Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 44

Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun

Son gəlməzdən qabaq möhkəm dostluqlar qurun

«Əsl dost hər zaman sevər» (MƏS. 17:17).

NƏĞMƏ 101 Birlik içində yaşayaq

İCMAL *

Böyük müsibət zamanı yaxşı dostlara ehtiyacımız olacaq (2-ci abzasa baxın) *

1, 2. 1 Butrus 4:7, 8 ayələrinə əsasən, çətinliklərin öhdəsindən gəlməyə bizə nə kömək edəcək?

AXIRZAMANIN axırı yaxınlaşdıqca, ola bilsin, daha ağır çətinliklərlə üzləşəcəyik (2 Tim. 3:1). Qərbi Afrikadakı bir ölkədə seçkilərdən sonra ictimai iğtişaşlar və kütləvi hücumlar baş qaldırmışdı. Ölkə döyüş zonasına çevrildiyindən bacı-qardaşlar altı aydan çox təhlükə altında yaşamışdılar. Belə bir ağır dönəmdə onlara dözməyə nə kömək etdi? Bəziləri nisbətən təhlükəsiz ərazidə yaşayan bacı-qardaşların evlərinə sığındı. Bir qardaş deyir: «Həmin vaxt ətrafımda dostlarımın olduğuna görə sevinirdim. Biz bir-birimizə dayaq olurduq».

2 «Böyük müsibət» başlayanda ətrafımızda bizi sevən yaxşı dostlarımız olduğuna görə çox sevinəcəyik (Vəhy 7:14). Odur ki, bu gün möhkəm dostluqlar qurmaq vacibdir. (1 Butrus 4:7, 8 ayələrini oxuyun.) Ərəmya peyğəmbərin nümunəsindən çox şey öyrənə bilərik. Yerusəlim dağılan ərəfədəki ağır dönəmdə dostları ona sağ qalmağa kömək etdilər *. Ərəmyanın nümunəsini necə təqlid edə bilərik?

ƏRƏMYADAN ÖRNƏK ALIN

3. a) Hansı səbəblər Ərəmyanın təkliyə çəkilməsinə gətirib çıxara bilərdi? b) Ərəmya mirzəsi Bəruxa nələri danışmışdı və bu, hansı nəticəni vermişdi?

3 Ərəmya azı 40 il ərzində sədaqətsiz insanların arasında yaşayıb. Doğma yurdu Ənatutdan olan qonşuları, hətta ehtimal ki, bəzi qohumları da onların sırasında idi (Ərm. 11:21; 12:6). Amma Ərəmya təkliyə çəkilmirdi. O, hisslərini sadiq mirzəsi Bəruxla bölüşürdü. Biz də bu yazılanların sayəsində onun keçirdiyi hisslərdən agahıq (Ərm. 8:21; 9:1; 20:14—18; 45:1). Yəqin ki, Bərux Ərəmyanın həyatında baş verənləri qələmə aldıqca onların bir-birinə qarşı hörməti artır, dostluq telləri möhkəmlənirdi (Ərm. 20:1, 2; 26:7—11).

4. Yehova Ərəmyaya hansı tapşırığı vermişdi və bu tapşırıq Ərəmya ilə Bəruxun dostluğunu necə möhkəmləndirmişdi?

4 Uzun illər ərzində Ərəmya israilliləri Yerusəlimin başına gələcək hadisələr haqda cəsarətlə xəbərdar edirdi (Ərm. 25:3). Yehova xalqı növbəti dəfə tövbəyə təşviq etmək üçün Ərəmyaya bu xəbərdarlıqları tumara yazmağı buyurmuşdu (Ərm. 36:1—4). Ərəmya ilə Bərux Yehovanın tapşırdığı işi yerinə yetirmək üçün ehtimal ki, bir neçə ay ərzində birgə çalışmışdı. Sözsüz ki, bu vaxt ərzində onların arasında imanı möhkəmləndirən söhbətlər olurdu.

5. Bəruxun Ərəmyaya yaxşı dost olduğu nədən görünür?

5 Onlar tumarı yazıb qurtaranda Ərəmya dostu Bəruxun bu xəbəri insanlara çatdıracağına etibar etməli idi (Ərm. 36:5, 6). Bərux bu təhlükəli təyinatın öhdəsindən cəsarətlə gəldi. Təsəvvür etmək olar, Bərux məbədin həyətinə gedib tapşırılan işi yerinə yetirəndə Ərəmya onunla necə qürur duymuşdu (Ərm. 36:8—10). Yəhuda əyanları Bəruxun etdiyindən xəbər tutanda tumarda yazılanları ucadan onlara da oxumasını əmr edir! (Ərm. 36:14, 15). Əyanlar Ərəmyanın dediklərini padşah Yəhyakimə çatdırmaq qərarına gəlir. Onlar narahatlıq içində Bəruxa deyir: «Get gizlən. Sən də, Ərəmya da gizlənin. Yerinizi heç kim bilməsin» (Ərm. 36:16—19). Bu, yaxşı məsləhət idi!

