Kontentə keç

Mündəricatı göstər

Nuh, Dənyal və Əyyubun iman və itaətkarlığını örnək alaq

Nuh, Dənyal və Əyyubun iman və itaətkarlığını örnək alaq

«Nuh, Dənyal və Əyyub... salehlikləri sayəsində yalnız öz canlarını qurtara bilərdilər» (HİZQ. 14:14).

NƏĞMƏ: 89, 119

1, 2. a) Nuh, Dənyal və Əyyub peyğəmbərin nümunəsi bizi necə cəsarətləndirə bilər? b) Hizqiyal 14:14 ayəsindəki sözlər hansı dövrdə yazılmışdı?

ZƏİF səhhət, maddi çətinliklər, təqiblər həyatımızın ayrılmaz bir parçası olub imanımızı sınayan amillərdəndir. Hətta bəzən bunlar Yehovaya xidmət şövqümüzü söndürə bilər. Əgər bu, sizin də başınıza gəlibsə, ruhdan düşməyin. Nuh, Dənyal və Əyyub peyğəmbərin nümunəsi sizi gücləndirib cəsarətli edə bilər. Bu peyğəmbərlər bizim kimi adi insan olub, üzləşdiyimiz problemlərlə üzləşib, hətta ölüm təhlükəsi ilə üz-üzə durublar. Bütün bunlara rəğmən, onlar Allaha sadiq qalıb Onun dərgahında iman və itaət nümunəsi adına layiq görülüblər. (Hizqiyal 14:12—14 ayələrini oxuyun.)

2 Hizqiyal peyğəmbər məqalənin əsas ayəsindəki sözləri e. ə. 612-ci ildə Babilistanda qələmə almışdı * (Hizq. 1:1; 8:1). Dönüklər şəhəri Yerusəlimin üzərinə Allahın kəsdiyi cəza yaxınlaşırdı. Şəhər əhli arasında tək-tük adam tapılardı ki, Nuh, Dənyal və Əyyubun imanına tay iman nümayiş etdirsin və xilasa layiq görülsün (Hizq. 9:1—5). Bu azlığın sırasında Ərəmya, Bərux, Əbədməlik və rəhablılar kimi barmaqla sayılası adamların adlarını çəkmək olar.

3. Bu məqalədə söhbət nədən gedəcək?

3 Hizqiyalın dövründə olduğu kimi, bugünkü allahsız dünyanı da ilahi cəza gözləyir. Yalnız Nuh, Dənyal və Əyyub kimi pak və ləkəsiz insanlar bu cəza günündə Yehova tərəfindən xilasa layiq görüləcəklər (Vəhy 7:9, 14). Belə isə, yəqin Yehovanın bu üç adamı nə üçün salehlik örnəyi kimi təqdim etdiyini bilmək bizə çox maraqlı olardı. Odur ki, gəlin onların hansı çətinliklərlə üzləşdiyinə və bizim üçün hansı sahələrdə iman və sədaqət nümunəsi qoyduqlarına diqqət yetirək.

ALLAHSIZ DÜNYAYA MEYDAN OXUYAN NUH

4, 5. Nuh peyğəmbər hansı çətin şəraitdə yaşayırdı və onun səbri haqqında nə demək olar?

4 Nuhun üzləşdiyi çətinliklər. Nuh peyğəmbərin ulu babası Hənuqun dövründən insanlar Allahdan uzaqlaşıb yollarını tamam azmışdılar. İş hətta o yerə çatmışdı ki, onlar Allaha qarşı «biabırçı sözlər» söyləyirdilər (Yhd. 14, 15). Zorakılıq getdikcə artırdı. Nuhun dövründə yer üzü artıq «zorakılıqla dolmuşdu». Allahın iradəsindən çıxmış mələklər insan cildinə girərək qadınlarla yaxınlıq edirdilər. Nəticədə, anormal boy-buxunu və zalımlığı ilə seçilən (hibrid) övladlar dünyaya gəlir, zorakılığa zorakılıq qatırdılar (Yar. 6:2—4, 11, 12). «Nuh isə Yehovanın gözündə rəğbət qazanmışdı... Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi» (Yar. 6:8, 9).

