Oxucuların sualları
Həvari Bulus yazmışdı: «Allah... qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız» (1 Kor. 10:13). Bu o deməkdirmi ki, Yehova bizim hansı sınağa tab gətirəcəyimizi qabaqcadan müəyyən edir və sonra həmin sınağı keçməyimizə izin verir?
Gəlin görək belə düşünmək bizə necə təsir edə bilər. Oğlu intihar edən bir qardaş demişdi: «Yəqin Yehova bilirdi ki, həyat yoldaşımla mən oğlumuzun ölümünə tab gətirə biləcəyik, ona görə bu hadisənin başımıza gəlməsinə izin verdi». Doğrudanmı, Yehova Allah həyatımızda baş verən hadisələri idarə edir?
Həvari Bulusun 1 Korinflilərə 10:13 ayəsində dediyi sözləri dərindən araşdırmaqla növbəti nəticəyə gəlirik: Yehovanın bizim hansısa sınağa tab gətirə biləcəyimizi qabaqcadan müəyyən etdiyini və sonra həmin sınağı yaşamağımıza izin verdiyini Müqəddəs Kitab təsdiqləmir. Bu qənaətə gəlməyə dörd əsaslı səbəb var. Gəlin onları bir-bir nəzərdən keçirək.
Birincisi, Yehova insana iradə azadlığı verib. Yehova Allah istəyir ki, insan həyatı ilə bağlı qərarları özü versin (Qan. 30:19, 20; Yuş. 24:15). Əgər həyatda düzgün qərar veririksə, Yehovanın köməyinə arxalana bilərik (Məs. 16:9). Yanlış qərarların isə acı nəticəsini yaşamalı olacağıq (Qal. 6:7). Əgər Allah üzləşdiyimiz sınaqları qabaqcadan müəyyən edirsə, onda bizə iradə azadlığı verməsinin nə mənası var?!
İkincisi, Yehova Allah bizi «vaxt və təsadüf» nəticəsində yaranan hadisələrdən müdafiə etmir (Vaiz 9:11). İnsan lazım olmayan vaxtda, lazım olmayan yerdə olduğu üçün bəzi hallarda ciddi fəsadlarla nəticələnən bədbəxt hadisə ilə üzləşə bilər. Bir dəfə İsa Məsih qüllənin uçması nəticəsində baş verən bədbəxt hadisədən, 18 nəfərin vəfatından söz açmışdı və qeyd etmişdi ki, bu hadisəyə Allah səbəbkar deyildi (Luka 13:1—5). Allahın bədbəxt hadisə nəticəsində kimin sağ qalacağını, kimin öləcəyini qabaqcadan müəyyən etdiyini düşünmək nə dərəcədə məntiqlidir?!
Üçüncüsü, hər birimiz nöqsansızlıqla bağlı mübahisəli məsələdə öz mövqeyimizi göstərməliyik. Bildiyimiz kimi, Şeytan Yehova Allaha ibadət edən bütün insanların nöqsansızlığını sual altına alıb, o iddia edir ki, onlar sınağa düşəndə Allahdan üz döndərəcəklər (Əyy. 1:9—11; 2:4; Vəhy 12:10). Əgər Yehova müəyyən sınağın gücümüzdən artıq olduğunu bildiyi üçün həmin sınaqdan bizi qorusaydı, onda bu, Şeytanın haqlı olduğunu, bizim Allaha xudbin niyyətlə ibadət etdiyimizi sübut etməzdi?!
Dördüncüsü, Yehova Allah başımıza nələrin gələcəyini qabaqcadan bilməyə ehtiyac görmür. Əgər Allah üzləşdiyimiz sınaqları qabaqcadan müəyyən etsəydi, onda belə çıxır ki, O, bizim gələcəyimiz barədə hər şeyi bilir. Amma Müqəddəs Kitabda belə fikir yazılmayıb. Təbii ki, Allah gələcəyi görə bilir (Əşy. 46:10). Lakin Allahın Kəlamında göstərildiyi kimi Yehova Allah lazım bildiyi hadisələri qabaqcadan görür (Yar. 18:20, 21; 22:12). Yehova Allahın gələcəyi görmə qabiliyyəti olsa da, bizim iradə azadlığımıza hörmət edir. Allah azadlığımıza hörmətlə yanaşdığı və xüsusiyyətlərini mükəmməl şəkildə təzahür etdirdiyi üçün məhz belə davranır (Qan. 32:4; 2 Kor. 3:17).
