Kontentə keç

Mündəricatı göstər

«Gözlərin rüşeymimi görmüşdü» (ZƏBUR 139:16).

Allah bizi başa düşür

Allah bizi başa düşür

İNSAN YARADILIŞI

Gəlin ən yaxın insan münasibətlərindən biri olan tək yumurta əkizləri arasındakı münasibət barədə düşünək. Onlar arasında xüsusi bir bağ, əlaqə var. Əkizlər Tədqiqat Mərkəzinin direktoru və özünün də əkizi olan Nansi Siqalın sözlərinə əsasən, hətta bəzi əkizlər izahatsız-filansız bir-birinin nə demək istədiyini tam başa düşür. Bir qadın tək yumurta əkizi ilə arasındakı münasibəti belə təsvir edir: «Biz bir-birimiz haqda hər şeyi bilirik».

Bu nəyin sayəsində mümkündür? Tədqiqatlar bunu ətraf mühit və valideyn faktoru ilə əlaqələndirsə də, bu məsələdə əsas rol oynayan tək yumurta əkizlərinin oxşar genləri paylaşmasıdır.

DÜŞÜNÜN: Bu möhtəşəm genetik materialı yaradan Allah, sözsüz ki, hər birimizin təbiətinə hamıdan yaxşı bələddir. Davud peyğəmbər də bu fikri vurğulamışdı: «Anamın bətnində məni gizlətdin. Gizli yerdə xəlq ediləndə... sümüklərim Səndən gizli deyildi. Gözlərin rüşeymimi görmüşdü. Bədənimin bütün hissələri... Sənin kitabında yazılmışdı» (Zəbur 139:13, 15, 16). Təkcə Allah bizim genetik quruluşumuza tamamilə bələddir. O, hətta şəxsiyyətimizin formalaşmasına hansı hadisələrin təsir etdiyini də bilir. Allahın bizə və genetik quruluşumuza hamıdan yaxşı bələd olması sübut edir ki, O, bizi hərtərəfli başa düşür.

MÜQƏDDƏS KİTAB NƏ DEYİR?

Davud peyğəmbər duasında demişdi: «Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan. Oturuşumu-duruşumu bilirsən, fikirlərimi uzaqdan oxuyursan. Söz ağzımdan çıxmamış nə deyəcəyimi bilirsən, ey Yehova» (Zəbur 139:1, 2, 4). Yehova bizim məhrəm hisslərimizdən də bixəbər deyil. Müqəddəs Kitabda deyilir ki, O hətta «insanın fikirlərindən, niyyətlərindən agahdır» (1 Salnamələr 28:9; 1 İşmuil 16:6, 7). Bu ayələr Allah haqqında nəyi açıqlayır?

Duada bütün fikirlərimizi və hisslərimizi dilə gətirə bilməsək də, Yaradanımız təkcə hərəkətlərimizi görmür, onları hansı səbəbdən irəli gələrək etdiyimizi də başa düşür. Bəzən olur ki, ürəyimizdən keçən hansısa yaxşı işləri müəyyən səbəblərə görə edə bilmirik. Amma Yehova qəlbimizin istəyini yaxşı anlayır. Bəli, ürəyimizə məhəbbəti Allah qoyduğu üçün O, ürəyimizdəki saf fikirləri və niyyətləri görür, hətta bunları axtarır (1 Yəhya 4:7—10).

Allahın nəzərindən heç nə yayınmır. İnsanlar bizim nələr çəkdiyimizi bilməsə də, bizi tam başa düşməsə də, Allah hər şeydən halidir

Müqəddəs Kitabdan seçilmiş ayələr

  • «Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir» (1 BUTRUS 3:12).

  • Allah söz verir: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm, sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq» (ZƏBUR 32:8).

ALLAH ÇOX ŞƏFQƏTLİDİR

Allahın düşdüyümüz vəziyyəti və hisslərimizi başa düşdüyünü bilmək bizə çətinliklərə tab gətirməyə kömək edə bilər. Görün Nigeriyadan olan Anna hansı çətinliklərlə üzləşmişdi. O bölüşür: «Çarəsiz vəziyyətdə olduğum üçün düşünürdüm, görəsən yaşamağa dəyər? Mənə döş xərçəngi diaqnozu qoyulmuşdu, buna görə də əməliyyat olunmalı, kemoterapiya və radioterapiya almalı idim. Bir tərəfdən də mən dul qadın hidrosefal (beyinə hədsiz miqdarda su yığılması) xəstəliyi ucbatından xəstəxanada yatan qızımın qeydinə qalmalıydım. Qızımla eyni vaxtda xəstəxanada yatmağım mənə çox çətin idi».

Annaya bütün bunlara tab gətirməyə nə kömək etdi? «Mən Filippililərə 4:6, 7 ayələrindəki “Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi... qoruyacaq” sözləri üzərində düşündüm. Hər dəfə bu ayə yadıma düşəndə özümü Yehovaya daha yaxın hiss edirdim. Əmin idim ki, O, məni məndən daha yaxşı başa düşür. Dindaşlarım da mənə çox dəstək oldu.

Düzdür, səhhətimdə indi də problemlər var, amma əvvəlkinə nisbətən mən də, qızım da özümüzü daha yaxşı hiss edirik. Bir şeyi başa düşdük ki, çətinliklərlə üzləşəndə bədbinliyə qapılmamalıyıq, çünki Yehova bizimlədir. Yaqub 5:11 ayəsi bizə güc verir: “Biz axıradək dözənləri xoşbəxt sayırıq. Siz Əyyubun dözümü haqqında eşitmisiniz və Yehovadan gələn nəticəni görmüsünüz. Yehova çox mehriban [yaxud “şəfqətli”, haşiyə] və mərhəmətlidir”». Bəli, Yehova Allah Əyyubun vəziyyətini çox yaxşı başa düşürdü. Əmin ola bilərik ki, üzləşdiyimiz hər bir çətinlikdə O, bizi də başa düşür.