Kontentə keç

Mündəricatı göstər

Börnet, Simon, İston, Keyleb

Xidmətə hazır könüllülər. Okeaniyada

Xidmətə hazır könüllülər. Okeaniyada

OTUZ yaşlarında olan Rene Avstraliyada məsihi ailəsində böyüyüb. Onun ailəsi ruhani işlərdə çox fəal idi. O deyir: «Biz tez-tez Padşahlığın təbliğçilərinə ehtiyac olan ərazilərə köçüb oradakı bacı-qardaşlara kömək edirdik. Atamla anam çalışırdı ki, xidmət bizim üçün maraqlı, əyləncəli və xoş olsun. Sonralar özümün də uşaqlarım olanda istəyirdim ki, onların da həyatı belə olsun».

Renenin əri Şeyn də qarşısına eyni ruhani məqsədlər qoymuşdu. O deyir: «İkinci övladımız dünyaya gələndə “Gözətçi qülləsi” jurnalından bir ailə barəsində oxumuşduq. Onlar təbliğ etmək üçün öz yaxtaları ilə Sakit okeanın şimal-qərbinə, Tonqa adasına köçmüşdülər *. Bu məqalədən sonra Yehovanın Şahidlərinin Avstraliya və Yeni Zelandiya filialına məktub yazıb harada təbliğçilərə böyük tələbat olduğu ilə maraqlandıq *. Məktubumuza cavab olaraq, bizi Tonqaya köçməyə dəvət etdilər. Biz elə o yer haqqında oxumuşduq».

Ceykob, Rene, Skay və Şeyn

Şeyn və Rene uşaqları Ceykob Skay ilə birlikdə təxminən bir il Tonqada yaşayandan sonra iğtişaşlar ucbatından Avstraliyaya dönməyə məcbur oldular. Ancaq onlar xidmətlərini genişləndirmək məqsədini yaddan çıxartmırdılar. 2011-ci ildə Avstraliyadan 1500 kilometr şərqdə, Sakit okeanda yerləşən kiçik Norfolk adasına köçdülər. Bunun onlara böyük faydası dəydi. Hazırda on dörd yaşı olan Ceykob deyir: «Yehova həm bizim qayğımıza qalırdı, həm də xidməti maraqlı edirdi».

AİLƏLİKCƏ XİDMƏTƏ CAN ATIRLAR

Şeyn, Rene və onların övladları kimi bir çox başqa məsihi ailələr də ehtiyac olan ərazilərə köçüb orada xidmət edirlər. Bəs onları köçməyə nə təşviq edib?

«Müjdəyə çoxları maraq göstərirdi. Biz istəyirdik ki, onlar da Müqəddəs Kitabı öyrənsinlər» (Börnet)

Otuz yaşlarında olan Börnet Simon hazırda 12 və 9 yaşında olan oğlanları İston Keyleb ilə birlikdə Avstraliyanın Kvinslend ştatının ucqar şəhəri Börktauna köçmüşdülər. Börnet deyir: «Şahidlər burada üç-dörd ildən bir təbliğ edirdilər. Müjdəyə çoxları maraq göstərirdi. Biz istəyirdik ki, onlar da Müqəddəs Kitabı öyrənsinlər».

Cim, Cek, Mark və Karen

İndi əlli yaşlarında olan Mark Karen Avstraliyanın Sidney şəhəri yaxınlığındakı yığıncaqlarda xidmət edirdilər. Ancaq sonra onlar üç uşağı, Cessika, Cim Ceklə birlikdə Şimal ərazisində mədən işçilərinin məskunlaşdığı ucqar Nulunboy şəhərinə köçdülər. Mark qardaş deyir: «Mən insanları sevirəm. Buna görə də elə yerə köçmək istəyirdim ki, həm yığıncaqda, həm də xidmətdə çox iş görə bilim». Ancaq Karen köçməyə tərəddüd edirdi. Karen bacı deyir: «Mark və başqa bacı-qardaşlar məni həvəsləndirəndən sonra məndə köçməyə meyil yarandı. İndi bunu etdiyimə görə çox sevinirəm».

Bencamin, Ceyd, Briya və Karolin

2011-ci ildə Bencamin Karolin iki azyaşlı uşağı Ceyd Briya ilə Avstraliyanın Kvinslend ştatından İndoneziya arxipelaqındakı Timor adasında yerləşən kiçik ölkəyə, Şərqi Timora köçdülər. Ben deyir: «Karolinlə mən əvvəllər Şərqi Timorda xüsusi öncül kimi xidmət etmişik. Orada təbliğ etmək əla idi. Qardaşlar adama çox dəstək olurdu. Oradan getmək bizim üçün çox ağır idi. Biz qayıtmağa qətiyyətli idik. Uşaqlarımız olanda planlarımız təxirə düşdü, amma dəyişmədi». Karolin deyir: «Biz istəyirdik ki, uşaqlarımız xüsusi təyinatlı müjdəçilərin, beytellilərin, xüsusi öncüllərin əhatəsində olsunlar və mümkün qədər çox ruhani təcrübə toplasınlar».

KÖÇMƏYƏ HAZIRLIQ

İsa ardıcıllarına demişdi: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər... əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28). Başqa əraziyə köçməyi fikirləşən ailə də hər şeyi ölçüb-biçməlidir. Bəs nələri nəzərə almaq lazımdır?

