Qoy Yehova bütün niyyətlərini gerçəkləşdirsin!
«Qoy səadətin Yehova olsun, O, qəlbinin muradını çin edər» (ZƏB. 37:4).
NƏĞMƏ: 135, 81
1. Gənclər hansı qərarı verməlidirlər və nəyə görə həddən artıq narahat olmağa dəyməz? (Məqalənin əvvəlindəki şəklə baxın.)
GƏNCLƏR, yəqin razılaşarsınız ki, səyahətə çıxanda hara getmək istədiyimizi əvvəlcədən planlaşdırmalıyıq. Həyat da, sanki, bir səyahətdir, mənzilbaşını qabaqcadan fikirləşmək lazımdır. Düzdür, plan qurmaq adama çətin gələ bilər. Heda adlı bir bacı deyir: «Fikirləşəndə ki, gələcəyinlə bağlı qərar verməlisən adamı həyəcan bürüyür». Amma, əziz gənclər, narahat olmayın. Görün Yehova Allah xidmətçilərinə necə əminlik verir: «Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm» (Əşy. 41:10).
2. Nəyə görə əminsiniz ki, Yehova Allah sizin xoşbəxt olmağınızı istəyir?
2 Əziz gənclər, Yehova Allah sizə gələcəyinizi ağılla qurmağı məsləhət görür (Vaiz 12:1; Mət. 6:20). Çünki O, sizin xoşbəxt olmağınızı istəyir. Onun yaratdıqları, məsələn, göz oxşayan gözəlliklər, könül açan səslər, dadlı-dadlı nemətlər buna danılmaz sübutdur. Onun Öz xidmətçilərini ən gözəl həyat yolu ilə aparması da bəndələrinin rifahını düşündüyünü göstərir. Yehova Allah Onun məsləhətini rədd edənlərdən narazı qalır, onlar barədə belə deyir: «Xoşuma gəlməyən şeyləri üstün tutdunuz... Qullarım sevinəcək, siz isə xəcalət çəkəcəksiniz. Qullarım ürək coşqunluğundan hayqıracaq» (Əşy. ). Amma biz həyatda düzgün seçim edəndə Yehova ucalır ( 65:12—14Məs. 27:11).
XOŞBƏXTLİYƏ APARAN QƏRARLAR
3. Yehova Allah bizə gələcək planlarla bağlı nə məsləhət görür?
3 Bəs Yehova gənclərə gələcək planlarla bağlı nə məsləhət görür? Allah insanı elə yaradıb ki, o, yalnız Yaradanı tanımaqla və Ona ibadət etməklə xoşbəxt ola bilər (Zəb. 128:1; Mət. 5:3). Heyvanlar isə yalnız yemək, içmək və törəmək üçün yaranıb. Allah insanlara da bu bacarığı bəxş edib, amma O istəmir ki, biz yalnız bu şeylərlə kifayətlənək. Allah bizim həyatda ali məqsədlərə can ataraq xoşbəxt olmağımızı istəyir. Müqəddəs Kitabda deyilir ki, Xaliqimiz məhəbbət Allahıdır, xoşbəxt Allahdır və «insanı Öz bənzərində» yaradıb (2 Kor. 13:11; 1 Tim. 1:11; Yar. 1:27). Odur ki, nə qədər çox Yaradanımıza bənzəməyə çalışsaq, bir o qədər xoşbəxt olacağıq. Həvarilərin işləri 20:35 ayəsi həyatla bağlı vacib bir həqiqəti açır: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir». Yəqin bu ayənin qüdrətini siz də hiss etmisiniz. Buna görə də Yehova istəyir ki, gələcək planlarımız insanlara və Ona bəslədiyimiz məhəbbətə əsaslansın. (Mətta 22:36—39 ayələrini oxuyun.)
4, 5. İsa Məsihi xoşbəxt edən nə idi?
