Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN VERDİYİ ƏN GÖZƏL ƏNAM

Allahın füsunkar ənamını dəyərli edən nədir?

Allahın füsunkar ənamını dəyərli edən nədir?

Hədiyyə insan üçün əsasən nə vaxt dəyərli olur? Buna, adətən, dörd amil təsir edir: 1) baxır onu kim verib; 2) hədiyyə hansı məqsədlə verilib; 3) hədiyyəni verən bundan ötrü nələrdən keçib və 4) verilən hədiyyəyə nə dərəcədə ehtiyacımız var idi. Bu dörd amil Allahın böyük neməti olan fidyə qurbanlığının qədrini bilməyə kömək edəcək.

ONU KİM VERİB?

Səlahiyyətli, hörmət etdiyimiz şəxsdən aldığımız hədiyyə bizim üçün çox qiymətli olur. Həmçinin ailə üzvümüz, ya da yaxın dostumuzdan aldığımız hədiyyə də bizə çox əziz olur, hətta ucuz olsa belə. İlk məqalədə adı çəkilən Cordanın Rasseldən aldığı hədiyyə məhz bu səbəbdən onunçün əziz idi. Bəs fidyəni dəyərli edən nədir?

Müqəddəs Kitabda yazılıb: «Allah [İsa Məsihi] dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq» (1 Yəhya 4:9). Fidyənin Allah tərəfindən verilməsi artıq özü özlüyündə onu dəyərli edir. Bir məzmurçu demişdi: «Adı Yehova * olan Sən, dünyada tək Sən ucasan» (Zəbur 83:18). Bəli, heç kim Allahdan uca ola bilməz; buna görə Allahın verdiyi hədiyyədən dəyərli hədiyyə yoxdur.

İkincisi, Müqəddəs Kitabda deyilir ki, Allah bizim Atamızdır (Əşiya 63:16). Hansı mənada Allah «Ata» adlanır? O, bizə həyat verib. Bundan əlavə, Allah, bizim qayğımızı çəkir. O, Öz qədim xalqı haqda demişdi: «Məgər Əfraim əziz oğlum, sevimli övladım deyil?.. Onun üçün ürəyim qan ağlayır, ona rəhm edəcəyəm» (Ərəmya 31:20). Bu gün də Allaha ibadət edən insanlar Onun üçün əzizdir. Bəli, Allah nəinki Külli-İxtiyar Yaradandır, O həmçinin bizim Atamız və Dostumuzdur. Həqiqətən də, Ondan aldığımız istənilən hədiyyə bizim üçün çox qiymətlidir.

O, HANSI MƏQSƏDLƏ VERİLİB?

Hədiyyənin borc hissindən yox, ürəkdən verilməsi onu xüsusilə dəyərli edir. Hədiyyəni ürəkdən verən insan onun qarşılığını gözləmir.

Allah bizi sevdiyi üçün İsa Məsihi qurban verdi. Müqəddəs Kitabda yazılıb: «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah [İsa Məsihi] dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq» (1 Yəhya 4:9). Allah fidyəni borc hissindən irəli gələrək verməyib, çünki O, bunu etməyə borclu deyildi. «Məsih İsanın ödədiyi fidyə» Allahın lütfünün izharıdır (Romalılara 3:24).

Fidyə hansı mənada Allahın lütfünün izharıdır? Müqəddəs Kitab bunu belə izah edir: «Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Romalılara 5:8). Allah məhəbbətindən irəli gələrək günahlı, zəif, çarəsiz insanların uğrunda Məsihi qurban verdi. Biz buna layiq deyildik və əvəzini də heç vaxt ödəyə bilmərik. Allahın verdiyi bu ənam bəşər tarixində ən böyük sevgi ifadəsidir.

O, NƏYİN BAHASINA ƏRSƏYƏ GƏLİB?

Hədiyyə həm də o vaxt dəyərli olur ki, onu verən şəxs bundan ötrü nələrdənsə keçir. Əgər insan ona əziz olan bir şeyi bizə hədiyyə edirsə, bu bəxşiş bizə xüsusilə qiymətli olur.

