Bioqrafiya
Lal-kar olsam da, insanlara Müqəddəs Kitabı öyrədirəm
Mən 1941-ci ildə 12 yaşımda vəftiz olmuşam. Ancaq Müqəddəs Kitabdakı həqiqətləri 1946-cı ildə dəqiq başa düşdüm. Gəlin sizə bunun səbəbini və öz həyatımdan bəzi məqamları danışım.
VALİDENYLƏRİM 1910-cu ildə Tbilisidən (Gürcüstan) Kanadaya köçüblər. Onlar Kanadanın Saskaçevan əyalətində yerləşən Pelliyə yaxın bir fermada yaşayırdılar. Mən 1928-ci ildə anadan olmuşam, altı uşaqdan sonuncusu idim. Altıaylıq olanda atamı itirdim, bir yaşım olanda isə anam vəfat etdi. Üstündən çox keçməmiş böyük bacım Lusi cəmi 17 yaşında öldü. Dayım Nik məni və bacı-qardaşlarımı himayəsinə götürdü.
Bir dəfə, təxminən iki yaşım olanda yaxınlarım gördülər ki, mən atın balasının quyruğundan tutub dartıram. Onlar atın məni vuracağından ehtiyat edərək qışqırıb məni dayandırmaq istədilər. Ancaq mən onlara hay vermirdim, çünki həm arxam onlara tərəf idi, həm də onların səsini eşitmirdim. Düzdür, at mənə ziyan yetirmədi, amma o hadisədən sonra doğmalarım mənim kar olduğumu başa düşdülər.
Ailəvi dostumuz təklif etdi ki, mən lal-kar uşaqlarla birgə təhsil alım. Nik dayım məni Saskatunda (Saskaçevan) yerləşən lal-kar uşaqlar üçün məktəbə yazdırdı. Həm məktəb ailəmin yaşadığı yerdən uzaqda olduğu üçün, həm də cəmi 5 yaşım var idi deyə qorxu hissi keçirirdim. Ailəmi yalnız bayramdan-bayrama və tətil günlərində görəcəkdim. Vəziyyətlə barışmaq çətin olsa da, bunun mənə xeyri oldu. Nəhayət ki, jest dilini öyrəndim. Bunun sayəsində yaşıdlarımla oynayıb xoş vaxt keçirirdim.
MÜQƏDDƏS KİTABI ÖYRƏNİRƏM
Böyük bacılarımdan biri Merian 1939-cu ildə Bill Daniyelçuk adlı bir insanla ailə qurdu. Evlənəndən sonra onlar bacım Fransesi və məni himayələrinə götürdülər. Bizim ailədən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı birinci onlar öyrənməyə başlayıb.
Mən yay tətilinə gələndə bacımgil Müqəddəs Kitabdan öyrəndiklərini bacardıqları qədər mənə başa salırdılar. Düzünü desəm, onlarla ünsiyyət qurmaq mənə çətin idi, çünki jest dilini bilmirdilər. Bununla belə, onlar məndə həqiqətə maraq olduğunu duymuşdular. Mən görürdüm ki, Merianla Bill Müqəddəs Kitabdan öyrəndiklərinə uyğun yaşayırlar, buna görə də onlarla birlikdə təbliğə çıxırdım. Qısa müddət sonra 1941-ci il sentyabr ayının 5-i ağzınacan buz kimi su ilə dolu olan çəlləkdə vəftiz oldum. Məni Bill vəftiz etdi.1946-cı ilin yayında evə qayıtdım. Biz Klivlenddə (Ohayo, ABŞ) keçirilən toplantıya getdik. Toplantının birinci günü bacılarım növbə ilə qeydlər aparıb mənə oxutdururdular ki, proqramdan mən də faydalana bilim. Toplantının ikinci günü orada jestdilli qrupun olduğunu gördüm. Bir bacı proqramı jest dilinə tərcümə edirdi. Axır ki, mən də toplantıdan tam yararlana bildim və Müqəddəs Kitab təlimlərini dəqiq başa düşdüm.
