TƏLİM MƏQALƏSİ 27
NƏĞMƏ 73 Bizə cəsarət ver
Sadıq kimi cəsur olaq
«İgid, cəsur gənc Sadıq» (1 SALN. 12:28).
ƏSAS FİKİR
Sadığın nümunəsi bizə cəsarətli olmağa kömək edə bilər.
1, 2. Sadıq kim idi? (1 Salnamələr 12:22, 26—28).
BELƏ bir səhnəni təsəvvür edin: 340 000-dən çox kişi Davudu İsrail üzərində padşah etmək üçün bir araya toplaşıb. Üç gündür Həbrunun yaxınlığındakı daşlı-qayalı təpələri gülüş sədaları bürüyür, sevinclə oxunan həmd nəğmələri aləmə yayılır. Səs-səsə, söhbət-söhbətə qarışıb (1 Saln. 12:39). Orada Sadıq adlı bir gənc də var. Sözsüz ki, bu qədər böyük izdihamın içərisində o elə də nəzərə çarpmır. Amma Yehova onu görürdü və istəyirdi ki, Sadığın orada olduğunu biz də bilək. (1 Salnamələr 12:22, 26—28 ayələrini oxuyun.) Bəs Sadıq kim idi?
2 Sadıq kahin idi. O, baş kahin Əbyatarla birgə xidmət edirdi. Sadıq həm də «görücü» idi: onda qeyri-adi bir hikmət var idi və Allahın iradəsini dərk edə bilirdi (2 İşm. 15:27). İnsanlar məsləhətə ehtiyac duyanda Sadığın yanına gəlirdilər. Bütün bunlarla yanaşı, Sadıq cəsarətli insan idi. Məqalədə məhz Sadığın cəsarətindən danışacağıq.
3. a) Nəyə görə Yehovanın xidmətçiləri cəsur olmalıdır? b) Bu məqalədə nədən danışacağıq?
3 Yaşadığımız bu axırzamanda Şeytan Allahın xalqına hücumlarını artırdıqca artırır (1 But. 5:8). Yehovanın Şeytana və onun şər dünyasına son qoyacağı vaxtı gözlədiyimiz müddətdə biz cəsarətli olmalıyıq (Zəb. 31:24). Gəlin görək hansı üç sahədə Sadığın cəsarətindən örnək ala bilərik.
ALLAHIN PADŞAHLIĞINI DƏSTƏKLƏYİN
4. Nəyə görə Allahın xalqı Onun Padşahlığını dəstəkləmək üçün cəsarətli olmalıdır? (Həmçinin şəklə baxın.)
4 Yehovanın xalqı Onun Padşahlığını can-dildən dəstəkləyir (Mət. 6:33). Amma cəsarət olmadan bunu etmək çətindir. Çünki bu şər dünyada Yehovanın qayda-qanunlarına uyğun yaşamaq və Padşahlıq haqda xoş müjdəni təbliğ etmək üçün gərək cəsur olaq (1 Salon. 2:2). Həmçinin getdikcə parçalanan dünyada siyasi bitərəfliyimizi qorumaq üçün də bizə cəsarət lazım olur (Yəh. 18:36). Bundan başqa, dindaşlarımızdan çoxu maddi problemlərlə üzləşir, yaxud siyasi və hərbi fəaliyyətlərdə iştirak etmədikləri üçün döyülürlər, həbs olunurlar.
5. Nəyə görə Sadıq Davudu dəstəkləmək üçün cəsarətli olmalı idi?
5 Sadıq Həbruna Davudun padşah olmasını qeyd etmək üçün gəlsə də, silahlanmış şəkildə, döyüşə hazır getmişdi (1 Saln. 12:38). O, lazım gələrdisə, Davudla birgə döyüşə getməyə, İsraili düşmənlərdən müdafiə etməyə hazır idi. Onun əsgər kimi döyüş təcrübəsi az olsa da, cəsarəti çox idi.
6. Davud Sadıq üçün hansı sahədə nümunə idi? (Zəbur 138:3).
6 Bəs kahin olan Sadıqda bu cür cəsarət haradan idi? Onun əhatəsində güclü, cəsur insanlar var idi. Şübhəsiz, Sadıq bu kişilərdən çox şey öyrənmişdi. Onlardan biri elə Davud idi. Davud cəsarətli başçı və igid döyüşçü idi. Buna görə də bütün İsrail xalqı onu padşah etmək istəyirdi (1 Saln. 11:1, 2). Davud həmişə düşmənləri ilə döyüşəndə Yehovaya arxalanırdı, Ondan kömək istəyirdi (Zəb. 28:7; Zəbur 138:3 ayəsini oxuyun). Sadığın yanında ona nümunə olacaq başqa kişilər də var idi. Məsələn, Yəhyaday, onun döyüşçü oğlu Bənayi və Davudun tərəfində olan digər 22 qəbilə başçısı (1 Saln. 11:22—25; 12:26—28). Bu kişilərin hamısı Davudu padşah etmək və onu müdafiə etmək üçün qəti addım atmışdılar.
