Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Yehova bizə yaxşılıq etdi

Yehova bizə yaxşılıq etdi

HƏYAT YOLDAŞIM Danyela ilə oteldə təzəcə qeydiyyatdan keçmişdik ki, qeydiyyatçı mənə dedi: «Cənab, zəhmət olmasa, sərhəd polisinə zəng edərdiniz». Biz Qərbi Afrika ölkəsi olan Qabona bir neçə saat idi ki çatmışdıq. Orada fəaliyyətimiz 1970-ci ildən qadağa altında idi.

İti zəkası olan Danyela dərhal qulağıma pıçıldadı: «Zəng eləməyə ehtiyac yoxdur, onlar artıq buradadırlar!» Bir maşın gəlib düz otelin qabağında saxladı. Heç iki dəqiqə keçmədi ki, ikimiz də həbs olunduq. Danyelanın xəbərdarlığı sayəsində bəzi sənədləri dərhal bir qardaşa ötürə bilmişdim.

Polis məntəqəsinə aparılanda öz-özümə düşünürdüm ki, belə cəsur və ruhən yetkin həyat yoldaşım olduğu üçün necə də bəxtəvər insanam. Danyela ilə bir komanda kimi çalışdığımız bu kimi hadisələr çox olub. Gəlin sizə təbliğ fəaliyyətimizin qadağa altında olduğu ölkələri ziyarət etməyimizin səbəbindən danışım.

YEHOVA GÖZLƏRİMİ AÇDI

Mən 1930-cu ildə Fransanın qərbində yerləşən kiçik Kroiks şəhərində, qatı katolik ailəsində dünyaya gəlmişəm. Hər həftə ailəlikcə messalara qatılırdıq. Atam kilsənin işlərində fəal iştirak edirdi. Təxminən 14 yaşım olanda bir hadisə gözlərimi açdı — kilsənin iç üzünü gördüm.

İkinci Dünya müharibəsi zamanı alman ordusu Fransanı işğal etmişdi. Keşişimiz kilsədə söylədiyi vəzlərdə hər dəfə bizi nasist Vişi rejimini dəstəkləməyə səsləyirdi. Onun nitqləri canımıza vəlvələ salırdı. Fransada yaşayan bir çoxları kimi, biz də gizlincə müttəfiq qüvvələr haqda xəbərlər verən BBC radiosunu dinləyirdik. Lakin 1944-cü ilin sentyabrında müttəfiq qüvvələrin qələbəsindən sonra keşiş birdən-birə mövqeyini dəyişdi və onların şərəfinə şükran mərasimi təşkil etdi. Keşişin ikiüzlülüyünə məəttəl qalmışdım. Bundan sonra din xadimlərinə etibarım sarsıldı.

Müharibədən qısa müddət sonra atam vəfat etdi. Böyük bacım həmin vaxt ailəli idi və Belçikada yaşayırdı. Buna görə də anamın və balaca bacımın qayğısına qalmağı özümə borc bildim. Bir tekstil şirkətində iş tapdım. Müdirimlə oğlu qatı katolik idi. Burada özümə parlaq gələcək qurmaq imkanım var idi, amma tezliklə bir sınaqla üzləşdim.

Yehovanın Şahidi olan bacım Simona 1953-cü ildə bizə qonaq gəldi. Bacım Müqəddəs Kitab vasitəsilə Katolik kilsəsinin öyrətdiyi cəhənnəm, üç üqnum və ölməz ruh kimi təlimlərin yalan olduğunu bizə göstərdi. Əvvəlcə onun Katolik Bibliyasından istifadə etmədiyini əsas gətirib etirazımı bildirmişdim. Amma bir müddət sonra onun dediklərinin həqiqət olduğuna əmin oldum. Sonralar bacım mənə «Gözətçi qülləsi» jurnalının köhnə saylarını gətirdi. Gecələr onları həvəslə oxuyurdum. Çox keçməmiş oxuduqlarımın həqiqət olduğunu başa düşdüm, bununla belə, qorxurdum ki, Yehovanın Şahidi olsam, işimi itirəcəyəm.