5 Gəlin bir anlıq yuxarıdakı sözlərin əslində nə demək olduğunu düşünək. Peyğəmbərin allahsızlıq axınına qarşı getməsi 70 və ya 80 il, yəni bugünkü orta insan ömrü qədər yox, düz 600 il sürdü! (Yar. 7:11). Üstəlik, bizdən fərqli olaraq, peyğəmbərin dövründə ona ruhani dayaq, dəstək ola biləcək dindaşlar icması yox idi. Hətta doğma bacı-qardaşları da onun dəyərlərinə şərik deyildi *.

6. Nuh peyğəmbərin böyük cəsarət sahibi olduğunu nə göstərir?

6 Nuh təkcə yaxşı insan kimi tanınmırdı. O, «salehlik carçısı» idi, yəni Yehovaya olan imanı barədə açıq danışırdı. Bu isə, sözsüz ki, xeyli cəsarət tələb edirdi (2 But. 2:5). «O, imanı ilə dünyanı məhkum etdi», deyə həvari Bulus yazırdı (İbr. 11:7). Buradan belə qənaətə gəlmək olar ki, Nuh peyğəmbər müqavimət və istehza ilə qarşılaşır, hətta, ola bilsin, zorakılıq təhdidləri alırdı. Lakin o, «insan qorxusu»na qapılmır, Yehovanın mömin bəndələrinə bəxş etdiyi cəsarətin sayəsində imanında sabit qalırdı (Məs. 29:25).

7. Gəmini tikərkən Nuh hansı çətinliklərlə qarşılaşmışdı?

7 Nuh 500 ildən çox idi ki, Allah yolu ilə sədaqətlə yeriyirdi. Günlərin bir günü Allah-Taala peyğəmbərə gəmi tikməyi tapşırır. Bu tapşırığın məqsədi tezliklə yer üzünü bürüyəcək daşqından insanları və heyvanları xilas etmək idi (Yar. 5:32; 6:14). Təsəvvür eləmək olar, bu tapşırıq Nuha nə dərəcədə çətin görünə bilərdi. Nəhəng layihəni icra etmək bir tərəfə qalsın, Nuh yaxşı bilirdi ki, bu tikinti işinə görə o, daha şiddətli müqavimətlə üzləşəcək, daha şiddətli rişxənd hədəfinə çevriləcək. Amma onun imanı sarsılmadı. «Ona necə deyilmişdisə, elə də etdi» (Yar. 6:22).

8. Nuh peyğəmbərin ona ruzi verən Yehovaya bel bağladığı nədən görünür?

8 Gəmi tikməklə yanaşı Nuh peyğəmbərin çiyinlərində ailəsini dolandırmaq məsuliyyəti də var idi. Bu isə xeyli əziyyət tələb edirdi. Daşqından əvvəl insanlar torpağı ağır zəhmətlə becərir, məhsulu dişi ilə, dırnağı ilə əldə edirdilər (Yar. 5:28, 29). Buna baxmayaraq, peyğəmbər maddi qayğıların həyatında Allaha ayırdığı yeri tutmasına yol verməmişdi. Həm gəmini tikdiyi təxminən 40 il ərzində, həm ömrünün qalan 350 ilini Allahın iradəsini hər şeydən üstün tutaraq yaşamışdı (Yar. 9:28). Məgər bu, mükəmməl iman və itaət nümunəsi deyil?!

9, 10. a) Nuh peyğəmbərin sədaqət və itaətini necə örnək götürə bilərik? b) Allah Onun normalarını üstün sayan kəslərə necə yanaşır?

9 Nuhun sədaqət və itaətini necə örnək götürə bilərik? İlk növbədə, Şeytan dünyasının işlərinə qarışmayıb Allahın salehlik normaları ilə yaşamaqla. Biz həmçinin Nuh peyğəmbər kimi Allahın işini həyatımızda hər şeydən üstün tutmalıyıq (Mət. 6:33; Yəh. 15:19). Bu, faktdır ki, dünya onunla bir yol getməyənləri sevmir. Məsələn, Yehovanın Şahidləri nikah və əxlaqla əlaqədar Allahın buyurduğu əmrlərə bağlı qaldıqları üçün bir sıra ölkələrin kütləvi informasiya vasitələrində qınaq və tənqid atəşinə tutulurlar. (Məlaki 3:17, 18 ayələrini oxuyun.) Lakin biz insandan yox, Allahdan qorxuruq. Axı əbədi həyat mənbəyi Odur (Luka 12:4, 5).

