Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 15

Danışıqda nümunəsiniz?

Danışıqda nümunəsiniz?

«Danışıqda... sadiqlərə nümunə ol» (1 TİM. 4:12).

NƏĞMƏ 90 Bir-birimizi ruhlandıraq

İCMAL a

1. Danışma qabiliyyətimiz kimin hədiyyəsidir?

 DANIŞMA qabiliyyətimiz Allahın bizə hədiyyəsidir. İlk insan olan Adəm yarandığı vaxtdan səmavi Atası ilə danışa bilirdi. O həmçinin yeni sözlər yaradaraq söz ehtiyatını artıra bilirdi. Bütün heyvanlara ad qoymaq tapşırığının öhdəsindən elə bu bacarığının sayəsində gəlmişdi (Yar. 2:19). Onun gözəl həyat yoldaşı Həvva yarananda Adəm ilk dəfə idi ki, insanla söhbət edirdi. Yəqin, sevincinin həddi-hüdudu yox idi (Yar. 2:22, 23).

2. Həm keçmişdə, həm də indi danışma qabiliyyətindən yanlış istifadə olunduğunu nə göstərir?

2 Çox keçməmiş xilqət danışma qabiliyyətindən yanlış istifadə etməyə başladı. Şeytan İblis Həvvaya yalan söylədi və bunun nəticəsində insanlar günahlı və qeyri-kamil oldular (Yar. 3:1—4). Adəm öz günahına görə Həvvanı, hətta Yehovanı günahlandırmaqla danışma qabiliyyətindən düzgün istifadə etmədi (Yar. 3:12). Qabil qardaşı Habili öldürəndən sonra Yehovaya yalan danışdı (Yar. 4:9). Sonralar Qabilin nəslindən olan Ləmek öz dövründəki zorakılığı əks etdirən şeir qoşmuşdu (Yar. 4:23, 24). Bizim dövrümüzdə vəziyyət necədir? Biz görürük ki, siyasi liderlər abır-həya bilmədən ictimaiyyət qarşısında söyüş söyürlər. Ədəbsiz sözlərin olmadığı filmlərə rast gəlmək müşkül məsələdir. Şagirdlər məktəbdə, böyüklər işdə tez-tez söyüş eşidirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, pozğun danışığın bu qədər geniş yayılması yaşadığımız dünyada əxlaq dəyərlərinin nə qədər tənəzzülə uğradığını göstərir.

3. Hansı sahədə ehtiyatlı olmalıyıq və bu məqalədə nəyi araşdıracağıq?

3 Əgər ehtiyatlı olmasaq, qulağımız nalayiq danışığa öyrəşər və artıq biz də elə danışmağa başlayarıq. Əlbəttə, bir məsihi kimi, biz Yehovanın rəğbətini qazanmaq istəyirik. Buna görə də danışığımızda ədəbsiz sözlər istifadə etmirik. Amma bununla kifayətlənmirik. Yehovanın bəxş etdiyi danışma qabiliyyətindən yaxşı şəkildə, Onu şərəfləndirmək üçün istifadə edirik. Məqalədən 1) xidmətdə, 2) yığıncaqda və 3) adi söhbətlər zamanı bunu etməyin yolunu öyrənəcəyik. Amma əvvəla, gəlin görək nə üçün danışığımız Yehova üçün əhəmiyyət kəsb edir.

DANIŞIĞIMIZ YEHOVA ÜÇÜN ƏHƏMİYYƏTLİDİR

Danışığınız ürəyinizdə nələrin olduğunu göstərir? (4 və 5-ci abzaslara baxın) d

4. Məlaki 3:16 ayəsində yazılanlara əsasən, nəyə görə danışığımız Yehova üçün vacibdir?

4 Məlaki 3:16 ayəsini oxuyun. Nəyə görə Yehova «xatirə kitabı»na danışıqları ilə Ondan qorxduğunu və Onun haqda düşündüyünü göstərən insanların adını yazır? Çünki danışığımız ürəyimizdəkilərdən xəbər verir. İsa Məsih demişdi: «İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mət. 12:34). Danışdığımız mövzulardan Yehovanı nə dərəcədə sevdiyimiz görünür. Yehova istəyir ki, Onu sevən kəslər yeni dünyada əbədiyyən xoşbəxt olsunlar.

