TƏLİM MƏQALƏSİ 32
NƏĞMƏ 44 Məzlumun duası
Yehova hamını tövbəyə səsləyir
«Yehova... heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 BUT. 3:9).
ƏSAS FİKİR
Öyrənəcəyik ki, tövbə nədir, nəyə görə vacibdir və Yehova hər cür insanın tövbə etməsinə necə kömək edir.
1. İnsanın tövbə etməsi nə deməkdir?
SƏHV bir iş görəndə tövbə etmək vacibdir. Müqəddəs Kitaba əsasən tövbə edən insan günahlı əməlinə görə dərin peşmançılıq çəkir, həmin hərəkətinə son qoyur və daha onu təkrarlamamağa qəti qərarlı olur. («Yeni Dünya Tərcüməsi»nin «Lüğət» bölməsində «Tövbə» sözünə baxın.)
2. Nəyə görə tövbə haqda hamımızın bilməsinə ehtiyac var? (Nəhəmya 8:9—11).
2 Tövbə haqda bütün insanlar bilməlidir. Çünki hamımız hər gün günah işləyirik. Adəmlə Həvvanın övladları olduğumuz üçün ölüm və günah onlardan bizə keçib (Rom. 3:23; 5:12). Heç birimiz istisna deyilik. Hətta həvari Bulus kimi böyük iman sahibi olan kəslər də günahla mübarizə aparırdılar (Rom. 7:21—24). Bəs bu o deməkdir ki, günahlarımıza görə həmişə boynubükük gəzməliyik? Xeyr. Yehova mərhəmətli Allahdır və bizim xoşbəxt olmağımızı istəyir. Nəhəmya peyğəmbərin dövründə yaşayan yəhudiləri xatırlayaq. (Nəhəmya 8:9—11 ayələrini oxuyun.) Yehova onların keçmiş səhvlərinə görə hədsiz kədərə qərq olmasını istəmirdi. Əksinə, istəyirdi ki, onlar Ona sevinclə ibadət etsinlər. Yehova tövbənin insana xoşbəxtlik gətirdiyini bilir. Buna görə də tövbə ilə bağlı bizə müəyyən şeylər öyrədir. Əgər günahlarımızdan tövbə etsək, əmin ola bilərik ki, mərhəmətli Allahımız bizi bağışlayacaq.
3. Bu məqalədə nələri müzakirə edəcəyik?
3 Gəlin tövbə barədə ətraflı öyrənək. Bu məqalədə tövbənin üç yönündən danışacağıq. Əvvəla, görəcəyik ki, Yehova İsrail xalqına tövbə ilə bağlı nə öyrətmişdi. Sonra araşdıracağıq ki, Yehova günahlı insanları tövbəyə necə çağırıb. Sonda isə İsanın davamçılarının tövbə barədə nə öyrəndiklərini müzakirə edəcəyik.
YEHOVA İSRAİL XALQINA TÖVBƏ İLƏ BAĞLI NƏ ÖYRƏTMİŞDİ?
4. Yehova İsrail xalqına tövbə ilə bağlı nə öyrətmişdi?
4 Yehova israilliləri bir xalq kimi təşkil edəndə onlarla əhd — rəsmi saziş bağladı. Əhdə əsasən əgər israillilər Yehovanın qanunlarına uyğun davransaydılar, O, xalqı qoruyub bol nemətlər verəcəkdi. Bu qanunlarla bağlı Yehova demişdi: «Bu gün sizə verdiyim əmr ağır, yaxud əlçatmaz deyil» (Qan. 30:11, 16). Yox əgər israillilər Yehovaya üsyan etsəydilər, məsələn, başqa allahlara ibadət etsəydilər, Yehovanın nemətlərindən məhrum olub əzaba düçar olacaqdılar. Amma bu o demək deyildi ki, Yehova onlardan birdəfəlik üz döndərəcəkdi. İsraillilərin hələ də «Yehovaya sarı dönüb» Onun sözünə itaət etmək imkanları var idi (Qan. 30:1—3, 17—20). Başqa sözlə, onlar tövbə edə bilərdilər. Belə olan halda Yehova onlara yaxın olub yenidən nemətlər verəcəkdi.
5. Yehova xalqından ümidini üzmədiyini necə göstərdi? (2 Padşahlar 17:13, 14).
5 Yehovanın seçilmiş xalqı dəfələrlə Ona asi çıxırdı. Bütlərə sitayiş etməkdən əlavə, onlar başqa mənfur işlər də görürdülər. Bunun da nəticəsində başları çox bəla çəkirdi. Amma Yehova bu üsyankar xalqından ümidini üzmürdü. O, dönə-dönə peyğəmbərlərini göndərib xalqını tövbəyə, Ona sarı dönməyə səsləyirdi. (2 Padşahlar 17:13, 14 ayələrini oxuyun.)