Bir neçə ay Müqəddəs Kitabı və «Gözətçi qülləsi» məqalələrini tək araşdırdım. Axırda ibadət evinə getmək qərarına gəldim. Oradakı mehriban ab-hava çox xoşuma gəldi. Təcrübəli bir qardaşla 6 ay Müqəddəs Kitab dərsi keçdikdən sonra 1954-cü ilin sentyabr ayında vəftiz olundum. Xoşbəxtlikdən, çox keçməmiş anamla balaca bacım da Yehovanın Şahidi oldu.

TAMVAXTLI XİDMƏTDƏ YEHOVAYA BEL BAĞLAYIRAM

1958-ci ildə mənə Nyu-Yorkda keçirilən beynəlxalq toplantıya qatılmaq şərəfi nəsib oldu. Əfsuslar olsun ki, toplantıdan bir neçə həftə əvvəl anam vəfat etdi. Geri qayıdanda artıq üzərimdə heç bir öhdəçilik olmadığına görə işdən çıxdım və öncül xidmətinə başladım. Həmin ərəfələrdə Danyela adlı fəal öncül olan dindaşımla nişanlandım, 1959-cu ilin may ayında isə ailə həyatı qurduq.

Danyela ailəsindən uzaqda Bretan vilayətinin kənd ərazisində tamvaxtlı xidmət edirdi. O, çox cəsarətli idi, velosipedlə kənd ərazilərini dolaşır və katolik ərazidə təbliğ edirdi. Danyela da mənim kimi, bu işin təxirəsalınmaz olduğunun və sonun yaxın olduğunun fərqində idi (Mət. 25:13). Onun fədakarlıq ruhu bizə tamvaxtlı xidmətə davam etməyə kömək etdi.

Toyumuzdan bir-iki gün sonra səyyar xidmətinə təyin olunduq. Olduqca sadə həyat şəraitinə uyğunlaşdıq. İlk ziyarət etdiyimiz yığıncaq 14 təbliğçidən ibarət idi. Bacı-qardaşlar bizi evlərində qalmağa dəvət edə bilməmişdilər. Ona görə də ibadət evindəki səhnəyə döşək sərib yatmalı olmuşduq. Düzdür, yerimiz rahat deyildi, amma deyirlər düz yerdə yatmaq onurğa üçün faydalıdır.

Balaca maşınımızla yığıncaqları ziyarət edirik

Gərgin qrafikimizə baxmayaraq, Danyela səyyar xidmətə yaxşı uyğunlaşdı. Çox vaxt ağsaqqallarla planlaşdırılmamış görüşlərimiz olduğu üçün məni balaca maşınımızda gözləməli olurdu, amma heç vaxt şikayətlənmirdi. Rayon xidmətində cəmi iki il olduq, bu vaxt ərzində öyrəndik ki, ər-arvadın bir-biri ilə səmimi, dürüst söhbət etməsi və komanda kimi çalışması olduqca vacibdir (Vaiz 4:9).

YENİ TƏYİNATIMIZ

1962-ci ildə Bruklində (Nyu-York) keçirilən Gilad Məktəbinin 37-ci sinifində on aylıq təhsil almağa dəvət aldıq. 100 şagirdin arasında cəmi 13 cütlük var idi və çox sevinirdik ki, məktəbə bizim ikimizi də dəvət ediblər. Məktəb müddətində tanış olduğumuz Frederik Frans, Uilses Qlas və Aleksandr Makmillan kimi iman örnəkləri ilə xoş xatirələrim var.

Bir yerdə Gilad Məktəbini keçmək əsl xoşbəxtlik idi

Təlim müddətində müşahidəçilik qabiliyyətimizi inkişaf etdirməyə təşviq olunurduq. Bəzi şənbə günləri dərsdən sonra təlimimizə Nyu-York şəhərinin görməli yerlərini gəzmək də daxil idi. Bilirdik ki, bazar ertəsi gördüklərimiz haqda yazılı yoxlama işimiz olacaq. Qayıdanda çox vaxt yorğun olurduq, amma Beyteldə könüllü xidmət edən bələdçimiz yoxlama işini yaza bilək deyə, əsas fikirlərlə bağlı təkrar suallar verirdi. Bir dəfə şənbə günü günorta vaxtı bütün şəhəri gəzdik. Bir rəsədxanada olduq, orada meteor və meteoritlər haqda öyrəndik. Amerika Təbii Tarix Muzeyində isə alliqator və timsah arasındakı fərqi öyrəndik. Beytelə qayıdanda bələdçimiz bizdən meteor və meteorit arasında hansı fərqin olduğunu soruşdu. Danyela yorğunluqdan «meteoritlərin dişləri daha uzundur» demişdi.

