Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

Yehova Öz təşkilatına rəhbərlik edir

Yehova Öz təşkilatına rəhbərlik edir

«“Hərb gücü ilə yox, güc-qüvvə ilə yox, Mənim ruhumla”,— deyir ordular Allahı Yehova» (ZƏK. 4:6).

NƏĞMƏ 40 Kimə məxsussan sən?

İCMAL *

1. Vəftizdən sonra hər bir məsihi nə etməyə davam etməlidir?

VƏFTİZ olunmusunuz? Əgər olmusunuzsa, hamının qarşısında Yehovaya imanınızı və təşkilatı * ilə birgə Ona ibadət etmək istəyinizi bildirmisiniz. Şübhəsiz ki, Yehovaya imanınız getdikcə artmalıdır. Həmçinin Yehovanın Öz niyyətini bu gün təşkilatı vasitəsilə həyata keçirdiyinə əminliyinizi möhkəmləndirməlisiniz.

2, 3. Bu gün Yehova Öz təşkilatına necə rəhbərlik edir? Nümunə gətirin.

2 Bu gün Yehovanın təşkilatına rəhbərlik etmək tərzində Onun keyfiyyətləri, məqsədləri və qayda-qanunları əks olunur. Gəlin Yehovaya xas üç özəllik haqda danışaq.

3 Birincisi, «Allah ayrı-seçkilik etməyən Allahdır» (Həv. 10:34). Məhəbbətdən irəli gələrək Yehova Oğlunu «fidyə kimi hamıdan ötrü» qurban verib (1 Tim. 2:6; Yəh. 3:16). Yehova qulaq asmaq istəyən hər kəsə xalqı vasitəsilə müjdəni çatdırır və beləcə, daha çox insana fidyə sayəsində xilas olmaq imkanı yaradır. İkincisi, Yehova nizam-intizam və sülh Allahıdır (1 Kor. 14:33, 40). Buna görə də Onun xidmətçiləri bir qrup kimi nizamlı və sülh içində xidmət edir. Üçüncüsü, Yehova Böyük Nəsihətçidir (Əşy. 30:20, 21). Bu səbəbdən təşkilatı həm yığıncaqda, həm də xidmətdə insanlara Allahın Kəlamını öyrətmək üçün əlindən gələni edir. İlk məsihi yığıncağı Yehovaya xas bu üç özəlliyi necə təzahür etdirirdi? Bizim dövrümüzdə bu necə görünür? Müqəddəs ruh Yehovanın təşkilatı ilə əməkdaşlığımıza necə kömək edir?

ALLAH AYRI-SEÇKİLİK ETMƏYƏN ALLAHDIR

4. Həvarilərin işləri 1:8 ayəsində qeyd olunduğu kimi, İsa Məsih davamçılarına nə buyurmuşdu və onlar hansı köməyi aldılar?

4 Birinci əsrdə. İsa Məsihin bəyan etdiyi müjdə bütün bəşəriyyətə ümid bəxş edirdi (Luka 4:43). O, davamçılarına buyurmuşdu ki, onun başladığı işi davam etdirsinlər və «yerin ucqarlarınadək» şahidlik versinlər. (Həvarilərin işləri 1:8 ayəsini oxuyun.) Əlbəttə, onlar bu işi öz güclərinə edə bilməzdilər. Onların İsa Məsihin vəd etdiyi «köməkçi»yə, yəni müqəddəs ruha ehtiyacları var idi (Yəh. 14:26; Zək. 4:6).

5, 6. Müqəddəs ruh İsanın davamçılarına hansı yollarla kömək edirdi?

5 İsanın davamçıları müqəddəs ruhu eramızın 33-cü ilinin Əllinci gün bayramında aldılar. Müqəddəs ruhun köməyilə onlar dərhal təbliğ etməyə başladılar və qısa müddətdə minlərlə insan xoş xəbərə hay verdi (Həv. 2:41; 4:4). Təqiblər baş qaldıranda şagirdlər qorxuya qapılmadı, Allaha üz tutub dua etdilər: «Öz qullarına qüvvət ver ki,.. Sənin sözünü bundan sonra da cəsarətlə danışaq». Beləcə, onlar müqəddəs ruhla doldu və «Allahın sözünü cəsarətlə danışmağa» davam etdilər (Həv. 4:18—20, 29—31).

6 İsanın davamçıları başqa çətinliklərlə də üzləşirdilər. Məsələn, əllərində Müqəddəs Yazıların çox az nüsxəsi var idi. Onlarda bizdə olan təlim vəsaitləri yox idi. Üstəlik, şagirdlər müxtəlif dillərdə danışan insanlara təbliğ etməli idi. Bu əngəllərə baxmayaraq, şövqlü şagirdlər mümkünsüz görünən işi həyata keçirdilər, cəmi-cümlətanı bir neçə onilliyə müjdəni «səma altında yaşayanların hamısına» təbliğ etdilər (Kol. 1:6, 23).