6. Yehova peyğəmbərlər vasitəsilə xalqına tövbənin vacibliyini necə öyrətmişdi? (Həmçinin şəklə baxın.)
6 Xalq itaətsizlik edəndə Yehova çox vaxt peyğəmbərlərini göndərib onlara xəbərdarlıq verirdi. Məsələn, Ərəmya peyğəmbər vasitəsilə Yehova demişdi: «Geri dön, ey asi İsrail, Mən sizə qəzəblə baxmayacağam, çünki Mən vəfalıyam... həmişəlik acıqlı qalmayacağam. Bircə günahınızı boynunuza alın, çünki Allahınız Yehovaya asilik etdiniz» (Ərm. 3:12, 13). Yuil vasitəsilə Yehova belə demişdi: «Bütün qəlbinizlə Mənə sarı dönün» (Yuil 2:12, 13). Əşiyaya belə sözlər bəyan etməyi buyurmuşdu: «Yuyunub paklanın, şər əməllərinizi gözümün önündən uzaqlaşdırın, pislikdən əl çəkin» (Əşy. 1:16—19). Həmçinin Yehova Hizqiyal vasitəsilə belə sual vermişdi: «Pis adamın ölümü bəyəm Mənə xoşdur?.. Məgər istəmərəm ki, o, yolundan dönüb yaşasın? Heç kimin ölümündən həzz almıram... Odur ki, yolunuzdan dönün və yaşayın» (Hizq. 18:23, 32). Yehova insanların tövbə etdiyini görəndə çox sevinir, çünki onların əbədi yaşamasını istəyir. Deməli, Yehova insana kömək etmək üçün əvvəlcə onun tövbə etməsini gözləmir. Gəlin buna dair bir neçə nümunəyə baxaq.
7. Huşə peyğəmbərlə arvadının hadisəsi əsasında Yehova xalqına nə öyrətmişdi?
7 Görək Yehova Huşə peyğəmbər və onun arvadı Gümərin hadisəsi əsasında xalqına nə öyrətmişdi. Gümər zina etmişdi. O, Huşəni atıb başqa kişi ilə yaşayırdı. Bəs bu gedişin geri dönüşü yox idi? Ürəkləri görən Yehova Allah Huşəyə demişdi: «Necə ki İsrail xalqı yad allahlara üz tutsa da,.. Yehova onları sevir, sən də get aşnası olan, zinakarlıq edən qadını yenidən sev» (Huşə 3:1; Məs. 16:2). Fikir verdinizsə, Huşənin arvadı hələ də ciddi günah işləyirdi, amma Yehova Huşəyə deyir ki, onu bağışlasın və onunla barışsın a. Buna bənzər tərzdə Yehova da Öz inadkar xalqından əlini üzməmişdi. Onlar dəhşətli günahlar işləsələr də, Yehova onları hələ də sevirdi, onların tövbə etməsi və yollarından dönməsi üçün kömək etməyə davam edirdi. Belə çıxır ki, ürəkləri araşdıran Yehova Allah insan hələ ciddi günah işləyə-işləyə onu tövbə etməyə təşviq edir? (Məs. 17:3). Gəlin görək.
YEHOVA GÜNAHKARLARIN TÖVBƏ ETMƏSİNƏ KÖMƏK EDİR
8. Qabilin tövbə etməsi üçün Yehova necə kömək əli uzatdı? (Yaradılış 4:3—7; həmçinin şəklə baxın.)
8 Qabil Adəm və Həvvanın ilk övladı idi. Günaha meyil ona irsən keçmişdi. Qabil bu meylini cilovlaya bilmədi. Müqəddəs Kitabda onun haqqında deyilir ki, «əməlləri pis» idi (1 Yəh. 3:12). Yəqin, elə buna görə Yehova «Qabildən və onun gətirdiyi bəxşişdən razı qalmadı». O, pis əməllərindən dönmək əvəzinə «bərk qəzəbləndi, qaş-qabağını salladı». Bəs Yehova sonra nə etdi? O, Qabillə danışdı. (Yaradılış 4:3—7 ayələrini oxuyun.) Fikir verin ki, Yehova onunla mehriban danışdı, başa saldı ki, yaxşı iş görsə, xeyir tapacaq, yox əgər qəzəbini cilovlamasa, bu onu günaha sürükləyəcək. Təəssüf ki, Qabil Yehovaya qulaq asmadı. O, tövbə etməsi üçün Yehovanın uzatdığı kömək əlini geri çevirdi. Qabilin bu hərəkətindən sonra Yehova daha heç kəsi tövbəyə çağırmadı? Bu, heç də belə deyil!
