Mərd addım atan arimataylı Yusif
ÖZÜ özünə inana bilmir. Roma valisinin hüzuruna çıxmağa necə cəsarət tapa bildi? Axı Ponti Pilatın tərs olduğu hamıya məlum idi. Amma peyğəmbəri ləyaqətlə dəfn etmək üçün kimsə bu addımı atıb Pilatdan cəsədi istəməli idi. Vali ilə görüş düşündüyü qədər çətin keçmir. Pilat nəsrani İsanın öldüyünü dəqiqləşdirəndən sonra Yusifə rüsxət verir. Bu, cüzi də olsa, qəlbi yaralı Yusifə güc verir; o, valinin hüzurundan mürəxxəs olub edam yerinə tələsir (Mark 15:42—45).
-
Bəs arimataylı Yusif kim idi?
-
İsa Məsihlə onu nə bağlayırdı?
-
Bu hekayə bizim üçün hansı maraq kəsb edir?
SİNEDRİON ÜZVÜ
Markın qələmə aldığı İncildə Yusifin «Şuranın hörmətli üzvü» olduğu deyilir. Burada Şura deyilərkən Sinedrion, yəni yəhudilərin ali məhkəməsi və ali idarə orqanı nəzərdə tutulur (Mark 15:1, 43). Buradan məlum olur ki, Yusif xalqın rəhbərlərindən biri idi. Roma valisinin hüzuruna çıxa bilməsi elə bununla izah edilir. Onun varlı olması da sözsüz ki, tutduğu bu vəzifə ilə bağlı idi (Mət. 27:57).
Məsihin şagirdi olduğunu deməyə cəsarətimiz var?
Sinedrion İsaya qənim kəsilmişdi, onun öldürülməsi üçün tədbir tökürdü. Yusif isə Şura yoldaşlarının əksəriyyətindən fərqli olaraq, «saleh və xeyirxah bir adam» idi; onlardan dürüstlüyü, möminliyi ilə seçilir, Allahın buyruqlarına sidqi-ürəklə boyun əyirdi (Luka 23:50). Yusifin həmçinin «Allahın Padşahlığını gözlə»diyi deyilir. Çox güman ki, haqq, ədalət eşqi onu İsanın təliminə cəzb edib şagirdi olmasına səbəb olmuşdu (Mark 15:43; Mət. 27:57).
GİZLİ ŞAGİRD
Yəhya 19:38 ayəsində qeyd olunur ki, Yusif İsanın şagirdi olduğunu «yəhudilərin qorxusundan gizli» saxlayırdı. O, niyə onlardan qorxurdu? Yəhudilər İsaya nifrət edirdilər. Onlar söz qoymuşdular ki, İsaya iman edən hər kəs sinaqoqdan qovulsun (Yəh. 7:45—49; 9:22). Sinaqoqdan qovulmaq isə rüsvayçılıq idi. Belə insandan hamı yan gəzir, ona həqarət edirdi. Yusifin tərəddüdlərinə səbəb də elə bu idi. Onun üçün İsaya imanını açıq etiraf etmək mənsəbini, ad-sanını itirmək demək idi.
İki daş arasında qalan tək Yusif deyildi. Yəhya 12:42 ayəsində deyilir ki, «rəhbərlərin içindən çoxları [İsaya] iman etdi, amma fərisilərin qorxusundan bunu büruzə vermədilər, çünki sinaqoqdan qovulmaq istəmirdilər». Həmin rəhbərlərdən biri Sinedrion üzvü Nikodem idi (Yəh. 3:1—10; 7:50—52).
Yusif isə «şagird» idi. Ancaq bunu açıq bildirməyə ürək eləmirdi. Bu, ciddi məsələ idi. Axı İsa Məsih demişdi ki, «kim insanların qarşısında məni tanıdığını etiraf etsə, mən də göydəki Atamın qarşısında onu tanıdığımı etiraf edəcəyəm. Amma kim insanların qarşısında məni dansa, mən də göydəki Atamın qarşısında onu danacağam» (Mət. 10:32, 33). Düzdür, Yusif İsanı danmırdı, amma onu tanıdığını da etiraf etməyə cürət eləmirdi. Bəs bizim barəmizdə nə demək olar?
Qeyd etmək lazımdır ki, Yusif Sinedrionun İsaya qarşı qurduğu sui-qəsdə qol qoymamışdı (Luka 23:51). Bəzi fərziyyələrə görə, o, Məsihin məhkəmə iclasında iştirak etməmişdi. Hər necə olsa da, əminliklə demək olar ki, ədalətin amansızcasına tapdalandığının şahidi olan Yusifin ürəyi qan ağlayırdı. Təəssüf ki, o heç nəyi dəyişə bilməzdi.
