Kontentə keç

Mündəricatı göstər

MÜSAHİBƏ | FREDERİK DÜMULEN

Elmi tədqiqatçı öz imanını izah edir

Elmi tədqiqatçı öz imanını izah edir

On ildən artıqdır ki, Frederik Dümulen Belçika Gent Universitetində farmakoloji sahə üzrə araşdırmalarla məşğul olur. Vaxtilə o, ateist olub. Amma sonradan o əmin oldu ki, hər şeyi Allah yaradıb. «Oyanın!» jurnalının müxbiri Yehovanın Şahidi olan Frederikdən işləri və imanı barədə müsahibə götürüb.

Uşaqlıq illərinizdə dinin hər hansı bir rolu olubmu?

Bəli. Anam katolik idi. Amma mən Xaç yürüşləri və İnkvizisiya haqda oxuyanda dinə nifrət etdim və daha onunla heç bir əlaqəmin olmasını istəmədim. Həmçinin mən başqa dinlərlə də bağlı müəyyən məlumatlar oxudum və gördüm ki, onlar da heç nə ilə fərqlənmir. 14 yaşımda məndə belə bir fikir yarandı ki, dinlərdə geniş yayılmış nadürüstlük və pozğunluq Allahın olmadığından xəbər verir. Ona görə də məktəbdə təkamül nəzəriyyəsi keçəndə həyatın təbii proseslər nəticəsində əmələ gəldiyi qənaətinə gəldim.

Bəs elmə necə maraq saldınız?

Yeddi yaşım olanda mənə mikroskop vermişdilər, bu, mənim ən sevimli oyuncağım oldu. Başladım kəpənək kimi heyranedici həşəratları tədqiq etməyə.

Necə oldu ki, həyatın yaranması ilə maraqlanmağa başladınız?

22 yaşım olanda alim olan bir Yehovanın Şahidi ilə tanış oldum. O inanırdı ki, həyatı Allah yaradıb. Bu, mənə qəribə gəldi. Düşünürdüm ki, mən çox asanlıqla onun imanının gülünc olduğunu sübut edə bilərəm. Ona ünvanladığım suallara verdiyi cavabları eşidəndə ağzım açıq qaldı. Allaha inanan insanlar mənə maraqlı gəlməyə başladı.

Bir neçə aydan sonra mən tibbi şeylərdən çox yaxşı başı çıxan başqa bir Yehovanın Şahidi ilə qarşılaşdım. O, etiqadını izah etməyi təklif edəndə mən razılaşdım. Çünki bilmək istəyirdim, insanlar niyə Allaha inanırlar. Məqsədim onu yanlış yoldan döndərmək idi.

Onu səhv olduğuna inandıra bildiniz?

Xeyr, inandıra bilmədim. Başladım həyatın necə yarandığı ilə bağlı nəzəriyyələri araşdırmağa. Öyrəndiklərim məni çox təəccübləndirdi. Bəzi mötəbər alimlər qeyd edirlər ki, hətta ən sadə hüceyrə belə o qədər mürəkkəbdirki, o, yer üzündə yarana bilməzdi. Həmin alimlərin bəzilərinin fikrincə, bu hüceyrələr kosmosdan gəlib. Bir sözlə, həyatın yaranması ilə bağlı çoxlu fikirayrılığı gördüm.

Alimlərin ortaq fikirdə olduqları məqam var?

Qəribəsi ondadır ki, alimlərin bir çoxu həyatın təbii proseslər nəticəsində qeyri-canlı maddələrdən necəsə yarandığı fikri ilə razıdırlar. Məndə sual yarandı: «Əgər alimlər həyatın Yaradan olmadan necə yarandığını dəqiq bilmirlərsə, bəs onda necə əminliklə deyə bilərlər ki, həyat Onsuz yaranıb?» Və başladım Müqəddəs Kitabda həyatın yaranması ilə bağlı deyilənləri araşdırmağa.

Müqəddəs Kitab barədə hansı fikrə gəldiniz?

Müqəddəs Kitabı oxuduqca orada yazılanların həqiqət olduğuna əminliyim artırdı. Misal üçün, elm kainatın başlanğıcı ilə bağlı indi-indi hansısa sübutlar tapıb. Halbuki 3500 il bundan qabaq yazılan Müqəddəs Kitabın ilk kəlməsi belə başlayır: «Başlanğıcda Allah göyləri və yeri yaratdı» *. Mən gördüm ki, Müqəddəs Kitab elmlə bağlı məsələlərdə dəqiqdir.

Mən gördüm ki, Müqəddəs Kitab elmlə bağlı məsələlərdə dəqiqdir

Elmi bilikləriniz Allaha inanmağınıza mane olmadı ki?

Xeyr. İlk dəfə ürəyimdə Allaha iman yarananda 3 il idi ki, universitetdə elm öyrənirdim. Bu günədək canlıların necə yarandığını öyrəndikcə Yaradanın varlığına daha da inanıram.

Hansısa bir nümunə çəkə bilərsiniz?

Əlbəttə. Dərmanların və toksinlərin canlılar üzərində təsirini araşdırırdım. Mən dəhşətə gəlirəm ki, gör beynimiz necə yaranıb, təhlükəli maddələrdən və bakteriyalardan öz-özünü necə qoruyur. Bizim beyin hüceyrələrimizlə qan axını arasında bir baryer var.

Bunda qeyri-adi olan nədir?

Təxminən yüz il bundan əvvəl alimlər diqqət yetirmişlər ki, qan axınına daxil olan maddələr beyin və onurğa beynindən savayı, orqanizmin hər yerinə yayılır. Mən buna heyranam, çünki kiçik kapilyarlardan ibarət şaxəli şəbəkə qanı beynin hər hüceyrəsinə çatdırır. Qan bütün beyin hüceyrələrini təmizləyir, qidalandırır və oksigenlə təmin edir. Belə olan halda qanla beyin hüceyrələri arasında baryerin olması necə mümkündür? Uzun illər ərzində bu, sirr olaraq qalırdı.

Bu baryerin funksiyası nədir?

Mikroskopik qan damarları xaricdəki şeylərlə daxildəkiləri bir-birinə qarışmağa qoymayan plastik boru kimi deyil. Qan damarlarının divarları hüceyrələrdən ibarətdir. Müxtəlif maddələr və bakteriyalar bu divarlardan girib-çıxır və onlar arasında hərəkət edir. Amma beyin qan damarlarını təşkil edən hüceyrələr fərqlidir. Onlar bir-birinə kip yerləşir. Bu hüceyrələr, eləcə də aralarındakı kip əlaqə olduqca heyrətamizdir. Külli miqdarda mürəkkəb mexanizmlər oksigen, karbon dioksid və qlükoza kimi zəruri maddələrin maneəsiz olaraq qandan beynə keçməsini təmin edir və buna nəzarət edir. Lakin digər komponentlər, zülallar və hüceyrələr buraxılmır. Beləliklə, molekulyar səviyyədə fəaliyyət göstərən qan-beyin baryeri fiziki, kimyəvi və elektrik çəpər əmələ gətirir. Bu heyrətamiz mexanizm məni inandırdı ki, həyat öz-özünə yarana bilməzdi.