10 Hər birimiz özümüzdən soruşmalıyıq: tənqid və təhqirlə üzləşəndə Nuh peyğəmbər kimi «Allahın yolu ilə» getməyə davam edirəmmi? Maddi sıxıntılar imanımı sınayanda ruzi Sahibinə güvənirəmmi? Nuh peyğəmbərin iman və itaət nümunəsini izləsək, əmin ola bilərik ki, Yehova bizi də köməksiz qoymayacaq (Filip. 4:6, 7).

BÜTPƏRƏSTLƏR ŞƏHƏRİNİN SALEH SAKİNİ DƏNYAL

11. Dənyal və onun üç dostu Babildə hansı çətinliklərlə üzləşmişdilər? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 Dənyalın üzləşdiyi çətinliklər. Dənyal bütpərəstlik və falçılıqla dolu Babil şəhərində əsarətdə idi. Babillilər yəhudilərə yuxarıdan aşağı baxır, onları və Allahları Yehovanı lağa qoyurdular (Zəb. 137:1, 3). Belə münasibət Dənyala və onun xalqına yara vurmaya bilməzdi. Vəziyyəti çətinləşdirən bir amil də o idi ki, Dənyal və yoldaşları Hənaniyyə, Müsail və Əzriya padşah xidməti üçün təlim keçirdilər. Bu isə həmişə nəzarət altında olmaq demək idi. Hətta onların yeməkləri belə, nəzarətçilər tərəfindən təyin olunmuşdu. Elə məhz bu məsələ onlar üçün sınağa çevrildi, çünki Dənyal «özünü padşah təamları və şərabı ilə murdarlama»q istəmirdi (Dən. 1:5—8, 14—17).

12. a) Dənyal peyğəmbər hansı gözəl xüsusiyyətlərə malik idi? b) Dənyal Yehova Allahın gözündə necə insan idi?

12 Dənyalın üzləşdiyi növbəti sınaq daha gizli xarakter daşıyırdı. Dənyal müstəsna qabiliyyətlərə malik idi və bunun sayəsində şah hüzurunda müəyyən vəzifələr daşıyırdı (Dən. 1:19, 20). Amma bu, onu özündənrazı, lovğa insan etməmişdi. O, təvazökar insan kimi yaşayır, özünü yox, Yehova Allahı ucaldırdı (Dən. 2:30). Dənyal hələ gənc ikən Yehova onun adını Nuh və Əyyub kimi nəhənglərlə bir sırada çəkmişdi. Və o, ömür boyu bu etimadı doğruldaraq yaşadı, son nəfəsinə qədər Yehovaya itaət edərək Ona sadiq qaldı. Bunu mələyin yaşı yüzə yaxınlaşan peyğəmbərə «ey Dənyal, ey istəkli bəndə» deyə etdiyi müraciətdən görmək olar (Dən. 10:11).

13. Dənyalın uca mövqeyə yüksəlməsinin bir səbəbi nə ola bilərdi?

13 Allahın rəğbəti sayəsində, Dənyal həm Babil, həm də Mada-Fars dövlətində uca mövqeyə yüksəlmişdi (Dən. 1:21; 6:1, 2). Görünür, bu, yəhudilərin rifahı üçün Allahın hidayəti ilə baş vermişdi *. Yusifin Misirdə, Əstər və Mərdəhayın Fars ölkəsində yüksək məqama çatması da eyni səbəbdən idi (Dən. 2:48). Bu işdə Yehovanın əlini görmək əsirlikdə olan yəhudilər, eləcə də Hizqiyal peyğəmbər üçün, sözsüz ki, böyük təsəlli idi!

Yehova Allah Ona sadiq qalan bəndələrini əziz tutur (14 və 15-ci abzaslara baxın)

14, 15. a) Dənyal peyğəmbər kimi biz də bu gün hansı vəziyyətlərlə üzləşirik? b) Valideynlər Dənyalın ata-anasından hansı nümunəni götürə bilər?

14 Dənyalın iman və itaətini necə örnək götürə bilərik? Biz də «hər cür murdar ruhun... yuvası» olan Böyük Babilin, yəni yalan dinin at çapdığı, əxlaqi və mənəvi cəhətdən tənəzzül edən bir dünyada yaşayırıq (Vəhy 18:2). Biz bu dünyanın insanlarından fərqləndiyimiz üçün bu insanlar bizə həqarətlə baxır, hətta istehza edirlər (Mark 13:13). Gəlin biz də Dənyal peyğəmbər kimi Allahımız Yehovaya sığınaq, onun kimi təvazökar və itaətli olaq. Onda Yehova bizdən razı qalar, bizə də istəkli bəndəsi kimi baxar (Həq. 2:7).