7. Məsihilər təxminən 100 il bundan qabaq Allahın onlardan nə gözlədiyini haradan bilirdilər və buna necə əməl etdilər?

7 Müasir dövrdə. Yehova bu gün də xalqına rəhbərlik etməyə və qüvvət verməyə davam edir. Əlbəttə ki, O, rəhbərliyini başlıca olaraq müqəddəs ruhu ilə yazdırdığı Kəlamı vasitəsilə verir. Orada İsa Məsihin xidməti və başladığı işi davam etdirməklə bağlı şagirdlərinə verdiyi əmr yer alır (Mət. 28:19, 20). Hələ 1881-ci ildə bu jurnalın iyul sayında yazılmışdı: «Bizim çağırılmağımızın və məsh olunmağımızın səbəbi şöhrət, yaxud var-dövlət qazanmaq deyil, əksinə, canımızı və malımızı xoş xəbərin təbliğinə sərf etməkdir». 1919-cu ildə dərc olunan «Bu iş kimə həvalə olunub?» adlı bukletdə yazılmışdı: «Nə qədər nəhəng görünsə də, bu, Ağamızın işidir və onun verdiyi güc sayəsində bunun öhdəsindən gələcəyik». Bəli, birinci əsrdəki məsihilər kimi, bu məsihilər də cəsarətli idi və işə bütün canlarını qoydular. Çünki əmin idilər ki, müqəddəs ruh onlara hər cür insana təbliğ etməyə kömək edəcək. Bu əminlik bizdə də var.

Yehovanın təşkilatı xoş xəbərin yayılması üçün mümkün olan ən yaxşı vəsaitlərdən istifadə edib (8 və 9-cu abzaslara baxın)

8, 9. Təbliğ işinin irəliləməsi üçün təşkilat hansı üsullardan istifadə edib?

8 Yehovanın təşkilatı xoş xəbərin yayılması üçün həmişə mümkün olan ən yaxşı vəsaitlərdən istifadə edir. Bura çap olunmuş nəşrlər, «Yaradılış fotodramı», fonoqraf, səsgücləndirici quraşdırılan maşınlar, radioyayım, hal-hazırda isə rəqəmsal texnologiyaların istifadəsi daxildir. Həmçinin təşkilat tarixdə görülməmiş miqyasda tərcümə işini həyata keçirir. Məqsəd odur ki, bütün millətlərdən olan insanlar öz ana dilində xoş xəbəri eşidə bilsin. Yehova ayrı-seçkilik etməyən Allahdır, O peyğəmbərlik etmişdi ki, müjdə «hər xalqa, tayfaya, dilə və ümmətə» car çəkiləcək (Vəhy 14:6, 7). O istəyir ki, Padşahlıq haqda xəbəri hamı eşidə bilsin.

9 Bəs mühafizə olunan evlərdə yaşayan, yaxud başqa səbəblərə görə əlaqə yarada bilmədiyimiz insanlar haqda nə demək olar? Bunu nəzərə alaraq, Yehovanın rəhbərliyi ilə təşkilat müxtəlif ictimai şahidlik növlərindən istifadə etməyə başladı. Məsələn, 2001-ci ildə Rəhbərlik Şurası Fransada, sonra isə başqa ərazilərdə ədəbiyyat arabalarının və nəşrlərimizi sərgiləyən digər vasitələrin istifadəsinə razılıq verdi. Bu, çox gözəl bəhrələr gətirdi. 2011-ci ildə Nyu-York şəhərinin (ABŞ) ən qələbəlik ərazilərinin birində yeni layihə sınaqdan keçirildi. İlk bir ildə 102 129 kitab və 68 911 jurnal paylandı. 4701 nəfər isə Müqəddəs Kitabı öyrənmək istəyini bildirdi! Gün kimi aydın idi ki, Yehova müqəddəs ruhu ilə bu işi dəstəkləyirdi. Buna görə də Rəhbərlik Şurası ictimai şahidliyin bu üsulunun bütün dünyada istifadə olunmasına razılıq verdi.

10. Xidmətimizi yaxşılaşdırmaq üçün nə edə bilərik?

10 Sizin öhdənizə nə düşür? Yehovanın yığıncaqda verdiyi təlimdən tam yararlanın. Təbliğ qrupunuzla müntəzəm əməkdaşlıq edin. Onlar sizə təbliğçi kimi püxtələşməyə kömək edə bilər və öz gözəl nümunələri ilə ruhlandıra bilər. Çətinliklərlə üzləşsəniz də, təbliğdən qalmayın. Məqalənin əsas ayəsində də vurğulandığı kimi, biz Allahın iradəsini öz gücümüzlə yox, müqəddəs ruhun köməyilə həyata keçiririk (Zək. 4:6). Axı biz Allahın buyurduğu işi görürük.

