Kontentə keç

Mündəricatı göstər

Gənclər, Yaradanınız sizin xoşbəxtliyinizi istəyir

Gənclər, Yaradanınız sizin xoşbəxtliyinizi istəyir

«O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur» (ZƏB. 103:5).

NƏĞMƏ: 135, 39

1, 2. Həyatda məqsədlər qoyanda nəyə görə Yaradanımızın sözünə qulaq asmaq hikmətli olar? (Məqalənin əvvəlindəki şəkillərə baxın.)

YƏQİN Kİ, bir gənc kimi sizə gələcəyinizlə bağlı çoxlu məsləhətlər verilir. Ola bilsin, müəllimlər, metodistlər, yaxud da başqaları sizi ali təhsil almağa və gəlirli karyera qurmağa istiqamətləndirir. Lakin Yehova gəncləri fərqli istiqamətə yönəldir. Əlbəttə, Allah gələcəkdə özünüzü təmin edə bilməyiniz üçün məktəbdə əlinizdən gələn qədər yaxşı oxumağınızı istəyir (Kol. 3:23). Lakin onu da bilir ki, hər bir gənc gələcəyinə təsir edəcək vacib qərarlar qarşısında qalır. Buna görə də istəyir ki, sonun yaxınlaşdığı bir vaxtda həyatınızı Onu razı salan şəkildə yaşamağınıza kömək edəcək prinsipləri rəhbər tutasınız (Mət. 24:14).

2 Unutmayın ki, Yehova vəziyyəti hərtərəfli görür. O, indiki dünyanın gələcək aqibətini və bu sistemin sonuna nə qədər qaldığını dəqiq bilir (Əşy. 46:10; Mət. 24:3, 36). Yehova bizi də yaxşı tanıyır və nəyin bizə xoşbəxtlik, nəyin bədbəxtlik gətirəcəyini bilir. Buna görə də insanların verdiyi məsləhətlər nə qədər məntiqli səslənsə də, əgər Allahın Kəlamına əsaslanmırsa, onları müdrik məsləhət hesab etmək olmaz (Məs. 19:21).

YEHOVAYA ZİDD HİKMƏT YOXDUR

3, 4. Adəmlə Həvvanın pis məsləhətə qulaq asması onların özünə və gələcək nəslinə necə təsir etdi?

3 Pis məsləhətin kökü lap qədimə gedib çıxır. İlk pis məsləhət verən isə Şeytan olmuşdu. Şeytan özündənrazı şəkildə Həvvaya məsləhət vermişdi ki, həyatları ilə bağlı qərarı özləri versələr, daha xoşbəxt ola bilərlər (Yar. 3:1—6). Həqiqətdə isə onun niyyəti öz xudbin istəklərini təmin etmək idi. Şeytan istəyirdi ki, Adəmlə Həvva və onların gələcək övladları Yehovaya yox, ona qulaq assınlar, ona ibadət etsinlər. Hərçənd ki, onları bir-birinə bağışlayan, onlar üçün gözəl bağ salan, əbədi yaşamaları üçün sağlam bədən verən, ümumiyyətlə onlara hər şeyi verən Yehova idi. Bəs Şeytan onlara nə vermişdi?

4 Əfsus ki, Adəmlə Həvva itaətsizlik edərək Allahla bağlarını qopardılar. Faciəvi nəticə hər birimizə məlumdur. Qoparılan gül yavaş-yavaş solub quruduğu kimi, onların da həyatı tədricən soldu və nəticədə öldülər. Onların övladları, o cümlədən bizlər də günahın acı nəticəsini dadırıq (Rom. 5:12). Bu gün də çoxları Adəmlə Həvva kimi Allaha itaətsizlik edərək öz bildikləri kimi yaşayır (Efes. 2:1—3). Amma onların həyatı aydın göstərir ki, Allaha qarşı çıxmaq hikmətli addım deyil (Məs. 21:30).

5. Allah bəşəriyyətlə bağlı nəyə əmin idi və bu əminlik özünü doğrultdu?

5 Yehova əmin idi ki, Onu axtaran, Ona xidmət etmək istəyən insanlar çox olacaq və təbii ki, onların arasında gənclər də olacaq (Zəb. 103:17, 18; 110:3). Bu cür gənclər Yehova üçün çox dəyərlidir! Bəs siz özünüzü onların arasında görürsünüz? Əgər belədirsə, sözsüz ki, Yehovadan çoxlu «yaxşı nemətlər» almısınız və bu nemətlər sizə böyük xoşbəxtlik gətirir. (Zəbur 103:5 ayəsini oxuyun; Məs. 10:22.) Məqalədə bu «yaxşı nemətlər»ə daxil olan dörd sahəni müzakirə edəcəyik: ruhani qida, ən yaxşı dostlar, dəyərli məqsədlər və həqiqi azadlıq.