15 Dənyalın valideynləri də məsihi valideynlər üçün gözəl nümunədir. Baxmayaraq ki, Dənyalın uşaqlığı günah çirkabında çabalayan Yəhuda ölkəsində keçmişdi, o, uşaqlıqdan Allahı sevirdi. Təbii ki, bu sevgi öz-özündən yaranmamışdı. Bu, mömin valideynlərinin ona verdiyi tərbiyənin bəhrəsi idi (Məs. 22:6). Hətta uşaqlarına qoyduqları addan da görmək olar ki, onlar Allahı sevən insanlar idilər (Dən. 1:6, haş.). Əziz valideynlər, uşaqlarınıza təlim-tərbiyə verəndə səbirli olun, heç vaxt əlinizi yana salmayın (Efes. 6:4). Uşaqlarınız üçün dua edin. Onlarla birgə dua etməyi də unutmayın. Allahın Kəlamını onlara sevdirmək üçün var gücünüzlə çalışanda Yehovanın bərəkəti üçün qapı açmış olursunuz (Zəb. 37:5).

DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞ ƏYYUB

16, 17. Həyatın hər iki üzü Əyyubun imanını necə sınamışdı?

16 Əyyubun imanını sınayan vəziyyətlər. Əyyub peyğəmbər dünyanın hər üzünü görmüşdü. Əvvəl o, «Şərqdə ən nüfuzlu adam idi» (Əyy. 1:3). Varı-dövləti başından aşır, hörmət-izzət sahibi idi (Əyy. 29:7—16). Amma bu şeylər onun gözünü kor etməmiş, Allahdan soyutmamışdı. O, salehliyini qoruyub saxlamışdı. Yehova onu «qulum» adlandırmış, «dürüst, kamil, Allahdan qorxan, şərdən uzaq duran» adam kimi təsvir etmişdi (Əyy. 1:8).

17 Ard-arda gələn fəlakətlər nəticəsində Əyyubun dünyası alt-üst olur. Qısa bir müddət içində bu varlı-hallı adam gələcəyə ümidini itirmiş yoxsula çevrilir. Bütün bu bədbəxtliklərin arxasında duran isə Şeytan idi. O, yalandan iddia edirdi ki, Əyyub Allaha ibadətdə mənfəət güdür. (Əyyub 1:9, 10 ayələrini oxuyun.) Yehova Allah bu ittihama səssiz qalmadı. O, Əyyuba öz sədaqətini sübut etmək, ibadətinin təmiz niyyətdən irəli gəldiyini nümayiş etdirmək üçün imkan yaratdı.

18. a) Əyyubun sadiq qalmasında sizi valeh edən nədir? b) Yehova Allahın Əyyuba münasibətindən Onun haqqında nə öyrənirik?

18 Şeytan Əyyubun başına bir silsilə olmazın zülmlər gətirir. Özü də elə edir ki, Əyyub başına gələn bəlaların Allahdan qaynaqlandığını fikirləşsin (Əyy. 1:13—21). Hələ bu azmış kimi, Əyyubun üç dırnaqarası dostu öz zəhərli sözləri ilə onun yarasına duz basıb deyir ki, Allah onun elədiklərini qabağına çıxardır (Əyy. 2:11; 22:1, 5—10). Lakin Əyyub Yaradanından dönmədi. Düzdür, o, bəzi düşünülməmiş sözlərə yol vermişdi, amma Yehova onun içindəki dərdi başa düşürdü (Əyy. 6:1—3). Yehova görürdü ki, Şeytan Əyyubu yerə vurub təhqir və yalanlarla tapdalasa da, o, möminliyindən əl çəkmir. Sınaqlar bitib-qurtarandan sonra Allah Əyyuba itirdiklərini ikiqat qaytardı və ömrünü 140 il uzatdı (Yaq. 5:11). Ömrünün bu kəsiyini də Əyyub sadiq bəndə olaraq yaşadı. Bunu haradan bilirik? Hizqiyal peyğəmbər məqaləmizin əsas ayəsindəki sözlərlə Əyyubu tərifləyəndə Əyyub bir neçə yüz il idi ki vəfat etmişdi.

