Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 12

Xilqətə baxıb Yehovanı tanıyın

Xilqətə baxıb Yehovanı tanıyın

«Onun gözəgörünməz keyfiyyətləri… dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (ROM. 1:20).

NƏĞMƏ 6 Göylər Allahın əzəmətini bəyan edir

İCMAL a

1. Əyyubun Yehovanı tanımasının bir yolu hansı idi?

 ƏYYUB peyğəmbər həyatı boyunca çoxları ilə söhbət etmişdi, amma çox yəqin ki, ən yaddaqalan söhbəti Yehova ilə olmuşdu. Yehova Əyyuba Onun yaratdıqlarını seyr etməyi buyurmuşdu. Bu, Əyyuba Yehovanın nə qədər hikmətli Allah olduğunu görməyə kömək etdi və onu əmin etdi ki, Yehova xidmətçilərinin qayğısına qalmağa qadirdir. Yehova Əyyuba xatırlatdı ki, heyvanların qayğısına qalırsa, onun da qayğısına qalacaq (Əyy. 38:39—41; 39:1, 5, 13—16). Yaradılışa nəzər salaraq Əyyub Allahın xüsusiyyətləri haqda çox şey öyrəndi.

2. Yehovanın yaratdıqlarını seyr etmək bəzən nəyə görə çətin ola bilər?

2 Biz də yaradılışı seyr edərək Yehova haqda çox şey öyrənə bilərik. Amma bu, həmişə asan olmur. Məsələn, əgər şəhərdə yaşayırıqsa, Yehovanın yaratdıqlarını, təbiəti seyr etməyə elə də çox imkanımız olmur. Hətta təbiət qoynunda yaşasaq da, düşünə bilərik ki, yaradılışı seyr etməyə vaxtımız yoxdur. Xilqəti seyr etmək üçün vaxt ayırıb səy göstərmək nəyə görə vacibdir? Bu məqalədə bu suala cavab tapacağıq, həmçinin öyrənəcəyik ki, Yehova və İsa yaradılışdan istifadə edərək necə təlim verirdilər və biz xilqəti seyr edərək başqa nələr öyrənə bilərik.

XİLQƏTİ NƏYƏ GÖRƏ MÜŞAHİDƏ ETMƏLİYİK?

Yehova istəyirdi ki, Adəm yaradılışdan həzz alsın və heyvanlara ad qoysun (3-cü abzasa baxın)

3. Nəyə əsasən deyə bilərik ki, Yehova Adəmin yaradılışdan həzz almasını istəyirdi?

3 Yehova istəyirdi ki, ilk insan yaradılışdan həzz alsın. O, Adəmi gözəl bir cənnət bağında yaratdı və ona bu bağın hüdudlarını genişləndirməyi tapşırdı (Yar. 2:8, 9, 15). Təsəvvür edirsiniz, toxumların cücərdiyini, çiçəklərin açdığını görmək Adəmə necə xoş idi? Ədən bağına qulluq etmək Adəm üçün böyük şərəf idi. Yehova həmçinin ona heyvanların hamısına ad qoymağı tapşırmışdı (Yar. 2:19, 20). Yehova hər şeyə Özü ad qoya bilərdi, amma bu işi Adəmə tapşırdı. Şübhəsiz, heyvanlara ad verməzdən öncə Adəm onları diqqətlə müşahidə etməli, nəyə bənzədiklərini, necə davrandıqlarını nəzərdən keçirməli idi. Bu tapşırığı icra etmək ona zövq verirdi. Həmçinin bu ona Atasının xilqəti rəngarəng, gözəl və hikmətlə yaratdığına görə minnətdarlığını artırmaq imkanı yaradırdı.

4. a) Təbiəti müşahidə etməyimizin səbəblərindən biri nədir? b) Yaradılışda ən çox xoşunuza nə gəlir?

4 Təbiəti müşahidə etməyimizin bir səbəbi odur ki, bunu bizdən Yehova istəyir. O deyir: «Başınızı qaldırıb göylərə baxın». Sonra soruşur: «Bütün bunları kim yaradıb?» Cavab aydındır (Əşy. 40:26). Göydəki, yerdəki, dənizdəki hər şeyin Yaradanı Yehovadır. Biz yaradılan bu möhtəşəm gözəlliklərdən Yehova haqda çox şey öyrənə bilərik (Zəb. 104:24, 25). Məsələn, Onun bizi necə yaratdığı barədə düşünün. O bizi təbiətin gözəlliyini duymaq hissi ilə yaradıb. Üstəlik, Yehova bizə yaradılışdan həzz almağımız üçün beş duyğu orqanı bəxş edib: görmə, eşitmə, toxunma, dadbilmə, iybilmə.

