Allaha itaət edənlərin aldığı nemətlər
Musa peyğəmbər demişdi ki, Allahın əmrlərinə tabe olsaq, Ondan xeyir-dua alacağıq (Qanunun təkrarı 10:13; 11:27). Biz Allaha «birdən bizi cəzalandırar» düşüncəsi ilə itaət etməməliyik. Allahın gözəl xüsusiyyətləri barədə düşündükcə, Ona məhəbbətimiz artır və Onu kədərləndirən hər hansı bir hərəkətə yol vermək istəmirik. Məhz bu səbəbə görə biz Ona itaət edirik. «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3).
Bəs Allaha itaət edənlər hansı nemətləri alır? Onlardan ikisinə nəzər salaq.
1. ALLAHA İTAƏT BİZƏ HİKMƏT QAZANDIRIR
«Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm, səni getməli olduğun yolla aparıram» (ƏŞİYA 48:17).
Yaradanımız Yehova Allah bizi özümüzdən yaxşı tanıyır və lazım olan öyüd-nəsihəti verir. Əgər həmişə hikmətli davranmaq istəyiriksə, Müqəddəs Kitabdan Onun qayda-qanunlarını öyrənib, onlara uyğun yaşamalıyıq.
2. ALLAHA İTAƏT BİZİ XOŞBƏXT EDİR
«Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (LUKA 11:28).
Bu gün milyonlarla insan Allahın Kəlamına uyğun yaşayıb sözün əsl mənasında xoşbəxt ömür sürür. Məsələn, İspaniyada yaşayan bir kişi hövsələsiz insan idi. Başqaları ilə, eləcə də həyat yoldaşı ilə kobud rəftar edirdi. Bir gün o, Tövratdan Yaqub peyğəmbərin oğlu həzrəti Yusifin hekayəsini oxudu. Gördü ki, Yusifi qul kimi satsalar da, haqsız yerə zindana atsalar da, o, mülayimliyini qorumuşdu, sülhpərvər davranıb qardaşlarını bağışlamışdı (Yaradılış 37—45 fəsillər). Həmin kişi deyir: «Yusif barədə düşündükcə, mən də mülayim, xeyirxah və təmkinli olmaq istədim. Bunun sayəsində indi həyatım xoşbəxtdir».
Müqəddəs Kitabda insanlarla rəftara dair məsləhətlər çoxdur. Növbəti məqalədə bu barədə daha ətraflı danışacağıq.