6. Müqavimətlə üzləşən Ərəmya və Bərux nə edir?

6 Padşah Yəhyakim Ərəmyanın yazdığı sözləri eşidəndə qəzəbdən tumarı yandırır və Ərəmyanı da, Bəruxu da həbs etməyi əmr edir. Amma Ərəmya qorxmur. O, başqa bir tumar götürüb Bəruxa verir və Allahın xəbərini Bəruxa diktə edir. Bərux «Yəhuda padşahı Yəhyakimin yandırdığı birinci tumardakı sözləri eynən» yazır (Ərm. 36:26—28, 32).

7. Ərəmya ilə Bəruxun əməkdaşlığının onların münasibətinə hansı təsiri ola bilərdi?

7 Adətən çətinliklərə birgə dözən insanlar arasında sıx dostluq münasibətləri yaranır. Ərəmya və Bərux da zalım padşah Yəhyakimin yandırdığı tumarı yenidən yazmaq üçün əməkdaşlıq etməli olmuşdu. Çox yəqin ki, bu zaman onlar bir-birini daha yaxından tanımış və aralarında dostluq telləri daha da möhkəmlənmişdi. Bu iki sədaqətli insanın nümunəsindən nə öyrənirik?

SƏMİMİ ÜNSİYYƏT

8. Yaxın dostluq münasibətləri qurmağımıza nə mane ola bilər, bəs nəyə görə təslim olmamalıyıq?

8 Ola bilsin, keçmişdə kimsə qəlbimizi qırdığı üçün başqalarına ürəyimizi açmaq çətindir (Məs. 18:19, 24). Yaxud yaxın dostluq münasibətləri qurmaq üçün vaxtımızın və gücümüzün olmadığını düşünə bilərik. Lakin təslim olmamalıyıq. Sınaqlar zamanı bacı-qardaşların bizə arxa-dayaq olmasını istəyiriksə, hisslərimizi və düşüncəmizi onlarla bölüşməyi indidən öyrənməliyik. Bu, həqiqi dostluğa aparan vacib addımdır (1 But. 1:22).

9. a) İsa Məsih dostlarına etibar etdiyini necə göstərmişdi? b) Səmimi söhbət başqaları ilə münasibətləri necə möhkəmləndirir? Nümunə çəkin.

9 İsa Məsihin dostlarına etibar etdiyi onlarla səmimi, açıq söhbət etməsindən görünür (Yəh. 15:15). Biz də İsadan örnək alaraq sevincimizi, kədərimizi, narahatlığımızı dostlarımızla bölüşə bilərik. Biri sizinlə danışan zaman onu diqqətlə dinləyin, bəlkə də, fikirlərinizin, hisslərinizin və məqsədlərinizin nə qədər oxşar olduğunu görəcəksiniz. Gəlin 29 yaşlı Sindi bacının nümunəsinə nəzər salaq. O, 67 yaşlı Mari-Luiza adlı öncül bacı ilə dostdur. Onlar hər cümə axşamları birgə təbliğə gedir, müxtəlif mövzular haqda bir-biri ilə rahat danışırlar. Sindi deyir: «Dostlarımla söhbət etməyi çox sevirəm, bu, onları daha yaxşı tanımağa və anlamağa kömək edir». Sindi kimi başqaları ilə səmimi, mehriban ünsiyyətə can atsanız, aranızdakı dostluq daha da möhkəmlənəcək (Məs. 27:9).

ƏMƏKDAŞLIQ EDİN

Yaxşı dostlar xidmətdə əməkdaşlıq edir (10-cu abzasa baxın)

10. Məsəllər 27:17 ayəsinə əsasən, dindaşlarımızla əməkdaşlıq hansı nəticələri verir?

10 Ərəmyanın və Bəruxun hadisəsində olduğu kimi, biz də dindaşlarımızla xidmətdə əməkdaşlıq edəndə, onların gözəl xüsusiyyətlərinə diqqət yetirəndə həm onlardan öyrənir, həm də daha yaxın oluruq. (Məsəllər 27:17 ayəsini oxuyun.) Misal üçün, xidmət zamanı dostunuz cəsarətlə imanını müdafiə edəndə, yaxud Yehova və Onun vədləri barədə ürəkdən və əminliklə danışanda sizə necə təsir bağışlayır? Əlbət ki, ona məhəbbətiniz daha da artır.

11, 12. Xidmətdə iştirak etməyin dostluq münasibətlərini möhkəmləndirdiyinə dair nümunə çəkin.