5. Romalılara 1:20 ayəsinə əsasən, Yehovanın yaratdıqları barədə araşdırmağın bizə hansı faydası var?

5 Müqəddəs Kitabda təbiəti müşahidə etməyimizin digər vacib səbəbi də yazılıb. Bu bizə Yehovanın xüsusiyyətləri barədə öyrənməyə kömək edir. (Romalılara 1:20 ayəsini oxuyun.) Məsələn, Yehovanın yaratdığı şeylərə necə quruluş verdiyinə baxın. Bu bizə Onun necə hikmətli olduğunu göstərir. Həmçinin bizə zövq verən müxtəlif qidalar barədə düşünün. Onlar bizə Yehovanın bəşəriyyətə olan sevgisini açıq-aydın göstərir. Yaratdığı şeylərdə Yehovanın xüsusiyyətlərini görməyə çalışanda Onu daha yaxşı tanıyırıq, Ona daha da yaxın oluruq. Gəlin Yehovanın yaradılış vasitəsilə insanlara öyrətdiyi vacib dərslərə nəzər salaq.

ALLAH YARADILIŞ VASİTƏSİLƏ BİZƏ ÖZÜNÜ TANIDIR

6. Köç edən quşlardan nə öyrənə bilərik?

6 Yehova vaxt təyin edib. Hər il fevralın sonundan mayın ortalarınadək israillilər hacıleyləklərin şimala köç etdiyini görürdülər. Yehova israillilərə demişdi: «Göydəki hacıleylək köç vaxtını bilir» (Ərm. 8:7). Yehova bu quşların köç etməsi üçün vaxt təyin etdiyi kimi, Öz hökmünü icra etmək üçün də vaxt təyin edib. Bu gün biz köç edən quşları müşahidə edəndə tam şəkildə etibar edə bilərik ki, Yehova «vaxtı çatanda» bu şər dünyanı məhv edəcək (Həb. 2:3).

7. Qartalın uçmasından nə öyrənirik? (Əşiya 40:31).

7 Yehova xidmətçilərinə güc-qüvvət verir. O, Əşiya peyğəmbər vasitəsilə xalqına söz vermişdi ki, onlar ruhdan düşəndə, zəifləyəndə onlara güc verəcək, «qartaltək qanad açıb [süzəcəklər]». (Əşiya 40:31 ayəsini oxuyun.) İsraillilər qartalın elə də güc sərf etmədən sadəcə qanadlarını açaraq göydə necə süzdüyünü tez-tez görürdülər. Bu bizə xatırladır ki, Yehova bu quşlara güc verdiyi kimi, xidmətçilərinə də güc verə bilər. Göydə qanad açıb az güc sərf edərək süzən qartalı görəndə unutmayın ki, Yehova sizə də süzərək problemlərinizin içindən keçib getməyə güc verə bilər.

8. Əyyub Yehovanın yaratdıqlarını müşahidə edərkən nə öyrəndi və biz nə öyrənirik?

8 Yehova etibara layiq Allahdır. Yehova Əyyuba kömək etdi ki, Ona olan etibarını daha da artırsın (Əyy. 32:2; 40:6—8). O, Əyyubla söhbətində yaratdığı şeylərdən danışdı, məsələn, ulduzlardan, buludlardan, şimşəkdən. O həmçinin heyvanlar barədə, çöl öküzü, atlar barədə danışdı (Əyy. 38:32—35; 39:9, 19, 20). Bu şeylər nəinki Yehovanın güclü olduğunu, həmçinin Onun məhəbbətli, hikmətli olduğunu göstərirdi. Bu söhbətin sayəsində Əyyubun Yehovaya etibarı daha da artdı (Əyy. 42:1—6). Eynilə, biz də yaradılışı seyr edəndə anlayırıq ki, Yehova bizdən sonsuz dərəcədə hikmətli və güclüdür. O, bütün çətinliklərimizə son qoymağa qadirdir və bunu edəcək. Bu bizim Ona olan etibarımızı möhkəmləndirir.