Afrikadakı dindaşlarımızı ziyarət etmək çox xoş idi

Heç gözləmədiyimiz halda, Fransa filialına təyinat aldıq, orada 53 ildən çox xidmət etmişik. 1976-cı ildə filial komitəsinin koordinatoru təyin olundum və fəaliyyətimizin qadağa altında olduğu Afrika və Yaxın Şərq ölkələrini ziyarət etmək tapşırığı aldım. Beləcə, yuxarıda danışdığım hadisənin baş verdiyi Qabona gəlib çıxdıq. Düzünü desəm, gözlənilmədən aldığımız bu məsuliyyətlərə çox vaxt özümü hazır bilmirdim. Amma can yoldaşım Danyelanın əvəzsiz dəstəyi mənə istənilən təyinatı yerinə yetirməyə güc verirdi.

Jan-Mari Bokart 1988-ci ildə Parisdə keçirilən toplantıda Teodor Yaraç qardaşın məruzəsini tərcümə edir

AĞIR SINAĞIN ÖHDƏSİNDƏN BİRGƏ GƏLİRİK

Beytel həyatını elə ilk günlərdən sevdik. Danyela Gilada getməzdən öncə beş ayın içində ingilis dilini öyrənmişdi. O, nəşrlərimizin tərcüməsində iştirak edən bacarıqlı tərcüməçi oldu. Beyteldəki işimiz bizə böyük məmnunluq gətirirdi. Yığıncağın işlərində iştirakımız isə sevincimizi birə-beş artırırdı. Gecə saatlarında Müqəddəs Kitab dərsi keçib Paris metrosuyla evə qayıtdığımız günlər indiyə kimi yadımdadır. O vaxt yorğun-arğın olsaq da, özümüzü çox xoşbəxt hiss edirdik. Amma əfsuslar olsun ki, Danyelanın səhhətinin gözlənilmədən pisləşməsi onun istədiyi qədər xidmət etməsinə mane oldu.

1993-cü ildə ona süd vəzi xərçəngi diaqnozu qoyuldu. Müalicə çox ağır keçdi, əməliyyat və ağır kimyaterapiya lazım oldu. On beş il sonra ona yenidən xərçəng diaqnozu qoyuldu, bu dəfə daha aqressiv forması idi. Amma Danyela tərcüməçilik işini o qədər dəyərləndirirdi ki, vəziyyəti stabilləşən kimi işinin başına qayıtmışdı.

Danyelanın ağır xəstəliyinə baxmayaraq Beyteli tərk etmək heç vaxt ağlımızın ucundan da keçməyib. Amma xəstə halda Beyteldə qalmağın da öz çətinlikləri var, xüsusilə də başqaları sənin vəziyyətinin ağırlığından bixəbərdirsə (Məs. 14:13). Danyelanın yaşı 70-i haqlamışdı, amma onun gözəl çöhrəsi və kübarlığı xəstəliyini büruzə vermirdi. O, heç vaxt özünü yazıqlamırdı. Əksinə, diqqətini başqalarına kömək etməyə cəmləyirdi. O bilirdi ki, çətinliyi olan insanı dinləmək özü böyük köməkdir (Məs. 17:17). Danyela heç vaxt özünü məsləhətçi hesab etmirdi, amma bacıların xərçəng xəstəliyindən qorxmaması üçün öz təcrübəsini bölüşürdü.

Çətinliklərimiz bunlarla bitmədi. Danyela artıq tamvaxtlı xidmət edə bilməyəndə mənə daha çox dəstək olmağı məqsəd qoydu. O, əlindən gələni edirdi ki, mən heç nəyə görə narahat olmayım, bunun sayəsində 37 il filial komitəsinin koordinatoru kimi xidmət edə bildim. Misal üçün, günortalar yeməyi öz otağımızda birgə yeməyimiz və hər gün birlikdə bir az istirahət edə bilməyimiz üçün hər şeyi qabaqcadan hazırlayırdı (Məs. 18:22).

