Ağılsız kişinin ağıllı arvadı
«AĞLINA BƏRƏKALLAH!» Bu tərifi Davud peyğəmbər Abiqayil adlı yəhudi bir qadına söyləmişdi. Abiqayil peyğəmbərin bu tərifini nəyin sayəsində qazanmışdı və onun nümunəsindən biz necə bəhrələnə bilərik?
Davud peyğəmbər padşah Talutun əlindən qaçaq düşmüşdü. O, igidləri ilə birgə Yəhudanın cənub bölgəsindəki dağlıq ərazidə gizlənərkən yaxınlıqda otarılan sürülərin də keşiyini çəkirdi. Bu sürülər Nabal adlı varlı bir kişiyə məxsus idi. Abiqayil həmin kişinin arvadı idi. Bir dəfə Davud Nabalın yanına adam göndərib xahiş edir ki, gücü çatan qədər onları azuqə ilə təmin etsin (1 İşm. 25:8, 15, 16). Davudun Nabal üçün etdiklərini nəzərə alsaq, o, bu xahişlə heç də həddini aşmamışdı.
Adı «axmaq, ağılsız» mənasını verən Nabal elə adına uyğun davrandı. O, kobud və təhqiramiz şəkildə Davudun xahişini rədd etdi. Bu hörmətsizliyə görə Davud Nabalı cəzalandırmaq qərarına gəldi. Nabalın bu ağılsız hərəkəti özü və ev əhli üçün baha başa gələcəkdi (1 İşm. 25:2—13, 21, 22).
Nahaq qan töküləcəyini başa düşən Abiqayil cəsarətlə vəziyyətə müdaxilə edir. O, Allahdan padşahlıq vədini alan Davud üçün xeyli azuqə hazırlayıb qarşısına çıxır. Peyğəmbərin Allaha olan sevgisinə istinad edərək ondan rəhm diləyir və özü ilə gətirdiyi azuqəni ona təqdim edir. Davud başa düşür ki, Yehova bu qadın vasitəsilə onu günaha batmaqdan qoruyur, odur ki, Abiqayilə deyir: «Ağlına bərəkallah! Məni qan tökməkdən... çəkindirdiyinə görə afərin olsun sənə!» (1 İşm. 25:18, 19, 23—35).
Bu əhvalatdan hansı ibrəti götürmək olar? Sözsüz ki, Nabal kimi qədirbilməz olmaq istəməzdik. Bundan başqa, hansısa xoşagəlməz halın yaşanacağını sezəndə gərginliyi aradan götürmək üçün tədbir görməyə çalışsaq, savab iş görmüş olarıq. Bu cür həssaslıqla davranmaq üçün məzmurçu kimi biz də: «Mənə bəsirət və bilik aşıla», — deyə Allahdan kömək istəyə bilərik (Zəb. 119:66).
Ağıllı davranışımız ətrafdakıların gözündən yayınmayacaq. Ola bilsin, onlar bunu dilə gətirməsinlər, ancaq ürəklərində, çox güman ki, deyəcəklər: «Ağlına bərəkallah!»