AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR
Mesajlaşarkən etika qaydalarına əməl edirsən?
PROBLEM
Dostunla üz-üzə söhbət edərkən birdən telefonuna mesaj gəlir. Nə edəcəksən?
-
Dostunla danışa-danışa oxuyacaqsan.
-
Dostuna «bağışla» deyib, oxuyacaqsan.
-
Fikrini yayındırmadan söhbətinizə davam edəcəksən.
Fərqi var, sən bu variantlardan hansını seçəcəksən? Bəli, var!
NƏYİ BİLMƏLİSƏN?
Dostunla danışa-danışa mesaj oxumaq bilirsən nəyə oxşayır? Elə bil, sən sevdiyin idman oynunu qaydalarına əməl etmədən oynayırsan. Deyə bilərsən, «axı o, mənim dostumdur». Elə bunun özü nəzakətli olmağın üçün böyük səbəbdir. Düzdür, dostla münasibət ciddi və rəsmi olmalı deyil. Amma bir fakt var ki, əgər ona qarşı hörmətsizlik etsən, dostluğunuz çox çəkməz.
Bilirsən niyə? Çünki insanlar özlərinə qarşı kobud rəftarı sevmirlər. Banu * adlı gənc bir qadın deyir: «Mən danışan vaxt rəfiqəmin yaxşı nəsə gözləyirmiş kimi bir gözünün telefonda qalması əsəblərimə işləyir!» Səncə, Banu belə rəfiqəyə nə qədər səbir edər?
Telefondan istifadə edərkən etika qaydalarının sənə görə nə olduğunu görmək üçün «Problem» çərçivəsinə yenidən baxaq. Sənə görə ən yaxşı variant hansıdır? Çox ehtimal ki, A variantının hörmətsizlik olduğunu başa düşürsən. Bəs B və C variantları haqda nə deyə bilərsən? Sənə görə nəzakətsizlik nədir: dostunla söhbəti kəsib mesajı oxumaq, yoxsa mesaja əhəmiyyət verməyib söhbətə davam etmək?
Fikir verdiyin kimi, nəzakətli olmaq bir az müşkül məsələ ola bilər. Amma Müqəddəs Kitab bu işdə sənə kömək edə bilər. Orada yazılıb: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31). Sən bu məsləhəti mesajlaşan vaxtı tətbiq edə bilərsən. Necə?
NƏ EDƏ BİLƏRSƏN?
Münasib vaxtda mesajlaş. Riçard adlı bir gənc oğlan deyir: «Bəzən gecənin bir vaxtı mənə mesaj gəlir. Heç o qədər də vacib şey olmur, üstəlik, yuxuma haram qatır!» Özünə sual ver: «Bəs mən insanların istirahət etdiyi bir vaxtda onlara mesaj yazıram?» (Müqəddəs Kitab prinsipi: Vaiz 3:1.)
Söz seçimində ehtiyatlı ol. Ünsiyyət özünə sözləri, intonasiyanı, üz və bədən ifadələrini daxil edir. Amma heyif ki, mesajlaşarkən ünsiyyət bunların əksəriyyətindən məhrum olur. Bəs onları necəsə əvəz etmək olar? Jasmin təklif edir: «Adi ədəb-ərkan qaydalarına riayət edin. Məsələn, hal-əhval tutun, “zəhmət olmasa”, “çox sağ ol” kimi sözlərdən istifadə edin». (Müqəddəs Kitab prinsipi: Koloslulara 4:6.)
Hər şeyin öz yeri olduğunu unutma. Gəl «Problem» çərçivəsində təsvir olunan vəziyyətə bir də baxaq. Əgər sən vacib bir mesaj gözləyirsənsə, ola bilsin ki, istər-istəməz söhbəti yarımçıq kəsməli olacaqsan. Amma əksər hallarda mesaj gözləyə bilər. 17 yaşlı Emi deyir: «Dostun sözünü qurtarana kimi telefonun öz yerində duracaq, amma sən yazıb qurtarana kimi dostun yerində olmaya bilər». Dost-tanışla bir yerə yığılanda da bunu nəzərə ala bilərsən. 18 yaşlı Ceyn deyir: «İki dəqiqədən bir mesaj yazma, belə edəndə, sanki, yanındakı adama deyirsən: “Səninlə söhbət mənə ləzzət eləmir, başqası daha maraqlıdır”».
«Göndər» düyməsinə basmamışdan qabaq fikirləş. Bəlkə, mesajı göndərdiyin adam onu səhv başa düşdü? Lazım olan hissləri necə çatdıra bilərsən? 21 yaşlı Amber deyir: «Zarafat etmək istəyəndə “smaylik” qoy. Əks halda, insan bunu zarafat kimi yox, ciddi qəbul edə bilər. O inciyə bilər, hələ, üstəlik, aranız da dəyər». (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 12:18.)
Göründüyü kimi, telefondan istifadə edərkən etika qaydalarına riayət etmək, həqiqətən də, çox vacibdir!
Fikirləş. Nəzakətli olmağın əsasında məhəbbət durur. Bəs məhəbbəti əməldə necə göstərmək olar? Müqəddəs Kitabda deyilir: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, yekəxanalıq etmir, nalayiq davranmır, öz xeyrini güdmür, əsəbiləşmir» (1 Korinflilərə 13:4, 5). Sən məhəbbətin hansı sahəsinin üzərində işləməlisən?
^ abz. 11 Bəzi adlar dəyişdirilmişdir.