Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 31

NƏĞMƏ 12 Uca Allah Yehova

Yehova günahlı insanların xilası üçün nələr edib?

Yehova günahlı insanların xilası üçün nələr edib?

«Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi» (YƏH. 3:16).

ƏSAS FİKİR

Öyrənəcəyik ki, Yehova günahla mübarizə aparmağımıza necə kömək edir və günahdan azad olub əbədi yaşamağımız üçün nə edib.

1, 2. a) Günah nədir və onunla mübarizədə necə qalib çıxa bilərik? (Həmçinin «Bəzi ifadələrin izahı»na baxın.) b) Bu məqalədə və «Gözətçi qülləsi»nin bu sayının digər məqalələrində nə müzakirə olunacaq? (Həmçinin bu sayda «Oxucular üçün qeyd»ə baxın.)

 BİLMƏK istəyərdiniz, Yehova sizi nə qədər çox sevir? Bu sualın cavabını tapmağın yaxşı bir yolu var. Yehovanın sizi günah və ölümdən qurtarmaq üçün nələr etdiyi barədə araşdırın. Günah a amansız düşməndir. Onu təkbaşına məğlub edə bilməzsiniz. Biz hər gün günah işləyirik, elə günahın da ucbatından ölürük (Rom. 5:12). Amma yaxşı xəbər də var. Yehovanın köməyi ilə günahı tamamilə məğlub edə bilərik. Yehova buna zəmanət verir!

2 Yehova Allah təxminən 6000 ildir ki, bəşəriyyətə günahla mübarizə aparmağa kömək edir. O bunu bizi sevdiyi üçün edir. Yehova insanları elə yaratdığı gündən sevir, buna görə də bu mübarizədə onlara kömək etmək üçün çox işlər görüb. Yehova günahın ölümə apardığını bilir. Amma O bizim ölməyimizi istəmir, istəyir ki, biz əbədi yaşayaq (Rom. 6:23). Yehovanın şəxsən sizinlə də bağlı istəyi budur. Bu məqalədə üç suala cavab tapacağıq: 1) Yehova günahlı insanlara hansı ümidi verib? 2) Qədim dövrdə günahlı insanlar Yehovanın rəğbətini qazanmaq üçün nə edirdilər? 3) İsa Məsih insanları günah və ölümdən qurtarmaq üçün nə edib?

YEHOVA GÜNAHLI İNSANLARA HANSI ÜMİDİ VERDİ?

3. Ədən bağında nə baş verdi?

3 Yehova ilk kişini və qadını yaradanda onların xoşbəxt olmasını istəyirdi. Allah onlara yaşamaq üçün gözəl yer, nikah ənamı və məmnunluq gətirən iş tapşırmışdı. Adəmlə Həvva törəyib çoxalaraq yer üzünü doldurmalı və bütün dünyanı Ədən bağı kimi cənnətə çevirməli idilər. Yehova onlara yalnız sadə bir əmr vermişdi. Həmçinin onları xəbərdar etmişdi ki, əgər qəsdən Ona üsyan edib verdiyi əmri pozsalar, bu günah onları ölümə aparacaq. Hadisələrin necə cərəyan etdiyini bilirik. Allahı və insanları sevməyən bir şər mələk Adəmlə Həvvanı bu günahı etməyə sövq etdi. Ulu valideynlərimiz Şeytanın fəndinə uydu. Onlar məhəbbətli Atalarına etibar etmək əvəzinə günah işlədilər. Bildiyimiz kimi Yehovanın sözləri gerçək oldu. Həmin gündən bəri onlar əkdiklərini biçdilər: getdikcə qocaldılar və axırda öldülər (Yar. 1:28, 29; 2:8, 9, 16—18; 3:1—6, 17—19, 24; 5:5).