YEHOVA RUHANİ TƏLƏBATINIZI TƏMİN EDİR

6. Nəyə görə ruhani tələbatı təmin etmək lazımdır və Yehova bu sahədə sizə necə kömək edir?

6 Allah heyvanlara Onu tanımaq ehtiyacı verməyib. Amma insanlarda belə bir tələbat var və yalnız Allah bu tələbatımızı təmin edə bilər (Mət. 4:4). Yaradanımıza qulaq asanda dərrakə, hikmət və xoşbəxtlik qazanırıq. İsa Məsih demişdi: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mət. 5:3). Yehova ruhani tələbatımızı Öz Kəlamı və sadiq nökərin verdiyi qida vasitəsilə təmin edir (Mət. 24:45). O bizi bol çeşidli ruhani qida ilə bəsləyir! (Əşy. 65:13, 14).

7. Allahın təqdim etdiyi ruhani qidanı mənimsəməyin hansı faydaları var?

7 Allahın verdiyi ruhani qida sayəsində qazandığınız hikmət və düşüncə özünüzü bir çox təhlükələrdən qorumağa kömək edəcək. (Məsəllər 2:10—14 ayələrini oxuyun.) Məsələn, bu xüsusiyyətlərin sayəsində Yaradanın olmaması, xoşbəxtliyin var-dövlətdə olması kimi yalanlara aldanmayacaqsınız. Həmçinin bu xüsusiyyətlər sizə nəfsinizə və pis vərdişlərə qarşı durmağa kömək edəcək. Odur ki, ilahi hikmətə və düşüncəyə yiyələnmək üçün əlinizdən gələni etməyə davam edin. Bu dəyərli xüsusiyyətlərə sahib olduqca Yehovanın sizi sevdiyinə və sizin xeyrinizi istədiyinə şəxsən əmin olacaqsınız (Zəb. 34:8; Əşy. 48:17, 18).

8. Nə üçün Yehovaya yaxınlaşmaq indi daha vacibdir və bunun gələcəkdə sizə hansı xeyri olacaq?

8 Tezliklə Şeytan dünyası tamamilə viran olacaq. Onda Yehovadan başqa sığınacağımız olmayacaq. Doğrudan da, vaxt ola bilər ki, bir qarın yeməyə görə gözümüzü Allaha dikək! (Həb. 3:2, 12—19). Ona görə də məhz indi Yehovaya daha yaxın olmağın və Ona olan etibarımızı möhkəmləndirməyin vaxtıdır (2 But. 2:9). Belə etsəniz, ətrafınızda baş verənlərdən asılı olmayaraq, məzmurçu Davudun keçirdiyi hissləri keçirəcəksiniz. O demişdi: «Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram!» (Zəb. 16:8).

YEHOVA SİZƏ ƏN YAXŞI DOSTLARI BƏXŞ EDİR

9. a) Yəhya 6:44 ayəsində Yehova haqda nə deyilir? b) Başqa bir dindaşınıza rast gəlməyin hansı özəlliyi var?

9 Yehova səmimi-qəlbli insanları həqiqi ibadətə cəlb edərək ruhani ailəsinə qəbul edir. (Yəhya 6:44 ayəsini oxuyun.) Həqiqətdə olmayan bir insanla ilk dəfə qarşılaşanda onun haqqında nələri bilirsiniz? Yəqin ki, çox az, uzağı adı və xarici görünüşü barədə məlumatınız olur. Amma Yehovanı tanıyan, Onu sevən insana ilk dəfə rast gələndə vəziyyət dəyişir. Hətta insanın başqa ölkədən, başqa mədəniyyətdən olmasına baxmayaraq, sizin bir-biriniz haqda xeyli məlumatınız olur.

Yehova ən yaxşı dostlara sahib olmağımızı və qarşımıza ruhani məqsədlər qoymağımızı istəyir (9—12 abzaslara baxın)

10, 11. Yehovanın xalqını nələr birləşdirir və bu sizə necə fayda gətirir?

10 Misal üçün, fərqli dillərdə danışsanız da, ortaq danışdığınız dili, saf dili dərhal tanıyırsınız (Səf. 3:9). Nəticədə, bir-birinizin etiqadı haqda məlumatınız olur, məsələn, ikiniz də Allaha inanırsınız, bilirsiniz ki, ikinizin də əxlaq dəyərləri və gələcəyə olan ümidi eynidir. Bunlar insanı tanımaq, ona etibar etmək üçün lazım olan ən vacib şeylərdir. Üstəlik, bu məlumatlar sayəsində möhkəm və sarsılmaz dostluqlar qura bilərsiniz.