4 İsa Məsih gənclər üçün gözəl örnəkdir. Təbii ki, o da uşaq olanda bütün uşaqlar kimi gülüb oynayırdı. Müqəddəs Kitabda deyildiyi kimi «gülməyin öz vaxtı,.. rəqs etməyin öz vaxtı» var (Vaiz 3:4). Amma İsa ibadətə də vaxt ayırırdı, o, Müqəddəs Yazıları araşdıraraq Yehova ilə dostluğunu möhkəmləndirirdi. Onun 12 yaşı olanda dini mövzularda elə söhbət aparmışdı ki, məbəddəki müəllimlər onun «zəkasına və cavablarına» heyran qalmışdılar (Luka 2:42, 46, 47).
5 Məsih yetkin bir insan kimi də xoşbəxt həyat sürürdü. Onu xoşbəxt edən nə idi? O bilirdi ki, Yehova ondan «yoxsullara müjdə» verməyi və «korlara işığı» təbliğ etməyi gözləyir (Luka 4:18). Allahın iradəsini yerinə yetirmək onu xoşbəxt edirdi. Zəbur 40:8 ayəsində İsanın hissləri bu cür gözəl sözlərlə təsvir olunub: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram». İnsanlara səmavi Atası barədə elm vermək ona zövq verirdi. (Luka 10:21 ayəsini oxuyun.) Bir dəfə İsa bir qadınla ibadətlə bağlı söhbət edəndən sonra şagirdlərinə demişdi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (Yəh. 4:31—34). Allaha və insanlara məhəbbət göstərmək İsanı xoşbəxt edirdi. Bu sahədə İsadan örnək götürsəniz, siz də xoşbəxt olacaqsınız.
6. Gələcək planlarınızla bağlı yetkin məsihilərlə məsləhətləşmək nəyə görə faydalı olar?
6 Bir çox bacı-qardaşımız gənc yaşlarında öncül kimi xidmət etməklə xoşbəxtliyi dadıb. Bu məsihilərlə gələcək planlarınızla bağlı məsləhətləşə bilərsiniz. Çünki Məsəllər 15:22 ayəsində deyilir: «Məsləhətsiz niyyət boşa çıxar, məsləhət verən çox olarsa, uğur olar». Çox ehtimal ki, bu bacı-qardaşlar tammüddətli xidmətin həyat məktəbi olduğunu, insana ömürlük fayda gətirdiyini deyəcək. İsa göydə yaşayanda Yehovadan gözəl təlim almışdı, amma o, yer üzünə gələndə də çox şey öyrənmişdi. Məsələn, insanlara xoş xəbəri çatdırmağın və sınaqlar qarşısında nöqsansız qalmağın sevincini dadmışdı. (Əşiya 50:4 ayəsini oxuyun; İbr. 5:8; 12:2.) Gəlin görək tammüddətli xidmətin hansı növləri gəncləri, sözün əsl mənasında, xoşbəxt edə bilər.
ŞAGİRD HAZIRLAMAQ İŞİNƏ CAN QOYMAĞA DƏYƏR
7. Nəyə görə gənclərin çoxu şagird hazırlamaq işini sevir?
7 İsa Məsih davamçılarına demişdi: «Gedin... şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20). Əgər qərarınız şagird hazırlamaq işində fəal iştirak etməkdirsə, əmin ola bilərsiniz ki, ən gözəl yolu seçmisiniz, çünki bu iş Allaha şərəf gətirir. Hər bir işdə olduğu kimi bu işdə də təcrübəli olmaq üçün vaxt lazımdır. Gənc olanda öncül xidmətinə başlayan Timoti adlı bir qardaş deyir: «Tammüddətli xidməti çox sevirəm, çünki bu yolla Yehovaya sevgimi izhar edirəm. Təzə-təzə bir nəfərlə də olsun Müqəddəs Kitab dərsi başlaya bilməmişdim, amma sonralar başqa əraziyə köçdüm və orada bir ayın içində bir neçə nəfərlə dərs keçməyə başladım. Öyrənənlərdən biri ibadət görüşlərinə gəlirdi. Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbini * bitirəndən sonra yeni təyinat aldım. Orada isə dörd nəfərə dərs keçirdim. İnsanlara Müqəddəs Kitabı öyrətməyi sevirəm, çünki müqəddəs ruhun onları necə dəyişdiyini öz gözlərimlə görürəm» (1 Salon. 2:19).