Bəs onda Bulusun «Allah... qoymaz ki, siz gücünüz çatmayan sınaqlara məruz qalasınız» sözlərini necə başa düşmək olar? Bulus burada Yehovanın sınaqlardan əvvəl yox, sınaqlar zamanı nə etdiyindən bəhs edir. Həvari bizi əmin edir ki, hansı sınaqla üzləşiriksə üzləşək Allaha bel bağlayırıqsa, O, həmin çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək (Zəb. 55:22). Bulusun sözləri iki əsas həqiqətə əsaslanır.
Birincisi, «hamı belə sınaqlarla üzləşir». Üzləşdiyimiz sınaqlarda qeyri-adi bir şey yoxdur. Yehovanın köməyi ilə onlara dözə bilərik (1 But. 5:8, 9). 1 Korinflilərə 10:13 ayəsinin kontekstinə nəzər salanda görürük ki, həvari Bulus İsrail xalqının səhrada üzləşdiyi sınaqlar barədə danışır (1 Kor. 10:6—11). İsraillilərin üzləşdiyi sınaqların heç biri onların tab gətirə bilməyəcəyi qədər çətin deyildi. Orijinal mətnə əsasən, Bulus düz dörd dəfə «onlardan bəziləri»nin sadiq qalmadıqlarını deyib. Əfsuslar olsun ki, bəzi israillilər Allaha güvənmədikləri üçün günahlı arzuların dalınca düşdülər.
İkincisi, «Allah vəfalı Allahdır». Müqəddəs Kitabda Allahın Öz xalqı ilə rəftarı barədə yazılanlardan görmək olar ki, Yehova «Onu sevib əmrlərinə riayət» edənlərə məhəbbət göstərir (Qan. 7:9). Oradan həmçinin görürük ki, Allah həmişə sözünün üstündə durur (Yuş. 23:14). Allahı sevən və itaətkar bəndələr Müqəddəs Kitabdan Yaradanlarının nə qədər vəfalı olduğunu oxuyanda əmin olurlar ki, O, sınaqlarla bağlı verdiyi növbəti iki sözün üstündə duracaq: 1) qoymayacaq ki, sınaq gücümüzü aşan dərəcəyə çatsın; 2) sınaq zamanı «çıxış yolu... göstərəcək».
Yehova Allah Ona bel bağlayanlara sınaq zamanı çıxış yolunu necə göstərir? Sözsüz ki, Allah sınağı aradan qaldıra bilər, amma əgər bu, Onun iradəsinə zidd deyilsə. Lakin gəlin Bulusun sözlərini yadımıza salaq: «Sınaq vaxtı dözə biləsiniz deyə, [Yehova] sizə çıxış yolu da göstərəcək». Bəli, çox vaxt Yehova sınaq qarşısında bizi dözümlü edən köməyi təqdim etməklə çıxış yolu göstərir. Gəlin görək Yehova hansı vasitələrlə bizə çıxış yolu göstərir:
-
«Hər dərdimizdə bizə təsəlli verir» (2 Kor. 1:3, 4). Yehova Allah Müqəddəs Kitab, müqəddəs ruh, həmçinin sadiq və ağıllı nökərin təqdim etdiyi bilik vasitəsilə bizə düşüncəmizi, ürəyimizi və hisslərimizi ələ almağa kömək edir (Mət. 24:45; Yəh. 14:16, haş.; Rom. 15:4).
-
Yehova Allah müqəddəs ruh vasitəsilə bizə yol göstərir (Yəh. 14:26). Sınaqla üzləşəndə müqəddəs ruh Allahın Kəlamında yazılan hadisələri və prinsipləri yadımıza salır, sonra isə düzgün qərar verməyə kömək edir.
-
Yehova Allah mələkləri vasitəsilə bizə kömək edir (İbr. 1:14).
-
Yehova Allah bacı-qardaşlar vasitəsilə bizə kömək edir. Onlar sözləri və əməlləri ilə bizə dayaq olurlar (Kol. 4:11).
Həvari Bulusun 1 Korinflilərə 10:13 ayəsində yazılan sözlərini araşdırandan sonra hansı nəticəyə gəldik? Çəkdiyimiz sınaqları Yehova müəyyənləşdirmir. Amma sınaqla üzləşəndə bir şeyə əmin ola bilərik: əgər Yehovaya axıra kimi güvənsək, O, qoymayacaq ki, sınaq gücümüzü aşan həddə çatsın və dözə bilməyimiz üçün, bizə çıxış yolu göstərəcək. Bu fikir insana qəlb rahatlığı verir!