11 Desək ki, Yehovanın xidmətçisi kimi siz dünyanın dörd bir yanında yaşayan ən yaxşı dostlara sahibsiniz, şişirtmiş olmarıq. Hətta baxmayaraq ki, onların çoxu ilə hələ rastlaşmamısınız. Yehovanın xalqından başqa bu cür dəyərli hədiyyəyə sahib olan var?

YEHOVA SİZƏ DƏYƏRLİ MƏQSƏDLƏR QOYMAĞA KÖMƏK EDİR

12. Qarşınıza hansı ruhani məqsədlər qoya bilərsiniz?

12 Vaiz 11:9—12:1 ayələrini oxuyun. Hal-hazırda çatmağa çalışdığınız hansısa ruhani məqsədləriniz var? Ola bilsin, Müqəddəs Kitabı hər gün oxumağı qarşınıza məqsəd qoymusunuz. Bəlkə də, danışıq və ya təlim vermək qabiliyyətinizin üzərində işləyirsiniz. Məqsədinizdən asılı olmayaraq, müsbət nəticələr əldə edəndə və ya başqaları bunu görüb sizi tərifləyəndə hansı hissləri keçirirsiniz? Çox yəqin ki, nəyəsə nail olmağın sevincini duyursunuz. Belə də olmalıdır, axı siz İsa Məsihdən örnək alaraq Yehovanın iradəsini öz istəklərinizdən üstün tutursunuz (Zəb. 40:8; Məs. 27:11).

13. Allaha xidmət etməyin dünyəvi məqsədlərə can atmaqdan üstün olduğunu nə göstərir?

13 Yehovaya ibadətlə bağlı məqsədlər qoymaqla siz həyatınıza məna qatan, xoşbəxtlik bəxş edən işlə məşğul olursunuz. Həvari Bulus yazırdı: «Mətin qalın, sarsılmaz olun, həmişə Rəbbin işində çox çalışın və bilin ki, Onun yolunda çəkdiyiniz zəhmət hədər deyil» (1 Kor. 15:58). Dünyəvi məqsədlər üzərində qurulmuş həyat nə qədər uğurlu görünsə də, puç və mənasızdır (Luka 9:25). Süleyman padşahın həyatından bu sahədə çox şey öyrənə bilərik (Rom. 15:4).

14. Süleyman padşahın həyatından nə öyrənirik?

14 Ağlasığmaz dərəcədə var-dövlətə və səlahiyyətə sahib olan Süleyman peyğəmbər «zövq-səfanın dadına» baxmaq istəyirdi (Vaiz 2:1—10). O, evlər tikmiş, bağ-bağçalar salmış, ürəyi istəyən hər şeyi etmişdi. Bəs bütün bunlar ona xoşbəxtlik, məmnunluq gətirdi? O demişdi: «Dönüb əllərimin gördüyü bütün işlərə, çəkdiyim zəhmətə baxanda gördüm ki, hər şey puçdur... Heç nəyin dəyəri yoxdur» (Vaiz 2:11). Necə də gözəl dərsdir! Bəs siz ağıllı davranıb bundan nəticə çıxarırsınız?

15. İman nə üçün vacibdir və Zəbur 32:8 ayəsinə əsasən, onun hansı faydaları var?

15 Bəzi insanlar başları daşdan-daşa dəyəndən sonra həyatda nələrsə öyrənir. Yehova sizin əzab çəkməyinizi istəmir. Bununla belə, Ona itaət etmək, Onu həyatda hər şeydən üstün tutmaq üçün iman gərəkdir. Bu cür iman çox qiymətlidir və heç vaxt peşmançılıq gətirməz. Bəli, Yehova «Onun adına göstərdiyiniz məhəbbəti» heç vaxt unutmaz (İbr. 6:10). Odur ki, imanınızı möhkəmləndirmək üçün əlinizdən gələni edin. Onda görəcəksiniz ki, səmavi Atanız sizin üçün hər şeyin ən yaxşısını istəyir. (Zəbur 32:8 ayəsini oxuyun.)

ALLAH SİZƏ HƏQİQİ AZADLIQ VERİR

16. Nəyə görə sahib olduğumuz azadlığı qiymətləndirməli və ondan ağılla istifadə etməliyik?

16 Həvari Bulus yazmışdı: «Yehovanın ruhu haradadırsa, orada azadlıq var» (2 Kor. 3:17). Yehova azadlığı sevir, O bizi də azadlıq sevgisi ilə yaradıb. Bununla belə, O istəyir ki, bizim üçün müdafiə olan azadlığımızdan məsuliyyətlə istifadə edək. Ola bilsin, siz pornoqrafiyaya baxan, əxlaqsızlıq edən, təhlükəli idman növləri ilə məşğul olan, narkotik qəbul edən, içkidən sui-istifadə edən gənclər tanıyırsınız. Onlar bütün bu şeylərdən ani həzz, zövq duysalar da, əksər hallarda bunun bədəlini ağır ödəyirlər. Xəstəlik, asılılıq, hətta ölüm kimi acı nəticələr biçirlər (Qal. 6:7, 8). Aydındır ki, azad olduqlarını düşünən bu gənclər özləri özlərini aldadırlar (Tit. 3:3).

