qəzəbə və müharibəyə gətirib çıxaracaq əhval-ruhiyyədən, xüsusiyyətlərdən qaçsınlar (Mət. 5:21, 22). Üstəlik, davamçılarına sülhpərvər olmağı və düşmənlərini sevməyi buyurmuşdu (Mət. 5:9, 44).

Bəs ayrı-ayrılıqda hər birimiz haqda nə demək olar? Təbii ki, heç birimiz müharibədə iştirak etmək istəmirik. Bəs ola bilərmi ki, ürəyimizdə hansısa dindaşımıza düşmən kimi yanaşaq? Bu, yığıncaqda münaqişə və parçalanma yarada bilər. Odur ki, gəlin ürəyimizdən bu kimi hissləri çıxarıb atmaq üçün var gücümüzlə çalışaq (Yaq. 4:1, 11).

Biz xalqlar arasında gedən münaqişələrə qoşulmuruq. Həmçinin dindaşlarımızla aramızda sülhün və məhəbbətin olması üçün əlimizdən gələni edirik (Yəh. 13:34, 35). Yehovanın bütün müharibələrə əbədiyyən son qoyacağı vaxtı səbirsizliklə gözləyirik. O vaxta qədər isə gəlin nə olursa olsun, həmişə bitərəf qalaq! (Zəb. 46:9).

a Bəzən İsrail qəbilələri bir-biri ilə döyüşürdü, halbuki daxildə gedən bu cür çəkişmələr Yehovaya xoş getmirdi (1 Pad. 12:24). Amma çox nadir hallarda olurdu ki, Yehova bu cür döyüşlərə razılıq verirdi. Çünki bəzi qəbilələr Yehovadan ya üz döndərirdi, ya da dəhşətli günahlar işləyirdi (Hak. 20:3—35; 2 Saln. 13:3—18; 25:14—22; 28:1—8).