Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 17

«Mən sizə dost deyirəm»

«Mən sizə dost deyirəm»

«Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (YƏH. 15:15).

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

İCMAL *

1. Yaxın dostluq münasibətləri necə yaranır?

ADƏTƏN kiminləsə yaxın dost olmaq üçün onunla birgə vaxt keçirmək lazımdır, hər şey bundan başlayır. İnsanlar bir-biri ilə söhbət etdikcə, hisslərini, fikirlərini bölüşdükcə dostlaşırlar. İsa Məsihlə yaxın dostluq münasibəti qurmağa gəldikdə isə, bunu çətinləşdirən amillər var. Gəlin onlardan bəzilərinə baxaq.

2. Çətinlik yaradan ilk amil hansıdır?

2 Birinci amil odur ki, biz İsa Məsihi heç vaxt görməmişik. Birinci əsrdə yaşamış bəzi məsihilər də onu görməmişdi. Bununla belə, görün həvari Butrus nə deyir: «Siz onu heç vaxt görməmisiniz, buna baxmayaraq, onu sevirsiniz. Onu indi görməsəniz də, ona iman edirsiniz» (1 But. 1:8). Bəli, İsa Məsihi görməsək də, onunla yaxın dost ola bilərik.

3. Çətinlik yaradan ikinci amil hansıdır?

3 İkinci amil odur ki, İsa Məsihlə ünsiyyət etməyimiz mümkün deyil. Dua edərkən biz Yehova ilə danışırıq. İsa Məsihin adı ilə dua etsək də, onunla danışmırıq. Heç İsa Məsihin özü də ona dua etməyimizi istəmir. Nəyə görə? Çünki dua ibadət formasıdır, ibadətə isə yalnız Yehova layiqdir (Mət. 4:10). Amma bu o demək deyil ki, İsa Məsihə sevgimizi göstərə bilmərik.

4. Çətinlik yaradan üçüncü amil hansıdır və bu məqalədə nə haqda danışacağıq?

4 Üçüncü amil isə odur ki, İsa Məsih göydədir. Buna görə də onunla vaxt keçirməyimiz mümkünsüzdür. Amma o, cismən yanımızda olmasa da, onu yaxından tanıya bilərik. Bu məqalədə İsa Məsihlə dost olmağa və dostluğumuzu qorumağa kömək edən dörd üsuldan danışacağıq. Lakin əvvəlcə gəlin görək nə üçün İsa Məsihlə yaxın dost olmalıyıq.

NƏ ÜÇÜN İSA MƏSİHLƏ DOST OLMALIYIQ?

5. Nəyə görə İsa Məsihlə dost olmalıyıq? (Həmçinin « İsa Məsihlə dostluq Yehova ilə dostluğa aparır» və « İsa Məsihin mövqeyinə tarazlı münasibət» adlı çərçivələrə baxın.)

5 Yehova ilə münasibətlərimizin möhkəm olması üçün İsa Məsihlə dost olmalıyıq. Nəyə görə? Cəmi iki səbəbə nəzər salaq. Əvvəla, İsa Məsih şagirdlərinə demişdi: «Ata sizi sevir, ona görə ki, siz məni sevirsiniz» (Yəh. 16:27). Həmçinin o demişdi: «Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəh. 14:6). İsanın dostu olmadan Yehovanın dostu olmağa çalışan insan, sanki evə qapını açmadan girmək istəyir. İsa özü də bu cür bənzətmədən istifadə edərək «mən qoyunlar üçün qapıyam» demişdi (Yəh. 10:7). İkinci səbəb odur ki, İsa Məsih Yehovanın xüsusiyyətlərini mükəmməl şəkildə əks etdirirdi. O, şagirdlərinə demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9). Buna görə də Yehovanı tanımağın vacib üsullarından biri İsa Məsihin həyatı haqda öyrənməkdir. İsa haqda öyrəndikcə ona məhəbbətimiz artacaq. Ona məhəbbətimiz artdıqca isə, Yehova ilə münasibətlərimiz möhkəmlənəcək.

