Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?
Çoxları düşünür ki, ali təhsilli, varlı insanların gələcəyi gözəl olur. Onların fikrincə, ali təhsilli insan yaxşı işçi, yaxşı ailə üzvü, yaxşı vətəndaş olur. Düşünürlər ki, yaxşı təhsil insana yüksək məvacibli iş tapmağa kömək edir, çoxlu pul isə insanı xoşbəxt edir.
ÇOXLARININ SEÇDİYİ YOL
Jan Çen adlı çinli bir kişinin sözlərinə diqqət yetirək. O deyir: «Düşünürdüm ki, ali təhsil alsam, yoxsulluqdan qurtulacağam, yüksək məvacibli işə düzəlsəm, həyatım xoşbəxt, gözəl olacaq».
Özlərinə xoşbəxt gələcək qurmaq üçün çoxları tanınmış universitetlərdə, hətta başqa ölkələrdəki universitetlərdə təhsil almağa can atırlar. COVID-19 ucbatından beynəlxalq səfərlərə məhdudiyyət qoyulana qədər bu tendensiya günü-gündən artırdı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-ci il hesabatında deyilir: «Xarici ölkələrdə təhsil alan tələbələrin 52 faizini asiyalılar təşkil edir».
Valideynlər uşaqlarını xaricə ali təhsil almağa göndərmək üçün böyük qurbanlar verirlər. Tayvandan olan Çenq deyir: «Valideynlərim elə də imkanlı deyildi. Buna baxmayaraq, dördümüzü də ABŞ-a kollecdə oxumağa göndərdi». Onun ailəsi də digər ailələr kimi, təhsil haqqını ödəmək üçün böyük borca girmişdi.
BƏS KÖMƏYİ DƏYİR?
Düzdür, təhsilin insana müəyyən faydası olsa da, adətən tələbələr gözlədikləri nəticəni əldə etmirlər. İllərlə zəhmət çəkən, böyük məbləğdə borca girən tələbələr sonradan istədikləri işə düzələ bilmirlər. Sinqapurda dərc olunan «Biznes Tayms» qəzetində çalışan Reyçel Mui demişdi: «Diplomlu işsizlərin sayı getdikcə artır». Tayvanda yaşayan Ciencey adlı bir elmlər doktoru deyir: «Çoxları məcbur qalıb, təhsilləri ilə heç bir əlaqəsi olmayan işlərdə işləyirlər».
Çox vaxt öz sənəti üzrə iş tapanların da ümidləri puça çıxır. Taylanddan olan Nayrin adlı bir nəfər Böyük Britaniyada universitetdə təhsil alandan sonra öz ixtisası üzrə iş tapmışdı. O deyir: «Ümid etdiyim kimi, aldığım təhsil mənə yüksək məvacibli iş tapmağa kömək etdi. Amma yüksək məvacib o deməkdir ki, işə daha çox vaxt sərf etməlisən, daha çox can qoymalısan. İş elə gətirdi ki, şirkətimizdə işçilərin əksəriyyəti ixtisara düşdü. Onların sırasında mən də var idim. Başa düşdüm ki, heç bir iş gözəl gələcəyə zəmanət deyil».
Hətta varlı, firavan həyat sürən insanların da ailədə problemləri olur, xəstələnirlər, iqtisadi çətinliklərlə üzləşirlər. Yaponiyadan olan Katsutoşi deyir: «Mən heç nədən korluq çəkmirdim. Amma daim rəqabətlə, paxıllıqla, pis rəftarla üzləşirdim». Vyetnamda yaşayan Lam adlı bir qadın deyir: «Çoxları yaxşı yaşamaq üçün yüksək maaşlı iş tapmağa çalışırlar. Amma belə bir iş tapanda bunun tam əksi olur. Onlar daha çox narahatlıq keçirir, səhhətlərində problem olur, emosional cəhətdən tükənirlər və məyusluğa qapılırlar».
Franklin kimi, bir çoxları düşünür ki, həyatda təhsildən, var-dövlətdən vacib şeylər var. Onlar çalışırlar ki, həyatlarını var-dövlət toplamağa həsr etməsinlər. Yaxşı insan olmaqla, başqalarına əl tutmaqla gözəl gələcək üçün təməl qoysunlar. Bəs yaxşı insan olmaq gözəl gələcək üçün zəmanətdir? Növbəti məqalədə bu sualın cavabı araşdırılacaq.