9. Yehova Davuda tövbə etməyə necə kömək etdi?
9 Davud padşah Yehovaya çox əziz idi, hətta onun haqqında belə demişdi: «O, Mənim ürəyimcədir» (Həv. 13:22). Amma Davud ağır günahlar işlədi. Bu günahların içində zina və qatillik də var idi. Musanın qanununa əsasən Davud ölməli idi (Lav. 20:10; Say. 35:31). Amma Yehova ona kömək əli uzatdı b. Davud hələ tövbə etmədiyi halda Natan peyğəmbəri onun yanına göndərdi. Natan Davudun ürəyinə yol tapmaq üçün bir nümunə çəkdi. Bu nümunədən sonra Davud böyük günah işlədiyini başa düşüb tövbə etdi (2 İşm. 12:1—14). Davudun yazdığı bir məzmurdan onun nə qədər peşman olduğunu görmək olar (Zəb. 51, müqəddimə). Bu məzmur günah işləmiş saysız-hesabsız insana təsəlli verib və onları tövbəyə təşviq edib. Şükürlər olsun ki, Yehova əziz bəndəsi Davudun tövbəyə gəlməsinə kömək etdi.
10. Yehovanın günahlı insanlara qarşı səbir göstərdiyini, onları bağışladığını bilmək sizə necə təsir edir?
10 Yehova günaha nifrət edir və onun heç bir növünə göz yummur (Zəb. 5:4, 5). Bununla belə, Yehova hər birimizin günahlı olduğunu bilir. Ona görə də sevgisindən irəli gələrək günahla mübarizə aparmağımıza kömək edir. Yehova həmişə çalışır ki, hətta ən pis günahlar işləmiş insanlar da tövbə etsin və Ona yaxınlaşsın. Bunu bilmək ürəyimizə rahatlıq gətirir. Yehovanın səbri və əfvi üzərində düşünəndə Ona sadiq qalmaq və günah işləyəndə dərhal tövbə etmək qətiyyətimiz artır. İndi isə gəlin məsihi yığıncağından danışaq və görək İsa Məsih tövbə ilə bağlı daha nə öyrətmişdi.
İSA DAVAMÇILARINA TÖVBƏ İLƏ BAĞLI NƏ ÖYRƏTMİŞDİ?
11, 12. İsa Yehovanın bağışlayan Allah olduğu ilə bağlı nə öyrətmişdi? (Şəklə baxın.)
11 Eramızın birinci əsrində Məsihin peyda olmasının vaxtı gəlib çatdı. Ötən məqalədə danışdığımız kimi Yehova həm Vəftizçi Yəhya, həm də İsa Məsih vasitəsilə xidmətçilərinə tövbənin vacibliyini öyrətmişdi (Mət. 3:1, 2; 4:17).
12 İsa yer üzündə olanda insanlara Yehovanın bağışlamağa hazır olduğunu öyrədirdi. Bir dəfə o bunu başa salmaq üçün itmiş oğul haqda çox təsirli bir məsəl çəkmişdi. Bu oğlan evi tərk edib pis həyat tərzi sürməyə başladı. Amma sonra «ağlı başına gələndə» evə qayıtdı. Atası onu necə qarşıladı? İsa demişdi ki, «hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü». Əslində, oğul bağışlanacağına ümid etmirdi. O, atasının muzdla işləyən işçisi olmaq üçün icazə almağa gəlmişdi. Atası ona «oğlum» deyib ailəsinə qəbul etdi, sonra belə dedi: «Mənim bu oğlum... itmişdi tapıldı» (Luka 15:11—32). İsa yer üzünə gəlməzdən öncə göydə yaşayanda sözsüz ki, Atasının nə qədər günahkarı bağışladığını, onlara rəhm göstərdiyini öz gözləri ilə görmüşdü. İsanın danışdığı bu hekayə bizim qəlbimizə təskinlik verir və Atamız Yehovanın nə qədər mərhəmətli olduğuna əmin edir.
13, 14. Həvari Butrus tövbə ilə bağlı nəyi başa düşmüşdü və başqalarına bu barədə nə öyrətmişdi? (Həmçinin şəklə baxın.)
