BİOQRAFİYA
Mən zəif olanda Allahın gücü özünü bütünlüklə göstərir
1985-ci ildə yoldaşımla mən Kolumbiyaya gələndə ölkədə zorakılıq baş alıb gedirdi. Hökumət şəhərlərdə narkotacirlərlə mübarizə aparırdı, dağlarda isə üsyançı dəstələrlə. Sonralar xidmət etdiyimiz Medelyin şəhərində isə əlisilahlı gənc quldur dəstələri bütün küçələri zəbt etmişdilər. Onlar narkotik satır, reketçilik edir və muzdlu qatil kimi fəaliyyət göstərirdilər. Bu insanların heç biri çox yaşamırdı. Elə bil ayrı bir dünyaya düşmüşdük.
Necə oldu ki, dünyanın ən şimal ölkələrindən birində — Finlandiyada yaşayan iki sadə insan Cənubi Amerikaya gəlib çıxdı? Ötən bu illər ərzində mən nələr öyrənmişəm?
FİNLANDİYADA KEÇƏN UŞAQLIQ İLLƏRİM
Mən 1955-ci ildə dünyaya gəlmişəm. Ailənin üç oğlunun ən kiçiyiyəm. Uşaqlıq illərim Finlandiyanın cənub sahilinə yaxın bir ərazidə keçib. Həmin ərazi bu gün Vantaa şəhəri kimi tanınır.
Mən dünyaya gəlməzdən bir neçə il öncə anam Yehovanın Şahidi kimi vəftiz olunmuşdu. Amma atam həqiqətə qarşı idi. O, anamı bizə dərs keçməyə, bizi yığıncağa aparmağa qoymurdu. Buna görə də anam bizə Müqəddəs Kitabdakı əsas təlimləri atam yanımızda olmayanda öyrədirdi.
Uşaq yaşlarımdan Yehovaya sadiq qalmağa çalışmışam. Məsələn, bir dəfə 7 yaşımda müəlliməmə deyəndə ki, mən verilattuya (finlərin qanlı kökəsi) yeməyəcəyəm, o özündən çıxdı. O, ağzımı açmaq üçün bir əli ilə yanaqlarımdan sıxdı, digər əli ilə isə kökəni çəngəllə ağzıma soxmağa çalışırdı. Mən çəngəli müəlliməmin əlindən yerə sala bildim.
12 yaşımda atamı itirdim. Bundan sonra artıq yığıncaqlara gedə bilirdim. Yığıncaqdakı qardaşlar mənə diqqət göstərirdilər. Bu da məni ruhani cəhətdən inkişaf etməyə həvəsləndirdi. Müqəddəs Kitabı hər gün oxumağa, nəşrlərimizi diqqətlə araşdırmağa başladım. Yaxşı mütaliə vərdişimin sayəsində
1969-cu il avqustun 8-də, 14 yaşımda vəftiz olundum.Məktəbi bitirəndən sonra öncül xidmətinə başladım. Bir neçə həftə içərisində mən təbliğçilərə tələbat olan əraziyə, Finlandiyanın mərkəzinə yaxın olan Pielavesiyə köçdüm.
Mən əziz həyat yoldaşım Sirka ilə Pielavesidə tanış oldum. Onun sadəliyi, ruhaniliyi ağlımı başımdan aldı. Sirka ad-san, maddiyyat dalınca qaçmırdı. İkimiz də Yehovanın yolunda daha çox iş görmək istəyirdik. İstənilən təyinatı qəbul etməyə hazır idik. Biz 1974-cü il 23 mart tarixində ailə qurduq. Bal ayına getmək əvəzinə, biz Karttulaya xidmət etməyə getdik. Orada təbliğçilərə Pielavesidən də çox tələbat var idi.
YEHOVA QAYĞIMIZA QALDI
Yehova evliliyimizin ta əvvəlindən bizə göstərdi ki, Padşahlığı hər şeydən üstün tutsaq, bizim maddi tələbatlarımızı ödəyəcək (Mət. 6:33). Məsələn, Karttulada yaşayanda bizim maşınımız yox idi, hər yerə velosipedlə gedirdik. Amma oranın qışı çox sərt keçir. Yığıncağın ərazisi böyük olduğuna görə bizə maşın lazım idi. Onu almağa da pulumuz yox idi.
Elə həmin ərəfələrdə ortancıl qardaşım gözlənilmədən bizə qonaq gəldi. Sağ olsun, bizə öz maşınını verdi. Maşının sığortası da ödənilmişdi, bizə bircə benzin tökmək qalırdı. Artıq maşınımız da var idi.