MÜQƏDDƏS KİTABI ÖYRƏDİRƏM
İkinci Dünya müharibəsi təzəcə qurtarmışdı. Camaat arasında vətənpərvərlik ruhu çox güclü hiss olunurdu. Toplantıdan sonra qərara gəlmişdim ki, məktəbdə etiqadımı müdafiə edəcəyəm. Buna görə də hamı bayrağa təzim edəndə və himn oxuyanda mən onlara qoşulmurdum. Həmçinin bayram şənliklərində iştirak etməkdən və kilsəyə getməkdən imtina etdim. Təbii ki, bu, müəllimlərin xoşuna gəlmirdi. Onlar məni yolumdan döndərmək üçün hədə qorxu gəlir və yalanlar uydururdular. Baş verənlər sinif yoldaşlarım arasında çaşqınlıq yaratmışdı, amma bunun sayəsində onlara etiqadım barədə danışırdım. Onlardan bir neçəsi, məsələn, Lari Andrasof, Norman Ditrik, Emil Şnayder Yehovanın Şahidi oldu. Onlar bu günə qədər Yehovaya sədaqətlə xidmət edirlər.
Başqa şəhərlərə gedəndə çalışırdım oradakı lal-kar insanlara təbliğ edim. Məsələn, Monrealda bir cəmiyyətin üzvü olan Edi Teyqə adlı cavan oğlana təbliğ etmişdim. İndi o, Lavaldakı (Kvebek) jestdilli yığıncağın üzvüdür. Orda mən həmçinin Vuan Ardanez adlı bir gənc oğlanla tanış oldum. O, Müqəddəs Kitabdan öyrəndiklərinin həqiqət olduğuna əmin olmaq üçün veriyalılar kimi dərin araşdırmalar aparırdı (Həv. 17:10, 11). O da vəftiz oldu. Vuan ömrünün axırına kimi Ottavadakı (Ontario) yığıncaqda ağsaqqal kimi xidmət etdi və Yehovaya sadiq qaldı.
1950-ci ildə Vankuverə köçdüm. Lal-kar insanlara təbliğ etməyi xoşlayırdım. Amma bir dəfə küçədə Kris Spayser adlı lal-kar olmayan bir qadına təbliğ etdim. Bu hadisə ömürlük yaddaşıma həkk olub. O, jurnallarımıza abunə oldu. Həmçinin məndən xahiş etdi ki, əri Qari ilə tanış olum. Mən onlara
getdim. Biz Qari ilə yazı vasitəsilə uzun-uzadı müzakirələr apardıq. Bu söhbətin üstündən bir neçə il keçdi. Mən Torontoya (Ontario) toplantıya getmişdim. Orada məni böyük sürpriz gözləyirdi. Toplantıda Qarigili gördüm. Qari həmin gün vəftiz olurdu. Bu hadisə məni bir daha əmin etdi ki, hamıya təbliğ etmək lazımdır, çünki bilmirsən həqiqət harada və nə vaxt kök atacaq.Sonra Saskatuna köçdüm. Orada bir qadınla rastlaşdım. O, məndən xahiş etdi ki, onun əkiz qızlarına, Cin və Coan Rotenberqerə Müqəddəs Kitabı öyrədim. Onlar da mənim kimi lal-kar idilər və mən oxuduğum məktəbdə oxuyurdular. Çox keçməmiş bu iki bacı öyrəndiklərini sinif yoldaşlarına danışmağa başladı. Onların sinfindən beş nəfər Yehovanın Şahidi oldu. Onlardan biri Yunes Kolin idi. Yunesi ilk dəfə görəndə axırıncı sinifdə oxuyurdum. O, mənə konfet vermişdi və dost olmağı təklif etmişdi.
Yunesin anası onun Müqəddəs Kitabı öyrəndiyini biləndə məktəb müdirindən xahiş etdi ki, onu fikrindən daşındırsın. Müdir hətta Yunesin Müqəddəs Kitab dərsliklərini əlindən almışdı. Amma o, çox möhkəm idi, Yehovanın yolundan geri çəkilmək fikrində deyildi. Yunes vəftiz olmaq istəyəndə valideynləri ona demişdi: «Yehovanın Şahidi olsan, bu evə ayaq basma!» Yunes 17 yaşında evlərini tərk elədi. Bir məsihi ailəsi onu evinə qəbul etdi. Yunes Müqəddəs Kitab dərsini başa çatdırdı və vəftiz oldu. Sonralar isə mənim həyatımın ayrılmaz hissəsi oldu. Biz 1960-cı ildə evləndik. Onun valideynləri toyumuza gəlməmişdilər. Amma illər sonra həm bizim inanclarımız, həm də uşaqlarımızın tərbiyəsi onlara dərin təsir bağışladı və onlar bizə hörmətlə yanaşmağa başladılar.