YEHOVA NİZAM-İNTİZAM VƏ SÜLH ALLAHIDIR

11. Birinci əsrdə rəhbərlik şurası nizam-intizamı qorumaq üçün necə əməkdaşlıq etmişdi?

11 Birinci əsrdə. Yerusəlimdəki rəhbərlik şurası Allahın xalqı arasında nizam-intizamı və sülhü qorumaq üçün birlik içində əməkdaşlıq edirdi (Həv. 2:42). Məsələn, eramızın 49-cu ilində sünnət məsələsi qalxanda rəhbərlik şurası müqəddəs ruhun yönləndirməsi ilə bu işi araşdırdı. Əgər yığıncaqda ikitirəlik davam etsəydi, bu, təbliğ işinə mane olacaqdı. Həvarilər və ağsaqqallar yəhudi olsalar da, nə yəhudi adət-ənənəsinin, nə də onun qəti tərəfdarlarının təsiri altına düşmədilər. Əksinə, Allahın Kəlamını araşdırdılar və müqəddəs ruhun rəhbərliyini axtardılar (Həv. 15:1, 2, 5—20, 28). Bəs nəticə nə oldu? Yehova onların qərarına bərəkət verdi, sülh və birlik qorundu və təbliğ işi irəlilədi (Həv. 15:30, 31; 16:4, 5).

12. Müasir dövrdə Yehovanın təşkilatında nizamın və sülhün olduğu nədən görünür?

12 Müasir dövrdə. Yehovanın xalqı arasında sülhün və nizamın olması üçün təşkilat bir sıra işlər həyata keçirib. Hələ 1895-ci ildə «Sion Gözətçi qülləsi və Məsihin hüzurunun carçısı» jurnalının 15 noyabr sayında «Ədəb-ərkanla və nizamla» adlı məqalə yer almışdı. 1 Korinflilərə 14:40 ayəsinə əsaslanan bu məqalədə deyilirdi: «Həvarilər ilk məsihi yığıncağına nizam-intizamla bağlı çox şey yazırdılar... Vacibdir ki, “əvvəlcədən... bizə nəsihət olaraq” yazılanlara ciddi əməl etməyə davam edək» (Rom. 15:4). Birinci əsrdəki məsihiləri səciyyələndirən nizam və sülh bu gün də Yehovanın təşkilatının amalıdır. Məsələn, istər başqa yığıncağa gedin, istərsə də başqa ölkəyə, həmin həftə «Gözətçi qülləsi»nin müzakirəsində hansı məqalənin araşdırılacağını və necə araşdırılacağını bilirsiniz. Özünüzü yad hiss etmirsiniz. Bu birlik Allahın ruhunun qüdrətidir! (Səf. 3:9).

13. Yaqub 3:17 ayəsinə əsasən, hansı sualların üzərində düşünməliyik?

13 Sizin öhdənizə nə düşür? Yehova istəyir ki, xalqı «sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi» qorusun (Efes. 4:1—3). Özünüzdən soruşun: «Yığıncaqda birliyin və sülhün olmasına dəstək oluram? Rəhbərlik edən qardaşlara tabe oluram? Başqaları mənə etibar edə bilir, xüsusilə də yığıncaqda hansısa məsuliyyətim varsa? Punktualam, insanların dadına yetirəm və xidmətə can yandırıram?» (Yaqub 3:17 ayəsini oxuyun.) Hansısa sahədə yaxşılaşmaq lazımdırsa, duada müqəddəs ruh diləyin. Müqəddəs ruhun sizi formalaşdırmasına və hərəkətlərinizə yön verməsinə nə qədər çox izin versəniz, bacı-qardaşlar sizi bir o qədər çox sevəcək və qiymətləndirəcək.

YEHOVA XALQINA TƏLİM VERİR

14. Koloslulara 1:9, 10 ayələrinə əsasən, Yehova birinci əsrdə xalqına necə təlim verirdi?

14 Birinci əsrdə. Yehova xalqına təlim verməkdən böyük zövq alır (Zəb. 32:8). İstəyir ki, xalqı Onu tanısın, sevsin və sevimli övladları kimi əbədi yaşasın. Təlim verməsəydi, bütün bunlar mümkün olmazdı (Yəh. 17:3). Yehova birinci əsrdəki xalqına yığıncaqlar vasitəsilə təlim verirdi. (Koloslulara 1:9, 10 ayələrini oxuyun.) Müqəddəs ruhun — İsanın vəd etdiyi «köməkçi»nin bunda böyük rolu var idi (Yəh. 14:16). Bu ruh məsihilərə Allahın Kəlamını daha yaxşı başa düşməyə və İsanın dediklərini və etdiklərini yadlarına salmağa kömək etdi, sonralar bu məlumatlar İncildə qələmə alındı. Bu bilik ilk məsihilərin imanını artırdı, həmçinin Allaha, Onun Oğluna və bir-birilərinə məhəbbətlərini möhkəmləndirdi.