5. a) Danışığımız ibadətimizlə necə bağlıdır? b) Şəkildə göstərildiyi kimi, danışığımızla bağlı nələrə fikir verməliyik?

5 Danışığımızdan Yehovanın ibadətimizi qəbul edib-etməyəcəyi asılıdır (Yaq. 1:26). Allahı sevməyən xeyli insan aqressiv, kobud və təkəbbürlə danışır (2 Tim. 3:1—5). Sözsüz, biz onlara bənzəmək istəmirik. Biz danışığımızla Yehovanın rəğbətini qazanmağa can atırıq. Bəs əgər yığıncaqda, xidmətdə mehriban və mülayim danışırıqsa, amma evdə ailə üzvlərimizə qarşı kobuduqsa, Yehova bizdən razı qalar? (1 But. 3:7).

6. Kimberlinin yaxşı danışığı hansı gözəl nəticəni verdi?

6 Danışmaq ənamından düzgün şəkildə istifadə edəndə başqalarına Yehovanın xidmətçisi olduğumuzu göstəririk. Bunun sayəsində onlar «Allaha qulluq edənlə etməyən arasında fərqi» açıq-aydın görürlər (Məl. 3:18). Məsələn, götürək Kimberli bacını b. Məktəbdə oxuyanda sinif yoldaşı ilə ona bir layihə üzərində işləmək tapşırılmışdı. Birgə çalışdıqları müddətdə sinif yoldaşı görmüşdü ki, Kimberli digər uşaqlardan fərqlənir. O başqalarının arxasınca danışmırdı, söyüş söymürdü, mülayim idi. Bu onun sinif yoldaşının marağına səbəb oldu və nəticədə, o, Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Danışığımızla insanları həqiqətə cəlb edəndə görün Yehovanın qəlbi necə şad olur!

7. Yehovanın bəxş etdiyi danışmaq ənamından necə istifadə etmək istəyirsiniz?

7 Biz istəyirik ki, danışığımız Yehovanı şərəfləndirsin və bizi bacı-qardaşlara yaxınlaşdırsın. Buna görə də gəlin görək hansı üsullarla danışıqda nümunə ola bilərik.

XİDMƏTDƏ NÜMUNƏ OLUN

Xidmətdə mehriban danışmaqla Yehovanı sevindiririk (8 və 9-cu abzaslara baxın)

8. İsa Məsih xidmətdə danışığı ilə bizə hansı nümunəni qoyub?

8 Qarşınızdakı insan sizi əsəbiləşdirəcək nəsə desə də, mehriban və hörmətcil danışın. İsa Məsihi xidməti boyunca insanlar haqsız yerə ittiham edib deyirdilər ki, o, qarınquludur, şərab düşkünüdür, cinlərlə əlbirdir, şənbəni pozur, Allaha küfr edir (Mət. 11:19; 26:65; Luka 11:15; Yəh. 9:16). Amma İsa onların ittihamlarına qəzəblə cavab vermirdi. Biz də İsa kimi davranmalıyıq. Əgər bizimlə kobud danışırlarsa, eyni cür qarşılıq verməməliyik (1 But. 2:21—23). Təbii ki, bu zaman özümüzü ələ almaq asan deyil (Yaq. 3:2). Bəs bizə nə kömək edə bilər?   