RUHANİLİK. Ben deyir: «Biz başqalarına xidmət etmək istəyirdik, yük olmaq yox. Buna görə də köçməzdən əvvəl ruhaniliyimizi möhkəmləndirdik. Həmçinin xidmətdə və yığıncaq işlərində daha çox iştirak etməyə başladıq».

Yuxarıda adı çəkilən Ceykob deyir: «Norfolk adasına köçməzdən əvvəl biz “Gözətçi qülləsi” və “Oyanın!” jurnalından ehtiyac olan ərazilərdə xidmət edən ailələr barədə çox oxuyurduq. Üzləşdikləri çətinliklər və Yehovanın onların qayğısına necə qaldığı barədə söhbət edirdik». Onun bacısı, on bir yaşlı Skay deyir: «Mən çox dua edirdim, həm təkbaşına, həm də anamla və atamla!»

HİSSLƏR. Rene deyir: «Biz ailəmizə, dostlarımıza yaxın yaşayırdıq. Həm də yaşadığımız yer xoşuma gəlirdi. Buna görə də köçmək asan deyildi. Ancaq mən nələrdən keçdiyim barədə düşünmürdüm. Köçməyin ailəmə hansı xeyri dəyəcəyi barədə düşünürdüm».

MƏDƏNİYYƏT. Bir çox ailələr özlərini yeni yerə hazırlamaq üçün araşdırmalar aparırlar. Mark qardaş deyir: «Biz Nulunboy haqda çox oxuyurduq. Qardaşlar bizə orada çıxan qəzetlərin nüsxələrini göndərirdilər. Bunun sayəsində, oranın adamları və adət-ənənəsi barədə təsəvvürümüz yaranırdı».

Norfolk adasına köçən Şeyn deyir: «Mən əsas diqqətimi məsihi keyfiyyətlərini göstərməyə cəmlədim. Başa düşürdüm ki, səmimi, mülayim, dürüst və çalışqan olsam, hər yerə uyğunlaşa biləcəyəm».

ÇƏTİNLİKLƏRƏ SİNƏ GƏRİRLƏR

Ehtiyac olan yerlərdə uğurla xidmət edən bacı-qardaşlar vurğulayırlar ki, gözlənilməz çətinliklərlə üzləşəndə vəziyyətə uyğunlaşmaq və müsbət əhval-ruhiyyədə olmaq vacibdir. Gəlin bəzilərinin nümunəsinə baxaq.

Rene deyir: «Mən şəraitə uyğunluşmağı öyrəndim. Məsələn, Norfolk adasında dənizdə güclü dalğa olanda ərzaq gəmiləri lövbər sala bilmir. Onda mağazalarda ərzaq tapmaq olmur və hər şeyin qiyməti qalxır. Buna görə də evdə həmişə ehtiyatda ərzaq saxlayıram». Onun əri Şeyn deyir: «Biz həmçinin xərclərimizi elə nizamlayırıq ki, həftəlik büdcədən kənara çıxmayaq».

Onların oğlu Ceykobun da özünün çətinlikləri olub. O deyir: «Yeni yığıncağımızda bizdən başqa cəmi yeddi nəfər var idi, hamısı da böyük. Yaşıdım yox idi. Amma yaşca böyük bacı-qardaşlarla xidmət etdikcə yavaş-yavaş onlarla dostlaşdım».

İndi 21 yaşı olan Cim də oxşar çətinliklə üzləşir. «Ən yaxın yığıncaq Nulunboydan 725 kilometr aralıda yerləşir. Buna görə də ümidimiz ancaq böyük toplantılara qalır. Biz toplantıya tez gəlib bacı-qardaşlarla ünsiyyətdən həzz alırıq. Bizim üçün toplantılar ilin ən yaddaqalan anlarıdır».

«BURA KÖÇDÜYÜMÜZƏ GÖRƏ ÇOX SEVİNİRƏM»

Müqəddəs Kitabda deyilir: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən» (Məs. 10:22). Tələbat olan yerlərdə xidmət edən çoxlu sayda bacı-qardaşlar bu sözlərin həqiqiliyinə özləri əmin olublar.

Mark qardaş deyir: «Köçməyimizin ən böyük xeyri o oldu ki, uşaqlarımız ruhani cəhətdən yetkinləşdi. Böyük uşaqlarımız tam əmindirlər ki, Yehova Padşahlığı birinci yerə qoyanların qayğısına qalır. Bu əminliyi pulla almaq mümkün deyil».

Şeyn deyir: «Mən öz həyat yoldaşıma və uşaqlarıma çox yaxın olmuşam. Onlar Yehovanın onlar üçün nələr etdiyini danışanda çox sevinirəm». Onun oğlu Ceykob deyir: «Günlərim elə maraqlı keçir ki. Bura köçdüyümüzə görə çox sevinirəm».

^ abz. 3 «Gözətçi qülləsi» jurnalının 2004-cü il 15 dekabr sayının 8—11 səhifələrində yerləşən «“Dostluq adaları”nda Allahın dostları» adlı məqaləyə (rus.) baxın.

^ abz. 3 2012-ci ildə Avstraliya və Yeni Zelandiya filialları Avstralasiya filialı adı altında birləşdi.