Kontentə keç

Mündəricatı göstər

Həlimlik hikmətin bəzəyidir

Həlimlik hikmətin bəzəyidir

Xəstə baxıcısı işləyən Toni qapının zəngini çalır. Qapını ortayaşlı bir qadın açır. O, gec gəldiyi üçün Toninin üstünə qışqırır. Toni bu qadının yaşlı anasına baxır. Əslində, Toni gecikməyib, sadəcə, vaxtı danışanda onlar bir-birini düz başa düşməyiblər. Bununla belə, Toni qadından üzr istəyir.

NÖVBƏTİ dəfə qadın yenə Toninin üstünə qışqırır. Bəs bu dəfə Toni nə edir? Toni bölüşür: «Çox çətin vəziyyət idi. O, haqsız yerə məni təhqir edirdi». Ancaq Toni bu dəfə də ondan üzr istəyir və deyir ki, onun nələr çəkdiyini yaxşı başa düşür.

Toninin yerində siz olsaydınız, nə edərdiniz? Siz də həlim davranmağa çalışardınız? Özünüzü ələ almaq çətin olardı, yoxsa asan? Təbii ki, belə bir vəziyyətdə özünü ələ almaq asan deyil. Gərgin vəziyyət yarananda və kimsə bizi əsəbiləşdirəndə həlim davranmaq çox çətin ola bilər.

Bununla belə məsihilər həlim davranmalıdır, çünki Müqəddəs Kitabda belə buyrulur. Orada həlimliyin hikmətlə bağlı olduğu vurğulanır. Yaqub peyğəmbər yazmışdı: «Aranızda hikmətli və dərrakəli kimdir? Qoy bunu yaxşı davranış və hikmətə xas mülayimliklə əməldə göstərsin» (Yaq. 3:13). Nəyə görə demək olar ki, mülayimlik və ya həlimlik hikmətin göstəricisidir? Yuxarıdan nazil olan bu xüsusiyyəti özümüzdə necə yetişdirə bilərik?

HƏLİMLİYİN FAYDASI

Həlimlik gərgin vəziyyəti yüngülləşdirə bilər. «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar» (Məs. 15:1).

Gərgin vəziyyət yarananda qəzəblə cavab vermək odun üstünə yağ tökmək kimi bir şeydir (Məs. 26:21). Həlimlik isə, adətən, gərginliyi yatırır, hətta çox qəzəbli insanı belə, sakitləşdirməyə qadirdir.

Toni bunun şəxsən şahidi olmuşdu. O, üstünə qışqıran həmin qadına mülayim şəkildə cavab verəndə qadın ağlamağa başlayır. Deyir ki, həm şəxsi, həm də ailə problemləri başından aşır. Toni ona Allahın Kəlamındakı həqiqəti çatdırır və onunla Müqəddəs Kitab dərsi başlayır. Bütün bunlar bacının həlimliyi sayəsində baş verdi.

Həlimlik insanı xoşbəxt edir. «Həlimlər xoşbəxtdir, çünki Yer onların olacaq» (Mət. 5:5).

Nəyə görə demək olar ki, həlim insanlar xoşbəxtdirlər? Çox çılğın xasiyyətli insanlar bu xüsusiyyəti yetişdirəndən sonra özlərini xoşbəxt hiss edirlər. Onların həyatı yaxşılığa doğru dəyişir və onlar cənnət ümidi ilə yaşayırlar (Kol. 3:12). Gəlin görək, İspaniyada rayon nəzarətçisi kimi xidmət edən Adolfo həqiqətə gəlməzdən əvvəlki həyatını necə təsvir edir.

«Həyatım uçuruma doğru gedirdi. Tez-tez özümdən çıxırdım. Vəziyyət o yerə çatmışdır ki, dostlarım belə, məndən qorxurdu. Bir gün dava vaxtı altı bıçaq yarası aldım. Qanaxmadan az qala ölmüşdüm. Bu hadisə həyatımda dönüş nöqtəsi oldu».

Bu gün isə Adolfo insanlara sözləri və davranışı ilə həlim olmağı öyrədir. Mülayim və gözəl xasiyyəti insanları ona cəlb edir. Adolfo deyir ki, həyatında etdiyi dəyişikliklər onu xoşbəxt edib. O, Yehova Allaha ona həlim insan olmağa kömək etdiyi üçün minnətdardır.

Həlimlik Yehovanın ürəyini sevindirir. «Oğlum, hikmətli ol, qəlbim sevinsin, Mənə meydan oxuyana cavab verə bilim» (Məs. 27:11).

Yehovanın qatı düşməni olan Şeytan Ona meydan oxuyur. Buna görə də Yehovanın qəzəblənməyə tam haqqı var, amma Müqəddəs Kitabda deyilir ki, O, səbirli Allahdır (Çıx. 34:6). Allahın səbir və həlimlik kimi gözəl xüsusiyyətlərini əks etdirməklə biz hikmətli insan olduğumuzu göstəririk və beləcə, Allahın rizasını qazanırıq (Efes. 5:1).

Bu gün əksər insanlar bir-birinə ədavət bəsləyir. İnsanların nə qədər «lovğa, özündən razı, küfr danışan,.. böhtançı, özünə hakim olmayan, zalım» olduğu aydın görünür (2 Tim. 3:2, 3). Ancaq bu, məsihilərə özlərində həlimlik yetişdirməyə mane olmamalıdır. Müqəddəs Kitabda deyilir ki, «yuxarıdan nazil olan hikmət... sülhpərvər, mülayim»dir (Yaq. 3:17). Sülhpərvər və mülayim olmaqla ilahi hikmətə sahib olduğumuzu sübut edirik. Gərgin vəziyyət yarananda bu hikmət bizə həlimlik göstərməyə kömək edəcək və bizi sonsuz hikmət sahibi olan Yehova Allaha daha da yaxınlaşdıracaq.