7. a) Bu gün kimlər bizim üçün cəsarət nümunəsidir? b) Videoda Nsilu qardaşdan nə öyrənirik?
7 Yehovanın Padşahlığını cəsarətlə dəstəkləyən insanların nümunəsi gücümüzə güc qatır, bizi də cəsarətli edir. Padşahımız İsa Məsih yer üzündə olarkən Şeytan dünyasının siyasi sisteminin bir parçası olmağı qətiyyətlə rədd etmişdi (Mət. 4:8—11; Yəh. 6:14, 15). İsa həmişə Yehovadan cəsarət diləyirdi. Müasir dövrdə də gənc qardaşlarımızın cəsarət nümunəsini saymaqla bitməz. Onlar əqidələrinə görə hərbi xidmətə getməkdən və siyasi işlərdə iştirak etməkdən qəti şəkildə imtina edirlər. jw.org saytından bu dindaşlarımızdan bəzilərinin həyatları barədə oxumağınızı tövsiyə edərik a.
DİNDAŞLARINIZA YARDIM ƏLİ UZADIN
8. Dindaşlarına əməldə kömək etmək üçün ağsaqqallara nə zaman cəsarət lazım olur?
8 Yehovanın xalqına dindaşlarına yardım etmək xoşdur (2 Kor. 8:4). Amma bəzən bunun üçün insandan cəsarət tələb olunur. Məsələn, müharibə gedən ərazilərdə yaşayan ağsaqqallar başa düşürlər ki, bacı-qardaşlar ruhlanmağa, dəstəyə, ruhani qidaya və fiziki tələbatlarının təmin olunmasına ehtiyac duyurlar. Ağsaqqallar Yehovanın quzularını çox istəyirlər və onların lazımi tələbatlarını ödəmək üçün həyatlarını təhlükəyə atırlar (Yəh. 15:12, 13). Bununla onlar Sadığın qoyduğu cəsarət nümunəsini izləyirlər.
9. 2 İşmuil 15:27—29 ayələrinə əsasən Davud Sadığa hansı işi tapşırdı? (Həmçinin şəklə baxın.)
9 Davudun həyatı təhlükə altında idi. Oğlu Absalam atasını qətlə yetirib taxt-tacı ələ keçirmək niyyətinə düşmüşdü (2 İşm. 15:12, 13). Davud vaxt itirmədən Yerusəlimdən qaçmalı idi. O, bütün əyan-əşrəfinə əmr edib dedi: «Durun qaçaq, yoxsa heç birimiz Absalamın əlindən sağ çıxmayacağıq!» (2 İşm. 15:14). Adamları Yerusəlimi tərk edəndə Davud başa düşdü ki, kimsə orada qalıb onu Absalamın planlarından müntəzəm olaraq xəbərdar etməlidir. Buna görə də o, Sadığa və digər kahinlərə şəhərə qayıdıb kəşfiyyatçı kimi ona xidmət etməyi tapşırdı. (2 İşmuil 15:27—29 ayələrini oxuyun.) Onlar çox ehtiyatla davranmalı idilər. Bu çox təhlükəli tapşırıq idi, hətta onların həyatı bahasına başa gələ bilərdi. Çünki Absalam eqoist, intiqam hissi ilə alışıb-yanan, xəyanətkar bir insan idi. Əgər o, Sadığın və digər kahinlərin kəşfiyyatçılıq etdiyini öyrənsə idi, onların başına oyun açardı!
10. Sadıq və yoldaşları Davudu necə qorumuşdular?
10 Davud bir plan qurur. O, Sadıqdan və digər sadiq dostu Xuşaydan həmin planı həyata keçirmək üçün kömək istəyir (2 İşm. 15:32—37). Plana əsasən Xuşay Absalamın etibarını qazanmalı və ona Davuda hücum etməklə bağlı məsləhət verməli idi. Bu plan sayəsində Davud hücuma hazırlaşmaq üçün vaxt qazanacaqdı. Plan baş tutur. Absalam Xuşayın məsləhətini bəyənir. Sonra Xuşay bu barədə Sadıqla Əbyatara məlumat verir (2 İşm. 17:8—16). Onlar da bu xəbəri Davud padşaha çatdırırlar (2 İşm. 17:17). Yehovanın köməyi ilə Sadıq və onun kahin yoldaşları Davudun həyatını qorumaqda əvəzsiz rol oynadılar (2 İşm. 17:21, 22).