19, 20. a) Hansı sahələrdə Əyyub peyğəmbərin iman və itaət nümunəsini izləyə bilərik? b) Hansı vəziyyətlərdə bizdən ilahi şəfqət göstərmək gözlənilir?

19 Əyyubun iman və itaətini necə örnək götürə bilərik? Vəziyyət və şəraitimizdən asılı olmayaraq, Yehovaya həyatımızda əsas yeri ayırmalı, Ona tam etibar etməli və sidqi-ürəkdən tabe olmalıyıq. Biliyimizin Əyyub peyğəmbərin biliyindən qat-qat çox olması, bizə belə davranmağa daha artıq əsas verir. Məsələn, bizim Şeytan və onun taktikası haqqında ətraflı məlumatımız var (2 Kor. 2:11). Allahın əzab-əziyyətlərə nə üçün izin verdiyini yaxşı bilirik. Yeri gəlmişkən, «Əyyub» kitabının bu biliyimizdə böyük rolu var. Bundan əlavə Dənyalın yazdığı peyğəmbərlikdən bilirik ki, Allahın Padşahlığı İsa Məsihin idarəsi altında olan hökumətdir və tezliklə bütün əzab-əziyyətə birdəfəlik son qoyacaq (Dən. 7:13, 14).

20 Əyyubun hadisəsi, həmçinin bizə xatırladır ki, əzab çəkən dindaşlarımıza qarşı şəfqətli olmalıyıq. Hətta bəzən onlar Əyyub kimi düşünülməmiş sözlər danışa bilər (Vaiz 7:7). Belə vəziyyətlərdə gəlin onları mühakimə edib qınamayaq, əksinə, onlara anlayış və şəfqət göstərək. Beləcə, biz məhəbbəti və mərhəməti bol olan Atamız Yehovanı örnək götürmüş olarıq (Zəb. 103:8).

YEHOVA «SİZİ GÜCLÜ... EDƏCƏK»

21. 1 Butrus 5:10 ayəsinə əsasən, Nuh, Dənyal və Əyyub peyğəmbər Allahın köməyini necə hiss etmişdi?

21 Nuh, Dənyal və Əyyub peyğəmbər fərqli zamanlarda və fərqli mühitdə yaşasa da, hər biri üzləşdiyi sınaqdan alnıaçıq çıxmışdı. Onların əhvalatlarını oxuyanda insanın ağlına həvari Butrusun yazdığı sözlər gəlir: «Sonsuz lütf sahibi Allah, siz qısa müddət əzab çəkdikdən sonra təliminizi başa çatdıracaq, sizi güclü, mətin, sarsılmaz edəcək» (1 But. 5:10).

22. Növbəti məqalədə nə barədə danışılacaq?

22 Yehova Allah həvari Butrus vasitəsilə xidmətçilərini əmin edir ki, onları güclü, mətin edəcək. Təbii ki, bu sözlər Onun bugünkü xidmətçilərinə də aiddir. Hər birimiz Yehovadan güc almaq və Onun yolunda mətin olmaq istəyirik. Bunun üçün biz Nuh, Dənyal və Əyyub peyğəmbərin iman və itaət nümunəsini izləməliyik. Onlara Yehovaya sadiq qalmağa kömək edən əsas amil Yehovanı yaxından tanımaları olub. Onlar həmçinin Yehovanın buyruqları ilə bağlı hər şeyi dərk edirdilər (Məs. 28:5). Biz də bunu bacararıq. Növbəti məqalədə bu barədə ətraflı danışılacaq.

^ abz. 2 E. ə. 617-ci ildə Hizqiyal sürgünə göndərilmişdi. Hizqiyal 8:1—19:14 ayələrindəki hadisələr sürgünün altıncı ilinə, yəni e. ə. 612-ci ilə təsadüf edir. Yerusəlim şəhəri e. ə. 607-ci ildə dağıdıldı.

^ abz. 5 Nuhun atası Ləmek mömin adam idi. O, Daşqın başlamazdan beş il öncə ölmüşdü. Əgər Daşqın başlayanda peyğəmbərin anası və doğma bacı-qardaşları sağ idilərsə, deməli, Daşqın zamanı məhv olmuşdular.

^ abz. 13 Eyni şeyi yüksək mənsəbə ucalmış Dənyalın üç dostu barədə də demək olar (Dən. 2:49).