17, 18. a) Yehovaya itaət insanı necə azad edir? b) Adəmlə Həvvanın sahib olduğu azadlıq bu gün sahib olduğumuz azadlıqdan nə ilə fərqlənir?

17 Müqəddəs Kitab prinsiplərinə əməl etdiyi üçün xəstələnən neçə insan tanıyırsınız? Aydındır ki, Yehovaya itaətkarlıq insanın həm xeyrinədir, həm də ona azadlıq verir (Zəb. 19:7—11). Həmçinin azadlığınızdan ağılla, yəni Allahın mükəmməl qanun və prinsipləri çərçivəsində istifadə etdikdə göstərirsiniz ki, etibarlı insansınız. Onda valideynləriniz sizə daha çox azadlıq verəcək. Üstəlik, Yehova da sadiq bəndələrinə tezliklə kamil azadlıq bəxş edəcəyini vəd edir. Müqəddəs Kitabda bu azadlıq «Allahın övladlarının şanlı azadlığı» adlanır (Rom. 8:21).

18 Adəmlə Həvva bu azadlığı dadmışdı. Yehova onların azadlıqlarını məhdudlaşdıran neçə qanun vermişdi? Cəmi bir. Onlar bağdakı ağaclardan birinin meyvəsindən yeməməli idilər (Yar. 2:9, 17). Sizcə, Allah bu qanunu verməklə haqsız və sərt davranmışdı? Təbii ki, yox! İnsanlar tərəfindən qoyulan və öyrənib əməl etməli olduğumuz saysız-hesabsız qanunların yanında bu qanun nə idi ki?!

19. Yehova və İsa Məsih azad olmağımız üçün bizə nələr öyrədir?

19 Yehova Allah xidmətçilərinə qarşı hikmətlə davranır. O bizə saysız-hesabsız qanunlar verməyib, əksinə, məhəbbət qanununa itaət etməyimiz üçün səbirlə kömək edir. Yehova bizə Onun prinsiplərinə uyğun yaşamağı və pisliyə nifrət etməyi öyrədir (Rom. 12:9). İsa Məsihin Dağüstü vəzi pisliyin kökündə duran səbəbləri başa düşməyimizə kömək edir (Mət. 5:27, 28). Məsih Allahın Padşahlığının Padşahı kimi yeni dünyada da bizə salehliyə və qanunsuzluğa onun kimi baxmağı öyrədəcək (İbr. 1:9). O həmçinin bizi fiziki və əqli kamilliyə yetişdirəcək. Bir düşünün, günahlı meyillər bizi özünə çəkməyəcək və qeyri-kamilliyin acı nəticələrini dadmayacağıq. Nəhayətdə biz Yehovanın «şanlı azadlığına» qovuşacağıq.

20. a) Yehova sahib olduğu azadlıqdan necə istifadə edir? b) Biz Allahdan necə nümunə götürə bilərik?

20 Təbii ki, heç vaxt mütləq azadlığa sahib olmayacağıq. Azadlığımız Allaha və dindaşlarımıza bəslədiyimiz məhəbbətlə tənzimlənəcək. Yehova Ondan örnək götürməyimizi istəyir. O, məhdudiyyətsiz azadlığa sahibdir, bununla belə, yaratdığı şüurlu varlıqlara qarşı məhəbbətlə davranır (1 Yəh. 4:7, 8). Deməli, biz yalnız Allahdan örnək götürdüyümüz təqdirdə həqiqi azadlığa sahib ola bilərik.

21. a) Davud peyğəmbər Yehovaya hansı münasibəti bəsləyirdi? b) Növbəti məqalədə nəyi araşdıracağıq?

21 Yehovadan aldığınız bol ruhani qida, gözəl dostlar, dəyərli məqsədlər, həqiqi azadlıq və bu kimi çoxlu «yaxşı nemətlər»i dəyərləndirirsiniz? (Zəb. 103:5). Elədirsə, yəqin siz də Zəbur 16:11 ayəsində yazılan sözlərə qoşulursunuz. Davud peyğəmbər demişdi: «Mənə həyat yolunu öyrədirsən, hüzurunda sevinc, şadlıq aşıb-daşır, sağında olmaq mənə əbədi səadət gətirir». Növbəti məqalədə mövzuyla bağlı Zəbur 16-cı məzmurda yazılan bəzi inciləri araşdıracağıq. Bu incilər sizə ən gözəl həyata necə sahib ola biləcəyinizi daha aydın görməyə kömək edəcək.