6. Daha hansı səbəbə görə İsa Məsihlə dost olmalıyıq? İzah edin.

6 Dualarımıza cavab almaq üçün İsa Məsihlə dost olmalıyıq. Bunun üçün duamızda sadəcə «İsa Məsihin adı naminə» ifadəsini işlətmək azdır. Biz Yehovanın dualarımıza verdiyi cavabda İsa Məsihin hansı rolu oynadığını başa düşməliyik. İsa Məsih həvarilərinə demişdi: «Mənim adımla nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm» (Yəh. 14:13). Dualarımızı eşidib onlara cavab verən Yehova olsa da, O, qərarlarını icra etmək səlahiyyətini İsa Məsihə verib (Mət. 28:18). Bununla yanaşı, Yehova dualarımıza cavab verməzdən öncə İsa Məsihin məsləhətinə əməl edib-etmədiyimizə nəzər salır. Misal üçün, Məsih demişdi: «Əgər insanların təqsirlərini bağışlayırsınızsa, göydəki Atanız da sizi bağışlayacaq. Lakin onların təqsirlərini bağışlamırsınızsa, Atanız da sizin təqsirlərinizi bağışlamayacaq» (Mət. 6:14, 15). Görün insanlara Yehovanın və İsa Məsihin bizə göstərdiyi münasibəti göstərmək nə qədər vacibdir!

7. İsa Məsihin fidyə qurbanlığından kimlər faydalanır?

7 İsa Məsihin fidyə qurbanlığından yalnız onun yaxın dostları faydalanacaq. Nəyə görə belə demək olar? İsa demişdi ki, «dostları uğrunda canını fəda» edəcək (Yəh. 15:13). Məsihin yer üzünə gəlməsindən öncə yaşamış mömin insanlar onun haqqında öyrənib, onu sevməli olacaqlar. Hətta İbrahim peyğəmbərlə yoldaşı Saraya, Musa peyğəmbərə, Rahaba və digər mömin kişi və qadınlara da əbədi həyatı qazanmaq üçün İsa Məsihlə dostluq münasibəti qurmaq lazım gələcək (Yəh. 17:3; Həv. 24:15; İbr. 11:8—12, 24—26, 31).

8, 9. Yəhya 15:4, 5 ayələrinə əsasən, İsa Məsihlə dostluq sayəsində hansı işi icra edə bilirik və nəyə görə onunla vəhdətdə qalmalıyıq?

8 Bizim Padşahlıq haqda xoş xəbərin təbliğ və təlim işində İsa Məsihlə əməkdaşlıq etmək kimi gözəl imkanımız var. İsa yer üzündə olarkən müəllim idi, insanlara təlim verirdi. Göyə qayıdandan sonra isə o, yığıncağın başı kimi təbliğ və təlim işinə rəhbərlik etməyə davam edir. İsa Məsih onu və Atasını daha çox insanın tanıması üçün nə qədər çalışdığınızı görür və bunu çox qiymətləndirir. Şübhə yoxdur ki, bu işi yalnız İsa Məsihin və Yehovanın köməyi sayəsində görə bilərik. (Yəhya 15:4, 5 ayələrini oxuyun.)

9 Müqəddəs Kitabda aydın şəkildə yazılıb ki, biz Yehovanı razı salmaq üçün İsa Məsihi sevməli və bu məhəbbətin soyumasına imkan verməməliyik. Gəlin görək İsa Məsihlə dost olmaq üçün hansı dörd addımı ata bilərik.

İSA MƏSİHLƏ NECƏ DOST OLA BİLƏRİK?

İsa Məsihin dostu olmağın yolları: 1) onu yaxından tanıyın, 2) onun kimi düşünün və davranın, 3) onun qardaşlarına dəstək olun və 4) təşkilatın verdiyi qərarları dəstəkləyin (10—14 abzaslara baxın) *

10. İsa Məsihlə dost olmaq üçün ilk növbədə nə etməliyik?