İSA YARADILIŞ VASİTƏSİLƏ ATASI HAQDA ÖYRƏDİRDİ

9, 10. Günəş və yağış bizə Yehova barədə nə öyrədir?

9 İsa xilqət barədə çox şey bilirdi. Yehova Kainatı yaradanda o, Atasının yanında «usta kimi» çalışırdı (Məs. 8:30). Sonra yer üzündə olanda İsa şagirdlərinə Atası haqda öyrətmək üçün xilqətdən nümunələr gətirirdi. Gəlin görək onun çəkdiyi bəzi nümunələrdən nə öyrənirik.

10 Yehova hər kəsə məhəbbət göstərir. İsa Dağüstü vəzində insanların adi bir şey kimi qəbul etdiyi günəşi və yağışı nümunə gətirmişdi. Onların hər ikisi yaşamağımız üçün vacibdir. Yehova istəsəydi, Ona xidmət etməyən insanları bunlardan məhrum edə bilərdi. Amma məhəbbətdən irəli gələrək O, hər kəs üçün günəş doğurur, yağış yağdırır (Mət. 5:43—45). İsa bu nümunədən istifadə edərək şagirdlərinə izah etdi ki, Yehova bizim də hər kəsə məhəbbət göstərməyimizi istəyir. Günəşin qürubunu seyr edərkən və ya narın yağış damlalarından həzz alarkən Yehovanın qərəzsiz məhəbbəti barədə düşünün. Onun nümunəsi bizi təşviq edəcək ki, məhəbbətdən irəli gələrək hər kəsə təbliğ edək.

11. Quşları müşahidə etmək bizi necə ruhlandırır?

11 Yehova bizi yaşamaq üçün hər şeylə təmin edir. Eyni vəzdə İsa həmçinin demişdi: «Quşlara fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz?» (Mət. 6:26). Çox ehtimal, İsa bu sualı verəndə onu dinləyənlər başlarının üstündə uçuşan quşları görürdülər. Bu nümunə vasitəsilə İsa bizi əmin edir ki, Yehova bizim zəruri ehtiyaclarımızı təmin edəcək (Mət. 6:31, 32). Bu yaradılış nümunəsi keçmişdə olduğu kimi, bu gün də Yehovanın sadiq xidmətçilərini ruhlandırır. İspaniyadan olan gənc öncül bacı qalmağa münasib yer tapa bilmədiyi üçün ruhdan düşmüşdü. Quşların toxumlarla, giləmeyvələrlə qidalandığını görmək bacıya qəlb rahatlığı verdi. Bacı deyir: «Quşları müşahidə etmək mənə Yehovanın onların qayğısına qaldığını xatırlatdı. O mənim də qayğıma qalacaq». Tez bir zamanda bacı özünə qalmağa münasib bir yer tapa bildi.

12. Mətta 10:29—31 ayələrində gətirilən sərçələr barədə nümunədən Yehova haqda nə öyrənirik?

12 Yehova hər birimizə ayrı-ayrılıqda dəyər verir. Həvarilərini təbliğə göndərməzdən əvvəl İsa onlara kömək etdi ki, təqiblərə qarşı dura bilsinlər. (Mətta 10:29—31 ayələrini oxuyun.) Bunun üçün o, İsraildə hamının tanıdığı bir quşu, sərçəni nümunə gətirdi. İsanın günlərində bu quşların dəyəri çox az idi. Amma o, şagirdlərinə dedi: «Onlardan heç biri Atanızın xəbəri olmadan yerə düşmür». Sonra əlavə etdi: «Siz sərçələrdən qat-qat qiymətlisiniz». İsa şagirdlərini əmin etdi ki, onların hər biri ayrı-ayrılıqda Yehova üçün çox dəyərlidir, ona görə də onlar heç nədən qorxmamalıdırlar. Çox yəqin ki, onlar şəhərlərdə və kəndlərdə təbliğ edəndə sərçələri görərkən İsanın sözləri yadlarına düşürdü. Hər dəfə balaca bir quş görəndə özünüzə xatırladın ki, siz Yehova üçün dəyərlisiniz, çünki «siz sərçələrdən qat-qat qiymətlisiniz». Yehovanın köməyilə bütün təqiblərdən başıuca çıxa bilərsiniz (Zəb. 118:6).

