Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Davud Zəbur 145:2 ayəsində Yehovanın adını «əbədiyyən» mədh edəcəyini deyir. Onun bu sözləri reallıqdan uzaq və ya mübaliğə idi?

Xeyr. Onun yazdıqları əsaslı və real idi.

Gəlin görək Davud həm bu, həm də buna bənzər ayələrdə hansı sözləri qələmə almışdı: «Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram, əbədiyyən adını mədh edəcəyəm». «Əbədiyyən adına alqış edərəm!» (Zəb. 86:12; 145:1, 2).

Davud bu sözləri ilə heç vaxt ölməyəcəyini nəzərdə tutmurdu. O bilirdi ki, Yehova insanlara günahın əvəzi olaraq, ölüm hökmü kəsib və özü də günahlıdır (Yar. 3:3, 17—19; Zəb. 51:4, 5). Həmçinin Davud bilirdi ki, hətta İbrahim, İshaq, Yaqub kimi Allahın sadiq bəndələri belə ölüblər. O öz həyatının da bir gün sona yetəcəyinin fərqində idi (Zəb. 37:25; 39:4). Amma Zəbur 145:2 ayəsindəki sözlər Davudun Yehovanı əbədiyyən, yəni nə qədər ki sağdır mədh etmək istədiyini, buna əzmli olduğunu göstərir (2 İşm. 7:12).

Bəzən Davud öz həyatında baş verən hadisələri qələmə alırdı. Məsələn, bunu Zəbur 18, 51 və 52-ci məzmurların müqəddiməsindən görmək olar. Özü də çoban olan Davud 23-cü məzmurda deyir ki, «Yehova mənim Çobanımdır». Çünki Yehova onun addımlarını yönəldir, canına qüvvət verir və qoruyurdu. Buna görə də o istəyirdi ki, ömrü boyu Yehovaya qulluq etsin (Zəb. 23:6).

Həmçinin unutmamalıyıq ki, Davud nə yazırdısa, Yehovanın ilhamı ilə yazırdı. Onun yazdıqları arasında gələcəkdə yerinə yetəcək peyğəmbərliklər də var idi. Məsələn, 110-cu məzmurda Davud ağasının göydə Allahın sağında oturacağı və böyük səlahiyyət alacağı dövr barədə yazmışdı. Ona nəyə görə belə bir səlahiyyət veriləcəkdi? Allahın düşmənlərini məğlub etmək və yer üzündəki «xalqlara çıxardığı hökmünü» icra etmək üçün. Davud ağanın, yəni Məsihin ulu babası idi. Məsih göydən idarə edəcək və «əbədi kahin» olacaq (Zəb. 110:1—6). İsa Məsih 110-cu məzmurdakı peyğəmbərliyin ona aid olduğunu təsdiq etmişdi və bu peyğəmbərliyin gələcəkdə yerinə yetəcəyini qeyd etmişdi (Mət. 22:41—45).

Bəli, Davud Yehovanın ilhamı ilə həm öz yaşadığı dövr haqda yazmışdı, həm də gələcəkdə diriləndən sonra Yehovanı əbədiyyən mədh edəcəyi dövr haqda. Bundan belə qənaətə gəlmək olar ki, Zəbur 37:10, 11, 29 ayələri də həm yazıldığı dövrə, həm də gələcəyə aiddir. Bu sözlər qədim İsraildə mövcud olan vəziyyəti təsvir edir. Həmçinin bu peyğəmbərlik gələcəkdə Yehova bütün vədlərini həyata keçirəndə yerinə yetəcək. (Bu sayda «Sən mənimlə Cənnətdə olacaqsan!» adlı məqalənin 8-ci abzasına baxın.)

Beləliklə, Zəbur 145:2 ayəsi və buna bənzər digər ayələr göstərir ki, Davud Yehovanı İsraildə son nəfəsinədək ucaltmaq arzusunda idi. Həmçinin bu sözlər bir reallığı əks etdirir: gələcəkdə həyata qayıdanda Davudun Yehovanı əbədiyyən mədh etmək imkanı olacaq.