10 1) İsa Məsihi tanıyın. Mətta, Mark, Luka və Yəhyanın yazdığı Müjdələri oxumaqla onu tanıya bilərik. İsa Məsihin həyatı barədə yazılanların üzərində düşündükcə, insanlarla gözəl rəftarı ürəyimizdə ona qarşı məhəbbət və hörmət yaradır. Misal üçün, o, Ağa olsa da, şagirdləri ilə qul kimi rəftar etmirdi. Əksinə, fikirlərini, hisslərini onlarla bölüşürdü (Yəh. 15:15). Onlar pis olanda, o da pis olurdu, onlar ağlayanda o da ağlayırdı (Yəh. 11:32—36). Hətta düşmənləri də qəbul edirdi ki, İsa Məsihə qulaq asanlar onun dostu idi (Mət. 11:19). Onun şagirdləri ilə rəftarını örnək götürsək, insanlarla münasibətlərimiz yaxşılaşacaq, ürəyimizdə rahatlıq, xoşbəxtlik olacaq və Məsihə minnətdarlığımız artacaq.

11. İsa Məsihlə dost olmaq üçün ikinci addım hansıdır və bu, nəyə görə vacibdir?

11 2) İsa Məsih kimi düşünün və davranın. İsa Məsihin düşüncəsinə nə qədər yaxşı bələd olsaq və onun kimi düşünməyə çalışsaq, dostluğumuz bir o qədər möhkəm olacaq (1 Kor. 2:16). İsa Məsihdən necə örnək ala bilərik? Gəlin ona xas olan cəhətlərdən birinə nəzər salaq. İsa Məsih öz rahatlığını yox, başqalarına kömək etməyi düşünürdü (Mət. 20:28; Rom. 15:1—3). Bu səbəbdən o, fədakar, bağışlamağa hazır idi. İnsanların onun haqqında dediyi sözlərdən incimirdi (Yəh. 1:46, 47). Həmçinin yol vermirdi ki, insanların keçmişdə etdiyi səhvlər onlara qarşı münasibətinə təsir etsin (1 Tim. 1:12—14). Biz də insanlarla münasibətdə Məsihdən örnək almalıyıq, çünki o demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:35). Bu sual üzərində düşünə bilərsiniz: «İsa Məsihdən örnək götürərək bacı-qardaşlarla sülhü qorumaq üçün əlimdən gələni edirəm?»

12. İsa Məsihlə dost olmaq üçün üçüncü addım hansıdır və bu addımı necə ata bilərik?

12 3) İsa Məsihin qardaşlarına dəstək olun. Məsih qardaşları üçün etdiyimiz hər şeyi özü üçün edilmiş kimi qəbul edir (Mət. 25:34—40). Onları dəstəkləməyin başlıca üsulu İsa Məsihin davamçılarına tapşırdığı işi — Padşahlıq haqda müjdəni təbliğ etmək və şagird hazırlamaq işini fəal şəkildə həyata keçirməkdir (Mət. 28:19, 20; Həv. 10:42). Məsihin qardaşları «başqa qoyunlar»ın köməyi olmadan təbliğ işini bütün dünyada həyata keçirə bilməz (Yəh. 10:16). Siz hər dəfə bu işdə iştirak edəndə təkcə məsh olunmuş məsihilərə yox, İsaya da məhəbbətinizi göstərirsiniz.

13. İsa Məsihin Luka 16:9 ayəsində yazılmış məsləhətinə necə əməl edə bilərik?

13 Yehova və İsa Məsihlə dost olmağın digər yolu onların rəhbərlik etdiyi işə maddi dəstək olmaqdır. (Luka 16:9 ayəsini oxuyun.) Məsələn, ümumdünya işinə etdiyimiz ianələrlə xoş xəbərin ucqar ərazilərdə təbliğ olunmasına, ibadət evlərinin və bu kimi digər binaların tikintisinə, təmirinə, eləcə də təbii fəlakətlərdən və digər faciələrdən zərərçəkənlərə dəstək ola bilərik. Həmçinin yığıncağımızın tələbatları üçün ianə edə və köməyə ehtiyacı olduğunu bildiyimiz bacı-qardaşlara əl tuta bilərik (Məs. 19:17). Bu yollarla Məsihin qardaşlarına dəstək oluruq.