Yehova göstərdi ki, maddi tələbatlarımızı ödəməyi Öz öhdəsinə götürüb. Bizim işimiz isə Padşahlığı hər şeydən üstün tutmaqdır.
GİLAD MƏKTƏBİ
1978-ci ildə Öncül Məktəbini keçəndə müəllimlərimizdən biri olan Raymo Kuokkanen a bizi Gilad məktəbinə ərizə doldurmağa təşviq etdi. Biz də həmin məktəbi keçmək üçün ingilis dilini öyrənməyə başladıq. Amma 1980-ci ildə, ərizə doldurmamışdan əvvəl Finlandiyadakı Beyteldə xidmət etməyə dəvət olunduq. Həmin vaxt beytellilər Gilad məktəbini keçə bilməzdi. Amma biz öz istədiyimiz yerdə yox, Yehovanın məsləhət bildiyi yerdə xidmət etmək istəyirdik. Buna görə də dəvəti qəbul etdik. Bununla belə, ingilis dilini öyrənməyi dayandırmadıq. Dedik, kim bilir, bəlkə, nə vaxtsa Giladda oxumaq imkanımız oldu.
Bir neçə il sonra Rəhbərlik Şurası beytellilərin də Giladda oxumasına icazə verdi. Biz dərhal ərizə doldurduq. Ona görə yox ki, Beyteldə xidmət etmək istəmirdik, əksinə, göstərmək istəyirdik ki, əgər tələblərə cavab veririksə, tələbat olan ərazidə xidmət etməyə hazırıq. Beləcə, biz Gilada dəvət aldıq və 1985-ci ilin sentyabr ayında 79-cu sinifdən məzun olduq. Təyinatımız Kolumbiya idi.
XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİ KİMİ İLK TƏYİNATIMIZ
Kolumbiyada ilk olaraq filialda xidmət etməyə təyin olunduq. Təyinatımı yerinə yetirmək üçün əlimdən gələni edirdim. Amma bir il sonra gördüm ki, dəyişikliyə ehtiyacımız var. Həyatımda ilk və sonuncu dəfə idi ki, qardaşlardan təyinatımızı dəyişmələrini xahiş etdim. Onlar bizi xüsusi təyinatlı müjdəçi kimi Uila regionunun Neyva şəhərinə təyin etdilər.
Təbliğ etməyi həmişə sevmişəm. Subay vaxtı Finlandiyada öncül kimi xidmət edəndə səhərin gözü açılandan ta axşama qədər təbliğ edirdim. Sirka ilə ailə qurandan sonra da bütün günü təbliğdə olurduq. Ucqar ərazilərə təbliğə gedəndə bəzən maşında yatırdıq. Bunun sayəsində yola vaxt sərf etmirdik və növbəti gün sübh tezdən xidmətə başlayırdıq.
Xüsusi təyinatlı müjdəçi olanda biz əvvəllər xidmətdə duyduğumuz sevinci yenidən duyduq. Yavaş-yavaş yığıncağımız böyüdü. Kolumbiyadakı bacı-qardaşlar çox hörmətcil, məhəbbətli, minnətdar insanlar idi.
DUANIN GÜCÜ
Neyvaya yaxın olan bəzi şəhərlərdə bir nəfər də olsun Yehovanın Şahidi yox idi. Üsyançı dəstələrin apardığı müharibəyə görə yerli olmayan insanlar üçün oralar təhlükəli idi. Həmin ərazilərə xoş xəbərin necə çatacağı məni bərk narahat edirdi. Ona görə də Yehovaya dua edirdim ki, həmin şəhərlərdə kimsə Yehovanın Şahidi olsun. Fikirləşirdim ki, həqiqəti öyrənə bilməsi üçün həmin kəs gərək Neyvada yaşasın. Həm də dua edirdim ki, vəftiz olunandan sonra o, yetkin məsihi olsun və öz yurduna qayıdıb orada təbliğ etsin. Amma Yehovanın daha yaxşı həll yolu var imiş.
Bundan çox keçməmiş, Fernando Qonsales adlı cavan bir oğlana Müqəddəs Kitab dərsi keçməyə başladım. O, Yehovanın Şahidləri olmayan şəhərlərdən birində, Alxesirasda yaşayırdı. Fernando hər həftə 50 kilometrdən çox yol qət edib Neyvaya işə gəlirdi. O, hər dərsə çox yaxşı hazırlaşırdı və dərhal bütün yığıncaq görüşlərinə gəlməyə başladı. Dərsimizin elə birinci həftəsindən Fernando yaşadığı şəhərdə insanları başına yığıb onlara Müqəddəs Kitabdan öyrəndiklərini danışırdı.
