İtlərim üçün peçenye
«2014-cü ilin yazı idi. İki balaca itimlə evimin yaxınlığında, şəhərin mərkəzində gəzintiyə çıxmışdım. Yehovanın Şahidləri adətləri üzrə ədəbiyyat arabaları ilə burada dayanmışdılar. Onlar səliqəli geyinmişdilər və hamını xoş təbəssümlə salamlayırdılar». Bu sözləri ABŞ-ın Oreqon ştatında yaşayan Nik adlı bir nəfər yazmışdı. O, sözünə davam edir:
«Şahidlər təkcə insanlara qarşı yox, həmçinin mənim itlərimə qarşı da mehriban idilər. Bir dəfə ədəbiyyat arabasının yanında dayanan İleyn adlı bir qadın mənim iki itimə peçenye verdi. Bundan sonra itlərim hər dəfə ora yaxınlaşanda iplərindən dartınırdılar ki, onları peçenye verilən yerə aparım.
Beləcə, aylar ötüb keçdi. İtlərə peçenye yemək xoş idi, mənə isə Yehovanın Şahidləri ilə söhbət etmək. Amma yenə də onlarla sərhəd saxlayırdım. Mənim 70-dən çox yaşım var idi və Yehovanın Şahidlərinin etiqadlarından elə də məlumatım yox idi. Kilsələr mənim etibarımı sarsıtdığı üçün düşünürdüm ki, yaxşısı budur, Müqəddəs Kitabı özüm oxuyum.
Bu müddət ərzində şəhərin müxtəlif yerlərində ədəbiyyat arabalarının yanında duran başqa Yehovanın Şahidlərinə də rast gəldim. Onlar da çox mehriban idilər. Suallarıma həmişə Müqəddəs Kitabdan cavab verirdilər. Beləcə, Yehovanın Şahidlərinə etibarım artdı.
Bir gün İleyn məndən soruşdu: “Heyvanların Allahın hədiyyəsi olduğuna inanırsınız?” Mən cavab verdim: “Əlbəttə, inanıram!” Sonra mənə Əşiya 11:6—9 ayələrini oxudu. Bu mənim üçün dönüş nöqtəsi oldu, baxmayaraq ki, onlardan hələ də ədəbiyyat götürmək istəmirdim.
Növbəti günlərdə mənim İleynlə və yoldaşı Brentlə qısa da olsa, çox gözəl söhbətlərimiz oldu. Onlar mənə məsləhət gördülər ki, əsl məsihi olmağın nə demək olduğunu anlamaq üçün “Mətta”dan “Həvarilərin işləri”nə qədər olan hissəni oxuyum. Mən elə də etdim. Çox keçmədi ki, Brentlə İleynin mənə Müqəddəs Kitab dərsi keçməsinə razılaşdım. Bu, 2016-cı ilin yayı idi.
Müqəddəs Kitab dərsi keçdiyim günü və ibadət evində keçirilən görüşü səbirsizliklə gözləyirdim. Müqəddəs Kitabdakı həqiqətləri öyrəndiyim üçün özümü çox xoşbəxt hiss edirdim. Bir ildən bir az artıq vaxt keçəndən sonra mən vəftiz olunmuş Yehovanın Şahidi oldum. İndi yaşım 79-u haqlayıb, əminəm ki, düz yoldayam. Yehova Allah məni Öz xalqının arasına qəbul etməklə mənə lütf göstərdi».