PROBLEMLƏRLƏ GÜNDƏLİK MÜBARİZƏ APARIRIQ

Danyela həmişə nikbin olub, həyat eşqi ilə alışıb. Əfsus ki, xərçəng onda üçüncü dəfə də inkişaf etdi. Artıq taqətimiz qalmamışdı. Kimyaterapiya və raidoterapiya seansları Danyelanı elə əldən salmışdı ki, güclə gəzirdi. Can yoldaşımın, bacarıqlı tərcüməçinin danışarkən söz seçə bilməməsi ürəyimi parçalayırdı.

Taqətdən düşsək də, dualarımızı dayandırmırdıq, əmin idik ki, Yehova heç vaxt gücümüz çatmayacaq əzablara məruz qalmağımıza izin verməz (1 Kor. 10:13). Yehovanın Öz Kəlamı, Beyteldəki tibbi heyət və bacı-qardaşlar vasitəsilə bizə dayaq olmasını hər zaman qiymətləndirməyə çalışmışıq.

Həmişə Yehovadan rəhbərlik istəyirdik ki, müalicə üsulu seçməkdə bizə yol göstərsin. Danyela bir müddət müalicəsiz qalmışdı. 23 il ərzində yoldaşımı müalicə edən həkim onun hər kimyaterapiya seansından sonra nə üçün huşunu itirdiyini izah edə bilmirdi. Bizə təklif edə biləcəyi heç bir alternativ variantı da yox idi. Çarəsiz qalmışdıq, bilmirdik neyləyək. Sonra başqa onkoloq Danyelanı müalicə etməyə razılıq verdi. Elə bil Yehova bu yolla düşdüyümüz vəziyyətdən çıxış yolu göstərirdi.

Bu problemin öhdəsindən gündəlik gəlməyə çalışırdıq, İsa Məsihin dediyi kimi: «Hər günün dərdi özünə bəsdir» (Mət. 6:34). Nikbinliyin və yumor hissinin də köməyi böyük idi. Misal üçün, Danyela iki ay kimyaterapiya almadığı vaxt şıltaq təbəssümü ilə mənə demişdi: «Bilirsən, heç vaxt özümü bu qədər yaxşı hiss etməmişəm!» (Məs. 17:22). Ağrılarına baxmayaraq o, yeni həmd nəğmələrimizi şövqlə oxumağı çox sevirdi.

Danyelanın pozitiv xarakteri öz məhdudiyyətlərimlə mübarizə aparmağa kömək etdi. Doğrusun deyim, 57 illik ailə həyatımızda o mənə çox sahədə qayğı göstərib. O hətta məni yumurta bişirməyə də qoymayıb! Amma Danyela xəstəliyinə görə tamamilə əldən düşəndən sonra qab-qacaq, pal-paltar yumağı da, adi şeyləri bişirməyi də öyrənməli oldum. Bir neçə stəkan sındırsam da, onu sevindirmək üçün nə isə etmək mənə çox xoş idi *.

YEHOVANIN LÜTFÜNƏ GÖRƏ MİNNƏTDARAM

Geri boylananda görürəm ki, səhhətimizdəki problemlərdən və qocalığın gətirdiyi çətinliklərdən çox şey öyrənmişəm. İlk öncə, nə qədər məşğul olsaq da, həyat yoldaşımıza diqqət göstərməyə vaxt ayırmalıyıq. Həyatımızın enerji dolu çağlarında əzizlərimizə qayğı göstərmək üçün əlimizdən gələni etməliyik (Vaiz 9:9). İkincisi, xırda şeylərə görə həddindən çox narahat olmamalıyıq, yoxsa gündəlik aldığımız nemətləri nəzərdən qaçıra bilərik (Məs. 15:15).

Tamvaxtlı xidmətdə olduğumuz illər haqda düşünəndə görürəm ki, Yehova bizə ağlımıza belə gətirmədiyimiz nemətlər bəxş edib. Mən məzmurçunun keçirdiyi növbəti hisslərə şərikəm: «Yehova mənə yaxşılıq etdi» (Zəb. 116:7).

^ abz. 32 Bu məqalə hazırlananda Danyela Bokart bacımız 78 yaşında vəfat etdi.