YARADILIŞ VASİTƏSİLƏ ALLAH HAQDA DAHA ÇOX ÖYRƏNİN

13. Xilqətdən öyrənmək üçün nə etməliyik?

13 Yaradılışdan Yehova barədə başqa şeylər də öyrənə bilərik. Bunun üçün, birincisi, vaxt ayırıb xilqəti müşahidə etməliyik. Sonra ondan Yehova barədə nə öyrəndiyimiz haqda düşünməliyik. Bunu etmək həmişə asan olmur. Kamerundan olan Jeraldin bacı deyir: «Mən şəhərdə böyümüşəm, ona görə də başa düşürəm ki, təbiəti müşahidə etmək üçün əlimdən gələni etməliyəm». Alfonso adlı bir ağsaqqal isə deyir: «Özüm üçün belə nəticəyə gəlmişəm ki, təkliyə çəkilib Yehovanın yaratdıqlarına baxmaq və onlardan nə öyrəndiyim üzərində düşünmək üçün əvvəlcədən vaxt ayırmalıyam».

Davud xilqətə baxanda ondan Yehova barədə nə öyrəndiyi haqda düşünürdü (14-cü abzasa baxın)

14. Davud Allahın yaratdıqlarından nə öyrənmişdi?

14 Davud Yehovanın yaratdıqları barədə dərin düşüncələrə dalırdı. O, Yehovaya demişdi: «Xəlq etdiyin göylərə, əllərinin işinə, yaratdığın aya, ulduzlara baxanda düşünürəm: fani insan nədir ki, onu xatırlayırsan?» (Zəb. 8:3, 4). Davud gecə ulduzlu səmanı seyr edərkən sadəcə Kainatın gözəlliyinə valeh olmurdu. O həmçinin ulduzlardan Yehova barədə nə öyrəndiyi üzərində düşünürdü. O, Yehovanın necə əzəmətli Allah olduğunu öyrəndi. Bir dəfə isə Davud ana bətnində necə formalaşdığı barədə düşünmüşdü. Necə heyrətamiz şəkildə yaradıldığı barədə düşüncələrə dalmaq ona Yehovanın hikmətini qiymətləndirməyə kömək etdi (Zəb. 139:14—17).

15. Yaradılışdan Yehovanın xüsusiyyətləri barədə şəxsən siz nə öyrənmisiniz? (Zəbur 148:7—10).

15 Davud kimi siz də yaradılış barədə öyrənmək üçün fürsətlər axtarın. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Ətrafa nəzər salsanız, Yehovanın xüsusiyyətləri barədə çox şey öyrənə bilərsiniz. Məsələn, günəşin istisini bədəninizdə hiss edəndə Yehovanın gücü barədə düşünün (Ərm. 31:35). Quşların yuva qurduğunu görəndə Yehovanın hikməti barədə fikirləşin. Quyruğunun arxasınca qaçan bala itə baxanda Yehovanın yumor hissini görməyə çalışın. Körpəsinin qayğısına qalan ananı görəndə Yehovanın məhəbbəti barədə düşünün. Böyük, kiçik, yaxın, uzaq olmasından asılı olmayaraq, xilqətdən Yehova haqda öyrənmək üçün bizim çoxlu imkanlarımız var. (Zəbur 148:7—10 ayələrini oxuyun.)

16. Nə etməyə qətiyyətli olmalıyıq?

16 Səmavi Atamız Yehova hikmətli, məhəbbətli və qüdrətlidir. O, hər şeyi gözəl yaradıb. Ətrafa nəzər salsaq, Yehovanın bu və ya digər xüsusiyyətlərini görə bilərik. Xilqəti seyr edib ondan Yehova haqda nə öyrəndiyimiz barədə düşünmək üçün müntəzəm vaxt ayırmalıyıq. Belə etsək, Yaradanımıza daha da yaxınlaşacağıq (Yaq. 4:8). Növbəti məqalədə görəcəyik ki, valideynlər Yehovanın yaratdıqları vasitəsilə övladlarına Ona yaxınlaşmağa necə kömək edə bilərlər.

NƏĞMƏ 5 Allahın ecazkar işləri

a Yehovanın yaratdıqları heyrətamizdir. Günəşin enerjisindən tutmuş çiçəklərin ləçəklərinədək hər şey insanı valeh edir. Xilqət bizə Yehovanın keyfiyyətlərini görməyə kömək edir. Bu məqalədən görəcəyik ki, nəyə görə biz xilqəti seyr etmək üçün vaxt ayırmalıyıq və bu bizə Yehovaya yaxınlaşmağa necə kömək edir.