11. Dindaşlarımıza kömək edərkən Sadıq kimi necə cəsarətli ola bilərik?
11 Əgər təhlükəli vaxtlarda bizdən bacı-qardaşlarımıza kömək etməyi xahiş edərlərsə, Sadıq kimi necə cəsarətli ola bilərik? 1) Göstərişlərə əməl edin. Təhlükəli vəziyyətlər zamanı itaətkar olmaq xüsusilə vacibdir, çünki bununla aramızdakı birliyi qoruyuruq. Odur ki, filialınızdan gələn göstərişlərə tabe olun (İbr. 13:17). Ağsaqqallar ərazilərində fəlakətə hazırlıqla bağlı görülən tədbirləri, həmçinin fəlakət baş verəndə necə davranmaqla bağlı təşkilatdan gələn göstərişləri müntəzəm nəzərdən keçirməlidirlər (1 Kor. 14:33, 40). 2) Cəsarətli, amma ehtiyatlı olun (Məs. 22:3). Addım atmamışdan qabaq yaxşı-yaxşı fikirləşin. Özünüzü yersiz riskə atmayın. 3) Yehovaya güvənin. O həm sizin, həm də dindaşlarınızın sağ-salamat olmasını istəyir. Yehova onlara təhlükəsiz şəkildə kömək etməyinizə yardım edəcək.
12, 13. Viktorun və Vitaliyin hadisəsindən nə öyrənirsiniz? (Həmçinin şəklə baxın.)
12 Gəlin Viktor və Vitaliy adlı iki dindaşımızın hadisəsinə baxaq. Onlar Ukraynada bacı-qardaşlara ərzaq və su çatdırırdılar. Viktor deyir: «Biz hər yerdə ərzaq axtarırdıq. Tez-tez yaxınlığımızda güllə səsləri eşidirdik. Bir qardaş anbarda saxladığı ərzaqları ianə elədi. Bu yardım sayəsində çox təbliğçinin bir neçə günlük yeməyi oldu. Ərzaqları yük maşınına yükləyən zaman bizdən haradasa 20 metr aralıya raket düşdü, çox şükür, partlamadı. Yehovaya həmin gün durmadan yalvarırdım ki, bundan sonra da təbliğçilərə kömək etmək üçün mənə cəsarət versin».
13 Vitaliy deyir: «Belə vəziyyətdə gərək ürəkli olasan. İlk dəfə yardım çatdıranda maşınla 12 saat yol getmişdim. Yol boyu Yehovaya dua eləyirdim». Vitaliy cəsarətli olsa da, ehtiyatla davranırdı. O, sözünə əlavə edir: «Mən durmadan dua edib Yehovadan hikmət və təvazökarlıq diləyirdim. Maşını ancaq hökumətin icazə verdiyi yollarla sürürdüm. Bacı-qardaşların əl-ələ verib necə çalışdığını görəndə imanım möhkəmləndi. Onlar yolu maneələrdən təmizləyir, humanitar yardımın yığılmasına və yüklənməsinə kömək edirdilər. Həmçinin Viktorla mənim yolda yemək yeməyimiz üçün tədarük görürdülər, dincəlməyimiz üçün yerlər təşkil edirdilər».
YEHOVAYA SADİQ QALIN
14. Sevdiyimiz insan Yehovanı tərk edəndə bu bizə necə təsir edə bilər?
14 İnsanın ailə üzvünün və ya yaxın dostunun Yehovanı tərk etməsi böyük dərddir. Tək-tük sınaq tapılar ki, insanın içini bu qədər göynətsin (Zəb. 78:40; Məs. 24:10). Əgər o insana yaxın olmuşuqsa, vəziyyəti qəbul etmək daha da çətin olur. Ola bilsin, siz də belə bir vəziyyətlə üzləşmisiniz. Onda Sadığın sədaqət nümunəsi sizi möhkəmləndirə bilər.