8. Bəzi gənc məsihilər şagird hazırlamaq işində fəal iştirak etmək üçün nə edirlər?
8 Bəzi gənclər isə şagird hazırlamaq işində fəal iştirak etmək üçün yeni dil öyrənir. Məsələn, Şimali Amerikadan olan Ceykob adlı qardaş yazır: «Sinifimizdə uşaqların çoxu vyetnamdilli idi. Onlara Yehova Allah haqda danışmaq istəyirdim, buna görə də qarşıma məqsəd qoydum ki, onların dilini öyrənim. Onda mənim yeddi yaşım var idi. Vyetnam dilini əsasən “Gözətçi qülləsi” jurnalını ingilis və vyetnam dillərində tutuşduraraq öyrənirdim. Həmçinin vyetnamdilli yığıncaqdakı bacı-qardaşlarla dostlaşdım. 18 yaşım olanda öncül xidmətinə başladım. Sonra Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbində təlim aldım. Bunun hazırkı təyinatımda, vyetnamdilli qrupdakı xidmətimdə mənə böyük köməyi dəyir, çünki bu qrupda məndən başqa ağsaqqal yoxdur. Vyetnamlılara təbliğ edəndə mənim vyetnam dilini bilməyim onların çoxunu təəccübləndirir. Onlar məni evlərinə dəvət edirlər və əksər hallarda Müqəddəs Kitabı öyrənməyə başlayırlar. Onlardan bəziləri vəftiz olmağa hazırlaşır». (Həvarilərin işləri 2:7, 8 ayələri ilə müqayisə edin.)
9. Nəyə görə demək olar ki, şagird hazırlamaq işi bir məktəbdir?
9 Şagird hazırlamaq işinin özü də bir məktəbdir. Bu tapşırığı yerinə yetirəndə insan ünsiyyət qurmağı, nəzakətli olmağı öyrənir, eləcə də onda özünəinam yaranır (Məs. 21:5; 2 Tim. 2:24, haş.). Bu işin sevinc gətirən ən önəmli cəhəti odur ki, onun sayəsində imanımızın təməli olan təlimləri daha yaxşı qavrayırıq. Həmçinin şagird hazırlamaq işində iştirak etməklə Yehova Allahla əməkdaşlıq edirik (1 Kor. 3:9).
10. İnsanların həqiqətə hay vermədiyi ərazidə xidmət edən təbliğçilər şagird hazırlamaq işində necə sevinc duya bilər?
10 Bəzi ərazilərdə çox az adam təbliğ etdiyimiz müjdəni qəbul edir. Əgər sizin də ərazidə vəziyyət oxşardırsa, yaddan çıxarmayın ki, şagird hazırlamaq işi bütün təbliğçilərin səfərbər olduğu işdir. Həqiqəti axtaran insanları tapmaq üçün bütün yığıncaq çalışır. Müqəddəs Kitabı öyrənib nəhayətdə məsihi olan insanı bir təbliğçi tapsa da, nəzərə almalıyıq ki, bu axtarışda hamımız iştirak etmişik və bu sevincə hamımız şərikik. Məsələn, Brandon adlı bir qardaş insanların həqiqətə maraq göstərmədiyi ərazidə 9 il öncül kimi xidmət edib. O deyir: «Təbliğ etməyi çox xoşlayıram, çünki bunu Yehova bizdən gözləyir. Öncül xidmətinə məktəbi bitirəndə başlamışam. Yığıncağımızdakı gənc qardaşları ruhlandırmağı sevirəm və onların xidmətdə uğurlar əldə etdiyini görəndə sevinc duyuram. Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbini bitirəndən sonra yeni təyinat aldım. Bu ərazidə bacı-qardaşların dərs keçdiyi insanlar addım atsa da, mənim dərs keçdiyim insanlardan biri belə vəftiz olmayıb. Amma yenə də xoşbəxtəm, şagird hazırlamaq işində tam şəkildə iştirak etmək qərarıma görə peşman deyiləm» (Vaiz 11:6).