Fernando Müqəddəs Kitabı araşdırandan 6 ay sonra, 1990-cı ilin yanvar ayında vəftiz olundu. Daha sonra isə öncül xidmətinə başladı. Alxesirasda artıq bir yerli Yehovanın Şahidi olduğu üçün filial həmin əraziyə xüsusi öncül göndərməkdə təhlükə görmürdü. 1992-ci ilin fevral ayında həmin şəhərdə yığıncaq yarandı.
Fernando təkcə yaşadığı şəhərdə təbliğ etmirdi. O, ailə qurandan sonra yoldaşı ilə birlikdə San-Visente-del-Kaquan şəhərinə köçdü. Bu şəhərdə də Yehovanın Şahidi yox idi. Onlar burada yığıncağın yaranmasına kömək etdilər. 2002-ci ildə Fernando rayon nəzarətçisi təyin olundu və bu günədək yoldaşı Olqa ilə birlikdə səyyar xidmətdədirlər.
Bu hadisədən öyrəndim ki, Yehovaya teokratik təyinatımıza aid konkret məsələlərlə bağlı dua etmək çox vacibdir. Bizim edə bilmədiyimizi Yehova edir. Axı biçin sahibi biz deyilik, Yehovadır (Mət. 9:38).
YEHOVA BİZƏ HƏM ARZU VERİR, HƏM DƏ GÜC
1990-cı ildə biz səyyar xidmətə təyin olunduq. İlk rayonumuz paytaxt şəhər Boqota idi. Qorxurduq ki, bu təyinatı yaxşı icra edə bilmərik. Çünki yoldaşım və mən adi insanlar idik, xüsusi bacarığımız yox idi. Üstəlik, biz insanların qaynaşdığı bir ərazidə yaşamağa öyrəşməmişdik. Bununla belə, Yehova Filippililərə 2:13 ayəsindəki sözünün üstündə durdu: «Allah sizi qüvvətləndirir. O, qəlbinizdə həm arzu oyadır, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verir, çünki bu Ona xoşdur».
Daha sonra yuxarıda qeyd etdiyim Medelyin şəhərindəki rayona təyin olunduq. Orada insanların gözləri küçədəki zorakılığa o qədər alışmışdı ki, onlara adi gəlirdi. Məsələn, bir dəfə şagirdimin evində ona dərs keçən vaxt çöldən atışma səsi gəldi. Mən dərhal yerə uzandım, amma şagirdim heç nə olmamış kimi abzası oxumağa davam etdi. Qurtaranda isə üzr istəyib çölə çıxdı. Çox keçməmiş iki balaca uşağı ilə geri qayıdıb sakitcə dedi: «Bağışlayın, uşaqlarımı içəri salmalı idim».
Təhlükə ilə üz-üzə olduğumuz başqa vəziyyətlər də olmuşdu. Bir dəfə ev-ev təbliğ edəndə yoldaşım qaça-qaça mənə tərəf gəldi, rəngi-ruhu qaçmışdı. Sirka dedi ki, kimsə ona atəş açıb. Bu məni bərk qorxutdu. Amma sonra öyrəndik ki, həmin əlisilahlı adam Sirkanı yox, onun yanından keçən bir kişini nişan alıbmış.
Tədricən küçə zorakılığına biz də alışdıq. Burada yaşayan Yehovanın Şahidlərinin bundan da betər vəziyyətlərdə möhkəm qalması bizi ürəkləndirmişdi. Belə bir qənaətə gəldik ki, Yehova onlara kömək etdiyi kimi bizə də kömək edəcək. Həm də biz ağsaqqalların məsləhətinə qulaq asırdıq, ehtiyat tədbirləri görürdük, qalanını isə Yehovanın öhdəsinə buraxmışdıq.
Əlbəttə, bəzi vəziyyətlər düşündüyümüz qədər təhlükəli olmurdu. Bir dəfə təbliğ etdiyim bir evdə olarkən çöldən iki qadının bir-biri ilə dalaşdığını eşitdim. Onların mübahisəsi mənə maraqlı deyildi. Amma ev yiyəsi məni dilə tutdu ki, çölə çıxaq baxaq. Sən demə, bu, qonşuları yamsılayan iki tutuquşunun mübahisəsi imiş.