15. Nəyə görə Sadığa Yehovaya sadiq qalmaq üçün cəsarət lazım idi? (1 Padşahlar 1:5—8).
15 Sadığın yaxın dostu Əbyatar xain çıxmışdı, buna rəğmən, Sadıq Yehovaya sədaqətini qorumuşdu. Bu hadisə Davud padşahın hakimiyyətinin sonunda baş vermişdi. Davud ölüm ayağında olanda oğlu Əduniyyə taxt-tacı ələ keçirmək istəyirdi. Halbuki Yehova varis kimi Süleymanı seçmişdi (1 Saln. 22:9, 10). Əbyatar bu işdə Əduniyyənin tərəfini tutdu. (1 Padşahlar 1:5—8 ayələrini oxuyun.) Əslində, Əbyatarın bu hərəkəti təkcə Davuda yox, Yehovaya qarşı da xəyanət idi! Sadığın həmin vaxt hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. O, 40 ildən çox Əbyatarla kahin kimi xidmət etmişdi (2 İşm. 8:17). Onlar «Allahın sandığı» ilə bağlı işlərə cavabdeh idilər (2 İşm. 15:29). Başlanğıcda ikisi də Davudun padşah olmasını dəstəkləyirdilər və birlikdə çox işlər görmüşdülər (2 İşm. 19:11—14).
16. Sadığa sadiq qalmağa nə kömək etmiş ola bilərdi?
16 Əbyatarın xəyanəti Sadığın sədaqətini sarsıtmadı. Davud bilirdi ki, Sadığa həmişə güvənmək olar. Buna görə də Əduniyyənin işinin üstü açılanda Davud Sadığa, Natana və Bənayiyə Süleymanı padşah kimi məsh etməyi tapşırdı (1 Pad. 1:32—34). Sözsüz ki, Natan kimi mömin insanların arasında olmaq Sadığı çox ruhlandırmışdı. Onlar həm Yehovaya sadiq idilər, həm də Davudu dəstəkləyirdilər (1 Pad. 1:38, 39). Süleyman taxta çıxanda Sadığı Əbyatarın yerinə baş kahin təyin etdi (1 Pad. 2:35).
17. Sizə yaxın adam Yehovaya sədaqətsizlik edəndə Sadığın nümunəsini necə izləyə bilərsiniz?
17 Sadığın nümunəsini necə izləyə bilərsiniz? Sizə yaxın olan biri həqiqəti tərk edəndə Yehovaya sədaqətinizi açıq şəkildə göstərin (Yuş. 24:15). Düzgün davranmağınız üçün Yehova sizə güc və cəsarət verəcək. Ona dua edin və Ona sadiq olan insanlarla dostluğunuzu qoruyun. Yehova göstərdiyiniz sədaqəti qiymətləndirir və bunun əvəzini mütləq verəcək (2 İşm. 22:26).
18. Marko ilə Sidsenin yaşadıqlarından nə öyrənirsiniz?
18 Gəlin Marko qardaşla yoldaşı Sidsenin hadisəsinə baxaq. Onların hər iki qızı Yehovaya xidməti dayandırıb. Marko qardaş bölüşür: «İnsan övlad sahibi olanda onu canı kimi sevir. Onu xata-baladan qorumaq üçün hər şeyi eləməyə hazır olur. Buna görə də qızlarımın Yehovanı tərk etməsi ürəyimə dağ çəkdi. Amma Yehova bizi köməksiz qoymadı. Onun sayəsində mən zəif olanda yoldaşım güclü olur, yoldaşım zəif olanda isə mən güclü oluram». Sidse deyir: «Yehova dayaq olmasaydı, çətin ki bu dərdə dözə bilərdik. Baş verənlərə görə mən özümü günahlandırırdım. Ona görə də öz hisslərimi Yehova ilə bölüşdüm. Bir neçə gün keçəndən sonra uzun illərdir görmədiyim bir bacı ibadət evində mənə yaxınlaşdı. O, əlini çiynimə qoydu və gözümün içinə baxıb dedi: “Unutma, Sidse. Bu sənin səhvin deyil”. Yehovanın köməyi ilə xidmətdə sevincimi qoruya bildim».
19. Nəyə qəti qərarlısınız?
19 Yehova bütün xidmətçilərinin Sadıq kimi cəsur olmasını istəyir (2 Tim. 1:7). Amma biz öz gücümüzə yox, Onun gücünə arxalanıb cəsarət göstərməliyik. Yehova bu halda bizdən razı qalacaq. Buna görə də cəsarətə ehtiyac duyduğunuz vəziyyətlə üzləşəndə Ona üz tutun. Onda Sadıq kimi siz də cəsarətli olacaqsınız! (1 But. 5:10).
NƏĞMƏ 126 Oyaq qalın, mərd olun, möhkəmlənin
a jw.org saytında «Nəyə görə bizə cəsarət lazımdır? Bitərəfliyi qorumaq üçün» adlı videoya baxın.