Allah bizə görə ona çox əziz olan bir varlığı — İsa Məsihi qurban verib. Allah Kainatı yaradanda İsa Məsih Onun yanında idi və könlünü şad edirdi (Məsəllər 8:30). Müqəddəs Kitaba əsasən, İsa Məsih bütün xilqətin ilki olduğu üçün Allahın Oğlu * adlanır (Yəhya 3:16). İsa Məsih «görünməz Allahın bənzər»i və sevimli Oğludur (Koloslulara 1:13—15). Bəli, göründüyü kimi, İsa Məsih Allah üçün çox əzizdir!

Bununla belə, Allah İsa Məsihi «əsirgəməyib hamımızın uğrunda» fəda etdi (Romalılara 8:32). Bəli, Allah bizdən ötrü Onun üçün çox əziz olan bir varlıqdan keçib.

ONA EHTİYACIMIZ VAR İDİMİ?

Əgər bizə ehtiyacımız olan bir şeyi hədiyyə ediblərsə, bu hədiyyəyə görə lap çox sevinəcəyik. Tutalım, bir nəfər ölümcül xəstədir, lakin müalicə olunmağa imkanı çatmır. Bu zaman kimsə müalicənin bütün xərclərini öz üzərinə götürür. Yəqin razılaşarsınız ki, bu, müalicə alan insan üçün nəyə desən, dəyər!

«Necə ki Adəmin ucbatından hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq» (1 Korinflilərə 15:22). Adəmdən günahı miras aldığı üçün insan öz gücü ilə nə Allahla insan arasında itirilmiş münasibəti bərpa edə, nə günahlarını yuya, nə də canını xəstəlik və ölümdən qurtara bilər. Müqəddəs Kitabda yazılıb: «Heç biri qardaşını qurtara bilməz, onun üçün Allaha fidyə verə bilməz». İnsan fani olduğu nə özünə, nə də başqasına əbədi həyat verə bilməz. İnsan həyatının fidyəsi elə bahadır ki, heç bir insanın ona əli çatmaz (Zəbur 49:7, 8). Buna görə də bizim xilaskara ehtiyacımız var. Özümüzə qalsa, heç bir gözəl gələcəyə ümid edə bilmərik.

Yehova Allah nəhayətsiz məhəbbətindən irəli gələrək, «müalicənin» xərcini ödədi ki, Məsihin sayəsində hamı həyata qovuşsun. Bu, necə mümkün olur? «İsanın qanı bizi bütün günahlardan təmizləyir». Bəli, İsa Məsihin axıdılan qanına iman etsək, günahlarımız bağışlanacaq və əbədi yaşamaq imkanımız olacaq (1 Yəhya 1:7; 5:13). Bəs fidyənin ölən insanlar üçün hansı faydası var? «Ölüm insan vasitəsilə gəldiyi kimi, ölülərin dirilməsi də insan [İsa Məsih] vasitəsilədir» * (1 Korinflilərə 15:21).

Gördüyümüz kimi, fidyəyə bərabər ikinci bir ənam yoxdur: Birincisi, onu bizə hansısa insan yox, hamıdan uca olan Allah verib. İkincisi, fidyə Allahın insanlara məhəbbətinin izharıdır. Üçüncüsü, Allah bu ənamı verməkdən ötrü Ona ən əziz olan varlıqdan keçib. Dördüncüsü, bu fidyəyə son dərəcə ehtiyacımız var, çünki onun sayəsində biz günah və ölümün əsarətindən qurtula bilərik. Bəli, fidyə ənamı Allahın verdiyi ən füsunkar ənamdır!

 

^ abz. 6 Müqəddəs Kitaba əsasən, Allahın adı.

^ abz. 14 İsa Məsih birbaşa Allah tərəfindən yaradılmış yeganə varlıqdır, buna görə Allahın oğlu adlanır. Ətraflı məlumat üçün jw.org/az saytında dərc olunan «Nəyə görə İsa Məsih Allahın Oğlu adlanır?» adlı məqaləyə baxın. (MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə daxil olun.)

^ abz. 19 Ölülərin dirilməsi ilə bağlı Allahın verdiyi vəd haqda ətraflı məlumat almaq üçün «Müqəddəs Kitab təlimləri» kitabının 7-ci fəslinə baxın. Kitab Yehovanın Şahidləri tərəfindən nəşr olunub və onu www.jw.org/az saytından əldə edə bilərsiniz.