4. Nəyə görə Yehova günaha nifrət edir? (Romalılara 8:20, 21).

4 Yehova bu hadisəni bizdən ötrü qələmə alıb. Bunun sayəsində Yehovanın günaha nəyə görə bu dərəcədə nifrət etdiyini başa düşürük. Günah bizi Atamızdan ayırır və ölümə aparır (Əşy. 59:2). Başımıza bütün bu bəlaları açan Şeytan elə buna görə günahı sevir və insanları günaha sürükləyir. Yəqin, o, Ədən bağında böyük qələbə qazandığını düşünürdü, amma Yehovanın məhəbbətinin böyüklüyünün fərqində deyildi. Yehova Adəmlə Həvvanın övladları ilə bağlı niyyətini heç vaxt dəyişmədi. O, bəşər ailəsini çox sevir, buna görə də dərhal hamıya ümid verdi. (Romalılara 8:20, 21 ayələrini oxuyun.) Yehova bilirdi ki, onların övladlarının arasından Onu sevən və günahla mübarizə aparmaq istəyən insanlar olacaq. O bir Yaradan və Ata kimi bu insanların Ona yaxınlaşması, günah və ölümdən qurtulması üçün tədbir gördü. O nələr etdi?

5. Yehova günahlı bəşəriyyətə ilk ümid qığılcımını nə vaxt verdi? İzah edin. (Yaradılış 3:15).

5 Yaradılış 3:15 ayəsini oxuyun. Yehova Şeytana hökm kəsəndə bəşəriyyət üçün ümid qığılcımı yarandı. Yehova «övladın» gələcəyini və bəşəriyyəti xilas edəcəyini vəd etdi. Bu «övlad» sonda Şeytanı məhv edəcək və onun ucbatından yaranan bütün pisliklərə son qoyacaq (1 Yəh. 3:8). Ancaq əvvəlcə ilan övladın dabanından çalmalı idi, başqa sözlə, Şeytan onu öldürməli idi. Bu, Yehovanın qəlbini bərk yaralayacaqdı. Amma O bu əzaba dözməyə razı idi, çünki nəticədə saysız-hesabsız insan günah və ölümdən xilas olacaqdı!

QƏDİM DÖVRDƏ GÜNAHLI İNSANLAR YEHOVANIN RƏĞBƏTİNİ QAZANMAQ ÜÇÜN NƏ EDİRDİLƏR?

6. Habil, Nuh və digər imanlı insanlar Yehovaya yaxınlaşmaq üçün nə edirdi?

6 Əsrlər ötdükcə Yehova tədricən günahlı bəşəriyyətə Ona yaxınlaşmağın yolunu açıqladı. Adəmin ikinci oğlu Habil Ədən bağındakı faciədən sonra Yehovaya iman gətirən ilk insan oldu. Habil Yehovanı sevirdi, Onu razı salmaq, Ona yaxınlaşmaq istəyirdi. Ona görə də qurban gətirdi. Habil çoban olduğu üçün sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini götürdü və onları kəsib Yehovaya təqdim etdi. Bəs Yehova bu qurbanı qəbul etdi? O, «Habildən və onun bəxşişindən razı qaldı» (Yar. 4:4). Yehova Onu sevən və Ona etibar edən digər insanların da qurbanlarından razı qalırdı. Bu insanlardan biri Nuh peyğəmbər idi (Yar. 8:20, 21). Bu cür qurbanları qəbul etməklə Yehova göstərdi ki, günahlı insanlar Onun razılığını qazana və Ona yaxınlaşa bilər b.

7. İbrahim peyğəmbərin oğlunu qurban gətirməyə hazır olmasından nə öyrənirik?

7 Yehova böyük iman sahibi olan İbrahim peyğəmbərə son dərəcə çətin bir tapşırıq verdi. Ona öz doğma oğlu İshaqı qurban gətirməyi buyurdu. Sözsüz, İbrahim peyğəmbər üçün bundan əzablı tapşırıq ola bilməzdi. Amma nə qədər çətin olsa da, o bunu etməyə hazır idi. Yehova son anda İbrahimi dayandırdı. Bu hadisə bütün imanlı insanlara vacib bir həqiqəti öyrədir: Allah Öz sevimli Oğlunu qurban verməyə hazır idi. Bəli, O, insanları bax bu qədər sevir! (Yar. 22:1—18).