11 Xidmətdə iştirak etməyin münasibətləri necə möhkəmləndirdiyinə dair iki nümunəyə baxaq. 23 yaşlı Adelina bacı Kandis adlı rəfiqəsinə az təbliğ olunan ərazidə birgə xidmət etməyi təklif edir. O deyir: «Daha şövqlə xidmət edib daha çox sevinc əldə etmək istəyirdik. İkimizin də ruhani dəstəyə ehtiyacı var idi». Əməkdaşlıq onlara necə fayda gətirdi? Adelina deyir: «Hər günün sonunda təəssüratlarımızı bölüşürdük, xidmətdə etdiyimiz söhbətlərin bizi necə ruhlandırdığından və Yehovanın bizə necə rəhbərlik etdiyindən danışırdıq. Bu dərin söhbətlər hər ikimizin ürəyinə yağ kimi yayılırdı və bir-birimizi daha yaxından tanıyırdıq».

12 Fransadan olan Layla və Marianna adlı iki subay bacı Mərkəzi Afrika Respublikasının paytaxtına, əhalinin sıx məskunlaşdığı Bangi şəhərinə beş həftəlik təbliğ etməyə getmişdi. Layla deyir: «Çətinliklərimiz oldu. Lakin yaxşı ünsiyyətin və aramızdakı məhəbbətin sayəsində dostluğumuz möhkəmləndi. Mariannanın istənilən vəziyyətə uyğunlaşmaq bacarığını, yerli əhaliyə sevgisini, xidmətə necə canla-başla yanaşdığını gördükcə ona valeh olurdum». Lakin bu cür xeyir-dualar almaq üçün xaricə köçməyinizə ehtiyac yoxdur. Hər dəfə ərazinizdə bacı və ya qardaşla xidmətə çıxanda bir-birinizi yaxından tanımaq və dostluq münasibətlərinizi möhkəmləndirmək imkanınız olur.

YAXŞI CƏHƏTLƏRİ GÖRMƏYİ VƏ BAĞIŞLAMAĞI ÖYRƏNİN

13. Bacı-qardaşlarla sıx əməkdaşlıq edəndə bəzən nə baş verir?

13 Bacı-qardaşlarla sıx əməkdaşlıq edəndə bəzən onların güclü tərəfləri ilə yanaşı, zəif tərəflərini də görürük. Səhvlərinə rəğmən onlarla yaxın dost qalmaq üçün nə edə bilərik? Gəlin Ərəmyanın nümunəsinə yenidən nəzər salaq. O, nəyin sayəsində diqqətini insanların müsbət xüsusiyyətinə cəmləyə və onların səhvlərini bağışlaya bilirdi?

14. Ərəmya Yehovadan nə öyrənmişdi və bu ona necə kömək etmişdi?

14 Ərəmya öz adını daşıyan kitabı, həmçinin ehtimal ki, 1-ci və 2-ci Padşahlar kitabını yazıb. Şübhəsiz, bu tapşırıq sayəsində o, Yehovanın qeyri-kamil insanlara necə mərhəmətlə yanaşdığını xüsusilə görüb. Misal üçün, Ərəmya bilirdi ki, Əhəb tövbə etdiyi üçün Yehova onun yaşadığı müddətdə ev əhlini məhv etmədi (1 Pad. 21:27—29). Həmçinin Ərəmya Mənəssənin Yehovaya qarşı Əhəbdən daha çox günah etdiyini bilirdi. Lakin Mənəssə tövbə etdiyi üçün Yehova onu bağışlamışdı (2 Pad. 21:16, 17; 2 Saln. 33:10—13). Gərək ki, bu nümunələr Ərəmyaya dostları ilə münasibətdə Yehovanın səbir və mərhəmətini təqlid etməyə təşviq etmişdi (Zəb. 103:8, 9).

15. Bərux təyinatından yayınanda Ərəmya Yehovanın səbrini necə təqlid etdi?

15 Gəlin görək Bərux təyinatından yayınan zaman Ərəmya ona necə kömək etmişdi. O, dərhal dostunun düzəlməyəcəyini düşünmədi, əksinə, Yehovanın mülayim, lakin birbaşa xəbərini çatdıraraq ona kömək etdi (Ərm. 45:1—5). Bundan nə öyrənə bilərik?

