Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Hirsinizi cilovlayın

Hirsinizi cilovlayın

PROBLEM

«Bir dəfə bacıma qışqırıb qapını elə bərk açdım ki, qapının arxasındakı asılqan divarı deşdi. Hər dəfə o deşiyi görəndə uşaq-uşaq hərəkət etdiyim həmin an yadıma düşür» (Diana *).

«Mən atama qışqıraraq: “Sən çox pis atasan”, — deyib qapını çırpıb getdim. Həmin an atamın üzündəki kədəri gördüm. Əlimdə olsaydı, vaxtı dala qaytarıb sözümü geri götürərdim» (Loren).

Diana və Lorenin hissləri sənə tanış gəlir? Əgər elədirsə, bu məqalə sənin köməyinə çatacaq.

NƏYİ BİLMƏLİSƏN?

Adını bədnam edəcək. 21 yaşlı Briana deyir: «Fikirləşirdim ki, hamı mənim əsəbi olduğumu qəbul etməlidir. Lakin gördüm ki, özündən çıxan insanlar qıraqdan gülünc görünürlər. Onda mənə çatdı ki, axı mən qıraqdan belə görünürəm!»

Müqəddəs Kitabda yazılıb: «Tez özündən çıxan ağılsızlıq edər» (Məsəllər 14:17).

Vulkan püskürəndə camaat ondan necə qaçırsa, qəzəbli adamdan da hamı elə qaçır

Hamı səndən qaçacaq. 18 yaşlı Daniel bölüşür: «Özündən çıxanda həm ləyaqətini itirirsən, həm də hörmətdən düşürsən». İlen adlı 18 yaşlı qız deyir: «Qəzəblənməyiniz insanları sizə yaxınlaşdırmır, əksinə, uzaqlaşdırır».

Müqəddəs Kitabda yazılıb: «Özündən tez çıxanla yoldaş olma, hirsli adamla oturub-durma» (Məsəllər 22:24).

Dəyişmək mümkündür. 15 yaşlı Sara deyir: «Düzdür, həmişə bilmək olmur, hansı vəziyyət sənə necə təsir edəcək, amma necə reaksiya göstərəcəyin sənin öz əlindədir. Əsas odur ki, coşub özündən çıxmayasan».

Müqəddəs Kitabda yazılıb: «Səbrini basan güclü adamdan yaxşıdır, təmkinli adam şəhər alandan üstündür» (Məsəllər 16:32).

ÇARƏ

Qarşına məqsəd qoy. «Mən beləyəm» demək əvəzinə, konkret vaxt qoy (məsələn, altı ay) və çalış o vaxta qədər dəyişəsən. Həmin vaxt ərzində öz nailiyyətlərini bir yerə qeyd et. Hər dəfə özündən çıxanda növbəti sualların cavabını yaz: 1) Nə baş verdi? 2) Necə reaksiya göstərdin? 3) Necə davransan daha yaxşı olardı və nəyə görə? Sonra qarşına məqsəd qoy ki, gələn dəfə yenə belə bir şey baş verərsə, daha yaxşı davranacaqsan. Amma uğurlarını da yazmağı unutma! Həmçinin hirsini cilovlayanda hansı hisslər keçirdiyini də qeyd et. (Müqəddəs Kitab prinsipi: Koloslulara 3:8.)

Cavab verməyə tələsmə. Kimsə və ya nəsə səni özündən çıxaranda ağlına ilk gələni demə. Dayan və dərindən nəfəs al. 15 yaşlı Erik deyir: «Mən dərindən nəfəs aldığım zaman fikirləşməyə imkanım olur. Beləcə, peşman olacağım sözlərdən və hərəkətlərdən qaçıram. (Müqəddəs Kitab prinsipi: Məsəllər 21:23.)

Məsələyə hərtərəfli bax. Hərdən hirslənməyimizin səbəbi məsələyə bir tərəfdən baxmaqdır. Məsələyə digər tərəfdən baxmağa çalış. Cesika adlı bir qız deyir: «İnsan hətta kobudluq etsə belə, ona az da olsa, haqq qazandırmaq üçün nəsə tapmaq olar». (Müqəddəs Kitab prinsipi: Məsəllər 19:11.)

Lazım gələrsə, çıx get. Müqəddəs Kitabda deyilir: «Dava başlamamış oradan uzaqlaş» (Məsəllər 17:14). Ayədən göründüyü kimi, bəzən ən yaxşısı vəziyyət gərginləşməmiş oranı tərk etməkdir. Bu haqda fikirləşib daha da əsəbiləşmək əvəzinə, başını nə iləsə qat. Daniella deyir: «İdman mənə stressimi atıb sakitləşməyə kömək edir».

Boş ver getsin. Müqəddəs Kitabda yazılıb: «Hirslənəndə günah işləməyin,.. ürəyinizdə danışın, səsiniz çıxmasın» (Zəbur 4:4). Gərginlik keçirməyin normaldır. Əsas məsələ sonra nə edəcəyindir. Riçard deyir: «Kimsə səni özündən çıxarırsa, deməli ona imkan verirsən ki, üzərində ağalıq etsin». Buna görə də yetkin insan kimi davran, məsələni yola ver. Belə etsən, qəzəb sənə yox, sən qəzəbə hakim olacaqsan.

^ abz. 4 Bu məqalədə bəzi adlar dəyişdirilib.