TƏRƏDDÜDLƏRİN FƏTHİ
Bunun üstündən çox keçmir ki, Yusif qorxularına üstün gəlir və Ağanın şagirdlərinə qoşulur. Müqəddəs Kitabda deyilir ki, İsanın edamından sonra «O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi» (Mark 15:43).
Yusif İsanın öldüyünü Pilatdan qabaq bilirdi (Mark 15:44). Bu isə ona dəlalət edir ki, o, Məsihin edamının şahidi olmuşdu. Bəlkə, elə o dəhşətli səhnə onun vicdanını tərpətmiş, qəti addım atmalı olduğunu anlamağa sövq etmişdi? Bəlkə də. Ən azından onu deyə bilərik ki, nəsə onu hərəkətə vadar etmişdi. Artıq o, gizli şagird olmaq istəmirdi.
MƏSİHİN DƏFNİ
Yəhudi qanununa əsasən, ölüm hökmü almış insanın cəsədi gün batmamış basdırılmalı idi (Qan. 21:22, 23). Romalılar isə cəsədi ya dirəkdə çürüdür, ya da ümumi məzara tullayırdılar. Amma Yusifin könlü razı olmazdı ki, peyğəmbərin cəsədi ilə bu cür davranılsın. Edam yerinin yaxınlığında Yusifin qayada oyulmuş təzə sərdabəsi var idi. Bu sərdabənin hələ istifadə olunmadığı ona işarə edir ki, Yusif Arimataydan * Yerusəlimə təzə köçmüşdü və buranı nəsil sərdabəsi kimi istifadə etməyi nəzərdə tuturdu (Luka 23:53; Yəh. 19:41). Yusifin İsa Məsihi öz nəsil sərdabəsində dəfn etməsi alicənab addım idi. Üstəlik, bununla Məsih haqqında deyilmiş peyğəmbərlik yerinə yetdi: «Ona... öləndə dövlətlilərin yanında yer verildi» (Əşy. 53:5, 8, 9).
Yehova ilə münasibətimizi hər şeydən üstün tuturuq?
Dörd Müjdənin dördündə də qeyd olunur ki, İsa Məsihin cəsədi dirəkdən düşürüləndən sonra Yusif onu zərif kətana bürüdü və sərdabəsinə qoydu (Mət. 27:59—61; Mark 15:46, 47; Luka 23:53, 55; Yəh. 19:38—40). Müqəddəs Kitabda Yusifə Nikodemin kömək etdiyi göstərilir. Orada deyilir ki, o, dəfn üçün ədviyyatlar gətirmişdi. Yusif və Nikodemin tutduğu vəzifəni nəzərə alsaq, onlar cəsədi tək başına daşımaz, çox güman ki, bu işi qulluqçulara gördürərdilər. Bununla belə, bu iki kişinin gördüyü tədbir böyük mərdlik tələb edirdi. Əvvəla, ona görə ki, cəsədə toxunan insan yeddi gün murdar sayılırdı, toxunduğu hər şey də murdar olurdu (Say. 19:11; Həq. 2:13). Bu isə o demək idi ki, Yusif və Nikodem Pasxa həftəsi ərzində başqalarından təcriddə qalmalı, heç bir bayram tədbirində iştirak etməməli idilər (Say. 9:6). Bundan başqa, İsanın dəfni üçün vəsatətçilik edərkən Yusif bilirdi ki, həmkarlarının rişxənd hədəfinə çevrilə bilər. Lakin indi o, hər şeyə hazır idi, ölünü hörmətlə basdırdığına görə istehzalara dözməyə də, özünü Məsihin şagirdi elan etməyə də.
SADİQ ŞAGİRD
Məsihin dəfni ilə əlaqədar əhvalatdan başqa Arimataylı Yusifin adına İncilin heç bir yerində rast gəlinmir. Odur ki, bu möminin həyatının sonrakı illəri haqda heç nə deyə bilmərik. Lakin yuxarıdakı faktların işığında yəqin etmək olar ki, o, artıq məsihi olduğunu deməkdən çəkinmirdi. Əgər üzləşdiyi gərgin anlarda onun iman və cəsarəti zəifləməyib, əksinə, artmışdısa, onun bundan sonra da Ağasına sadiq qaldığını düşünməyimizə əsas var.
Qoy bu əhvalat bizi özümüzü təhlil etməyə sövq etsin. Özümüzdən soruşaq: «Ad-san, vəzifə, mal-mülk, qohumluq bağları, elə azadlığın özü mənim üçün Yehova Allahla münasibətimdən üstün deyil ki?»
^ abz. 18 Arimatayın Rama (müasir Rantis) şəhəri olduğu ehtimal edilir. Yerusəlimdən 35 kilometr şimal-qərbdə yerləşən bu şəhər İşmuil peyğəmbərin vətəni idi (1 İşm. 1:19, 20).