8. Qanunun tələbi ilə gətirilən heyvan qurbanları nəyə işarə edirdi? (Lavililər 4:27—29; 17:11).

8 Əsrlər sonra Yehova İsrail xalqına Qanun verdi. Qanuna əsasən xalq günahlarının bağışlanması üçün heyvan qurbanları gətirməli idi. (Lavililər 4:27—29; 17:11 ayələrini oxuyun.) Bu qurbanlar gələcəkdə bəşəriyyəti günahdan tamamilə azad edəcək daha böyük bir qurbana işarə edirdi. Allahın ilhamı ilə peyğəmbərlər izah etmişdi ki, vəd olunmuş övlad əzab çəkib öldürülməli idi. Sonralar bu övladın Allahın xüsusi Oğlu olduğu məlum oldu. O, sanki kəsilməyə aparılan qoyun kimi qurban gətiriləcəkdi (Əşy. 53:1—12). Təsəvvür edirsiniz, Yehova tədbir gördü ki, bəşəriyyəti, o cümlədən sizi günah və ölümdən qurtarmaq üçün Öz sevimli Oğlu qurban verilsin!

İSA MƏSİH XİLASIMIZ ÜÇÜN NƏ ETDİ?

9. Vəftizçi Yəhya İsa haqqında nə demişdi? (İbranilərə 9:22; 10:1—4, 12).

9 Eramızın birinci əsrində Allahın xidmətçisi Vəftizçi Yəhya Nasirədən olan İsanı görəndə belə demişdi: «Budur bəşəriyyətin günahını yuyan Allahın Quzusu!» (Yəh. 1:29). Allahdan ilham almış bu sözlər göstərirdi ki, İsa vəd olunmuş həmin o övladdır. Deyildiyi kimi o öz həyatını qurban gətirəcəkdi. Bəşəriyyətin hələ heç vaxt bu cür möhkəm ümidi olmamışdı. Bu, günah üzərində tam qələbə idi. (İbranilərə 9:22; 10:1—4, 12 ayələrini oxuyun.)

10. İsa «günahlı adamları çağırmağa» gəldiyini necə göstərmişdi?

10 İsa əsas etibarı ilə günah yükü altında əzilən insanlara kömək etməyə çalışırdı və onları davamçısı olmağa dəvət edirdi. O bilirdi ki, insan əzablarının kökündə günah durur. Buna görə də o, «günahkar» kimi tanınan kişi və qadınlara xüsusilə kömək edirdi. İsa nümunə çəkərək bunu belə izah etmişdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır». Sonra o, əlavə etmişdi: «Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mət. 9:12, 13). O, məhz belə də edirdi. İsa onun ayaqlarını gözünün yaşı ilə yuyan qadının günahlarını mülayimliklə bağışladı (Luka 7:37—50). O, su dalınca gələn səməriyyəli qadının əxlaqsız həyat tərzi sürdüyünü bilsə də, ona vacib həqiqətləri açıqladı (Yəh. 4:7, 17—19, 25, 26). İsanın hətta günahın nəticəsi olan ölümü aradan qaldırmaq səlahiyyəti var idi. O, Allahın verdiyi güc sayəsində kişiləri, qadınları, uşaqları və böyükləri dirildirdi (Mət. 11:5).

11. Nəyə görə günahlı insanlar özlərini İsanın yanında rahat hiss edirdi?

11 Başa düşmək olar, nəyə görə günah girdabına qərq olmuş insanlar özlərini İsanın yanında rahat hiss edirdilər. İsa onların halına acıyırdı, şəfqət göstərirdi. Buna görə də onlar İsa ilə rahat danışa bilirdilər (Luka 15:1, 2). İsa ona iman etdiklərinə görə bu insanları tərifləyirdi (Luka 19:1—10). Bununla o, Atasının nə qədər mərhəmətli olduğunu mükəmməl şəkildə göstərirdi (Yəh. 14:9). İsa sözləri və əməlləri ilə göstərirdi ki, mərhəmətli və rəhmli Atası insanları sevir və onlara günah üzərində qələbə qazanmağa kömək etmək istəyir. O, öz rəftarı ilə günahlı insanlarda pis əməllərindən dönüb onun ardınca getmək istəyi oyadırdı (Luka 5:27, 28).

12. İsa ölümü ilə bağlı nəyi açıqlamışdı?