14. Efeslilərə 4:15, 16 ayələrinə əsasən, Məsihlə dost olmaq üçün dördüncü addım hansıdır?

14 4) Təşkilatın verdiyi qərarları dəstəkləyin. Yığıncağın başı olan İsa Məsihlə dostluğumuzu möhkəmləndirməyin bir yolu qayğımıza qalmaq üçün təyin olunmuş qardaşlarla əməkdaşlıq etməkdir. (Efeslilərə 4:15, 16 ayələrini oxuyun.) Məsələn, hal-hazırda təşkilat çalışır ki, ibadət evlərindən maksimum şəkildə istifadə olunsun. Bunun üçün bəzi yığıncaqlar digər yığıncaqlarla birləşdirilib və yığıncaqların əraziləri dəyişdirilib. Bu qərarın sayəsində ianə olunan vəsaitlərə xeyli qənaət olunub. Amma bunun üçün təbliğçilər yeni vəziyyətə uyğunlaşmalı olub. Bu sədaqətli bacı-qardaşların bəziləri əvvəlki yığıncaqlarında uzun illər xidmət ediblər və oradakı bacı-qardaşlarla yaxın olublar. Amma indi onlardan başqa yığıncaqda xidmət etmələri xahiş olunub. Bu sadiq məsihilərin təşkilatdan gələn göstərişi dəstəklədiyini görmək Yehovanın qəlbini şad edir!

MƏSİHİN ƏBƏDİ DOSTLARI

15. İsa Məsihlə dostluğumuz gələcəkdə necə möhkəmlənəcək?

15 Müqəddəs ruhla məsh olunan məsihilərin əbədiyyət boyu İsa Məsihin yanında olub, onunla birgə Allahın Padşahlığında idarə etmək ümidləri var. Onlar hərfi mənada Məsihi görəcək, onunla danışacaq, onun yanında olacaqlar (Yəh. 14:2, 3). Yer üzündə yaşamaq ümidi olanlar da Məsihin məhəbbətindən və diqqətindən kənarda qalmayacaq. Onlar Məsihi görməsələr belə, aralarındakı dostluq günbəgün möhkəmlənəcək. Bu, Yehovanın və Məsihin sayəsində əldə etdikləri gözəl həyat boyu davam edəcək (Əşy. 9:6, 7).

16. Məsihlə dost olanda hansı nemətləri alırıq?

16 Məsihin dostluq dəvətini qəbul edəndə çoxlu nemətlər alırıq. Misal üçün, biz artıq indidən onun məhəbbətini və dəstəyini hiss edirik. Gələcəkdə əbədi yaşamaq imkanımız var. Ən əsası isə, İsa ilə dostluğumuz ən gözəl xəzinəyə sahib olmağa — Yehova Allahla sıx münasibətlər qurmağa imkan yaradır. Məsihin dostu adlanmaq həqiqətən də böyük şərəfdir!

NƏĞMƏ 17 «İstəyirəm»

^ abz. 5 Həvarilər bir neçə il ərzində İsa Məsihlə vaxt keçirmiş, onunla əməkdaşlıq etmişdilər. Bunun sayəsində onunla yaxşı dost olmuşdular. İsa Məsih bizimlə də dost olmaq istəyir. Amma həvarilərdən fərqli olaraq, bizim onunla dost olmağımızı çətinləşdirən amillər var. Məqalədə bu amillərin bəzilərindən, eləcə də İsa Məsihlə yaxın dost olmaq və bu dostluğu qorumaq üçün atmalı olduğumuz addımlardan danışılır.

^ abz. 55 ŞƏKİLLƏRİN İZAHI. 1) Ailəvi ibadət vaxtı İsa Məsihin həyatı və xidməti haqda öyrənə bilərik. 2) Yığıncaqda bacı-qardaşlarla sülhdə olmağa can ata bilərik. 3) Təbliğdə fəal iştirak etməklə Məsihin qardaşlarına dəstək ola bilərik. 4) Yığıncaqlar birləşdiriləndə ağsaqqalların qərarını dəstəkləyə bilərik.