Oxucuların sualları
Məsihin nəsil şəcərəsi yalnız ilk oğulluq haqqı olan kişilərdənmi ibarətdir?
Nəşrlərimizdə bu fikri dəstəkləyən şərhlərə rast gəlmək olar. Bu qənaətə gəlməyimizə səbəb İbranilərə 12:16 ayəsi olmuşdu. Ayədə deyilir ki, Eys müqəddəs şeyləri qiymətləndirmədi və bir qarın yeməkdən ötrü ilk oğulluq haqqını Yaquba satdı. Bu ayəyə əsasən, belə nəticəyə gəlmişdik ki, Yaqub ilk oğulluq haqqını almaqla, bir növ, Məsihin əcdadı olmaq haqqına da sahib olmuşdu (Mət. 1:2, 16; Luka 3:23, 34).
Lakin məsələyə daha ətraflı baxdıqda məlum olur ki, Məsihin nəsil şəcərəsinə daxil olmaq üçün ilk oğul olmaq şərt deyildi. Gəlin Müqəddəs Kitabdan bunu təsdiq edən bir neçə dəlili araşdıraq.
Yaqubun (İsrail) Ləyadan doğulan ilk oğlu Rubən idi, sevimli həyat yoldaşı Rəhilədən doğulan ilk oğlu isə Yusif idi. Rubən günah edəndən sonra ilk oğulluq haqqı Yusifə keçdi (Yar. 29:31—35; 30:22—25; 35:22—26; 49:22—26; 1 Saln. 5:1, 2). Amma Məsih nə Rubənin, nə də Yusifin nəslindən gəldi. Məsih Yaqubun Ləyadan doğulan dördüncü oğlu Yəhudanın nəslindən törədi (Yar. 49:10).
Luka 3:32 ayəsində Məsihin şəcərə zəncirinin daha atlı həlqəsi sadalanır. Onlardan beşi, görünür, ilk oğul olub, məsələn, Buəzdən Abid, Abiddən Yəssə törədi (Rut 4:17, 20—22; 1 Saln. 2:10—12).
Həmin ayədə adı çəkilən Davud isə atası Yəssənin ilk oğlu deyildi, o, səkkiz qardaşın içində sonbeşik idi. Bununla belə, o, Məsihin nəsil şəcərəsinə düşənlərdən biri oldu (1 İşm. 16:10, 11; 17:12; Mət. 1:5, 6). Eynən, Davuddan sonra şəcərəni davam etdirən Süleyman padşah da Davudun ilk oğlu deyildi (2 İşm. 3:2—5).
Bu, o demək deyil ki, ilk oğul olmaq heç bir əhəmiyyət daşımırdı. İlk oğul ailədə üstün mövqe tutur, atadan sonra ailənin başçısı o olurdu. Həmçinin mirasdan iki pay ona düşürdü (Yar. 43:33; Qan. 21:17; Yuş. 17:1).
Bununla belə, ilk oğulluq haqqı başqa şəxsə ötürülə bilərdi. Misal üçün, İbrahim peyğəmbər İsmayılı evdən göndərəndən sonra ilk oğulluq haqqı İshaqa keçdi (Yar. 21:14—21; 22:2). Yuxarıda qeyd edildiyi kimi, Rubənin də ilk oğulluq haqqı ondan alınıb Yusifə verilmişdi.
İndi isə gəlin İbranilərə 12:16 ayəsinə yenidən nəzər salaq. Orada deyilir: «Qoymayın ki, içinizdə əxlaqsız, yaxud Eys kimi müqəddəs şeyləri qiymətləndirməyən adam olsun. O, bir qarın yeməkdən ötrü ilk oğulluq haqqından keçdi» (İbr. 12:16). Gəlin görək bu ayənin məğzi nədən ibarətdir.
Burada Həvari Bulus Məsihin nəsil şəcərəsindən danışmır. Kontekstdən görünür ki, o, məsihiləri düz yoldan ayrılıb əxlaqsızlığa yol verməməyə, bununla da Allahın lütfünü qazanmağa səsləyirdi (İbr. 12:12—16). Əks təqdirdə, onlar «müqəddəs şeyləri qiymətləndirməyən», nəfsani şeyləri üstün tutan Eys kimi davranmış olardılar.
Eys ata xaqanlıq (patriarxat) dövründə yaşayırdı. Bu isə o demək idi ki, o, kahin qismində çıxış edərək ailəsinin adından qurban gətirmək kimi şərəfli vəzifəni icra edə bilərdi (Yar. 8:20, 21; 12:7, 8; Əyy. 1:4, 5). Lakin cismani düşüncəli insan olduğu üçün o, bütün bu imtiyazları əldən verdi — özü də nəyə-nəyə, bir qab şorbaya görə. Bu addımın arxasında başqa bir şey də dura bilərdi. Ola bilsin, Eys bunu həm də ona görə etmişdi ki, peyğəmbərliyə görə İbrahimin övladlarının başına gələcək zülmdən canını qurtarsın (Yar. 15:13). Eysin müqəddəs şeyləri qiymətləndirməyən nəfsani insan olduğu onun ailə qurmasından da görünür. O, valideynlərinə böyük dərd olan iki bütpərəst arvad almışdı (Yar. 26:34, 35). Yaqub peyğəmbər isə Eysdən yerlə göy qədər fərqlənirdi. O, Yehovaya ibadət edən qadınla evlənmək üçün çox cəfaya dözmüşdü (Yar. 28:6, 7; 29:10—12, 18).
Xülasə olaraq İsa Məsihin nəsil şəcərəsi ilə bağlı bunu demək olar: bu şəcərəni həmişə ilk oğul davam etdirmirdi. Yəhudilər özləri də bunu qəbul edirdilər. Onlar birmənalı şəkildə etiraf edirdilər ki, Məsih Davudun nəslindən gəlməlidir. Davud isə, artıq yuxarıda qeyd etdiyimiz kimi, Yəssənin ilk oğlu yox, sonbeşiyi idi (Mət. 22:42).