12 İsanın onu qarşıda nələrin gözlədiyindən xəbəri var idi. O, bir neçə dəfə şagirdlərinə demişdi ki, ələ veriləcək və dirəkdə edam ediləcək (Mət. 17:22; 20:18, 19). İsa verəcəyi qurban vasitəsilə bəşəriyyətin günahını yuyacağını bilirdi. Bu barədə Vəftizçi Yəhya da bəyan etmişdi, peyğəmbərlər də qabaqcadan demişdi. Həmçinin o öyrədirdi ki, həyatını qurban verəndən sonra «hər cür insanı» özünə cəlb edəcək (Yəh. 12:32). İsaya iman gətirən və onun nümunəsini izləyən günahlı insanlar Yehovanın razılığını qazana bilərdilər. Belə etməklə onlar «günahın əsarətindən» qurtulacaqdılar (Rom. 6:14, 18, 22; Yəh. 8:32). Buna görə də İsa könüllü şəkildə canını qurban verməyə razılaşaraq bu iztirablı ölümün üzünə dik baxdı (Yəh. 10:17, 18).

13. İsa necə öldü və onun ölümü bizə Yehova Allah haqda nə deyir? (Həmçinin şəklə baxın.)

13 İsa ələ verildi, həbs edildi, təhqir olundu, ona böhtan atdılar, ölüm hökmü kəsdilər, hətta işgəncə verdilər. Əsgərlər onu edam yerinə aparıb dirəyə mıxladılar. O, sədaqətlə bütün bu əzablara tab gətirdi. Amma həmin vaxt ondan da çox əzab çəkən bir Varlıq var idi. O, Yehova Allah idi. Sonsuz gücə malik olan Yehova Oğlunun əzablarına son qoya bilərdi, amma O bunu etmədi. O, əziz Oğlunun ölümünə nəyə görə izin verdi? Məhəbbətdən irəli gələrək. İsa demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəh. 3:16).

Yehova Oğlunun bizi günah və ölümdən azad etmək üçün edam olunmasına izin verməklə olmazın əzablar çəkdi (13-cü abzasa baxın)


14. İsanın qurbanlığından nə öyrənirsiniz?

14 Fidyə qurbanlığı Yehovanın Adəmlə Həvvanın nəslini sevdiyinə güclü sübutdur. Bu, Yehovanın sizi də çox sevdiyini sübut edir. O sizi günah və ölümdən azad etmək üçün Ona əziz olan ən dəyərli varlığı qurban verdi və ağla gələn ən şiddətli əzablara dözdü (1 Yəh. 4:9, 10). Bəli, Yehova hər birimizə günahla mübarizə aparmağa və onun üzərində qələbə çalmağa kömək etmək istəyir!

15. Yehovanın verdiyi fidyə qurbanlığından faydalanmaq üçün nə etməliyik?

15 Yehovanın bəxş etdiyi bu hədiyyə, yəni ilkin Oğlunun fidyə qurbanlığı günahlarımızın bağışlanmasını mümkün edir. Amma Yehovanın bizi bağışlaması üçün vacib bir şeyi etməliyik. Nəyi? Vəftizçi Yəhya, daha sonra isə İsa Məsih bu suala cavab vermişdi: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır» (Mət. 3:1, 2; 4:17). Deməli, günahlarımızla mübarizə aparmaq və Yehovaya yaxınlaşmaq üçün tövbə əsas amildir. Bəs tövbə etmək nə deməkdir və bu, günahlı olmağımıza baxmayaraq, Yehovanı razı salmağımıza necə kömək edir? Növbəti təlim məqaləsində bu suala cavab veriləcək.

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

a BƏZİ İFADƏLƏRİN İZAHI. Müqəddəs Kitabda «günah» deyiləndə yanlış əməllər, Yehovanın əxlaq qaydalarına uyğun olmayan həyat tərzi və ya davranış nəzərdə tutula bilər. Bundan əlavə, «günah» sözü Adəmdən miras aldığımız qeyri-kamil, günahlı vəziyyətimizi bildirir. Hər birimizin ölümünə səbəb miras aldığımız bu günahdır.

b Yehovanın bu sadiq insanların qurbanlığını qəbul etməsinin bir səbəbi var idi. O bilirdi ki, gələcəkdə İsa Məsih öz həyatını qurban verəcək və bütün insanları günah və ölümdən birdəfəlik azad edəcək (Rom. 3:25).