YEHOVA QAYĞIMI ÇƏKİR
Bizim yeddi oğlumuz oldu. Onların bizim kimi eşitmə qüsuru yoxdur. Amma bu, bizə onları tərbiyə etməkdə çətinlik yaradırdı. Yaxşı ki, onlar jest dilini bilirdilər, bunun sayəsində biz onlarla normal ünsiyyət qura və həqiqəti öyrədə bilirdik. Yığıncaqdakı bacı-qardaşların da bizə çox böyük köməyi dəyirdi. Məsələn, bir qardaş bizə yazmışdı ki, oğlumuz yığıncaqda pis söz danışır. Biz dərhal bu məsələnin üstünə düşüb problemi həll etdik. Dörd oğlumuz Ceyms, Ceri, Nikolas və Stiven ailəlikcə Yehovaya xidmət edir. Onların dördü də ağsaqqaldır. Nikolas və həyat yoldaşı Debora Britaniyadakı filialda jest dili qrupunda tərcüməçi kimi çalışır. Stiven və yoldaşı Şanen isə Birləşmiş Ştatlardakı filialda jest dili tərcümə qrupunda xidmət edir.
Ceyms, Ceri və Stiven həyat yoldaşları ilə birgə jest dilində təbliğ işinə müxtəlif sahələrdə dəstək olurlar
Evliliyimizin 40 illiyinə bir ay qalmış Yunes xərçəng xəstəliyindən vəfat etdi. Bu xəstəliklə mübarizə apardığı çətin anlarda o sarsılmırdı, dirilmə ümidi ona güc verirdi. Yunesi görəcəyim günün həsrəti ilə yaşayıram.
2012-ci ilin fevralında yıxıldım və ombam sındı. Bundan sonra mənə kömək lazım idi deyə oğullarımdan birinin yanına köçdüm. İndi biz Kalqari şəhərindəki jestdilli yığıncağın üzvüyük. Mən həmin yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Həyatımda ilk dəfədir ki, jestdilli yığıncağın üzvüyəm. Məəttəl qalıram ki, 1946-cı ildən bu vaxta qədər ingilisdilli yığıncaqda ola-ola Yehova ilə münasibətlərimi qoruyub saxlamağa necə müvəffəq olmuşam! Doğrudan da, Yehova söz verdiyi kimi, yetimlərə atalıq edir (Zəb. 10:14). Mənə kömək edən hər kəsə — yazı yazmaqla, jest dilini öyrənməklə və tərcüməçi kimi yardım etməklə zəhmət çəkən bacı-qardaşlara ürəkdən minnətdaram.
Hərdən mənə elə gəlir ki, heç kəs biz lal-kar insanları başa düşmür. Düzünü desəm, buna görə bəzən məyusluğa qapılıram və az qalıram təslim olum. İnsanların nə danışdığını başa düşməməyim bu hissləri keçirməyimə daha bir səbəbdir. Lakin belə anlarda Butrusun İsaya dediyi sözlər yadıma düşür: «Ağa, kimin yanına gedək? Əbədi həyatın sözləri səndədir» (Yəh. 6:66—68). Uzun illər həqiqətdə olan lal-kar bacı-qardaşlar kimi, mən də səbirli olmağı öyrəndim. Yehovaya və Onun təşkilatına etibar etməyi öyrəndim və bunun faydasını görürəm. Jest dilində çoxlu nəşrlərin olması, jestdilli yığıncaqda və toplantıda iştirak etmək mənə məmnunluq gətirir. Uca Yaradanımız Yehova Allaha xidmət etmək həyatıma məna qatıb, məni xoşbəxt edib!