YENİ TƏYİNATLAR VƏ YENİ ÇƏTİNLİKLƏR
1997-ci ildə mən Xidməti Təkmilləşdirmə Məktəbinə b müəllim kimi təyin olundum. Teokratik məktəblərdə təlim almağı həmişə vacib hesab etmişəm. Amma yatsam yuxuma da girməzdi ki, nə vaxtsa özüm bu məktəblərin birində təlim verərəm.
Sonralar mən vilayət nəzarətçisi kimi xidmət etdim. Bu xidmət növü dayandırılandan sonra yenidən rayon xidmətinə qayıtdım. Beləliklə, 30 ildən çoxdur ki, mən məktəb müəllimi və səyyar nəzarətçi kimi xidmət edirəm. Bu təyinatlar mənə bol-bol nemətlər gətirib. Amma həyatımda heç də hər şey yağ kimi getməyib. Gəlin deyim niyə.
Mən güclü xarakterli bir insanam. Elə çətinliklərimin çoxuna bunun sayəsində tab gətirə bilmişəm. Amma yığıncaqda hansısa məsələləri düzəltməyə çalışanda hərdən lazımından artıq səy göstərmişəm. Bir dəfə bir neçə nəfərə canfəşanlıqla izah edirdim ki, başqalarına qarşı məhəbbətli, anlayışlı olsunlar. Lakin ən gülməlisi odur ki, həmin vaxt bu keyfiyyətlər elə mənim özümdə çatışmırdı (Rom. 7:21—23).
Hərdən çatışmayan cəhətlərimə görə çox ruhdan düşürdüm (Rom. 7:24). Hətta bir dəfə Yehovaya dua edib dedim ki, yaxşısı budur, təyinatımı dayandırıb Finlandiyaya qayıdım. Həmin axşam yığıncağa getdim. Orada eşitdiklərim məni əmin etdi ki, təyinatımı davam etdirməliyəm və zəif cəhətlərimin üzərində işləməliyəm. Yehovanın duama necə aydın cavab verdiyi haqda düşünəndə günü bu gün də tüklərim biz-biz olur. Üstəlik, minnətdaram ki, Yehova mənə zəifliklərimin öhdəsindən gəlməyə kömək edir.
GƏLƏCƏYƏ ƏMİNLİKLƏ BAXIRAM
Sirka ilə ömrümüzün çoxu tamvaxtlı xidmətdə keçib. Belə bir şərəfə görə Yehovanın qarşısında özümüzü borclu hiss edirik. Həm də Yehovaya minnətdaram ki, bu illər ərzində yanımda bu cür sədaqətli, məhəbbətli yarım olub.
Yaxın zamanlarda 70 yaşım olacaq. Mən məktəb müəllimi və səyyar nəzarətçisi kimi xidmətimi dayandırmalı olacağam. Amma bu məni heç də kədərləndirmir. Bilirsiniz niyə? Axı mən adım kimi əminəm ki, Yehovanı ən çox şərəfləndirən bizim Ona təvazökarlıqla xidmət etməyimizdir. Şükranla, sevgi ilə aşıb-daşan ürəklə Onun adını ucaltmağımızdır (Mik. 6:8; Mark 12:32—34). Yehovanı şərəfləndirmək üçün hansısa xüsusi təyinatda olmaq şərt deyil.
Arxaya boylanıb aldığım təyinatlara baxanda başa düşürəm ki, Yehova mənə bu təyinatları başqalarından üstün olduğuma görə və ya hansısa xüsusi qabiliyyətim olduğuna görə verməyib. Qətiyyən! Əksinə, aldığım bu təyinatlar Yehovanın mənə olan lütfüdür. Zəif cəhətlərim ola-ola O mənə bu şərəfli işləri həvalə etdi. Yehovanın köməyi olmasaydı, bu təyinatlarımın öhdəsindən əsla gələ bilməzdim. Bəli, mən zəif olanda Yehovanın gücü özünü bütünlükdə göstərir! (2 Kor. 12:9).
a Raymo Kuokkanenin bioqrafiyası olan «Yehovaya xidmət etməyə qərarlıyıq» adlı məqalə «Gözətçi qülləsi»nin 2006-cı il 1 aprel sayında (türk.) yerləşir.
b Bu məktəb Padşahlıq Müjdəçiləri Məktəbi ilə əvəz edilib.