15. Yehovanın Əşiya 2:2, 3 ayələrində yazılan vədinin həyata keçdiyinin necə şahidi olmusunuz?

15 Müasir dövrdə. Yehova qabaqcadan demişdi ki, zamanın sonunda bütün xalqlar Onun yollarını öyrənmək üçün məcazi dağına axışacaq. (Əşiya 2:2, 3 ayələrini oxuyun.) Bu peyğəmbərliyin yerinə yetdiyinin şahidiyik. Pak ibadət bütün yalan ibadətlərdən yüksəyə ucalır. Həmçinin Yehova xalqına ruhani ziyafət verir! (Əşy. 25:6). O, «sadiq və ağıllı nökər» vasitəsilə bol olmaqla yanaşı, cürbəcür ruhani qida verir: məqalələr, çıxışlar, qələm animasiyaları və videolar (Mət. 24:45). Biz Əyyubun dostu Əlihunun sözlərinə şərikik: «Allah... kimi nəsihətçi varmı?» (Əyy. 36:22).

Qoy həqiqət ürəyinizdə kök salsın və həyat yolunda bələdçiniz olsun (16-cı abzasa baxın) *

16. Yehovanın verdiyi təlimdən necə yararlana bilərsiniz?

16 Sizin öhdənizə nə düşür? Allahın ruhu Kəlamından öyrəndiyiniz bilikləri tətbiq etməyə kömək edəcək. Duanızda məzmurçu kimi deyin: «Yehova, mənə Öz yolunda təlim ver, həqiqətində addımlayım. Ürəyimi bütöv et ki, adından qorxum» (Zəb. 86:11). Yehovanın Kəlamını və təşkilatı vasitəsilə verdiyi nəşrləri mütaliə etməyə davam edin. Təbii ki, məqsədiniz təkcə bilik almaq deyil. İstəyirsiniz ki, həqiqət ürəyinizdə kök salsın və həyat yolunda bələdçiniz olsun. Bu işdə Yehovanın ruhu sizə kömək edə bilər. Həmçinin istəyirsiniz ki, dindaşlarınızı da ruhlandırasınız (İbr. 10:24, 25). Çünki onlar sizin ruhani ailənizdir. Yığıncaqda səmimi şərhlər verməyiniz, tapşırığınızı bacardığınız qədər yaxşı yerinə yetirməyiniz üçün duada Allahdan müqəddəs ruh diləyin. Bunları etməklə Yehovaya və İsaya göstərəcəksiniz ki, onların quzularını sevirsiniz (Yəh. 21:15—17).

17. Yehovanın təşkilatını sədaqətlə dəstəklədiyinizi hansı üsullarla göstərə bilərsiniz?

17 Tezliklə yer üzündə yalnız Allahın ruhu ilə idarə olunan təşkilat qalacaq. Ona görə də Yehovanın təşkilatı ilə sıx əməkdaşlıq edin. Ayrı-seçkilik etməyən Allahın məhəbbətini örnək alaraq qarşılaşdığınız bütün insanlara müjdəni bəyan edin. Allah nizam-intizamı və sülhü sevir, buna görə də Ondan örnək alaraq yığıncaqda birliyi qoruyun. Böyük Nəsihətçimizə qulaq asın, bunun üçün Onun verdiyi ruhani ziyafətdən tam yararlanın. Beləcə, Şeytan dünyasının sonu gələndə sizi qorxu bürüməyəcək. Cəsarətli olacaqsınız və Yehovanın sadiq xidmətçilərinin arasında duracaqsınız.

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

^ abz. 5 Yehovanın bu gün təşkilatına rəhbərlik etdiyinə əminsiniz? Bu məqalədə araşdıracağıq ki, Yehova ilk məsihi yığıncağına necə rəhbərlik edirdi və bu gün də Öz xalqına rəhbərlik etməyə necə davam edir.

^ abz. 1 BƏZİ İFADƏLƏRİN İZAHI. Yehovanın təşkilatının həm səmavi, həm də yerüzü hissəsi var. Bu məqalədə istifadə olunan «təşkilat» sözü yerüzü hissəsinə aiddir.

^ abz. 52 ŞƏKLİN İZAHI: Öncül bacı videolarda təbliğçilərə tələbat olan ərazilərdə xidmət edənlərə baxır. Onun da ürəyində istək yaranır. Nəticədə, o, məqsədinə çataraq bu cür ərazidə xidmət edir.