9. Xidmətdə olarkən dilimizə hakim olmağa bizə nə kömək edə bilər?

9 Ev sakini sizə pis cavab verəndə çalışın, onun haqda müsbət düşünün. Sam adlı bir qardaş deyir: «Bu zaman fikirləşirəm ki, insanın həqiqəti eşitməyə ehtiyacı var və o, dəyişə bilər». Bəzən ev sakininin əsəbiləşməsinə səbəb münasib vaxtda gəlməməyimiz olur. Lusiya adlı bacı xidmətdə əsəbi insanla qarşılaşanda Yehovaya qısaca dua edib kömək istəyir ki, təmkinini qorusun və ağzından heç bir kobud söz çıxmasın. Biz də xidmətdə bu cür insanlarla rastlaşanda Lusiya bacı kimi davrana bilərik.

10. 1 Timutiyə 4:13 ayəsinə əsasən, qarşımıza hansı məqsədi qoymalıyıq?

10 Səriştəli müəllim olun. Timuti təcrübəli təbliğçi olsa da, daima ruhani cəhətdən inkişaf etməli idi. (1 Timutiyə 4:13 ayəsini oxuyun.) Biz səriştəli müəllim olmaq üçün nə edə bilərik? Təbliğə yaxşı hazırlaşmalıyıq. Bizim bir müəllim kimi püxtələşməyimizə kömək edəcək çoxlu vəsaitlərimiz var. «Özünü oxumağa və təlim verməyə həsr et» broşüründən və «Məsihi həyatı və ibadəti. İş dəftəri» vərəqəsinin «Səriştəli müjdəçi olun» bəndindən çox şey öyrənə bilərsiniz. Bu vəsaitlərdən istifadə edirsiniz? Qabaqcadan yaxşı hazırlaşmaq kömək edir ki, çox həyəcan keçirməyək və daha əminliklə danışaq.

11. Bəzi təbliğçilərə yaxşı müəllim olmağa nə kömək edib?

11 Həmçinin digər məsihiləri müşahidə etmək və onların nümunəsini izləmək bizə yaxşı müəllim olmağa kömək edəcək. Bayaq adı çəkilən Sam bəzi məsihilərin nəyin sayəsində yaxşı müəllim olduğu haqda düşünür, onların təlim üsullarına diqqət yetirir və çalışır ki, o da elə etsin. Talia adlı bacı təcrübəli natiq olan qardaşların mövzunu necə açıqladığına diqqət yetirir. O, bunun sayəsində xidmət zamanı hansısa mövzuda söhbət aparmağı öyrənib.

YIĞINCAQDA NÜMUNƏ OLUN

Yığıncaqda ürəkdən nəğmə oxumaqla Yehovanı tərənnüm edirik (12 və 13-cü abzaslara baxın)

12. Bəzilərinin nə kimi çətinliyi var?

12 Hər birimizin yığıncaqda nəğmə oxumaq, şərhlər vermək imkanı var (Zəb. 22:22). Amma bəzilərinə hamının içində bunu etmək çox çətindir. Bəs sizə? Əgər sizə də çətindirsə, yəqin, bilmək istəyərdiniz, başqaları bunun öhdəsindən necə gəlib.

13. Yığıncaqda həmd nəğmələrini ürəkdən oxumağınıza nə kömək edə bilər?

13 Nəğmələrimizi ürəkdən oxuyun. Nəğmələrimizi oxuyan zaman məqsədimiz Yehovanı vəsf etmək olmalıdır. Sara adlı bacı yaxşı oxumağı bacardığını düşünmür. Amma yenə də onun ürəyində Yehovanı nəğmələrdə tərənnüm etmək istəyi var. Bunun üçün o, yığıncağın digər bəndlərinə hazırlaşdığı kimi, nəğmələrə də hazırlaşır. O, nəğmələri məşq edir və sözlərinin yığıncaqda müzakirə olunacaq mövzu ilə əlaqəsini görməyə çalışır. O deyir: «Fikrimi nəğmənin sözlərinə cəmləyəndə yaxşı oxumağı bacarmadığıma görə çox narahat olmuram».