Yaxşı dostlar ürəkdən bağışlamağı bacarır(16-cı abzasa baxın)

16. Məsəllər 17:9 ayəsinə əsasən, dostluğu qorumaq üçün nə etməliyik?

16 Aydındır ki, bacı-qardaşlarımızdan kamillik gözləməməliyik. Buna görə də dostluq münasibəti qurduqdan sonra münasibətlərimizin möhkəm qalması üçün var gücümüzlə çalışmalıyıq. Dostlarımız səhv edəndə onlara Allahın Kəlamı əsasında birbaşa, lakin mülayim məsləhət verə bilərik (Zəb. 141:5). Xətrimizə dəyəndə onları bağışlamalıyıq. Bağışladıqdan sonra isə səhvlərini nə özlərinin, nə də başqa kiminsə yanında dilə gətirməməliyik. (Məsəllər 17:9 ayəsini oxuyun.) Bu çətin günlərdə diqqətimizi bacı-qardaşların zəif yox, güclü cəhətlərinə cəmləmək olduqca vacibdir! Bunun sayəsində münasibətlərimiz möhkəmlənəcək və böyük müsibət zamanı ehtiyacımız olacaq dostlar qazanacağıq.

MƏHƏBBƏT GÖSTƏRİN

17. Ərəmya dar günün dostu olduğunu necə sübut etmişdi?

17 Ərəmya peyğəmbər dar günün dostu olduğunu sübut etmişdi. Misal üçün, saray məmuru Əbədməlik ölümə məhkum olmuş Ərəmyanı lilli quyudan xilas edəndən sonra öz canına görə narahat olur; qorxur ki, birdən əyanlar ona da nə isə edər. Ərəmya bunu eşidəndə düşünmür ki, dostu özü öz başına çarə qılar. Həbsdə olmasına baxmayaraq, o, əlindən gələni edir; Yehovanın təsəlliverici vədini dostu Əbədməliklə bölüşür (Ərm. 38:7—13; 39:15—18).

Yaxşı dostlar çətin anlarda bir-birinə dayaq olur (18-ci abzasa baxın)

18. Məsəllər 17:17 ayəsinə əsasən, dar günündə dostumuza necə kömək etməliyik?

18 Bu gün bacı-qardaşlar müxtəlif çətinliklərlə üzləşir. Məsələn, çoxları zəlzələ, yaxud müharibə kimi fəlakətlərdən əziyyət çəkir. Bəzilərimiz bu kimi hallarla üzləşən dindaşlarımıza evimizin qapısını aça bilərik. Kim isə maddi dəstək ola bilər. Eyni zamanda, hər birimiz bacı-qardaşlarımıza kömək etməsi üçün Yehovaya dua edə bilərik. Dindaşımızın ruhdan düşdüyünü eşidəndə bəzən nə deyəcəyimizi, nə edəcəyimizi bilmirik. Amma əslində hamımızın kömək etmək imkanı var. Misal üçün, onlara vaxt ayıra bilərik. Danışarkən canıyananlıqla dinləyə bilərik. Həmçinin sevdiyimiz ayələrlə onları ruhlandıra bilərik (Əşy. 50:4). Əsas odur ki, dar günündə dostumuzun yanında olaq. (Məsəllər 17:17 ayəsini oxuyun.)

19. İndi qurduğumuz möhkəm dostluq münasibətləri gələcəkdə bizə necə kömək edəcək?

19 İndidən bacı-qardaşlarımızla möhkəm dostluq münasibətləri qurmağa və bu münasibətləri qorumağa qətiyyətli olmalıyıq. Çünki düşmənlərimiz yalanlar və səhv məlumatlar vasitəsilə aramıza nifaq salmağa çalışacaq. Onlar bizi bir-birimizə qarşı qaldırmağa çalışacaq. Lakin cəhdləri uğursuz olacaq. Düşmənlərimiz aramızdakı məhəbbət bağlarını qopara bilməyəcək. Onlar heç bir yolla qurduğumuz dostluq münasibətlərini dağıda bilməyəcək. Aramızdakı dostluq nəinki bu dövrün sonuna qədər, hətta əbədiyyət boyu davam edəcək!

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

^ abz. 5 Son yaxınlaşdıqca hər birimiz dindaşlarımızla münasibətimizi daha da möhkəmləndirməliyik. Bu məqalədə Ərəmyanın nümunəsinə nəzər salacağıq. Həmçinin bu gün qurduğumuz sıx dostluq münasibətlərinin çətinliklər zamanı necə dadımıza çatacağını araşdıracağıq.

^ abz. 2 Ərəmya kitabında qələmə alınan hadisələr xronoloji ardıcıllıqla verilməyib.

^ abz. 57 ŞƏKLİN İZAHI. Böyük müsibət zamanı baş verə biləcək səhnənin təsviri. Bir neçə bacı-qardaş çardaqda yığışıb. Aralarında dostluq münasibəti olduğundan çətin vaxtda bir-birinə təsəlli verə bilirlər. Növbəti üç səhnə göstərir ki, bu bacı-qardaşlar böyük müsibət başlamazdan öncə möhkəm dostluq münasibətləri qurublar.