NİYYƏTİN HARA MƏNZİLİN ORA
11. Bir çox gənc xidmətin hansı növündə iştirak edir?
11 Yehova bizim qarşımızda xidmətlə bağlı
çoxlu qapılar açıb. Məsələn, bir çox gənc tikinti işində könüllü kimi xidmət edir. Bu gün yüzlərlə ibadət evinə ehtiyac var. İbadət evlərinin inşası Yehova Allaha şərəf gətirən müqəddəs xidmətdir və bu işdə iştirak etmək sizi xoşbəxt edəcək. Müqəddəs xidmətin digər növlərində olduğu kimi bu işdə də əməkdaşlıq etdiyiniz insanlarla xoş vaxt keçirəcəksiniz. Tikinti işi həmçinin sizə gözəl xüsusiyyətlərə yiyələnməyə kömək edəcək, məsələn, işi keyfiyyətli görməyi, çalışqan olmağı və nəzarətçilərlə əməkdaşlıq etməyi öyrənəcəksiniz.12. Öncül xidməti insanı xidmətin başqa növlərinə necə hazırlayır?
12 Kevin adlı qardaş deyir: «Uşaqlıqdan arzum idi ki, böyüyəndə tammüddətli xidmətdə iştirak edim. 19 yaşımda arzuma çatdım, öncül xidmətinə başladım. Dolanmaq üçün yarımgünlük işdə işləyirdim, bənnalıq edən bir qardaşın yanında çalışırdım. Bu işdə dam vurmağı, qapı-pəncərə düzəltməyi öyrəndim. Sonralar təbii fəlakətdən zərərçəkmişlərə kömək işində iştirak etdim, iki il ibadət evlərinin və bacı-qardaşların şəxsi evlərinin bərpasında çalışdım. Eşidəndə ki, Cənubi Afrikada tikinti işçilərinə ehtiyac var ərizə doldurdum və məni oradakı tikinti briqadasına dəvət etdilər. Hal-hazırda Afrikada xidmət edirəm. Burada biz bir neçə həftədən bir yeni ibadət evi tikirik. Briqada üzvləri ilə ailə kimiyik. Biz birgə yaşayır, birgə Müqəddəs Kitabı araşdırır, birgə işləyirik. Mən həmçinin hər həftə yerli bacı-qardaşlarla təbliğə çıxıram. Heç bilməzdim ki, uşaq vaxtı verdiyim qərar bir gün məni bu qədər xoşbəxt edəcək».
13. Beyteldə xidmət edən gənclərə nə sevinc gətirir?
13 Bir vaxtlar öncül kimi xidmət edən gənclərin bəziləri hazırda Beyteldə xidmət edir. Beytel xidməti ən gözəl həyat yoludur, çünki orada görülən bütün işlər Yehova Allaha ibadətin bir hissəsidir. Beytellilər
insanlara həqiqəti çatdıran nəşrlərin hazırlanmasında iştirak edirlər. Dastin adlı bir beytelli deyir: «Tammüddətli xidmətdə iştirak etmək arzusu məndə doqquz yaşında yaranıb. Məktəbi bitirən kimi öncül xidmətinə başladım. İl yarımdan sonra məni Beytelə dəvət etdilər. Burada əvvəlcə çap maşınını işlətməyi, sonra isə kompüter proqramlaşdırmasını öyrəndim. Beyteldə şagird hazırlamaq işinin bütün dünyada necə irəlilədiyini bilavasitə görmək imkanım var. Burada xidmət etməyi sevirəm, çünki gördüyümüz iş insanlara Yehova Allaha yaxınlaşmağa kömək edir».GƏLƏCƏKLƏ BAĞLI HANSI PLANLARINIZ VAR?