14. Utancaqsınızsa, yığıncaqda şərh verməyə sizə nə kömək edə bilər?

14 Müntəzəm olaraq şərh verin. Bəziləri üçün bu, əsl sınaqdır. Bayaq adı çəkilən Talia deyir: «Sosial fobiyam olduğu üçün şərh vermək mənə çox çətindir. Başqaları bunu bilmir, çünki həyəcanlandığım səsimdə hiss olunmur». Amma Talia buna rəğmən şərh verir. O, yığıncağa hazırlaşanda yadında saxlayır ki, ilk şərh qısa və sualın konkret cavabı olmalıdır. O deyir: «Bu, o deməkdir ki, şərhim qısadırsa, sadədirsə və yalnız əsas fikri əhatə edirsə, burada qəbahət bir şey yoxdur. Çünki görüşü aparan qardaş məhz belə bir cavab gözləyir».

15. Şərhlərimizlə bağlı nəyi unutmamalıyıq?

15 Hətta bəzən utancaq olmayan məsihilərə də şərh vermək çətin olur. Nəyə görə? Culiyet adlı bacı bəzən şərh verməməsinin səbəbini belə izah edir: «Narahat oluram ki, şərhim çox sadə olar, elə də yaxşı alınmaz». Unutmayın ki, şərh verərkən Yehova bizim bacarığımızı nəzərə alır, gücümüzdən artığını gözləmir c. O görəndə ki, biz həyəcanımıza və qorxumuza baxmayaraq, yığıncaqda Onu mədh edirik, bunu çox qiymətləndirir.

ADİ DANIŞIQDA NÜMUNƏ OLUN

16. Hansı növ danışıqdan uzaq durmalıyıq?

16 «Hər cür təhqiri kənara qoyun» (Efes. 4:31). Məqalənin əvvəlində qeyd olunduğu kimi, məsihinin ağzından söyüş çıxmamalıdır. Amma ilk baxışdan təhqir olduğu sezilməyən danışıq tərzindən də uzaq durmalıyıq. Məsələn, ehtiyatlı olmalıyıq ki, digər mədəniyyət, xalq, millət haqda danışanda xoşagəlməz müqayisələr etməyək. Həmçinin biz heç vaxt istəmərik ki, kəskin sözlərlə kiminsə qəlbini yaralayaq. Bir qardaş etiraf edir: «Olurdu ki, kiməsə kinayəli, acı sözlər deyirdim. Düşünürdüm ki, bu gülməlidir, burda pis bir şey yoxdur. Amma əslində insanın xətrinə dəyirdim. İllər ərzində yoldaşım mənə bu sahədə dəyişməyə çox kömək etdi. Mən kobud sözlərimlə ya onun, ya da kiminsə qəlbinə dəyəndə o, həmişə təklikdə mənə bunun düz olmadığını başa salırdı».

17. Efeslilərə 4:29 ayəsinə əsasən, başqalarının imanını necə möhkəmləndirə bilərik?

17 İmanı möhkəmləndirən sözlər söyləyin. İnsanları tənqid etməkdən və ya onlardan gileylənməkdənsə, onları tərifləyin. (Efeslilərə 4:29 ayəsini oxuyun.) İsraillilərin minnətdar olmaları üçün çox səbəbləri var idi. Amma onlar həmişə nəyəsə deyinirdilər. Deyingənlik başqalarına da sirayət edə bilər. Yadınızdadırsa, on kəşfiyyatçının gətirdiyi pis xəbər bütün israillilərin Musanın əleyhinə deyinməsinə səbəb oldu (Say. 13:31—14:4). Tərif sözləri isə insanı xoşbəxt etməyə qadirdir. Əminliklə deyə bilərik ki, İftahın qızı rəfiqələrinin tərif sözləri sayəsində xidmətini sədaqətlə yerinə yetirə bilmişdi (Hak. 11:40). Bayaq adı çəkilən Sara deyir: «Biz başqalarını tərifləyəndə onları əmin edirik ki, Yehova onları sevir və Onun təşkilatında dəyərli yerləri var». Buna görə də başqalarını ürəkdən tərifləmək üçün imkanlar axtarın.