13 Həvari Butrus İsadan tövbə və əfvlə bağlı vacib dərslər öyrənmişdi. Butrus dəfələrlə səhv etsə də, İsa onu hər dəfə bağışlayırdı. Məsələn, Butrus İsanı üç dəfə danmışdı və buna görə çox məyus olmuşdu (Mət. 26:34, 35, 69—75). Amma İsa diriləndən sonra Butrusa görünüb ehtimal ki, onunla təklikdə danışmışdı (Luka 24:33, 34; 1 Kor. 15:3—5). Şübhəsiz, o, tövbə edən həvarisini ürəkdən bağışladığına əmin etmişdi.
14 Butrus tövbə etməyin və bağışlanmağın nə demək olduğunu öz təcrübəsindən bildiyi üçün başqalarına da bunu öyrədirdi. Əllinci gün bayramından bir müddət sonra o, imansız yəhudilərin qarşısında nitqlə çıxış edərək onlara Məsihin qanına bais olduqlarını izah etmişdi. Bununla belə, Butrus onlara mehribanlıqla belə sözlər demişdi: «Günahlarınızın bağışlanması üçün tövbə edin və yolunuzdan dönün ki, Yehovadan təravət mövsümü gəlsin» (Həv. 3:14, 15, 17, 19). Bu sözlərlə Butrus göstərmişdi ki, günahkar insan tövbə edəndə yolundan dönür, yəni yanlış düşüncəsinə, yanlış əməllərinə son qoyur və Yehovanı razı salan tərzdə davranmağa başlayır. Həmçinin həvari onlara bildirmişdi ki, tövbə etsələr, Yehova onları tamamilə bağışlayacaq, sanki bu günahları heç etməyiblər. Uzun illər sonra isə Butrus məsihilərə belə sözlər demişdi: «Yehova... sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9). Necə də xoşdur ki, günahımızın böyük və ya kiçik olmasından asılı olmayaraq, tövbə ediriksə, Yehova bizi bağışlayır!
15, 16. a) Həvari Bulus bağışlamaqla bağlı nə öyrənmişdi? (1 Timutiyə 1:12—15). b) Növbəti məqalədə nə müzakirə olunacaq?
15 Tək-tük adam tapılar ki, Tarsdan olan Şaul qədər tövbəyə və əfvə ehtiyac duysun. O, Məsihin əziz davamçılarını amansızcasına təqib edirdi. Yəqin, əksər məsihilərin Şaulun nə vaxtsa dəyişəcəyinə, az da olsa, ümidləri yox idi. Amma insanlardan fərqli olaraq, İsa Məsih belə düşünmürdü. O da, Atası da Şauldakı gözəl xüsusiyyətləri görürdü. Elə buna görə də İsa demişdi: «Bu adam... seçdiyim alətdir» (Həv. 9:15). İsa Şaulun tövbə etməsi üçün hətta möcüzə də göstərmişdi (Həv. 7:58—8:3; 9:1—9, 17—20). Sonralar Bulus kimi tanınan Şaul məsihiliyi qəbul etdi. Bulus ona göstərilən xeyirxahlığa və mərhəmətə görə minnətdarlığını dəfələrlə bildirmişdi. (1 Timutiyə 1:12—15 ayələrini oxuyun.) Həvari Bulus bacı-qardaşlara belə demişdi: «Allah Öz xeyirxahlığı ilə səni tövbəyə çəkmək istəyir» (Rom. 2:4).
16 Həvari Bulus Korinf yığıncağında bir nəfərin əxlaqsızlıq etdiyini eşitmişdi. O bu biabırçılığı necə həll etdi? Bu hadisədən Yehovanın verdiyi tərbiyə və mərhəməti barədə çox şey öyrənirik. Növbəti məqalədə bu barədə ətraflı danışacağıq.
NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver
a Bu, xüsusi hadisə idi. Bu gün Yehova xəyanətə uğrayan şəxsin zina edən həyat yoldaşı ilə evli qalmasını tələb etmir. Yehova İsa vasitəsilə izah etmişdi ki, ərlə arvaddan biri zina etsə, günahsız tərəf istəsə, boşana bilər (Mət. 5:32; 19:9).
b «Gözətçi qülləsi»nin 2012-ci il 15 noyabr sayında yer alan «Yehovanın əfvi sənin üçün hansı mənanı kəsb edir?» adlı məqalənin 21—23 səhifələrində yerləşən 3—10 abzaslarına baxın.