14. Tammüddətli xidmətə hazır olmaq üçün gənclər nə etməlidir?
14 Tammüddətli xidmətə hazır olmaq üçün gənclər nə etməlidir? Bu xidmətdə uğurlu olmaq istəyən gənc ən əsası məsihi xüsusiyyətlərinə yiyələnməlidir. Bunun üçün gənc məsihi Müqəddəs Kitabı dərindən araşdırmalı, oxuduqlarından nəticə çıxarmalı və yığıncaq görüşlərində şərh verməlidir. Məktəbdə oxuduğu müddətdə bir təbliğçi kimi təcrübə toplamalıdır. Təbliğ edəndə nəzakətlə suallar verməklə və cavabı səbirlə dinləməklə insanlara diqqət göstərməyi öyrənməlidir. İbadət evinin təmizliyində və təmirində iştirak etmək də onlara bu işdə kömək edə bilər. Yehova həlim və üzüyola insanlarla əməkdaşlıq etməyi sevir. (Zəbur 110:3 ayəsini oxuyun; Həv. 6:1—3.) Həvari Bulus Timutini özü ilə təbliğ səyahətinə götürmüşdü, çünki qardaşlar Timuti haqqında ağızdolusu danışırdılar (Həv. 16:1—5).
15. Tammüddətli xidmətçi olmaq istəyən gənc özünü dolandırmaq üçün nəyi planlaşdırmalıdır?
15 Hamı kimi tammüddətli xidmətçilərə də özlərini dolandırmaq üçün işləmək lazımdır (Həv. 18:2, 3). Yarımgünlük iş tammüddətli xidmətdə iştirak etmək üçün çox əlverişlidir. Bu xidmət növündə iştirak etmək istəyən gənclər müəyyən peşəyə yiyələnə bilər. Onlara tövsiyə edərdik ki, planları ilə bağlı ağsaqqallarla, rayon nəzarətçisi ilə və öncüllərlə məsləhətləşsinlər, hansı işin öncüllər üçün praktiki olduğunu soruşsunlar. Həmçinin, əziz gənclər, Müqəddəs Kitabda deyildiyi kimi, hər işinizi Yehovaya tapşırın, onda niyyətiniz baş tutar (Məs. 16:3; 20:18).
16. Gənc yaşlarından tammüddətli xidmətdə iştirak etmək gəncləri gələcəyə necə hazırlayır?
16 Yehova istəyir ki, gənclər xoşbəxt həyat üçün «möhkəm təməl qoysunlar». (1 Timutiyə 6:18, 19 ayələrini oxuyun.) Tammüddətli xidmət gənclərə bu xidmət növündə iştirak edən digər bacı-qardaşlarla sıx ünsiyyət etməyə şərait yaradır və məsihi kimi inkişaf etməyə kömək edir. Tammüddətli xidmətdə olan dindaşlarımızın çoxu deyir ki, gənc yaşlarından bu xidmətdə iştirak etməyin onlara ailə quranda böyük köməyi dəyib. Subay vaxtı öncül kimi xidmət edən məsihilərin çoxu ailə qurandan sonra da həyat yoldaşları ilə birgə bu xidməti davam etdiriblər (Rom. 16:3, 4).
17, 18. Nəyə görə tammüddətli xidmətçi olmaq üçün plan qurmaq kifayət deyil?
17 Tammüddətli xidmətə hazır olmaq üçün təkcə plan qurmaq kifayət deyil, gənclər bu xidmətdə iştirak etməyi ürəkdən arzulamalıdır. Zəbur 20:4 ayəsində məzmurçu deyir ki, qoy Yehova «sənə ürəyinə görə versin, bütün niyyətlərin gerçəkləşsin». Buna görə də, gənclər həyatlarını nəyə sərf etmək istədiklərini indidən düşünməlidirlər. Yehovanın bu gün hansı işi həyata keçirdiyini nəzərə almalıdırlar və götür-qoy etməlidirlər ki, bu işə necə töhfə verə bilərlər. Sonra isə Yehovanı razı salan planlar qurmalıdırlar.
18 Tammüddətli xidmət insana dərin məmnunluq gətirir, çünki bu, Yaradanımızı ucaldan şərəfli yoldur. Odur ki, Zəbur 37:4 ayəsində deyildiyi kimi «qoy səadətin Yehova olsun, O, qəlbinin muradını çin edər».
^ abz. 7 Padşahlıq Müjdəçiləri Məktəbi ilə əvəz olunub.