18. Zəbur 15:1, 2 ayələrinə əsasən, nəyə görə həqiqəti danışmalıyıq və buna nə daxildir?

18 Düz danışın. Biz danışığımızda yalana yol veririksə, Yehovanı razı sala bilmərik. O, yalanın bütün növlərinə nifrət edir (Məs. 6:16, 17). Bu gün insanlar yalan danışmağa normal yanaşsa da, biz bu məsələyə Yehova kimi baxırıq. (Zəbur 15:1, 2 ayələrini oxuyun.) Təbii ki, biz qətiyyən ağ yalan danışmırıq, amma bununla yanaşı, başqalarında qəsdən səhv təəssürat oyadacaq sözlər də işlətmirik.

Xoşagəlməz söhbəti xoş söhbətə dəyişməklə Yehovanın rəğbətini qazanırıq (19-cu abzasa baxın)

19. Başqa hansı sahədə ehtiyatlı olmalıyıq?

19 Qeybət etməyin (Məs. 25:23; 2 Salon. 3:11). Bayaq adı çəkilən Culiyet qeybətin ona necə pis təsir etdiyi ilə bağlı deyir: «Yanımda kimsə qeybət edəndə bu məni məyus edir. Həm də qeybət edən insana etibarım itir. Necə inanım ki, o başqalarının yanında mənim qeybətimi etməyəcək?!» Əgər siz də görsəniz ki, söhbət qeybətə çevrilir, mövzunu dəyişib, yaxşı şeylər haqda danışın (Kol. 4:6).

20. Danışma qabiliyyətinizdən necə istifadə etməyə qərarlısınız?

20 Yaşadığımız dünyada nalayiq danışıq tüğyan edir. Buna görə də danışığımızın Yehovaya məqbul olması üçün var gücümüzlə çalışmalıyıq. Unutmayın, danışma qabiliyyəti Yehovanın hədiyyəsidir və bundan necə istifadə etməyimiz Onun üçün əhəmiyyətlidir. Yehova xidmətdə, yığıncaqda, adi söhbətlərdə danışığımızla Onu razı salmağa çalışdığımızı görür və O, zəhmətimizi əvəzsiz qoymayacaq. Yehova bu şər dünyanı pislikdən təmizləyəndə danışığımızla Onu şərəfləndirmək bizə daha rahat olacaq (Yhd. 15). O vaxta qədər isə gəlin ağzımızdan çıxan sözlərlə Yehovanın qəlbini şad etməyə qəti qərarlı olaq (Zəb. 19:14).

NƏĞMƏ 121 Özümüzə hakim olaq

a Danışma qabiliyyəti Yehovanın bizə verdiyi gözəl bir ənamdır. Təəssüflər olsun ki, əksər insanların danışığı Yehovanın istədiyi kimi deyil. Getdikcə pozğunlaşan dünyada danışığımızın ədəbli və ürəkaçan olması üçün nə edə bilərik? Xidmətdə, yığıncaqda və adi söhbətlərimizdə danışığımızla Yehovanın ürəyini necə sevindirə bilərik? Bu məqalə bu sualların cavabını tapmağa bizə kömək edəcək.

b Bəzi adlar şərtidir.

c Şərh verməklə bağlı əlavə məlumat üçün «Gözətçi qülləsi»nin 2019-cu il yanvar sayında yer alan «Yığıncaqda Yehovanı mədh edin» adlı məqaləyə baxın.

d ŞƏKLİN İZAHI. Qardaş qəzəbli ev sakininə sərt qarşılıq verir. Qardaş yığıncaqda nəğmə oxumur. Bacı qeybət edir.